Çörək ətri

 

 (Əbülfət Mədətoğluna)

 

Əlibala

RƏHİMOV,

publisist,

"Qızıl qələm"

mükafatı laureatı

 

Dərdin, ələmin harmoniyasını bir neçə pozadan verməyi, düşüncə və hisslərin sözlə rəsmini çəkməyi bacaran qardaşım Əbülfət, sizin "Çörək- yaşamaq üçün!" yazınız məni o qədər duyğulandırdı ki, fikir və düşüncələrimi sözün çalarları ilə ifadə etməkdə əvvəlcə aciz qaldım və sonra bir də baxıb gördüm ki, qələmim kağız üzərində "səyriyir", çörəklə bağlı xatirələrim dilə gəlir.

İlk öncə qeyd etməyə bilmirəm ki, mövzu çox-çox aktualdır, milli-mənəvi dəyərlər, əxlaq baxımından prioritet məsələ kimi günümüzün reallığını əks elətdirir. Çünki son zamanlar ağız deyəni qulaq eşitmir, mənəviyyat, adət-ənənələr və s. kimi incə məsələlər unudulur, arxa plana keçir, hətta, heç kimə qəribə gəlməsin, lağa qoyulur.

Əziz qardaşım, daha yetər, bəsdi siyasət hoqqabazlıqları, Avropadan bizə gələn qəribə-qəribə olaylar, ikrah doğuranyaşam tərzimizlə uyuşmayan eybəcərliklər haqqında ritorika ilə danışdıq, yazdıq. Gəlin özümüzə qayıdaq, çörək, halal-haram, toy-yas mərasimləri, dostluq, sədaqət, əqidə, inam barədə bilgilərimizi bir-birimizə çatdıraq. Axı, əxlaq-tərbiyə, ədəb-ərkan, soykökə bağlılıq nəsillərdən nəsillərə, böyüklərdən kiçiklərə ötürülməlidir.

Çörək bizim and yerimiz, sərvətimiz, imanımız-dinimizdir. Onun bolluğu firavan həyatımızdır-bu barədə ilhamla, həvəslə söz açırsınız... Bütün fikirlərinizə ürəkdən şərik olub, mən də düşüncələrimi önə çəkmək istəyirəm. Ay pir olmuş, vallah sənin uşaqlığın toy-bayram içindəymiş: gözünü açıb evinizdə kisə-kisə buğda, un görmüsən, kündənin kütə getməyini arzulamışsan. Sən Allah, gəl duyğulanma, mən öz uşaqlığıma dönümbir xatirəni dilə gətirim.

...Əyim-başımızın nazik olduğundan soyuq dekabr küləyi o böyrümüzdən girib bu böyrümüzdən çıxır. Mən və Lətifə adlı qonşu qız evdən uzaqlardayıq. Manqo atların güllələndiyi, basdırıldığı xəndəklərin ətraflarında dolanır, yemlik, əməköməci, quzuqulağı, cincilim tapıb yeyirik. Birdən Lətifə - məndən 4 yaş böyük qız - soruşur:

-Sizin ununuz var?

-, sandıqda iki kasa doludu unla.

-Bizim yoxumuzdu, iki gündü acıq. Anamla elə əməköməci qaynadır, onu yeyirik.

-Sandığı aça bilsəm, sabah sənə un gətirərəm.

O gülümsünür.

-Gətirmə, adam evdən oğurluq etməz.

...Sözüm balalarının toyunda, ay Əbülfət, gəl sənə qısaca "manqo" haqqında bilgilərimi çatdırım. Ötən əsrin 40-cı illərində, müharibə zamanı arxa cəbhənin döyüşən orduya köməyini zəiflətmək üçün alim Ayrıyan məsələ qaldırıb: bəs atlarda manqo xəstəliyinin virusu yayılıb, o, insanlara keçə bilər. Təcili olaraq atları - hansı ki, o zaman kənddə əsas nəqliyyat vasitəsi at olub - güllələmək lazımdır. O əclaf alimi-biəməl dərman icad edibmiş. Dərmanı tökürmüşlər atın gözünə, göz sulandımı, demək o söz, atı öldürür, xəndək qazıb basdırırmışlar. Sonralar məlum olub ki, o Ayrıyan xarici ölkələrdən birinin agentidi. Onu güllələyiblər.

...Sabah nənəm harasa getmişdi, mən hıqqana-hıqqana sandığı açıb, 4 ovuc (uşaq ovucu boydadı ki...) un götürüb, tökdüm cibimə, o yan-bu yana baxa-baxa qaçdım otluğa, unu çatdırdım Lətifəyə... İllər ötmüşdü, biz böyümüşdük. Hərdən təklikdə Lətifə başımı sığallayır, "Sən qardaşımsan, oğru qardaşım" deyirdi. Gülüşürdük. Lətifə indi Ağcabədidə yaşayır, nəvə-nəticəsiylə ömür-gün keçir.

