Kabus dolu tamaşa

 

Uzun müddət idi ki, işdən-gücdən vaxt tapıb teatra gedə bilmirdim. Nəhayət, bazar günü "ƏSA" Teatrının ilk tamaşasını izlədim.

 

Tamaşaya keçməzdən öncə sizə qısaca "ƏSA" Teatrından bəhs edim. Əlilliyi olan aktyorlardan ibarət bir teatrdır "ƏSA". Teatr 2016-cı ilin sentyabr ayında müstəqil şəkildə təsis edilib. Gənc aktyor Nihad Qulamzadə teatrın bədii rəhbəridir. Onu əvvəllər "ODA" Teatrından tanıyırdıq. İstedadı zəhməti ilə diqqət çəkmişdi.

"ƏSA"-nın digər aktyorları Murad Məmmədov, Nicat Qulam, Elvin Mirzəyev, Orxan Adıgözəl Fərid Kazakovdur. Bu beş gənc güclərini, ideyalarını, istedadlarını birləşdirib teatr yaradıblar.

"ƏSA" Azərbaycanda ikinci müstəqil teatrdır. Müstəqil teatr olmaq asan başa gəlmir. Bunun ağırlıqları, çətinlikləri var. "ƏSA" teatrı da bu ağırlığın altına öz zərif çiyinlərini qoyub. Hazırladıqları tamaşanın məşqlərini kirayələdikləri evdə edirlər. Jurnalistlər reportaj üçün həmin evə gəlir. Şəraiti yaxşı olmasa da, aktyorlar gördükləri işdən məmnundurlar... Tamaşalara canla-başla hazırlaşırlar...

 

Tamaşa demişkən...

"ƏSA" Teatrının "DUMB” tamaşasında dörd aktyor psixoloji sarsıntılardan əziyyət çəkən dörd fərqli insanı canlandırır. Ssenari müəllifləri özləridir. Teatrın bədii rəhbəri Nihad Qulamzadə aktyor kimi başqa teatrlarda oynasa da, "DUMB” onun ilk rejissor işidir. Sözü Nihada verirəm: "Tamaşanın ideya müəllifi mənəm. Lakin ümumi quruluşunun müəllifi aktyorlar özləridir. İlk tamaşanı psixodram janrında qurmuşuq. Bu teatrda psixoloji tamaşalara üstünlük verəcəyik”.

Tamaşa öncəsi kulisdə xeyli adam gözə çarpır. Hava buz kimi, göydən yağış aman vermir. Buna baxmayaraq, tamaşaya gələnlər artır. Bilet alanlar növbəyə dayanıb. Qeyd edim ki, "ƏSA"-nın ilk tamaşasına qollarını Xəzər Universiteti açdı. Onların köməyi ilə "ƏSA" bir müddətlik sığınacaq tapdı. Bilet satan elan edir: "Tamaşa başlayır! Buyurun, keçin!”

Böyük bir zal, qarışqa kimi oturacaqlara səpələnən adamlar. Hamı səbirsizliklə pərdənin açılmağını gözləyir. Teatrın meneceri Nicat Qulam səhnədə görünür, ancaq pərdələr açılmayıb. Tamaşaçıları salamlayır yoxa çıxır. Qaranlıq hamını udur. Pərdələr açılır, işıq səhnədəki adamın üzərində dayanır. Nihad Qulamzadə üzündəki soyuqqanlı ifadə ilə pianonun arxasına keçir. Onun pianoda çaldığı qarışıq bir parça əvvəlcə yavaş tempdə, daha sonra isə artan, gərginləşən notlarda davam edir. İfa etdiyi epiqraf-giriş ilə tamaşaçını monoloqların atmosferinə, gərginliyinə hazırlayır.

Səhnə işıqları güclənir adamlar peyda olur. Döşəməyə sərilmiş, skamyada oturmuş başı aşağı adamlar...

 

"Ölüm, yoxsa olum?"

İlk öncə Orxan Adıgözəlin monoloqu başlanır. Orxanı köşə yazılarından tanımışam. Hər zaman maraqlı, intellektual yazıları olub. Görəsən səhnədə necə edəcək? - deyə düşünürəm ki, birdən Orxanın səs gəlir:

"Ölüm, yoxsa olum?”Sonrasa sual sual dalınca gəlir: "Olum, yoxsa, ölüm? Hansı daha şərəflidir? Susub dözməkmi, yoxsa üsyan etmək?”

Orxan ruhi pozuntu yaşayan bir xəstənin rolundadır. 14-cü mərtəbədəyəm deyir, bəlkə özümü atım? Sualları onun necə sarsıntılar yaşadığından dəm vurur. Xəstəxanada keçən ağır günlərindən danışır.

Onun yaratdığı, ağıllı ola-ola dəlixanaya düşən obraz sonda psixiatrı öldürüb qaçır. Dəlixana haqqında bunlar deyir:

"Dördtərəfli, çərçivəli, məhrumiyyətlərlə, məhdudiyyətlərlə dolu xana rejimi”...

