YARADAN YAŞAYIR

 

Məncə, dostluq ən azı iki qismdir, daha doğrusu, o, iki həyat qismətində formalaşır. Birincisi, o dostluqdur ki, körpəlik illərindən baş alıb gəlir, əsasən doğma, əziz insanlarla əlaqədardır; bu halda əzəli mühit, ənənəvi münasibətlər qaçıimaz olur. Belə dosluğun davamiyyətində instinktlər əhəmiyyətli rol oynayır və bu bir növ bioqrafik həmrəylikdir.

İkinci qism dosluğu, bəlkə də şüur töhvəsi adlandırmaq olar; bu elə dostluqdir ki, doğulub boya-başa catdığı ünvandan asılı olmayaraq iki və daha çox insanı əqidə , peşə, maraq və bunların hamısını etiva edən xidmət missiyası birləşdirir. Burada "xidmət" sözü dar mənada - qulluq vəzifələrinin icrası kimi anlaşılmasın gərək; çünki bu halda söz digər məna çalarları qazanır - fərdlərin əqidə, peşə, vətən, insanlıq naminə həmrəyliyi...

Dostluğun hər iki qismi dəyərlidir; birindən yalnız xatirələr, o birindən isə xatirərlə yanaşı xalq yaddaşını dolğunlaşdıran sərvət qalır. Və azlığına-çoxluğuna baxmayaraq bu sərvət elə olduğu qədərindəcə insanların qəniməti olur.

Bəhruz Axundov mənim ikinci, yəni ən ideal qismə aid dostum idi. Davranışlarında yüz ilin hökmü qərarlaşan bu şəxsiyyətlə aramızda cəmi bircə il yaş fərqi vardı; o 1954-dən, mən 1955-dən... Yaxınlaşmamız ötən əsrin 90-cı illərin sonlarında başlamışdı. İndi bu sətrləri yazarkən qəribə bir təəssüf hissi keçirirəm , kaş o, mənim birinci qism dosluğuma, kəndimə-kəsəyimə, uşaqlıq illərinə də aid olaydı... Yəni qismət elə gətirəydi ki, bu böyük ürəkli insanla bir yerdə, Böyük Bəhmənlidə böyüyəydik, yaxud mən Qarabağın dadı-duzu məkanı olan Ağdamda dünyaya göz açıb Bəhruz müəllimlə uşaqlıq, yeniyetməlik, gənclik illərini qoşa keçirəydim.

Həyat qanunauyğunluğu, tale qisməti insanın arzusundan az asılıdır. Olana şükr etmək ən doğru seçimdir. Əlbəttə, Bəhruz müəllimlə görüş və təmaslarım başlanan 90-cı illərə qədər də bizim salam-kalamımız olub.Öncə adını eşitmişəm. Səsləndiyi anda keçmişi - 70-ci illəri yada salan "komsomol" illərimiz üst-üstə düşmüşdü. O, Ağdamda komsomol komitəsinin katibi, səhv etmirəmsə respublika komsomolunun MK üzvü, mən komsomol mükafatı laureatı, Azərbaycan komsomolunun MK üzvü idim. Plenumlarda, toplantılarda ən azı qarabağlı kimi bir-birimizdən hal-əhval tuturduq. Bəhruz müəllimin möhkəm yaddaşı vardı, sonralar o, həmin görüşləri detallı qaydada xatırladanda nələrsə yadıma düşmür və unutduqlarıma təəssüflənirdim. Elə ki, komsomol, həqiqətən də özünü göstərərək ( kim nə deyir desin, bu qurum ölkənin, genuş mənada bütün sovetlər birliyinin həyatına təzə hava, gənclik şövqü gətirən, idarəetməni sonsuz həvəslə mənimsəməyə çalışan qüvvə olmuşdu) tarix səhifəsinə qovuşdu ( məhz qazanılmış təcrübəyə görə sonrakı illərdə dövlət işlərində komsomol yetırmələrindən imtina etmək mümkün olmadı, o dövrün bilikli, yenilikçi gəncləri dövlət qulluğunun bir çox sahələrində məsul vəzifələr tutdular), bax o zaman Bəhruz müəllim müstəqil nəşriyyat qurucularından biri kimi öz sözünü deməyi bacardı...