Əzizim, haqlı olaraq, ailəni yaşatmaq üçün halal zəhmətə, halal xidmətə üstünlük verməyə çalışırsan. Sözündən anladım ki, göyərçin balalarına yem axtaran kimi, sən işləyir, yazır-yaradır, ailənə ruzi qazanırsan. Üzülmə, sıxılma, əsl kişinin borcudu ki, övladlarını sıxıntı çəkməyə qoymasın. Səni yüzə-yüz inandırmaq istəyirəm ki, sənin halal, bərəkətli, minbir əziyyətlə evə gətirdiyin çörək şirindi, qiymətlidi. Bunu başa düşən övladın mənəviyyatca təmiz, pak olur, o, qəlbən inanır ki, dolanışığımızı gen-bol təmin etmək məqsədilə atam, hansı çətinliklərlə üzləşir, əlləşib-vuruşur, atamızın bu cəfakeşliyini havaya sovurmaq, pis-pis əməllərə, iyrənc işlərə qurşanmaq olmaz. Yaxşı oxumaq, işləmək lazımdır. Mənim araşdırmalarım onu göstərir ki, sovet dönəmində, elə indi rüşvətlə, soyğunçuluqla, dövlətin, xalqın əmlakını özününküləşdirib sərmayə toplayanların oğlu-qızı gəncliyini diskotekalarda, qumarxanada keçirir, içkiyə, qurşanır, nəşə çəkir s. Süfrəsində halal çörəyi olan valideynin övladı isə heç zaman belə ləyaqətsiz, namussuz ömür yaşamaz... Bu sətirləri yaza-yaza yenə xatirə dəftərimi vərəqləyirəm...

Uzun müddət Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri işləmiş, geologiya-minerologiya elmləri doktoru Məmməd İsgəndərovun qardaşı qızı, mənimlə bir kursda oxuyan Gülgəzin söhbətlərindən:

-Əmimgildə yaşayıram. O ailənin qulluqçusuyam. Dükan-bazar işləri mənim boynumadı. Əmim köhnə kişilərdəndi. Dediyi sözü ölər, geri götürməz. Ailənin dolanışığına, geyim-keçiminə qızırğanmır, amma çörəyə münasibətdə sərtdi, ciddidi. Evdə həmişə deyir: "Bax, başqa məhsullar bir yana, çörəyə israfçılıq olmaz. Hamı onun qədrini, qiymətini bilməlidi". Mənə dönə-dönə tapşırır: "Qızım, norma həcmində çörək al, elə et aldığın norma ancaq sabaha çatsın, artıq qalıb kiflənməsin".

Əmimin sözüylə təknə otağın ən uca yerinə qoyulmuşdur, heç kəsin arxası təknəyə çevrilməməlidir. Süfrəyə birinci çörək gəlməlidir hər kəs yediyi qədər çörək götürməlidir... Bir dəfə o, evə gələrkən əmidostum dedi: "Ay Məhəmməd, yemək dadlı olub, nədi, çörəyi yeyiblər, sənlə mənə ikicə dilim qalıb". Əmim ucadan güldü böyük dilimi xanımına verib, kiçiyini özü götürdü: "Bəsimizdi" -dedi. Başqa bir məqam: o, süfrədəki çörək ovuntularını ovucuna yığıb atdı ağzına xanımına tərs-tərs baxdı.

Əziz dost, gəl indi önəmli mövzumuza başqa prizmadan yanaşaq. Hərdən düşüncələrə dalarkən, duyursan, hiss edirsən ki, həyat öz axarındadı, o sənə diqqət edir ki, qənaətçilik adı ilə ailədə cüzi xərcin belə qeydiyyatını aparıb, uşaqları sıxıntı içərisində saxlamaq, qazancını qaxınc eləyib üzə vurmaq da olmaz. Xəsislik elə dərddi ki, gərək onun mübtəlası olmayasan. Xəsisin arvad-uşaq yanında hörməti, məhəbbəti...

Yenə yaddaş cədvəlimdən bir yarpaq...

Deyilənlərə görə, bəhsə-bəhsə düşüb, Bakıda çoxlu imarətlər saldıran Musa Nağıyev hədsiz dərəcədə xəsis imiş, hətta darvazasının qabağında it zəncirlədibmiş ki, evə dilənçi gəlməsin. Gün o gün olur ki, varidatı toplamaq üçün daha Hacı Qaranın sandığı kara gəlmir Bakı milyonerləri arasında Avropadan mütəxəssis çağırıb xəzinə kassalar düzəltmək dəbə düşür. M.Nağıyev milyoner dostlarının təhriki ilə oğlu İsmayılın adına tikdiyi evinin zirzəmisində böyük həcmli xəzinə-kassa hazırlatdırır, bütün varidatını, bank sənədlərini ora yığır. Gəlir-çıxarını ailə bilməsin deyə tapşırıbmış: heç kim xəzinəyə yaxın getməsin, təkcə xadimə həftədə bir dəfə orda təmizlik apara bilər. Bəxti tar çalır kişinin. Bir gün xəzinə-kassada əyləşib gəlir-çıxarını hesablayırmış təsadüfən ayağı ilişir, qapı içəridən bağlanır. qədər əlləşsə qapını aça bilmir... Arayıb-axtarırlar, ondan xəbər-ətər çıxmır. Həftə sonu xadimə zirzəmiyə enərkən, ordan çox pis iy gəldiyini hiss edir, bunu hamıya çatdırır... Kassanı sındırırlar milyonerin nəşini çıxarırlar. Stolunun üstündən bir vərəq kağız tapılır. Orda yazılıbmış: mən bütün varidatımı bir loxma çörəyə, bir qurtum suya dəyişərdim.

***

 

Tez-tez yağışlar yağır. İl mübahdı, Muğan biri üç eləyir... Sahədəyəm, oğlum pay torpağımza buğda əkib. Meh əsdikcə qönçələnən zəmi dalğalanır. Ruhum təzələnir. Burnuma təndir çörəyinin ətri, qoxusu gəlir. Yadıma bir el məsəli düşür: "qalac-qarnım ac, fətir-məni bu gədikdən ötür, təndir çörəyi-evimin dirəyi".

 

Ədalət  2018.- 11 aprel.- S.5.