Dinləməyi bacaran insanın dənizlə bağlı taleyi

 

Hacı Babayev-70

 

(Portret cizgiləri)

 

Uzun illər dənizçilik sahəsində uğurlu, əvəzsiz işlər görmüş, dünyanın yarısından çoxunu gəzmiş, ensiklapedik yaddaşa malik, Azərbaycan Dövlər Dəniz Akademiyasının baş müəllimi Mahir Tahirovun vasitəsilə, çox dəyərli bir insanla tanış oldum. Sifətində nur olan, müsahibinə diqqətlə qulaq asan, gülümsər çöhrəli, sakit, həlim danışıqlı və danışanda sifətində gülüş olan bu insan ilk baxışdan xoşuma gəldi. Və öz-özümə fikirləşdim: "Əsl diplomat davranışı və xasiyyəti var Hacı müəllimdə".

Qısa arayış: Hacı Mirzə oğlu Babayev 1948-ci ilin yanvar ayının 7-də Bakı şəhərinin Səbail rayonunda ziyalı ailəsində anadan olub. Hacı gözlərini açanda dəniz görüb. Bu dənizin kükrəməsi, tufanlar qoparması, uğultusu balaca Hacını qorxutsa da, amma bu möcüzə elə uşaq yaşlarından onun xoşuna gəlib. Saatlarla dənizin sahilində dayanıb, onun ucu-bucağı görünməyən ənginliklərinə maraqla tamaşa eləyib balaca Hacı. Evlərinin də dənizin sahilində olması, yaz, yay və payız aylarında tez-tez dəniz sularına baş vurması bu vurğunluğu bir az da artırıb. Bəlkə də elə məhz bu istək Hacı Babayevi 1966-cı ildə 39 nömrəli tam orta məktəbi bitirəndən sonra "Xəzərneftdonanma" İdarəsinin gəmilərində matorçu şagirdi kimi əmək fəaliyyətinə başlaması ilə onun dənizlə bağlı taleyinin ilk sətirlərini yazıb. O, bu sahədə böyük mexanik vəzifəsinə qədər yüksəlib. Hətta dənizə bağlılıq Hacı Babayevi 1974-cü ildə istehsalatdan ayrılmadan Odessa Ali Mühəndislər Dəniz Məktəbini mühəndis-gəmi mexaniki ixtisası üzrə bitirib.

1978-ci ildə Bakı Dəniz Yolları Məktəbinin "Volodya Dubinin" tədris gəmisində gəmi kapitanının I köməkçisi vəzifəsinə təyin olunub. Yüksək natiqlik qabiliyyəti olan Hacı Babayev 1980-89-cu illərdə Xəzər Dəniz Gəmiçiliyinin partiya komitəsində təlimatçı vəzifəsində çalışıb. Artıq 1989-cu ildən Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Elə həmin vaxtdan da bu sahədə əvvəlcə siyasi və sora təlim-tərbiyə işləri üzrə rəis müavini kimi fəaliyyətini davam etdirib. 1996-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyası yaranan vaxtdan isə akademiyanın orta ixtisas təhsili şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub. 1997-ci ildən Hacı Babayev "Gəmi energetik qurğuları" kafedrasında assistent, 2003-cü ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində işləyib. 2016-cı ildən isə dosent vəzifəsində çalışır. O, texnika üzrə fəlsəfə doktorudur. Gəmiçilik texnikası üzrə Azərbaycanda ilk elmi iş müdafiə eləyən mütəxəssisdir. O, 22 çap olunmuş elmi əsərlərin və bir monoqrafiyasının müəllifidir. Gəmilərdə çalışan gəmi mexanikləri üçün təşkil olunmuş ixtisasartırma və ixtisastəkmilləşdirmə kurslarında dərs deyir.

Hacı Babayevlə bağlı mən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris işləri üzrə prorektoru, texnika elmləri doktoru Zahid Şərifovla söhbət etdim. O, söhbət əsnasında belə dedi:

