POLKOVNİK
RAMİZ ƏMİ
MAHİR
QABİLOĞLU
Bu yazımda söhbət şair Ramiz Duyğundan getməyəcək. Yəqin ki, sərlövhədən siz də bunu duydunuz. Kim şair Ramiz Duyğunu tanımaq istəyirsə (əgər bu günə qədər tanımayıbsa) imkanları genişdir. İnternet resurslar, kitabxanalar yolunu gözləyir. Amma əvvəldə onu da qeyd etmək istəyirəm ki, sovet dövrü, elə indi də çox az adam tapılar ki, şair Ramiz Duyğunu və ya polkovnik Ramiz Məlikovu tanımasın. Çünki o, Azərbaycanda yeganə olan dövlət televiziyamızda "Hünər" verilişinin aparıcısıydı. Həm də Nəriman Nərimanov adına Tibb İnstitutunun Hərbi kafedrasının müəllimi və şöbə müdiri.
Mən isə ilk dəfə onu Xəlil Rzagildə görmüşəm. O cümlədən aktyor, qiraət ustası Mikayıl Mirzəyevi, böyük xanəndəmiz Xan Şuşinskini və digərlərini. Onlara "əmi" deyə müraciət etmişəm. Bu "əmi" sözü Xan Şuşinskiyə edilən "Xan əmi" müraciətinin "əmi"sindən deyildi. Xəlil əminin oğlanları Təbriz və Rza, Ramiz əminin oğlu Qəlbi, Mikayıl əminin oğlu Mətinlə eyni yaşda idik. Atalarımız sağlıq deyib, yeyib-içirdilər, biz isə dar məkanda bir yer tapıb oynayırdıq. Xəlil Rza, Mikayıl Mirzə və Ramiz Duyğunun nitqində bir eynilik, xüsusi pafos vardı. 90-cı illərdə keçirilən mitinqlərdə başa düşdüm ki, bu, hələ sovet vaxtı azadlığa, açıq sözə köklənən insanların içində qaynayan, asta-asta püskürən vulkan imiş. Ramiz əmi "Hünər" verilişini aparanda bu pafosu qoruyub saxlayırdı. Axı qəhrəman Azərbaycan övladlarından danışırdı. Axı biz yeniyetmələri, gəncləri gələcək qəhrəmanlıqlara hazırlayırdı. İçimizdən isə bircə Təbriz Xəlilbəyli Azərbaycanın Milli Qəhrəmanı oldu.
Amma mən Ramiz əmini sonralar çox yaxından tanıdım. Bu "Ramiz əmi" müraciətimin qabağına bir "polkovnik" sözü də artırmaqla. Yazını yazmağıma isə bir xoşagəlməz hadisə səbəb oldu. Elə isə başladıq.
SƏBƏB
Uşaqlıqdan iki şeyə pul verəndə yanıb-tökülürəm: biri qəzetdir, o biri də siqaret. Niyə? Niyəsini açıqlamayacağam. Çünki mövzudan uzaq qaçaram.
Bu yaxınlarda "Ədəbiyyat qəzeti" atam Qabilin 7 cildlik külliyyatı barədə yazı vermişdi. Mənə zəng edib xəbər verdilər ki, bəs yazı çıxıb. Minnətdarlığımı bildirdim. Amma şeytan məni yoldan çıxarıb qəzet köşkünə sürüklədi və əlim əsə-əsə 40 qəpik verib "Ədəbiyyat qəzeti" aldım. Sadəcə başlıqda üç səhv görüb, qapatdım. Qəzeti bürmələyib zibil yeşiyinə atmaq istəyirdim ki... birdən 40 qəpik yadıma düşdü. Fikirləşdim ki, heyfdir. Axı pul vermişəm. Yaxşısı budur, atım maşına. Bağa gedəndə samovarı, ya da manqalı alovlandırmağa yardımçı olar. Xülasə, qəzeti maşına qoyub qalxdım evə.