O, niyə məhz naşirlik yolunu seçdi? Məncə bu onunla bağlı idi ki, əziz dostum marksizm ideyası ilə silahlanmış "quru komsomol fəalı" deyildi. O, xalqın içindən, Ağdam kimi yumorlu, koloritli bir məkandan pərvəriş tapan bir el oğlu, xalq adamı idi. O, bu gün erməni tapdağı altında qalan Qarabağı qarış-qarış tanıyırdı, hər qarış torpağı tutya kimi müqəddəs sayırdı, Qarabağ insanını başının tacı bilirdi. Mən dostluğumuz boyunca onun bu qədər insan tanıdığına mat qalır, Bəhruz müəllimin xalq, camaat sevgisinə qibtə edirdim. Bu barədə onun özünə də deyirdim.Nəhayət, həyatının mühüm hissəsini kitab sənətinə həsr etnəyin təbii ki, başlıca səbəblərindən biri də onun ixtisasca jurnalist olmasıyla bağlıydı.

Bəhruz Axundov kimdir, sualına, hər şeydən öncə, o, istedadlı, bacarıqlı, yeniliyə can atan naşir idi, deyənlər tamamilə haqlıdırlar. Onun irəliki vaxtlarda yaradıb-qurduğu "Təhsil" nəşriyyatı millətin yeni nəslinin dərsliyə olan ehtiyacını uzun illər təkbaşına təmin etmişdi. Sonralar isə "Təhsil"in köynəyindən çıxan "Aspoliqraf", "Çağdaş" nəşriyyatları milli nəşrlərin forma və məzmunca yeniləşməsində müstəsna rol oynamışdı.

"Təhsil", eləcə də bir növ onun ətrafında formalaşan nəşriyyatlar elə yaradıcı təşkilatlardır ki, orada mükəmməl redaksiya ilə - yəni müəlliflə birgə iş, korrektura, redaktə, bədii tərtibat, kompüter işləri və s. ilə birlikdə kifayət qədər güclü poliqrafiya bazası mövcud olmuşdur. Bu, Bəhruz müəllimin unikal peşəyə kompleks yanaşmasının, nəşriyyat-poliqrafiya sisteminə sevgisinin nəticəsi idi və nəticəsidir.

Bəzən mehribanliqla, yarızarafat - yarıciddi gülüb deyirdi, qardaş, istəyən olsaydı buraların hamısını birinə verib gedərdim dərdimin-odumun dalınca. Bilirsən ki, bir tikə halal çörək hər yerdə var. Üzünə baxırdım, əlbəttə, sözgəlişi deyirdi, mən bilirdim ki, o, "Təhsil"in bir çöpünü də yerindən tərpətməz. Burda o yüz, bəlkə də daha çox insana çörək verirdi, onun nəşriyyatı qaçqın-köçkün doğmaları, yerliləri, dostları üçün güman yeri idi. Ən əsası isə üz qabığında hansı müəllifin adının əks olunmasının fərqinə varmadan "Təhsil", "Aspoliqraf", "Çağdaş" nəşriyyatlarında işıq üzü görən hər bir kitabı özününkü sayırdı. Belə həmmüəllif həmrəyliyi onu yaşadır, ruhlandırır, qanadlandırırdı.

