Aran torpağının 65
yaşlı Səyyadı
Yazıçının
“Sazaq”la gələn
“Təmizlik kağızı”, “Balıq günü”,
“Soyuq günəş”i
Tanınmış ictimai-siyasi xadim, istedadlı yazıçı-publisist Səyyad Aranın
65 yaşı
tamam olur. Rəsmi və qeyri-rəsmi keçiriləcək tədbirləri,
orada səslənəcək
təbrikləri bir neçə gün qabaqlamağımızın özəl
bir səbəbi var. Yubilyarın "Sazaq"
adında yeni bir kitabı işıq üzü görüb. "Vektor"
Beynəlxalq Nəşrlər
Evində çap olunan kitaba Səyyad
Aranın müxtəlif
illərdə qələmə
aldığı hekayələri
daxil edilib.
"Sazaq"la gələn
əsərləri barədə
qeydləri yazının
növbəti bölümünə
saxlayaq. Əvvəlcə yubilyarın özü
barədə qısaca
bir neçə kəlmə qeyd etmək yerinə düşər. Beləliklə...
Səyyad
Aranın özü
Söz vaxtına çəkər,
Səyyad Aran 65 il öncə
məhz yanvarda dünyaya gəlib, özü də Aran elində - İmişli rayonunun Qaradonlu kəndində. 1972-ci ildə Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib, doğma rayona qayıtdıqdan sonra uzun müddət
pedaqoji fəaliyyətlə
məşğul olub,
sıravi müəllimlikdən
İmişli Rayon Təhsil
Şöbəsinin müdiri
vəzifəsinə qədər
yüksəlib.
1991-ci ilin əvvəlində
Bakıya köçən
Səyyad Aran mətbuat sahəsində çalışıb, "Elm" qəzetində şöbə
müdiri, "Səs"
qəzetində isə
baş redaktorun birinci müavini olub. İstedadlı publisist
mətbuatın inkişafındakı
xidmətlərinə görə
Əməkdar jurnalist
fəxri adına
layiq görülüb.
Səyyad müəllim Azərbaycan
ədəbiyyatını dərindən
bilən bacarıqlı
alimdir. Xalq yazıçısı Mövlud Süleymanlının
yaradıcılığı barədə elmi işini uğurla müdafiə edib, filologiya elmləri namizədidir.
Səyyad
Aranın yeri
Azərbaycan müstəqillik qazandıqdan
sonra Səyyad Aran dəyəli ziyalı kimi həmişə ölkənin
ictimai-siyasi həyatında
fəal iştirak edib. O, Yeni Azərbaycan
Partiyasının qurucularından
biridir, təsis konfransında partiyanın
Siyasi Şurasına seçilib. YAP Mərkəzi
Aparatında şöbə
müdiri kimi fəaliyyət göstərib.
Millət vəkili olaraq
parlamentdə həm
hakim partiyanı, həm
də Zərdab-İmişli
seçki dairəsində
yaşayan sakinləri
təmsil edib, 1995 və 2000-ci illərdəki
seçkilərdən sonra
formalaşan Milli Məclisdə müxtəlif
qanunların hazırlanmasında
iştirakçı olub.
Səyyad
müəllim diplomatik
sahədə də öz bacarığını
göstərib, Azərbaycanın
Türkiyə Cümhuriyyətinin
İstanbul şəhərindəki
Baş konsulu, eyni zamanda ölkəmizin
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı yanında
daimi nümayəndəsi
vəzifələrində çalışıb,
ona birinci dərəcəli fövqəladə
və səlahiyyətli
elçi diplomatik rütbəsi verilib.
Təcrübəli və tanınmış
ictimai-siyasi xadim bilik və bacarığını
Azərbaycanın inkişafı,
tərəqqisi üçün
bu gün də əsirgəmir, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini kimi məsul vəzifədə
çalışır.
Səyyad
Aranın sözü
İlk hekayəsi
1978-ci ildə "Ulduz"
jurnalında dərc edilən Səyyad Aranın bu illər ərzində həm Azərbaycanda, həm də Türkiyədə müxtəlif
kitabları işıq
üzü görüb. İstedadlı
yazıçı-publisistin qələminin məhsulu olan "Körpü",
"Soyuq günəş",
"Xaosdan sabitliyə",
"Heydər Əliyev
və Azərbaycanın
dövlət neft strategiyası", "Sandıqda
qalan muştuluq" kitabları ədəbi ictimaiyyətin diqqətini
çəkib. Səyyad müəllim
Yazıçılar Birliyinin
Rəyasət Heyətinin
üzvüdür.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Səyyad Aran 65 illik yubileyi ərəfəsində "Sazaq"la
oxucularının görüşünə
gəlib. Professor Elçin İsgəndərzadənin
redaktorluğu ilə ərsəyə gələn
bu kitabın üz qabığının
rəssamı Əlisəmid
Kürdü. Müəllifin
yeni kitabında "Təmizlik kağızı",
"Soyuq günəş",
"Balıq günü",
"Günün günorta
vaxtı", "Havalar
soyuyanda" və
"Sazaq" hekayələri
yer alıb. Səyyad Aranın qəhrəmanları
oxucunun tanıdığı,
üzbəüz gördüyü,
haqqında eşitdiyi
insanlardı.