Üstündən iki gün keçmişdi. Həyat yoldaşım Sevinclə bağa gedirdik. Maşının arxa qapısını açanda qəzeti gördü:
- A, "Ədəbiyyat qəzeti"? Nə gözəl, - deyə sevindi.
Yox, sevinmədi. Nostalji hisslərdən kövrəldi. Çünki qayınatası Qabil hər cümə günü "Ədəbiyyat qəzeti" almağı ona tapşırırdı. O da üç-dörd köşkü gəzib, qəzeti tapandan sonra sevinə-sevinə, həm də deyinə-deyinə geri qayıdırdı. O günlər yadına düşmüşdü deyəsən.
- Yadıma sal, saraya atım. Yayda lazım olacaq samovar qaynatmağa. Bir dənə yazı buraxıblar. Başlığında üç dənə səhv.
Həyətdən çıxdıq. Sevinc başladı qəzeti varaqlamağa. Bu xoşuma gəlməsə də dinmədim.
- Nəyi pisdir ki, ay Mahir, papanın kitabları haqqında bir səhifə yazı veriblər də... Yenə sağ olsunlar ki, yada salıblar. O qədər ölülər var ki... Lap elə dirilər var ki, heç yada salmırlar.
Dinmədim. Demədim ki, Fikrət əmidən (Fikrət Qoca) xahiş etmişəm, o da baş redaktora göstəriş verib. Sevinc isə qəzeti varaqlamağında idi. Xışıltısı əsəb tellərimə toxunsa da dinmirdim. Dinsəydim, "bu da atası kimi "Bəyim, qəzeti xışıldatma. Əsəblərimə toxunur"" deyəcəkdi. Birdən:
- Mahir, xəbərin var? Ramiz müəllimin 80 illiyi qeyd olunacaq Natəvan klubunda. Get, hökmən iştirak elə. Hədiyyəsini də apararsan...
Üç nöqtəni elə-belə qoymadım. Çünki, hədiyyənin nədən ibarət olmasını yazmadım. Yazımı hədiyyəylə bitirəcəyəm. Yəqin ki, söhbətin hansısa bahalı soroçkadan, fransız odekolonundan getdiyini xəyalınıza gətirdiniz.
Sevincin bu cür can-fəşanlığını əvvəlcə başa düşmədim. Ad günü-toy adı gələndə qayınanası kimi deyinməyə adət edən Sevinc, niyə bu dəfə təkidlə, bir az da amiranə şəkildə "Get, hökmən iştirak elə" dedi. Heç əlavə də etmədi ki, "atovun dostu, həmpiyaləsi, qələm yoldaşı olub. Aton yoxdu, sən onu əvəz etməlisən". Amma birdən Sevincin dilindən çıxan "müəllim" müraciəti yadıma düşdü. Bu sadəcə hörmət əlaməti olan müraciət deyildi. Ramiz Məlikov həqiqətən də Sevincin müəllimi olmuşdu - ali məktəb müəllimi. Yaxşılığı keçmişdi ona. Yaxşılıq isə heç vaxt unudulmur. Baxmayaraq ki, bu yaxşılıqdan Ramiz Məlikov çoxlarına edib - bir müəllim kimi. Bəs mənə necə, Ramiz əminin yaxşılığı dəyməyibmi? Xatirə xatirəni gətirər.
- Gedərəm, Sevinc, hökmən gedərəm. Lap çıxış da edərəm.
- Deməyə sözün var?
- Var.
Yubiley mərasiminə getdim. Çıxış etdim. Hədiyyəmi təqdim etdim. Amma "Deyilən söz yadigardır" ifadəsi bu gün əhəmiyyətini itirib. Deyilən sözü - məclislərdə deyilən şair, aşıq, aqil sözünü - kimsə kağıza köçürüb gələcək nəsillərə ötürürdü. İndi o ədəb-ərkan qalmayıb. Yazsalar da plagiatlıq edib öz adlarından sırıya bilərlər camaata. İndi ancaq və ancaq "yazılan söz yadigardır" kəlamı dəbdədir. Özü də ki, qəzetdə, jurnalda, kitabda çap eləmək şərtiylə. Elə isə başladıq.