Xatırlayıram, Bəhuz müəllim deyirdi: - Ə, qardaş, mən bu insanları başa düşmürəm e, öyrəli bir qohum evinə getmişəm, bunun hər şeyi var, dedim nə qayrım, əliboş getməyim. Şəxsi kitabaxanamdan çox qiymətli, nadir bir kitabı götürüb getdim. Yəni hədiyyə də... Getmişəm, kitabı göstərib bəsdi deyincə tərifləmişəm, qoymuşam masanın üstünə ki, indi götürüb bir əziz yerə aparalar. Bir də gördüm evin xanımı qaynar dəm çayniki ilə girdi içəri. Masanın üstünə göz gəzdirdi, ora baxdı, bura baxdı, görünür əli də istilənmişdi. Bir də gördüm çayniki qoydu kitabın üstünə ki, birdən masa üzərində qaynar qabın izi qalar. Elə bil başıma qaynar çaydan əndərdilər, dedim, a bacı, belə isti qablar üçün gərək əvvəldən masaya qab altlığı qoyaydınız. Heç bilirsiniz o kitab nəyə başa gəlib və onun dəyəri nədir?! Ailəyə ərkim çatırdı, dedim, gələn dəfə sizə karlı bir hədiyyə gətirərəm, amma inciməyin, gedəndə gətirdiyim kitabı da özümlə aparacağam. Mən bunları zarafatyana deyirdim ki, qohumlarım inciməsin, amma həqiqətən də gedəndə kitabı özümlə apardım.

Bəhruz Axundov kitabı dəlicəsinə sevirdi. Eyni zamanda, o, elə bu həvəslə də kitab yaratmağın aşiqi idi. Bir az irəli gedib deyim ki, təqribən 2008 - 2009-cu ildən etibarən, şair ömrünün 40 ildən çoxunu nəşriyyat işinə həsr eləmiş Çingiz Əlioğlunun təklifi ilə Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihələrinin icrası zamanı "Təhsil" nərşiyyatı ilə əməkdaşlığa önəm verdik. Çünki bu kollektiv bütün parametrləri ilə dövlət sifarişlərini sürətlə və yüksək keyfiyyətdə yerinə yetirək gücündə idi, bəlkə də alternativsizdi. Beləcə, Bəhruz müəllimlə zamanca qısa müddətli, amma məzmunca əhəmiyyətli yaradıcı, hardasa bir az işgüzar dostluğumuzun yeni mərhələsi başladı. İndi yadıma düşənləri deyirəm, biz bu nəşriyyatda yubileyləri qeyd edilən bir çox ədiblərin dəyərli kitablarını, mədəniyyət və incəsənət təmayüllü digər nəşrləri hasilə gətirdik ( N.Gəncəvi, M.F. Axundzadə, M.Ş. Vazeh, A. Puşkin, M. Lermantov, T. Şevşenko, X.B.Natəvan, M.Ə. Sabir, Ü. Nacıbəyli, A. Şaiq, S. Vurğun, M.S.Ordubadi, H.Cavid, Ə. Cavad, Ə. Vəliyev, M. Əlioğlu, İ.Əfəndiyev, Ə. Məmmədxanlı, N. Xəzri, C. Heyət, X. R. Ulutürk, H. Ziya, Elçin, Afaq Məsud və s.). Bunlar çoxcildliklər, seçilmiş əsərlər, fotoalbomlar idi. Üç kitabı xüsusi qeyd etmək istədim - "Azərbaycanın xalq bayramı Novruz", Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş "Vətənin İlhamı", Ulu öndər Heydər Əliyevdən bəhs edən "Heydər Əliyev adına" kitablardıdır. O kitabların hər üçünün əsas müəllifi Vaqif Bəhmənli, həmmüəlliflər - Ədalət Vəliyev, Ələddin Əsədzadə, naşir Bəhruz Axundov olmuşdur. Bu " naşir" sözü kitaba formal daxil edilməmişdi.( Bəzən belə də olur). Nəşriyyatın kollektivi Allah şahididir. Yaradıcı qrup kitablar üzərində çalışarkən Bəhruz müəllim bütün yaradıcı və icraçı fəaliyyətini doldurur, bir an da olsun kompüter otağını tərk etmirdi. O hər başlıq, hər cümlə, hər foto üzərində yarpaq kimi əsirdi.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişləri "Təhsil"in iş həcminin demək olar ki, az hissəsini tuturdu. Çünki, ölkə məktəblərini dərsliklərlə vaxtında və keyfiyyətlə təmin etmək strateji, dövlət əhəmiyyətli məslə idi. Bununla yanaşı həmin illərdə Azərabycanın təhsil tarixinə dair kitablar, Yaqub Mahmudovun, Qəzənfər Paşayevin çoxcildlikləri, Heydər Əliyev fondunun prestij kitabları, uşaq kitabları, maraqlı müəllif əsərləri işıq üzü görmüşdü. 2000-ci illərin ikinci yarısında "Təhsil" nəşriyyatında işıq üzü görən "Qarabağ" kitabı bir neçə dildə çap olundu, dünyanın ən böyük kitab sərgilərində nümayiş etdirilib, Azərbaycanın üzləşdiyi ərazi bütövlüyünün qorunması problemini dünya ictimaiyyətinə çatdırdı. Düzü, "Qarabağ" kitabını beynəlxalq sərgilərdə nümayiş etdirmək həmişə asan başa gəlmirdi. Erməni məkrinin hər yerə uzanan caynaqları bəzən öz işini görür, kitabı ekspozisiyadan xaric etmək tələbləri meydana gəlirdi. Lakin Azərbaycanın sərgi təşkilatçılarının, bizim sərgi keçirilən ölkələrdəki diplomatik missiyaların əlbir səyi ilə "Qarabağ" ktabı sona qədər sərgidə saxlanılırdı. Bəhruz müəllimin nəşr etdiyi bir çox kitablar poliqrafik icrasına görə yüksək beynəlxalq mükafatlara, "Qran-Pri"lərə layiq görülmüşdü. "Təhsil" nəşriyyatında tarzən haqqında kitablar tar, kamançaçı haqqında kitablar kamança, xanəndə haqqında kitablar qaval şəklində işıq üzü görürdü və bu nəşrlər həqiqətən heyrətamizdir. Yeri gəlmişkən, Bəhruz müəllimin kabinetində bir kitab rəfi var, orada hansı ölkələrdənsə gətirdiyi ərzaq məhsulları düzülüb; çay, konfet, qənd... Bunlar da kitab formasında qablaşdırılıb... Xırda faktdır, amma yenə də bunlar dostumun kitaba olan ehtiramına özgür işarələrdir...

