80 İLLİK YUBİLEYƏ DƏYƏRLİ TÖHFƏ

 

"...Sizin istedadlı nasir, publisist və dramaturq olaraq çoxəsrlik ənənələrə malik ədəbiyyatımızın daha da zənginləşməsində müstəsna xidmətləriniz vardır. Ən müxtəlif janrlarda qələmə aldığınız əsərlərdə siz söz sənətkarlarına məxsus yüksək məharətlə müasirlərimizin mənəvi aləminin dolğun təsvirinə nail olmuş, ardıcıl ədəbi-fəlsəfi axtarışlarınızla bədii fikrimizin yeni inkişaf mərhələsinin yaradıcılarından biri kimi səmərəli fəaliyyət göstərmisiniz.

Mövzu aktuallığı, üslub fərdiliyi, dil səlisliyi və dərin həyatiliyi ilə səciyyələnərək yüksək əxlaqi keyfiyyətlər aşılayan nəsr əsərlərinizin geniş oxucu auditoriyasının zövqünün formalaşmasında təsiri təqdirəlayiqdir. Daim rəğbətlə qarşılanan səhnə əsərləriniz və dahi şəxsiyyətlərimizin ömür yolunu özünəməxsus parlaq boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi daha da artırmışdır. Hər biri uzunmüddətli araşdırmanın məhsulu olub ədəbi-mədəni fikir tariximizin bütün məqamlarını ehtiva edən məqalə və esseləriniz intellektual potensialınızın aydın təzahürüdür..."

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anara 80 illik yubileyi münasibəti ilə ünvanladığı təbrik

məktubundan

 

"Dil siyasəti: Milli mənəvi dəyərlərin inkişafında Heydər Əliyev faktoru", "Cavid sevdalı ömür", "İsa Həbibbəyli: ömrün 60-cı baharı", "Lirik-psixoloji üslubda klassik məhəbbət mövzusu: "Təhminə", "Anarın "Dədə Qorqud" kino dastanında ənənə və novatorluq", "O səsdə pünhan bir can yanğısı var", "75 yaşın nuru", "Bədii qiraət sənəti haqqında düşüncələr", "Televiziyaları milli ideologiyalar deyil, sms və reytinqlər idarə edir", "Aktyor ömrünə uvertüra", "Ala gözlərin işığı", "Dünya dəyməz göz yaşına", "Mədəniyyət və incəsənətimizin məbədgahı: keçmişdən bu günümüzə", "Ömür qatarından düşən Adəm və Həvva", "Zamanların şairi", "Sovet senzurasından milli Dədə Qorqud "çıxarmış sənətkar", "Müştərək türk abidəsi "Kitabi-Dədə Qorqud" eposu", "Sənətkar ömrü" və s. kimi onlarla sanballı elmi-publisistik, tənqidi yazıların müəllifi olan sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi ərəfəsində "Qəm pəncərəsi"nin o üzündə" monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada çağdaş ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri olan xalq yazıçısı Anarın - bədii əsərlərinin ekran təcəssümü müasir elmi-nəzəri fikrin işığında araşdırılır, müəyyən qədər tədqiq olunmuş bu problemə yeni təfəkkür işığında nəzər salınır.

Elmi redaktoru akademik Teymur Kərimli olan monoqrafiyaya sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin, filologiya elmləri doktoru, professor Həsən Quliyevin, fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlovun, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin, xalq artisti, professor Oqtay Mirqasımovun, xalq artisti, professor Şəfiqə Məmmədovanın, filologiya elmləri doktoru, professor Aqşin Babayevin, əməkdar İncəsənət xadimi, kinooperator Rafiq Quliyevin, xalq artisti Rafiq Hüseynlinin, əməkdar İncəsənət xadimi, dosent Aydın Kazımzadənin, xalq artisti Vaqif Behbudovun, xalq artisti, professor Yalçın Əfəndiyevin verdiyi rəylərdə bildirilib ki, "Qəm pəncərəsi"nin o üzündə" monoqrafiyasında Anarın bədii əsərlərinin ekranlaşdırılma xüsusiyyətləri və onların kino təcəssümü zamanı meydana çıxan özəlliklər araşdırılıb. Monoqrafiyada ilk dəfə olaraq Anarın yaradıcılığı əsərlərinin ekran taleyi ilə paralel işlənib. Yazıçının bədii nəşrində lirik-psixoloji üslub təsnifatlandırılıb və sistem halında öyrənilib.

Monoqrafiyada Anarın yaradıcılığı iki - sovet və müstəqillik dövrlərinə görə təhlil edilib və yalnız xronoloji baxımdan deyil, ideya cəhətdən də elmi araşdırmaya cəlb olunub. Monoqrafiya vasitəsilə yazıçının təkraredilməz fərdi üslubu oxuculara dərinliyi ilə çatdırılıb.

Müasir mədəniyyətdə, o cümlədən sənətşünaslıqda vacib olan bir mövzunu - ədəbiyyatla kino arasında qarşılıqlı əlaqə və qarşılıqlı faydalanma prosesini araşdırması monoqrafiyasının aktuallığını təşkil edir. Müəllifi olduğu əsərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı ədibin nəsr yaradıcılığının, bədii əsərlərinin ekran təcəssümünü, ədəbi yaradıcılıqdan ssenariyə, oradan isə ekrana gedən yolun incəliklərini konkret nümunələr əsasında təhlil etməyə nail olub.

Dili rəvan, anlaşıqlı, çıxarılan qənaətlər məntiqi və inandırıcı olan, elmi məfkurəyə söykənən metodologiya üzrə zəngin fakt və sənədlər əsasında, analitik təhlil üsulu ilə yazılmış monoqrafiyada milli eposun boyları əsasında Anarın ssenariləşdirdiyi "Dədə Qorqud" bədii filminə xüsusi yer ayrılıb, onun elmi-təcrübi tədqiqinə, müəllif yozumunun hərtərəfli analizinə böyük diqqət yetirilib.

Monoqrafiyada Anarın müstəqillik dövrü yaradıcılığı xüsusi keyfiyyət mərhələsi kimi təhlil edilib və bu mərhələnin əsas xüsusiyyətləri göstərilib. Müəllif bu mövzunu, əsasən, "Otel otağı" filminin nümunəsində şərh edərək, bu filmin Anar yaradıcılığındakı yerini tutarlı arqumentlərlə təhlil edib, bu ekran əsərindəki əsas obrazların və simvolların xarakteristikasını dəqiqliklə verməyə nail olub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının "Qəm pəncərəsi"nin o üzündə" monoqrafiyası kinoşünaslığın az müraciət etdiyi mövzudur. Monoqrafiyanın əsas məziyyətlərindən biri odur ki, Zülfiyyə Eldarqızı həm kinematoqrafya, həm də bədii ədəbiyyatın inkişaf istiqamətlərinə, konkret əsərlərin poetik özəlliklərinə dərindən bələd olduğunu yazdığı elmi işi ilə sübuta yetirib.

"Qəm pəncərəsi"nin o üzündə" monoqrafiyasındakı araşdırma obyektinə baxış bucağı və əldə edilən bir çox elmi nəticələr yenidir, elmi təsir bağışlayır.

Gənc tədqiqatçılar və kino mütəxəsisləri üçün nəzərdə tutulan "Qəm pəncərəsi"nin o üzündə" kitabı sənətşünaslar, kinemotoqraflar və bu sahənin araşdırmaçıları üçün dəyərli mənbədir.

 

Hikmət Xudiyev (Cəmilzadə),

əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

 

Ədalət  2018.- 3 aprel.- S.6.