BİRİNCİ XATİRƏ
Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin 2-ci kursunda oxuyurdum. Bu təhsil ocağında isə bir qəliz kafedra vardı. O da Hərbi hazırlıq kafedrasıydı. 5-ci kursun sonunda ehtiyatda olan zabit-leytenant rütbəsi verdiyinə görə qiyməti ikiqat qiymətliydi. Təhsil rus dilində idi. Müəllimlərimizin, xüsusilə də dekanımız Ağamusa Axundovun bu kafedradan zəhləsi gedirdi. Ordan tələbələrin adına gələn hər hansı yazılı şikayəti kənara tullayırdı. Nizam-intizamı pozan tələbəni heç ağızucu danlamırdı da... Çünki özü və tələbə dostları onlardan çox pislik görmüşdülər.
Nə başınızı ağrıdım, günlərin bir günü mənim də işim düşdü bu kafedraya. Nizam-intizamlıydım. Amma suallara da cavab verməliydim. Bu isə çox çətin məsələydi. Əsgərliyə getdiyimdən imtahanı tez verməli oldum. Mənimkimilər üçün xüsusi bir gün təyin etdilər. Bu dəm tələbə dostlarımdan biri mənə yaxınlaşdı:
- Mahir, biz pul yığmışıq. İstəyirsən sən də qoşul, - deyə yaxşılıq əlini mənə uzatdı.
- Nə qədər?
- "3" istəyirsənsə 25 rubl, "4" üçün 50 rubl, "5" üçün 100 rubl, - deyə tələbə yoldaşım qiymət cədvəlini açıqladı.
Heç nə cavab vermədim. Düzü, birinci dəfəydi ki, belə halla rastlaşırdım. Universitetdə hansısa müəllim haqqında bu cür söhbət eşitməmişdim. Amma dəstədən geri qalmamalıydım. Tutaq ki, bu təklifə razıyam. Bəs pulu hardan tapım? Atama yaxınlaşdım. Nə "hə" dedi, nə də "yox". Sadəcə, "tələbə dostun səni aldadır. Get imtahanına hazırlaş" dedi. Bir tapşırıq-kömək əlini də uzatmadı. Çünki Hərbi kafedrada dostu-tanışı yox idi. Mən isə onun sözünü qulaqardına vurub, 40 manatlıq stipendiyamdan 25 rubl ayırıb verdim tələbə yoldaşıma. İmtahan oldu. Kəsildim. Tələbə yoldaşım bildi. Çox həyəcanlandı. Heç nə demədim ona. Tez qaçdım hara? Əlbəttə ki, yenə atamın üstünə. Başını buladı. Danlamadı. Axı əsgər gedəcəkdim... "Mən bu sistemdə bircə Ramiz Duyğunu tanıyıram. Qoy onunla məsləhətləşim" deyib, telefonun dəstəyini götürdü. Hal-əhvaldan sonra olanları ona dedi. Sağollaşdı. Ertəsi günü maşını qarajdan çıxartdı. Gedib Ramiz əmini öz kafedrasının qabağından götürdük. Gəldik ADU-nun Hərbi kafedrasına. Qabaqda mən bələdçilik edirdim. Arxada atamla Ramiz əmi gəlirdi - polkovnik hərbi formasında. Hərbi geyim ona çox yaraşırdı. İçəri girdim. İmtahan götürən rus podpolkovnik müəllim məni gördü. Yaman əsəbi idi. Başladı üstümə qışqırmağa ki, "bəs hardasan. Dünəndən səni axtarırıq. Niyə təkrar imtahana gecikmisən?" Gözləri az qalırdı ki, hədəqəsindən çıxsın. Deyəsən, haqqını vaxtında çatdırmayan, "Mahirdir də... şəhər uşağıdır, rus dilini də bizdən yaxşı bilir, bir təhər "üç"ünü alar, 25-lik də mənə qalar" deyə fikirləşən tələbə dostum, pulu yiyəsinə çatdırmışdı. Amma artıq gec idi. Müəllimsə qışqırırdı. Bu dəm arxadan güclü bir səs eçitdim:
- Çto tı oryoş kak ne dorezannaya svinya! (yaralanmış donuz kimi nə qışqırırsan!)