 

Mən şizofrenəm

Tamaşadakı digər obrazlar da ruhi sarsıntı içindədir. Murad Məmmədovun canlandırdığı rəssam obraz yuxusuna girib onu narahat edən çılpaq uşağı axtarır. Axırda həmin uşağı tapıb onun lüt şəklini çəkir. Polislər onu pedofil kimi həbs edir: "Əlimi-qolumu bağlayıb həbsə atdılar. Polislər evimə baxış keçirəndə anladılar ki, mən pedofil deyiləm, şizofrenəm”.

Rəssam soyunaraq başqalarını utanmamağa çağırır: "Öz bədəninizdən çəkinməyin, utanmayın, o hansı forma da olursa, olsun, utanmayın”.

Muradın soyunması daha çox qızların xoşuna gəlir. Soyunmaq deyəndə... Bircə köynəyini çıxardır üsyan edir. Bu an tamaşaçı qızlardan birinin səsi qulaqlarımda cingildəyir: "Necə gözəl rolunu oynayır, çox şirindir.”

 

Atam anama dedi ki...

Elvin Mirzəyev skamyada oturub, uzun saçlarına xumar çəkib uca səslə deyir: "Qadınlar axmaqdır, axmaq!”

Bu an arxadan qadınların təəccübü, gülüşləri bir-birinə qarışır.

O da sarsıntılarından, uşaqlıq xatirələrindən danışır: "Uşaqlar bizim əksimizdir, biz neyləsək, onlar təkrar edirlər. Biz savaşsaq, onlar da savaşır, vəhşi olurlar. Biz sevsək, onlar da sevir”.

Elvinin canlandırdığı obraz uşaq vaxtı yatmağa qorxduğundan, danışır. Ata-anasının otağına yaxınlaşanda onlar mübahisə edirmiş: "Nəsə üstündə mübahisə edirdilər. Atamın sözü heç vaxt yadımdan çıxmaz. İt oğlu anama deyirdi ki, gəl onu 1000 dollara sataq, onun problemi var. Heç onda dollar da qalxmamışdı”.

Elvinin yaratıdğı obraz xeyli kədərləndirir məni. Arxa skamyalardan pıçapıçlar eşidirəm. Bir də nə görsəm yaxşıdı, bir sürü qadın arxamda qeybət edirlər. Sən demə, arxada da bir tamaşa göstərirlər, xəbərimiz olmadan. Bir söz də deyə bilmirəm. Əsəbimi cilovlayıb içimdə boğuram.

 

Həqiqət axtarışı

Səhnə qaralır, az keçmir Nihad Qulamzadə peyda olur. Onun qəhrəmanısa müəzzindir, yəni məsciddə azan oxuyan. Başlayır azan oxumağından, mollalığından, insanları necə aldatmağından danışmağa. Bir gün isə bir fahişəyə aşiq olur. Və ondan sonra mollalığın daşın atır, həqiqəti tapır.

Nihad daha sonra bir homoseksual gəncin rolunda çıxış edir. Bu haqda kiməsə danışmaq istəyir, ancaq bunu edə bilmir: "Heç kimə deyə bilmirdim. Bilirsiniz niyə? Necə deyəsən? Bizdə, bizim ölkədə bunu necə deyəsən? Ya daşqalaq eləyərlər, ya söyüb-batırarlar, ya da cəmiyyətdən təcrid eləyərlər”.

Qəhrəmanların psixoloji vəziyyəti, problemləri oxşar olsa da qorxuları, şərtləri başqadır. Fərid Kazakov obrazların keçirdikləri sarsıntıları pantomim üsulla göstərirdi. Özüçox peşəkarcasına... Bütün monoloqların qırmızı xəttidir bu əzab. Yaşadıqları kabus dəyişmir. Fərid kabusdur, həm də şeytan. Fəridin hər dəfə səhnəyə çıxması, sözün həqiqi mənasında məni qorxudurdu.

Tamaşaçıardan pıçapıç gəlir: "Az bu qara oğlana çox baxma, gecə yuxuna girər”...

Tamaşa izləyicini sonadək gərginlikdə, həyəcan və qorxu içində saxlayırdı.

 

Son

Bu da son. Tamaşa başa çatır.

Belə bir teatrın ərsəyə gəlməsi çox sevindiricidir. Aktyorları, teatrın bütün kollektivini təbrik edirəm. Onların sayəsində teatr sahəmizdə bir inqilab baş verdi inanıram ki, bundan sonra da inkişaf üçün çox inqilablar görəcəyik.

İnanıram ki, Mədəniyyət İncəsənət Nazirliyi bu teatrın inkişafında onlara yardımcı olacaq köməyini əsirgəməyəcək...

 

Oğuz Ayvaz

Ədalət.-2017.-24 yanvar,-S.4.