Ömür də bir
kitabdır...
Yazıçı-publisist Mustafa
Çəmənlinin "Ürəyimdən kimlər
keçdi" xatirələr kitabı barədə
düşüncələr
(əvvəli
ötən saylarımızda)
Sizi sizsiz ananlar
Kitabın "Ürəyimdən kimlər keçdi" adlı ikinci bölməsində müəllifin ayrı-ayrı illərdə qələmə aldığı esselər, xatirələr toplanmışdır. Onların bir qismi tarixi şəxsiyyətlərimiz, digər qismi isə görkəmli ədəbi simalarımız haqqındadır. Oxucu burada XII əsr Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz, oğlu Cahan Pəhləvan, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan Cavanşir, sonralar bu xanlığı sərasər 46 il idarə etmiş İbrahimxəlil xan, onun qızı - məlum hadisələrlə əlaqədar qürbətdə acı tale yaşamağa məhkum olmuş Ağabəyim ağa, sonuncu Qarabağ hökmdarı Mehdiqulu xanın qızı - Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində xüsusi yeri, xidmətləri olmuş Xurşudbanu Natəvan haqqında tarixi faktlara əsaslanmaqla publisistik səpkidə qələmə alınmış maraqlı yazıları oxuya bilərlər.
Müəllif, tarixi keçmişimizə olduğu kimi, çağdaş dövrümüzün ədəbi-mədəni həyatına da işıq salır, xalqımıza söz və qələm vasitəsilə xidmət göstərmiş sənətkarları yad edir. Xalq şairi Mirvarid Dilbazi, xalq şairi Zəlimxan Yaqub, böyük ruh şairi Şahmar Əkbərzadə ilə şəxsi görüşlərindən söz açan M.Çəmənli onların şəxsiyyəti, həyat və yaradıcılıq yolu barədə epizodik də olsa nümunələr gətirməklə oxucuların gözü qarşısında, bir növ, bədii portretlərini yaradır...
Tanrı hər insanı bir missiya ilə həyata gətirir - böyük, ya kiçik. Kim bu missiyanı sona qədər şərəflə, ləyaqətlə yerinə yetirərsə, deməli özündən sonra adı qalacaq, həmişə minnətdarlıqla xatırlanacaq. Yetər ki, yolu aydın, niyyəti saf, əməlləri xeyirli olsun. Şərt deyil ki, böyük hünərlər sahibi olasan. Adidən-adi, sadədən-sadə həyat yolunla da insanlar üçün dəyərli örnək ola, ətrafındakılar üçün gərəkli işlər görə bilərsən. Əgər belədirsə, onda həmişə yerin gürünəcək. Bir gün bu dunyada olmayanda da...
Mən bu yerdə adlarını bir az əvvəl yalnız çəkməklə kifayətləndiyim çox dəyərli söz-sənət sahiblərimizin ruhu qarçısında üzrxahlıq diləyərək, bir neçə müasirimiz barədə bir qədər ətraflı danışmaq istəyirəm: Ağamalı Sadiq Əfəndi və Tehran Vəliyev haqqında. Onların hər ikisi ilə tələbə yoldaşı olmuş, universitetdə birgə oxumuşuq. Hətta sonralar bir müddət eyni qurumda - kitab nəşri sahəsində çalışmışıq. Çox təəssüf ki, hər ikisi həyatdan vaxtsız gedib.
"Ürək yanmasa"
yazısı Ağamalı Sadiq
haqqındadır. O,
Mustafa Çəmənlinin ən yaxın dostlarından idi. Hətta tələbəlik
vaxtı beş
il eyni masa
arxasında oturmuşdular.
Həmyaş olardılar,
taleləri də oxşar idi: hər ikisi tələbəliyə zəhmətdən,
həyatdan gəlmişdi.
Universitetə də bir neçə dəfə müsabiqəyə düşəndən
sonra qəbul olunmuşdular. A. Sadiq
yüksək zövqə,
gözəl təbə
malik istedadlı şair, cəsarətli publisist, alovlu vətənpərvər idi.
1988-ci ildə Meydan hadisələri başlayandan hərəkatın
mərkəzində idi.
Millətçilik, vətənə sevgi canında-qanında idi. Müstəqillik, suverenlik, azadlıq
duyğuları hələ
sovet dövründən
köksündə boy atıb
güclənmişdi. Meydan hərəkatı ona yeni güc, enerji vermişdi. Qısa dövrdə bir çox dəyərli işlər görə bildi. Azərbaycanın müstəqilliyi naminə hər əzaba qatlaşmağa hazır idi. Amansız ölüm macal vermədi...
