“Könüldə
eşq gül-gül
"Dünya, səndən kimlər
keçdi" silsiləsindən
Mən bu cahan mülkünə,
Təxti-Süleyman
mülkünə,
Can içində can
mülkünə
Ağlaya-gülə
gəldim.
Mən "mən"
olmaq istəmirdim,
Açıb-solmaq
istəmirdim,
Bir də gəlmək istəmirdim,
Bir ulu eşq ilə gəldim!
Şaiq Vəlinin "Eşq və şərab" kitabı bu şeirlə başlayır. Bütün misraları irfan poeziyasının işığına bürünmüş bu şeir Şaiq Vəlinin yaradıcılıqda özünəməxsusluğunu təsdiq edir. Şaiq Vəli Yunis İmrəni çox sevirdi, deyərdim ki, onun dəli-divanəsiydi. Rumini də oxumuşdu və təbii ki, bu ustadlar onun ruhuna çökmüşdülər. Şaiqin yaşıdlarının çoxu həyat, gerçəklik, günün reallıqları barədə şeirlər yazırdılar, o isə "bir ulu eşq ilə" yaşayırdı.Yazdığı şeirlər də bu eşqin bəhrələriydi.
İnsanın bir maddi, bir də mənəvi həyatı olur. Şaiqin mənəvi dünyası şeirlərində açıq-aydın görünür.
Amma maddi həyatı…
O, 1950-ci il noyabrın 7-də Qazax rayonunun Aşağı Əskipara kəndində, bir kolxozçu ailəsində dünyaya gəlmişdi. Öz kəndlərində 8-ci sinfi bitirəndən sonra Qazax şəhərindəki Kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirmişdi.Sonra Bakı, Sumqayıt, Rusiya həyatı - Bakıda Şin zavodunda, Sumqayıt sənaye müəssisələrində müxtəlif işlərdə çalışdı, amma maddi çətinliklər onun və ailəsinin başından əskik olmadı. Gedib Rusiyanın Omsk şəhərində fəhləlik etdi. Amma yenə Sumqayıta qayıtdı. Evlənmişdi, ancaq iki oğlunun faciəsi onu sarsıtdı. Bir oğlu orduda dünyasını dəyişdi, ikincisi avtomobil qəzasına düşdü. Nə gizlədək, yenə evləndi, iki oğlan uşağı da dünyaya gəldi, ölən oğlanlarının adını qoydu o uşaqlara. Yazıçılar Birliyində ev növbəsinə dayanmışdı, ölümündən sonra ailəsi mənzillə təmin olundu.
Mən bütün bunları yazmaya da bilərdim, amma Şaiqin axırıncı illəri gəlib durur gözlərimin qarşısında. Və yüz faiz əminəm ki, maddi həyatın ona bəxş elədiyi bu sarsıntılar 63 yaşına çatmamış bu istedadlı insanı xəstəliyin amansız caynağına atdı.
Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini qiyabi bitirmişdi və əsl ədəbiyyat adamı idi, rus poeziyasını da sevirdi, onunla söhbət edənlər xatırlayırlar ki, Şaiq Vəli Yunus İmrəni, Rumini, Qaracaoğlanı sevdiyi kimi, müasir rus şairlərini də mütaliə edirdi.
Vəfatından bir il sonra şair dostu Umud Rəhimoğlunun təşəbbüsü və köməyi ilə "Eşq və şərab" şeirlər kitabı çap olundu.
Niyə eşq, niyə şərab? Kitabı ölümündən öncə özü tərtib etmişdi. Təsəvvüfdə eşq Allahın zatına aid bir gözəllikdir. Allahın sirri və təcəllisinin rəmzi də eşqdə gizlidir. Eşqin qaynağı Allahla bağlıdır, ancaq Allah sevilər. İnsanın sevgisi Allahdan yaranmışdır. Allahı sevən eşq sonradan maddi varlığa, cisimdən ruha keçir.
Bəs şərab? Təsəvvüfdə şərab eşqi, məhəbbəti, şövqi təmsil edir. Şərab -kamal əhlinə məxsusdur. Adi içki deyil. Mənəvi şərabdır. Təbii ki, mənim təsəvvüfdən oxuduqlarım və anladığım bu mətləblər Şaiq Vəliyə də tanış idi. O da anladığı bu mətləbləri şeirə gətirirdi.
Könüldə eşq gül-gül
Bitər, bitər, bitər.
Candanda
can - bülbül
Ötər, ötər, ötər.
Yazını yazan yazar,
Yazar, yazar, pozar…
Gül
solar, bülbül susar-
Qədər, qədər, qədər.
Mey süz, saqi, bir içim,
Sirlər
qapısını aç,
sim-sim…
Can cananın, mən kim?!
Hədər, hədər, hədər.
Dünya
bir yığnaqdır,
Ömürdür - bir sınaqdır…
Şaiq
Vəli bir qonaqdır,
Gedər,
gedər, gedər.…
Bu şeir müasir ürfan poeziyasının
bir nümunəsidir və əlbəttə, bəzi
oxucular üçün
çətinlik də
yarada bilər ki, eşq gül, mey, şərab anlayışlarını
o qədər də dərk eləməsin. Təsəvvüfdə olan bu obrazlar hamısı rəmzi xarakter daşıyır. Məsələn, klassik poeziyada mey içmək, şərab nuş eyləmək əksərən
məcazi mənada işlənib. Sərxoşluq
fiziki mənada alkoqolizmdir, amma irfanda tamam ayrı
məna daşıyır,
dünyadan zövq almaq, həyat gözəlliklərini duymaq,
könüldə eşqi
coşdurmaq və həqiqət mərhələsini
yaşamaqdır.