Eldar atasının
üzünü görməyib,
hər gün şəkilinə baxır,
xəyalı ilə söhbət edir, onun qayıdacağı günü gözləyir. Atası Kamalın
şəkli divarda Stalinin portreti ilə yanaşı asılıb. "Dahi
rəhbər" generalissimus
formasında insanları
salamlayır, atası
Kamalın yaxasında
isə "Qırmızı
bayraq" ordeni var. Amma bu orden
də Kamalı repressiya adlı divin hücumundan xilas edə bilməyib. Eldarın dünyaya gəlməsinə
bir neçə ay qalmış atasını
şərləyib tutublar.
"Ayyta... Ayyta, kaş bircə
günlüyə kəndimizə
gələydin. Əlindən tutub bütün küçələrdən keçəydim.
Sonra birlikdə rayonda şəkil çəkdirib, böyütdürüb
bu şəkillə yan-yana asaydım..."
Vəziyyət o qədər ağırdır
ki, insanlar kənddə bir-birilərinə
salam verməyə
belə qorxurlar. Tutulan Kərimin arvadı Suğra dəli olub, gecələr ağacda yatır, uşaqlarını "detdoma"
veriblər. Eldar inanır
ki, anası Solmaz dözümlü qadındır, Suğra xala kimi eləməz.
Ana-bala bütün çətinliklərə dözüb
Kamalın "təmizlik
kağızı"nı
- bəraət alacağını
günü gözləyirlər.
Matros Məhərrəm, onun Polşadan gətirdiyi
Yelena, hamının əvəzindən
Sibirdən sağ-salamat
qayıdan İmran, Fitat xala... Hamı bu
ağrılı-acılı günlərin tez sona çatması arzusu ilə yaşayır. Amma nə
balaca Eldar, nə də anası Solmaz həmin o xoş günü görə bilmirlər ("Təmizlik
kağızı"). Müəllif bu hekayəni 37-ci il
qurbanlarına və onların ata üzü görməyən
balalarına ithaf edib.
"Soyuq günəş"
hekayəsinin qəhrəmanları
da hər gün rastlaşa biləcəyimiz real insanlardı. Kənddə
riyaziyyat müəllimi
işləyən Kamil,
onun paytaxtda ticarətçi işləyən
qaynı Zahid, qaynı arvadı Namilə, baş müstəntiq Məmmədov,
xəyanətə görə
ərini baltalayıb məhbus həyatı yaşamağa məcbur olan qadın, təsadüfən tanış
olduğu Nuray...
Bir neçə
günlüyə Bakıya
gələn Kamilin mehmanxanada etdiyi adi hərəkət onun həyatını dəyişir, mənəvi
sarsıntı keçirir. Ailə üzvlərinin,
rayonda ona hörmət bəsləyən
insanların bu xəbəri eşidincə
nələr düşünəcəyi
daim onu narahat edir. Qatarla doğma rayona qayıdarkən yol məhz bunları fikirləşir. Ən çox
sonbeşiyini-qızını xatırlayır, həmişəki
kimi uşağı bağrına basıb nəfəsi kəsilənə
kimi iyləmək istəyir. Lakin...
Miryusif böyük
qızını yenicə
gəlin köçürüb,
toydan sonra iki adama borclu
qalıb, ona görə də mövsüm bitməmiş
özünə əziyyət
verib hər gün balıq ovuna gedir ki,
bol səfərlə borcu qaytara bilsin. Arvadı isə
onun balıq iyi verən paltarlarını hər ütüləyəndə o dünyanı
görüb gəldiyini
deyir.
Balıqçı yoldaşı Niyaz, müəllimlikdən qəti xəbəri olmasa da, uşaqlara karate öyrətdiyinə görə hamının kənddə "müəllim"- deyə çağırdığı İlyas, Qarabağ savaşında çiyin-çiyinə vuruşaraq dəfələrlə ölümdən dönən Rauf və Ələsgər, tamahı üzündən bu ikin dostu çıxılmaz vəziyyətdə qoyan Zeyqəm... Bakıdan qonaq gələn Zeyqəmin yanlış hərəkəti üzündən balıqçıların ovuna haram qatılır, bununla da kənddəki mənəvi mühit pozulur (Balıq günü").
Ağsaqqalların dördünün də gözü yol çəkir - Ağarza, Mirəli, Cavad və Hüseynağa. Cəfərgildən gələn xəbəri gözləyirlər. Kəndin ən yaşlı sakinləridir, sıralarının seyrəlməyindən narahatdırlar, Cəfərin yatağa düşməsindən sarsılıblar. Təsbehin sapı qırılıb, dəc pozulub sanki. Növbəti kim olacaq? Qarapaltarlı qadınların Cəfərgilə tərəf yol almasından sonra dördü də üşüməyə başlayır ("Sazaq").
Kitabda yer alan digər hekayələr də maraqla oxunur, yazıçı Aran camaatının gündəlik danışığındakı şirinliyi, özünəməxsusluğu və koloriti saxlamağı bacarıb. Xalq yazıçısı Mövlud Süleymanlı necə də dəqiq müşahidə edib: "Səyyad Aran bütün olanlara-olacaqlara-yəni bizi əhatə edən hadisələrə yaxın olan yazıçıdır. Heç nəyi-ən xırda detalları belə uzaqdan-uzağa yazmır. Özündən keçirməsə, yaxınlığı yaratmasa, qələmə almır. Yaratdıqlarının da belə canlı, sağlam olması ona görədir".
65 illik yubileyi
qeyd olunan günlərdə
yeni kitabı ilə oxucularının
görüşünə gələn istedadlı
yazıçı-publisisti, tanınmış ictimai-siyasi
xadimi ürəkdən təbrik edirik!
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2017.-7 yanvar.-S.10.