Bu, Ramiz əminin səsiydi. Rus podpolkovnikin səsi qırıldı. Bu dəm arxada polkovnik Zaur Rzayev göründü. Zaur müəllim ovaxtlar Hərbi kafedranın rəis müaviniydi. Müstəqillik dövründə briqada komandiri, general-mayor rütbəsinəcən yüksəldi. Əsgərliyimiz oğlu Səyavuşla bir keçdi.
Zaur müəllim pillələri enib Ramiz
müəllimlə görüşdü. Sonra atamla. Onları
kabinetinə apardı. Mən də imtahan
otağına keçdim. Başqa müəllim
götürdü imtahanı. Sorğu-sualsız
"4" yazdılar. Ordan çıxanda
tələbə yoldaşım yaxınlaşıb 25
rublımı qaytardı.
İKİNCİ
XATİRƏ
Üstündən illər keçdi. Əsgərliyimi də
bitirdim, ali məktəbi də. Leytenant rütbəsini də aldım. Ailəliydim. Böyük
qızım Suğra doğulduğundan həyat
yoldaşım Sevinc Tibb institutundakı son iki imtahanını
verə bilməmişdi. O vaxtlar universitetdə yalnız
oğlanlar ali hərbi rütbə
alırdılar. Amma Tibb institutunda oğlanlar da,
qızlar da eyni səviyyədə hərbi dərs keçir,
hərbi həkim ixtisasına və leytenant rütbəsinə
layiq görülürdülər. Bu
institutda da hərbi dərslər rusca keçilirdi. Təkrarlamaq istəməzdim. Eyni
çətinliklər burda da vardı. Atamın
ümid yeri bu dəfə də Ramiz əmi idi. Yoldaşımın diliylə desək - Ramiz müəllim.
Kafedranın qapısında qarşıladı
bizi. Kabinetinə apardı. Elə ordaca imtahanı götürdü. Və "5" yazdı. Sevinc o
vaxt "İmamverdiyeva" familiyasını
daşıyırdı.
ÜÇÜNCÜ
XATİRƏ
Müstəqillik dövrü idi. Artıq Milli
ordumuz yaranırdı. Müdafiə
nazirliyimiz vardı. Amma sovet ordusundan qalan
ruslar da vardı milli ordumuzda. Əsasən
də hərbi komissarlıqlarda.
Torpaqlarımız işğal olunmamışdı. Özünümüdafiə dəstələri, xüsusilə də OMON erməniləri vahimə içində saxlayırdı. Ordu quruculuğu çox ləng gedirdi. Bu vaxt mənə povestka - çağırış vərəqəsi gəldi. Getdim hərbi komissarlığa. Ailəliydim. İki uşağım vardı. Evin də yeganə övladıydım. Hərbi xidmətimi də çəkmişdim. Qanunla ixtiyarları yox idi çağırmağa. Iki lqotum vardı. Amma ki, çağırışa da əməl etməliydim. Qapını döyüb içəri girdim. Bir rus mayoru idi. Sorğu-sualsız hərbi biletimi və pasportumu istədi. Verdim. İçinə də baxmadan tez seyfi açıb qoydu ora. Sonra qonşu otaqdan bir rus podpolkovniki çağırdı. Və başladılar mənimlə rusca söhbətə:
- Nu, İmamverdiyev, səni əsgərliyə çağırırıq.
- İxtiyarınız yoxdur, - deyə qanunun tələblərini sadaladım.
- Səni leytenent, ehtiyatda olan zabit kimi çağırırıq, - deyə əks arqument qoydu qabağıma.