Bəhruz müəllim yaradıcı naşir olmaqla yanaşı, ustad poliqrafiya təşkilatçısı idi deyənlər də yanılmırlar. İlk dəfə onun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirlyinin dəstəyi ilə Azərbaycan naşirləri uzun çabalara, ayrılıqlara son qoyaraq bir araya gəldilər: Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi təsis edildi, Bəhruz Axundovun rəhbərliyi ilə fəaliyyətə başladı, "Naşir" jurnalı demək olar ki, tamamən Bəhruz müəllimin şəxsi maliyəsi ilə nəşr olundu. Bu jurnalı vərəqləmək kifayətdir ki, Bəhruz müəllimin zövqü, çap məhsuluna verdiyi tələblər haqqında təsəvvür yaransın.

Bəhruz Axundov nəşriyyatlar üçün kadrların hazırlanması sahəsində də ürək yanğısı ilə fəaliyyət göstərirdi. O, Mədəniyət və İncəsənət Universitetində nəşriyat işindən dərs deyirdi, poliqrafiya və nəşriyat işinə dair dərsliklər çap etdirmişdi.

Nəhayət, naşir Bəhruz Axundov baxış nöqtəsini yekunlaşdırarkən tam bir ixtiyarla deyə bilirəm ki, o uzun müddətli tarixə malik milli nəşriyyat işində yeni mərhələ yaradan, xüsusən poliqrafiya imkanlarını genişləndirən bir peşəkar olmuşdur.