- Hacı müəllimlə bizim tanışlığımız 1996-cı ildən, yəni Akademiya yarandığı vaxtdan başlayıb. Bütün bu illərdə də Hacı müəllim rəhbərliyə dəstək olub. Bu illərdə də bizim fikirlərimiz üst-üstə düşdüyünə görə bir-birimizi yarım sözdən başa düşmüşük. Yəqin ki, onunla bizim xasiyyətimizin yaxınlığına görə də dostluğumuz tutur. Hacı müəllim həqiqətən böyük bir insandır. O, tələbələr tərəfindən də böyük hörmət qazanıb. Siz əgər onlarla görüşsəniz hamısı bir ağızdan deyəcək: "Hacı müəllim ədalət prinsipi ilə işləyən müəllimdir". Açığı bunu hər bir müəllim bacarmır. Ona görə də Akademiyada hamı deyir ki, Hacı müəllim ədalətli bir insandır. Bizim Qapalı Səhmdar Cəmiyyətinin hər il keçirdiyi müxtəlif tədbirlər olur. Onlardan da biri və mənə görə ən əsası "İlin ən yaxşı matrosu, ən yaxşı kapitanı, ən yaxşı müəllimi" naminasiyasıdır. Hacı müəllim də tədris sahəsində ən böyük töhvə verən bir insan kimi bu il "İlin ən yaxşı müəllimi" adını alıb. O, həm Səbail rayonu və həm də Akademiyada bütün ictimai işlərdə çox yaxından iştirak eləyir. Bu insanda "yoruldum, bacarmıram" sözləri yoxdur. O, gözəl alim, gözəl pedaqoqdur.

Azərbaycan Dövlət Dənizçilik Akademiyasında vəzifəcə ikinci insandan belə sözləri eşitmək mənim üçün də xoş oldu ki, qəhrəmanım haqqında belə yaxşı sözlər deyilir.

Hacı Babayev pedaqoji fəaliyyəti ilə yanaşı hələ sovetlərin vaxtından dəfələrlə Səbail rayonunun deputatı seçilib. Müstəqillik dövrümüzdə isə dördüncü dəfədir ki, rayonun çoxminli sakinləri tərəfindən Bələdiyyə üzvü seçilib. O, həm də rayonda Böyük Vətən Müharibəsi və Əmək Veteranlar Şurası rəyasət heyətinin üzvüdür. Bir veteran kimi burada da rayonun bütün ictimai həyatında əlindən gələni edir. Hacı Babayev çox yaxşı valideyndir. Azərbaycan xalqı üçün iki ziyalı, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq oğul böyüdüb. Onun böyük oğlu Ramin Azərbaycan Dövlət İdman Akademiyasını bitirdikdən sonra Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşıdır. Kiçik oğlu Mirzə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirdikdən sonra "Azərbaycan Xəzərdənizgəmiçiliyi" QSC-nin gəmilərində kapitan köməkçisi vəzifəsində işləyir.

Hacı müəllimlə biz onun ömrünün 70 ilini birlikdə vərəqlədik. Söhbətimiz əsnasında o, belə maraqlı fikirlər dedi:

-Mən rus məktəbində oxumuşam. Həmin vaxtı da bizim sinifdə mənimlə birlikdə cəmi 3 nəfər azərbaycanlı oxuyurdu. Yanvar ayının 7-də anadan olduğuma görə müəllimlər və rus valideynlər deyirdilər ki, sən İsa peyğənbərlə eyni gündə anadan olubsan. Əvvəllər buna fikir vermirdim. Çünki təpədən-dırnağa qədər insanlara bağlı adamam. Amma illər keçəndən sonra görürəm ki, həmin müqəddəs gün həyatda mənə çox köməklik eləyib. Həm də Hacı adını daşımaq da mənim üçün müqəddəs addır. Çalışıram ki, əməlimlə də Hacı olum.

-Siz nə vaxtdan dənizlə bağlısınız?

-Lap uşaq yaşlarımdan. Amma artıq 50 ildir ki, bir işçi kimi dənizin qoynuna ayaq basmışam. Mənə elə gəlir ki, bu, bir igidin ömrüdür. Bu ömür də özünün acılı-şirinli xatirələri ilə doludur. Elə bizim bir dəfə gəmi ilə xarici ölkəyə səfərimiz özü böyük bir kitabın mövzusudur. Biz, bir vaxtlar Sovetlər İttifaqının bayrağı altında gəmi ilə dünya ölkələrini gəzirdik. Artıq 27 ildir ki, milli bayrağımızın altında dünya sularında üzürük. Üçrəngli bayrağımıza maraqla baxan əcnəbiləri gördükdə biz də qürur duyuruq. Biz, bu dövləti göz bəbəyi kimi qorumalıyıq. Çünki bu müstəqillik yolunda milyonlarla insanlar öz həyatlarını qurban veriblər. Sürgünlərdə, qərib ellərdə "Vətən" deyərək gözlərini əbədi yumublar. Tale mənə qismət eləyib ki, xaricdə yaşayan insanların həyatı, yaşayış tərzi ilə yaxından tanış olmuşam. İspaniya, İtaliya, Fransa, Yuqoslaviya, Yunanıstan, İsrail, Almaniya, Polşa, Çexoslavakiya və başqa ölkələr yaddaşıma əbədilik həkk olunub. Həmin ölkələrdə görüb-götürdüyüm yaxşı işləri həmişə öz işlərimdə tətbiq etmişəm. Axı dünya həqiqətən də gör-götür dünyasıdır. Ona görə də tələbələrimə, övladlarıma, yaxından tanıdığım cavanlara həmişə tövsiyə edirəm ki, özlərindən böyüklərə diqqətlə qulaq assınlar, onlardan bacardıqları qədər yaxşı şeyləri öyrənsinlər.