Bir an fikrə getdim. Bu, ya zbor şəklində olmalıydı, yəni müddətli. Ya da ki, özüm könüllü qol çəkib 25 illik xidmətə getməliydim. Zbora razılaşmaq istədim. Çünki işsiz idim. Zabitə isə maaş verilirdi, imtiyazları vardı. Sonda da bir rütbə yuxarı verməliydilər. Ağzımı açmaq istəyirdim ki, soruşum harda, maaş nə qədər... polkovnik dilləndi:
- Yaxşı, görürəm əsgər getmək istəmirsən. Özü də ki, ailən var, iki uşaq, atan-anan pensioner. Get 2000 rubl gətir, - deyə möhlət hüquqlarımı sadalayıb baxışlarını üzümə dikdi.
- Pul yoxdur!
Ağlıma başqa cavab gəlmədi. Çünki həqiqətən də pul yox idi. Pis zəmanəyə gəlib çıxmışdıq. Lap olsaydı da, çətin ki, Qabil rüşvətə razı olardı. Karıxdığımı görüb, o biri mayor irəli keçib, əlini çiynimə qoydu və qapıya tərəf yola sala-sala:
- Vsyo, İmamverdiyev, danışdıq. 1000 rubl gətir, pasportunu və hərbi biletini apar, - dedi.
Otaqdan çıxdım. Qalmışdım
çıxılmaz vəziyyətdə. 65 nömrəli
avtobusa minib gəldim atamın yanına. Hal-qaziyyəni
danışdım. Atamsa "Ramiz Müdafiə nazirliyində
işləyir. Qoy ona zəng edim, görək nə məsləhət
bilir" dedi. Atam Ramiz əmiylə danışdı. Amma
olanları telefonla demədi. Ramiz əmi məni yeni iş
yerinə çağırdı. O vaxtlar nazirlik Şəhriyar
adına klubda yerləşirdi. İkinci mərtəbəyə
qalxdım. Otağa girdim. Ramiz əmiylə
görüşdüm. Ayrıca kabinet deyildi. Otaqda yüksək
çinli digər zabitlər də vardı. Onları
tanımırdım. Ramiz əmi məni onlara da təqdim etdi
- "Qabilimizin oğludur" deyə. Mənim
danışacaqlarımdan xəbəri yox idi. Və mən
hamının yanında olanları dedim.
Danışıb-qurtarandan sonra otaqda canlanma başlandı. Ramiz əmi isə çox
sakit idi. Heç bir reaksiya vermirdi. Seyrçi mövqe tutmuşdu. Anlamırdım
bunu. Otağa daha iki nəfər gəldi.
Biri general idi, o biri polkovnik. Təklifləri
isə mənimçün çox gözlənilməz oldu:
- Bu rus
ofiserlər lap ağını ediblər. Bizə
ordu quruculuğunda kömək etməkdən, rüşvətxorluqla
məşğuldurlar. Ona görə də,
Mahir, sənə 1000 rubl veririk, aparıb verirsən onlara, sənədlərini
də geri götürürsən. Bildin?
Düzü, birinci anlamadım dediklərini. Amma 10 yaşında
rüşvət məsələsiylə bağlı
yaxın bir adamımızın məhkəmə prosesinin izləyicisi
kimi başa düşdüm ki, bu 1000 rubl xüsusi
hazırlanmış, nömrələnmiş, yaxud da
xüsusi məhlula salınmış pullardır. Zabitləri ifşa edib, mənim əlimlə
tutdurmaq istəyirlər. "Yox"
cavabı verdim. Zabitlər pərt oldular.