Bu şərab ki var, bəhanədir,
Mən qeybdən gələn gündən sərxoş!
Axan ulduzların işığından
xumar,
Haqq dediyin təklikdir.…
Cahilinki
fələklikdir,…
Mənimki aşiqlikdir,
Mən səndən sərxoş!
Sən nə dersən, fani Şaiq,
Dostların içsin çayı.…
Mən məndən ayıq,
Mən məndən sərxoş!
Şaiq Vəli yaradıcılığını
təkcə irfana, təsəvvüfə bağlamaq
istəmirəm. Onun şeirlərində müasir poeziyanın yenilikləri, novatorluq təşəbbüsləri də
öz əksini tapır. Bu günün
reallıqları da onun şeirlərindən əskik deyildi. Çalışırdı ki, mümkün
qədər ənənəvi
deyimlərdən, şablonlaşmış
ifadələrdən, təşbihlərdən
qaçsın və buna nail olurdu. Məsələn, "Sərhəddə düşüncələr" şeiri Vətən haqqında yazılan ən gözəl şeirlərdən biridir
desəm, -yanılmaram.
Budur, şair sərhəd qarşısında. Nə deyir,
nə düşünür?
"Ağ, beton dirəklər nəyə
lazımmış Qollarım
bir sərhəd dirəyi ikən?!". Şeirin sonrakı bəndlərinə
diqqət yetirin:
Vətən sərhədinə sığışsaq
da biz,
Vətən sərhədlərə sığışan
deyil.
Alış, arzuların qarış
qoruna,
Ürəyim, bu odu saxla,
Vətəndir.
Baxıram həsrətin gündoğanına,
Yönü bəri baxan dağlar Vətəndir.
Könlümün sevinci, qəmi bu torpaq,
Nadanlar dünyanın
hayına düşüb.
Babəkin qolları kimi bu torpaq
Kəsilib…hərəsi bir
yana düşüb.
Böyükdür könlümün özütək
səbri,
Harda qəm dadmışam, gör harda nəşə.
Bir parça Vətəndir Füzuli qəbri,
Bir parça
Vətənçün qəribsəmişəm.
Görün, "anamın ağ
saçları"nda necə
gözəl bənzətmələr
var. Mən anaların
ağ saçlarına
həsr edilən çox şeirlər oxumuşam, amma Şaiq Vəlinin şeiri qədər mənə təsir edən şeir olmayıb. Görün ananın ağaran saçları nəyə
qiyas edilir: "Ağ-ağ şeirlərimin
Ağrı çəkən
bəyaz misraları… Bir gəlin vəfasından Sevgili ər qəbrinəcən
Uzanan ağ
cığırlar…Qönçə-qönçə
günlərimin, Ay çıxanı,
dan ağaranı"
Və nəhayət:
"Ağ saçlar
- ağ yaylığım,
Bir ağüzlü göndərimmi Dolsun işıqlarla bir qız ürəyi?"
Şaiq Vəlinin şeirləri barədə çox təəssüf edirəm
ki, nə mən, nə də həmkarlarım onun sağlığında
tutarlı bir söz demədik. Amma indi belə çıxmasın ki, Əli Kərim demişkən: "Bəzən
haqq qazanır İnsan öləndə".
Onun şeirlərini oxuyurdum, özünü dinləyirdim,
amma bu şeirlərin
təsirindən, onların
məndə oyatdığı
poetik nəşədən
ayıla bilmirdim.
Şaiqin sevgi şeirləri də bənzərsizliyilə
seçilirdi. "Bu yaz qorxa-qorxa yaşayıram mən, Səni qorxa-qorxa sevirəm bu yaz"- Ardına
baxın:
Məndən yan ötüb keçmədi buy az-
Evimə
yol salıb qarışqalar-
Sünbül dəninə oxşayıram
mən,
Tale var, haqq var - baş əyirəm mən.
Nərgiz
gözlərindən, qara
saçlardan
Mən yazıq
gözümü harda
gizlədim?
Mən yazıq özümü harda gizlədim
Evimə yol açan qarışqalardan?
Şaiq
Sumqayıtın o zamankı zavod tüstülərindən usanıb
eləmirdi, Vətən
hər yerdə Vətəndir deyirdi, amma könlü dağlarda idi. "Dünya nur
içində, işıq
içində; Çaylar
Ay işığı axıdır
bu gecə. Dünya Aylı yuxudur bu gecə, Gözəldir
hər şeydən
Ay işığında Göyərən
toxum, açılan lalə. Xoşbəxtdir bu gecə öpüşən çiçək!"
Şaiq Vəli çox şairlərin ömrünün qırıldığı 63 yaşında dünyadan köçdü. Nə etmək? Onu unutmamaq, belə bir istedadlı şairin şeirlərini yaymaq, təbliğ eləmək. Bununla xatirəsi xoş olar bəlkə...
”Vaqif Yusifli
Ədalət 2017.- 28 setyabr.-
S.8.