Əbülfət MƏDƏTOĞLU
Təzə-tər
kitaba oxucu “xoşgəldini”
Yazı masamın üstündə,
daha doğrusu, bu yazını diqtə etdiyim anda əlimdə tutduğum kitabın mətbəə qoxusu canından çəkilməyib. Düşünə bilərsiniz ki, bu cür isti-isti,
necə deyərlər,
hələ mürəkkəbi
qurumamış bu kitabı təqdim etmək hardan, nədən qaynaqlanır?
Təbii
ki, bu düşüncələrdə
haqlısınız və
sizin haqlı olduğunuz düşüncənin,
indiki anda isə sualın cavabını da verməyə mən borcluyam. Ona görə də
birbaşa mətləbə
keçirəm və
deyirəm ki, kitab müəllifinin səmimiyyəti, onun öz sözü, öz poeziyası ilə vəhdət təşkil etməsi məni bu yazını
isti-isti yazmağa həvəsləndirib. Lap açığını desəm,
əlimdən tutub bilgisayar önünə gətiribdi. Mən də kitabın aurasına daxil olub ilk təəssüratımı
bilgisayara diqtə etməyə başlamışam…
Öncə kitabın tərtibatından
başlayaq. "Elm və təhsil" nəşriyyatında işıq
üzü görmüş
kitabın üz qabığındakı şəkillə
müəllifin bir bəndlik şeiri demək olar ki, üst-üstə düşüb. Həmin
şeirdə müəllif
yazıb ki:
Ömür keçir aram-aram,
Sağalmayıb hələ yaram.
Mən səninlə barışmaram,
Ay anamı aparan qış...
Bax, elə
təkcə təbiətin
deyil, həm də hardasa ömrün qışını
xatırladan üz qabığındakı şəkil
də və orada kiçik bir detal olsa
belə, kimisə oturub gözləmək üçün oyulmuş
oturacaq özü də belə bir harmoniya yaradır. Şəxsən
mən özümü
bir anlıq həmin oturacaqda əyləşib itirdiklərimi,
itənlərimi düşünən
gördüm...
Kitabın ilk səhifələrində Azərbaycanın
dəyərli ədəbiyyat,
poeziya adamlarının
müəllif barəsində
yığcam fikirləri
ifadə olunub. Çox
maraqlıdır ki,
professor, tənqidçi Vaqif
Yusiflidən tutmuq şair dostumuz Balayar Sadiqə qədər, eləcə də Əsəd Cahangir, Elçin Hüseynbəyli, Adil Cəmil, Qəşəm Nəcəfzadə, Zülfüqar
Şahsevənli, Ağacəfər
Həsənli də daxil olmaqla hər
kəs Fəxrəddin
Teyyubu səmimiyyət
şairi kimi təqdim edir. Adlarını çəkdiyim söz
adamları vurğulayırlar
ki, Fəxrəddin Teyyubun özü də sözü kimi sadə və təvazökardı,
halal adamdı. Onun şeirlərində ənginlik,
genişlik, ləngər,
nəfəs tutumu və sairə bir-birilə harmoniya təşkil edir, bir-birini tamamlayır.
Kitabın redaktoru, dəyərli şairə bacımız
Fərqanə Mehdiyeva
ön sözdə yazır ki, Fəxrəddin Teyyubun şeirləri ömrün
hər anıdır. Bu hər anın içərisində müəllifin
özü var. Yəni
o, sözünün sahibidir.
Bax, bu ovqatla oxuduğum
kitabın ilk şeirindən
tutmuş sonuncu bayatılarına qədər
hər birində söylənilən fikirlərin
real şahidinə çevrildim
və birmənalı
şəkildə anladım
ki, Fəxrəddin Teyyub yaşadığını,
canından, qanından
keçirdiyini misralayır.
Sözü diri şəkildə
təqdim edir. Onun misralarında sızıltı
yox, bir dərin nəfəs var, köklü-köməcli
nəfəs.
Bir ömür yaşadı şələ dalında,
Çörək ətri vardı alın tərində.
Çörəyi çıxardı atın
nalında,
Bir də arabanın təkərlərindən.
Yayın
istisində, cırhacırında,
Bişərdi günəşin odunda atam.
Soyuqda, şaxtada, qışın
qarında,
Ot da daşıyardı, odun da atam.
Sevdi ömrü boyu işi, əməyi,
Qazancı bir hörmət, ehtiram idi.
Hərdən dodaqucu gülümsəməyi,
Bizim evimizdə
toy-bayram idi.
Xoşuna
gəlməzdi özün
öyəsən,
Sözü bütöv idi, zəhmi var idi.