"Vəfa borcu" essesində mərhum dostumuz Tehran Vəliyevi yad edən müəllif
yazır: "Dünyasını
dəyişmiş elə
əməl sahibləri
var ki, hər
an rəhmətlə yad
etmək bizim mənəvi borcumuzdur. Mən istedadlı jurnalist, mahir tərcüməçi
Tehran Vəliyevi yad edilməyə layiq dəyərli şəxslərdən
biri kimi xatırlayıram". Çox düzgün
deyilib. Onu tanıyanların hamısının ürəyindən
keçən fikirdir.
... Tehran Vəliyev lap gənclik illərindən az
danışan, sakit, həlim təbiətli bir oğlan idi. Vaxtını hədər işlərə
sərf etməzdi.
Daim qoltuğunda gəzdirdiyi kitablarla baş-başa olardı. İngilis dilini sərbəst
öyrənməyə qərar
vermişdi, məqsədinə
də çatdı.
Dünya
ədəbiyyatının ən
seçmə nümunələrini
orijinaldan oxuyurdu.
Bu maraq onu
get-gedə tərcüməçiliyə
bağladı. O vaxtadək
ancaq ruscadan çevrilən U.Folknerin,
F.Fitsceraldın, E.Heminqueyin,
S. Hillin əsərlərini
orijinaldan müvəffəqiyyətlə
dilimizə çevirmişdi.
Müasirləri C.Selencerin "Çovdarlıqda
uçurumdan qoruyan"
romanını da məhz onun tərcüməsində oxumuşdular.
Təsadüfi deyildir
ki, yuxarıda adları çəkilən
böyük yazıçıların
"Seçilmiş əsərləri"
Tehranın tərcüməsi
ilə latın
qrafikasında kütləvi
tirajla nəşr olunmuşdur. Rusdilli M. İbrahimbəyovun "Hava
məbədi", "Bütün
yaxşılıqlara ölüm"
povestlərinin ana dilimizə tərcüməsi
də yüksək peşəkarlıq nümunələri
sayılırdı.
Tehran Vəliyev bir
çox idarələrdə,
müxtəlif vəzifələrdə
çalışmış, hər yerdə də kollektivin hörmətini qazanmışdı. Çünki cəfakeş idi, hər işə peşəkarcasına, yüksək
məsuliyyət hissi ilə yanaşardı.
Həyatdan çox erkən
gedən dostumuzun arxivində başa çatmamış tərcümələri
hələ də qalmaqdadır...
Kitabda adı böyük ehtiramla xatırlanan bir insan isə, "Təhsil" nəşriyyatının
direktoru Bəhruz Axundovdur. Bəhruz müəllim bu
nəşriyyatı qurub-yaratmış,
ölkənin ən qabaqcıl nəşriyyatları
sırasına çıxarmışdır.
Onu həssas qəlbli insan, daim yeniliyə can atan, yaradıcı alim-pedaqoq kimi xatırlayan müəllif
həm də təcrübəli naşir
kimi səciyyələndirir
və gördüyü
əvəzsiz işlərdən
söz açaraq yazır: " Bəhruz
Axundov Azərbaycan kitab nəşrini dünya kitab nəşri səviyyəsinə
qaldırmaq istəyində
olan, bu istiqamətdə fəaliyyət
göstərən fədakar
bir naşir kimi tanınırdı. Çünki onda nəşriyyat işinə,
kitab çapına şüurlu münasibət
vardı... Onun naşiri olduğu bir çox kitablar, hətta Avropa ölkələri arasında keyfiyyətli kitab nəşrinə görə Qızıl medala, "Qızıl Delfin" mükafatına,
"Qran-Pri"yə layiq
görülmüşdü... Tam cəsarətlə deyirəm ki, Əməkdar mədəniyyət
işçisi, dosent Bəhruz Axundov əvəzsiz, təkrarolunmaz
naşir idi. Onun adı və gördüyü işlər
kitab mədəniyyəti
tarixində daim yaşayacaqdır".
Təcrübəli naşirin dəyərli
insana, ustad naşirə verdiyi qiymət məhz belədir...
İmza
günü
kitab evindəki tədbirə Mustafa Çəmənlinin
həmkarları, qələm
dostları, oxucular toplaşmışdılar. Çıxış
edənlərdən şair
Ramiz Məmmədzadə,
Maşallah Məftun, yazıçı-dramaturq Əli
Əmirli, publisist Rafiq Haciyev, tərcüməçi İlqar
Əlfi, jurnalist Tahir Aydınoğlu, naşir Müşfiq Xan, kitab həvəskarlarından
Əli Rzayev, Samir Ağayev və başqaları öz təəssüratlarını
söyləmiş, maraqlı
xatirələr üçün
müəllifə minnətdarlıqlarını
bildirərək ona gələcək yaradıcılığında
uğurlar arzulamışlar.
Səfər
Mahmudzadə
Ədalət 2018.- 3 aprel.- S.7.