Ramiz əmi gülümsəyərək qoluma
girib məni otaqdan çıxartdı. Dəhlizdə
gözləməyimi deyib, yenidən otağa girdi. İki dəqiqədən sonra yenidən dəhlizə
çıxıb "atana zəng etdik. İndi
gəlir. Gözlə" deyib yenidən
otağa keçdi. İyirmi dəqiqədən
sonra atam gəldi. İçəridən
müxtəlif səslər gəlirdi. Bircə
atamın "yox" sözünü sezirdim. Beləcə, yarım saatlıq "müzakirə"
başa çatdı. Ramiz əmi
atamın qoluna girib pilləkənləri
düşürdüb qapıyacan yola saldı. Özü də ki, üzündə xoş təbəssüm
vardı. Atamın bu qısa zaman kəsiyində
işlətdiyi bircə ifadə yadımda qalıb. Yəqin
ki, Ramiz əminin də məmnunluğunun əsas səbəbi
elə bu ifadə idi: "Bizim nəsildə işvərən
olmayıb". Sağollaşıb küçəyə
çıxdıq. Atam dedi ki, get evə. Amma
səhər tezdən gəl maşını çıxar,
bir yerdə gedəcəyik hərbi komissarlığa. Səhər vədələşdiyimiz kimi həyətdəydim.
Maşına minib gəldik Müdafiə
Nazirliyinə. Ramiz əmi qapıda bizi
gözləyirdi. Birlikdə gəldik
komissarlığa. Atamı maşından
düşməyə qoymadı. Mən
qabaqda bir bələdçi kimi gedirdim. Arxada
da polkovnik Ramiz əmi. Otağa girdik.
Bir kəlmə də söz demədi. O
vaxt Hərbi kafedrada işlətdiyi jarqon ifadələrindən
də istifadə etmədi. Rus mayor onu görən
kimi ayağa durdu, farağat dayandı. Ramiz
əmi yenə də dinmədi. Rus mayor
açarı götürüb seyfi açdı. Pasportumu və hərbi biletimi özümə
qaytardı. Ramiz əmiyə baxdım.
Yenə heç nə demədi. Qapıya tərəf gedib otaqdan çıxdı.
Vəssalam.
HƏDİYYƏ
VƏ SON
İlk dəfəydi ki, qəzet almağıma peşman
olmamışdım. Çünki "Ədəbiyyat qəzeti"ni almasaydım, Polkovnik Ramiz əminin yubileyindən
xəbərdar olmayacaqdım. Yubileydə
iştirak etməsəydim bu xatirə-yazım da eləcə
"sandıq"da qalıb korşalacaqdı.
Yubiley-mərasiminə vaxtından əvvəl gəldim. Əlimdəki
hədiyyəni stolun altında qoyub, başı təbriklərə
qarışan 80 yaşlı yubilyara yaxınlaşdım.
Mülki formada idi. Onu həmişə
hərbi formada görmüşdüm. Növbə
mənə çatanda qucaqlayıb öpdü. Birinci
sualı isə bu oldu:
-
Oğul, atanın 7 cildlik külliyyatını çap edib
başa çatdıra bildinmi?
- Bəli,
Ramiz əmi.
- Halal
olsun!
Hardan xəbər tutmuşdu? Axı biz Ramiz müəllimlə
indi həm də Facebook dostuyuq.
Yubiley başlandı. Fikrət Qoca, Südeyf
İmamverdiyev, Paşa Qəlbinur və başqaları təbrik
etdi. Gözəl aparıcılıq edən
Azadə xanımdan çıxış üçün icazə
istədim. Reqlamenti pozmaq şərtiylə.
Sağolsun ki, razılaşdı. Və indi qələmə aldıqlarımı orda
hamıya danışdım. Sonda isə hədiyyəmi
- məndən nigarançılıqla xəbər
aldığı 7 cildliyi Ramiz əmiyə təqdim etdim.
Kitabları yuxarı qaldırıb öpdü.
Mən o yubileyə tək gəlməmişdim.
Qabil də ordaydı.
O mərasimdə yubilyarı
müxtəlif rakursdan təqdim etdilər: şair Ramiz
Duyğun, polkovnik, hərbi həkim Ramiz Məlikov, müəllim
Ramiz Məlikov, "Hünər" televiziya verilişinin
aparıcısı Ramiz Duyğun, hərbi jurnalistlər məktəbinin
banisi Ramiz Duyğun. Mən isə bu siyahıya özəl
təqdimatımı əlavə etdim: POLKOVNİK RAMİZ
ƏMİ.
Ədalət 2018.- 4 aprel.- S.4.