Gecə
qar yağacaq kəndə deyəsən,
Sabahı görəcək fəhmi
var idi.
Öyrətdi döyüşü, savaşı bizə,
Döyüldük, heç ürək-dirək
vermədi.
Zəhmət dərsi keçdi
həmişə bizə,
Nə yaxşı,
havayı çörək
vermədi.
Bu şeiri bütünlüklə
sizə təqdim etdim. Ona görə ki,
burda bir övladın, oğulun atanın portretini ortaya qoymasını sizin də görmənizi
istədim. O portretin
cizgilərində bizim
hər birimizin atamızın oxşarlığını
görmək, bənzərini
tapmaq mümkündür.
Və bu portretin önündə
dayanıb onunla söhbət etmək də asandı.
Çünki yazılanların hamısı
gerçəklikdi, yaşanmış
anlardı. Bax, Fəxrəddin Teyyubun
istər nəvələrinə,
istər dostlarına,
istər doğmalarına
istər müxtəlif
mövzulara həsr etdiyi şeirlərin hamısında bu detallarla, bu yanaşmayla qarşılaşmaq,
həmsöhbət olmaq
adama bir könül rahatlığı
bağışlayır. Tutaq ki, onun
ustad şairimiz Musa Yaquba ünvanladığı:
Bu bahar gülləri kim əzizləyər,
Çiçəklər qalacaq sığala həsrət.
Uşaqlar yetim tək boynunu əyər,
Nəvələr qalacaq qoğala həsrət.
Və yaxud:
Bu ömrün hər üzü, hər divanı var,
Nərin nər meydanı, nər divanı var.
Mənim
ürəyimin nərdivanı
var,
Gülüm, gülə-gülə düş ürəyimə
- deməsinin səmimiyyətinə
necə inanmayasan. Mövzular fərqli olsa da müəllif səmimiyyəti ortadadı.
Və düşünürəm ki,
Fəxrəddin Teyyubun
şeirlərini şəxsən
mənə sevdirən
də elə bu səmimiyyətdi.
Çünki o, məşhur
kərpic kəsən
kişi kimi özünü sözün altına ürəklə veribdi. Və yazıb:
Misralar uzanır dar cığır kimi,
Odunu sözündən
alıb gedirəm.
Dünyadan, kimsədən umacağım
yox
Başımı aşağı salıb gedirəm.
Bəli, şair Fəxrəddin Teyyub misralarında özünü təbiətlə
də həsöhbətə
çevirir. Təbiətdə olanları özünə
köçürdüyü kimi, özündəki duyğuları da təbiətə kökləyir.
Və sanki pıçıltıyla deyir:
Gecə
də, gündüz də ayazam daha,
Sısqa bulaq kimi dayazam
daha.
Sənə oxşayıram, payızam
daha,
Mənə əlini ver, görüşək, payız.
"Mən səninlə
barışmaram..." adlı
kitabın məndə
yaratdığı ilk təəssürat
demək olar ki, çox müsbət oldu. Təbii ki,
bu xoş ovqat məni nə vaxtsa bu kitaba tərəf
çəkib aparacaq.
Və mən elə indinin özündə hiss edirəm
ki, damarı halallıq olan bu poeziyanın müəllifi də, bu kitabın redaktoru da oxucu
dünyasına bələddi.
Ona görə də kitab uğurlu alınıbdı. Mən də
həmin o uğurun bir şahidi kimi müəllifi təbrik edir və onun öz
şeirilə fikrimi tamamlayıram.
Tökmüşəm ahımı yoxun dalınca,
Yol tutub getmişəm toxun dalınca.
Heç
vaxt qaçmamışam
çoxun dalınca,
Mən qane olmuşam aza, həmişə.
Bir çayam axıram axdığım kimi,
Şimşəyəm, çaxıram çaxdığım
kimi.
Ümid
qapısına baxdığım
kimi,
Baxıram hər gələn yaza, həmişə.
Qəlbimdə
bir xıltım, qaram olmayıb,
Süfrəmdə bir tikə haram
olmayıb.
Əzəldən yalanla aram
olmayıb,
Başımı əymişəm düzə,
həmişə.
Əməlin gül açsın,
üzün ağ
olsun,
Dilindən çıxan söz
bitsin tağ olsun.
Deyirəm doğma da, yad da sağ
olsun,
Arxa söykəmişəm sözə, həmişə.
Nə
kasıb, nə də ki, ac olmayaydı,
Kədərin aldığı bac
olmayaydı.
Kaş
insan dünyada qocalmayaydı,
Həmişə
qalaydı təzə, həmişə.
Ədalət 2018.- 6 aprel.- S.5.