Kitab vurğunu, kitiab yaradıcısı olan B. Axundov ən zəruri nəşrlərin yolunda (müəllifinin kimliyindən asılı olmayaraq) can qoysa da kifayət qədər əhəmiyyətli həcmdə bədii-publisistik yaradıcılığını əks etdirən kitabını işıq üzünə çıxarmağa qətiyyən təşəbbüs göstərmirdi. Bu onun yaradıcılıq işinə yüksək tələblərindən irəli gəlirdi. Yaxşı ki, bizdən ayrılmağa az qalmış "Dünənki sabah" adlı kitabının nəşrinə razılıq verdi. Kitabın bədii-estetik səviyyəsi bir daha deməyə əsas verir ki, bu istedadlı insan güclü yaradıcılıq potensiyalına qəsdən göz yumaraq xalqına namuslu xidməti naşir sənətində görmüş, öz həyatını kitab çapına həsr etmişdi...

"Dünənki sabah" kitabını oxuyanlar desələr ki, Bəhruz Axundov şair, nasir, publisist idi, bu da təbii qarşılanmalıdır. Çünki, onun əldə olan bu sanballı kitabı əziz dostumun bədii istedadını, özünü ifadə etmə gücünü açıq-aydın göstərir.

Müəllim, maarifçi, təşkilatçı, gözəl və həssas oxucu olan Bəhruz Axundovu Qarabağ qazisi (hətta şəhidi) adlandırsam, yəqin onu tanıyanlardan bir kimsə məni qınamaz. Çünki, o Qarabağ itkisinə, dədə-baba yurdunun düşmən tapdağı altında qalmasına dözə bilmirdi. Münaqişə başlayan o uzaq illərdə cəbhəyə silah-sursat, ərzaq, paltar daşımaqdan tutmuş didərgin soydaşlara maddi yardım göstərmək, onlara öz yanında, ərki çatan təşkilatlarda iş yeri, yaşayış yeri eləməyə qədər heç nəyi əsirgəməyən Bəhruz müəllim bununla xeyriyyəçilik sərgiləmirdi, bütün bunların məsələnin həllində xırda-para çalışmalar olduğunu bilsə də sanki bu yolla təskinlik tapırdı.

Mən onun kitab sərgilərində göstərdiyi hünəri xatırlayıram. "Təhsil"in, "Aspoliqraf"ın, "Çağdaş"ın yüksək səviyyədə iştirakı bir yana, o, digər nəşriyyatları da sərgiyə ürəklə qatılmağa həvəsləndirir, hamıya kömək edirdi.

Bəhruz müəllimin öz övladlarına bağlılığı, onun valideyin ləyaqəti də hamımıza bəllidir. İki oğlunu tanıyıram. İş sahələrinin müxtəlifliyindən asılı olmayaraq onlar Bəhruz müəllimin, gözəl bir atanın davamçılarıdır. Xüsusən, Turalın nərşiyatçılıq sənətinə yiyələnməsi, ata yandıran ocağın başında dayanmağı Bəhruz müəllimi tanıyanlar, onun bu sənətə bağlılığını bilənlər, dostlar üçün təskinlik və qürurdur.

Bəhruz müəllim kitab aşiqi idi. Çoxlu kitablar oxumuş, kitablar yaratmış, kitab yolunda can qoymuşdu. Kitablar da öz növbəsində borclu qalmamış, Bəhruz müəllimə müdriklik, ağsaqqallıq, nikbinlik keyfiyətləri aşılamışdır. Mən elə bilirəm kitablar yaradıb, kitablar yaşadanı kitablar yaşadacaq. O özü də elə bunu istəyirdi...

 

 

Bəhmənli Vaqif 

Ədalət.-2018.-6 aprel.-S.5.