Məhəmməd Peyğəmbər əleyhissəlam bu haqda çox gözəl hədis deyib: "İnsan doğuluşundan, qəbr evinə kimi oxumalı və öyrənməlidir. Bir gün elm öyrənmək altmış il ibadət etməyə bərabərdir".

-Biz, Dəniz Akademiyasının mərkəzdə yerləşən siniflərindən birində oturub, sizinlə söhbət edirik. Öyrənmişəm ki, bu binanın 1990-cı illərdə Dəniz Yolları Məktəbindən alınmamasının əsas səbəbkarlarından biri məhz siz olubsunuz. Həmin illəri necə xatırlayırsınız?

- O dövr doğrudan da çox çətin idi. Günlərin bir günü həmin vaxtı müdafiə naziri bizim məktəbə gəldi və dedi ki, "sizin Dəniz Yolları məktəbini Zığda yerləşən Ali Hərbi Dənizçilik məktəbi ilə birləşdirmək istəyirik". Həmin vaxtı mən bir neçə müəllimimizlə Prezident Aparatına getdik və orada Nazirlər Kabinetinin qərar layihəsi ilə də tanış olduq. Biz məktəbimizin müəllimlərinin çox kəskin formada yazdığı etiraz məktubunu da onlara təqdim etdik. Orada bir ağıllı adam tapıldı və onlar bu məsələnin çox ciddi olduğunu görüb bizim Dəniz Yolları Məktəbini Ali Hərbi Dənizçilik Məktəbi ilə birləşdirmədilər və binadan da əl çəkdilər.

-Sizi tələbələr də çox sevir. Bu sevgi nədən qaynaqlanır?

-Müəllim tələbəyə öz övladı kimi yaxınlaşmalıdı. Onları öz övladı kimi sevməlidi. Çalışıram ki, onlarla ədalət prinsipində işləri qurum. Mən bir məsələni də burada bildirmək istəyirəm. Gənclərin formalaşmasını üç istiqamətin vəhdəti təşkil eləyir. Birinci ailə, ikinci asudə vaxtı necə keçirmək və üçüncü də həmin gəncin təhsilə münasibəti. Mən tələbələrimlə ətraflı söhbət əsnasında hər birində bu üç cəhəti qismən öyrənəndən sonra çalışıram ki, onları təhsildən sonrakı həyata lazım olan səviyyədə hazırlayım. Çünki gəmiçi həyatı çox çətin, məşəqqətli həyatdır. Bu həyata hər adam dözə bilmir. Burada gərək insanda dəmir iradə və böyük səbir olmalıdır. Bunlar birlik təşkil edəndə insan bütöv olur.

-Sizin Dövlət Dəniz Akademiyasında axır vaxtlar çoxlu yeniliklər olub.

-Bəli. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin əmri ilə 2015-ci ilin iyul ayından Çingiz müəllim bura rektor təyin olunub. O, rektor təyin olunandan sonra Akademiyada çox böyük işlər görülüb və görülür. Hər gün tələbələrə gündə iki dəfə ödənişsiz yemək verilir. Tələbələrə geyim də ödənişsizdir və onlara tədrisin nəticələrinə görə təqaüd də verilir. Yataqxana ödənişsizdir. Tələbələr xaricə üzən gəmilərdə təcrübələrinin nəticələrinə görə pul alırlar. Müəllimlərin məvacibi artıb. Gündə bir dəfə yemək ödənişsizdir. Akademiyamızın bütün müəllim və tələbə heyəti bu xidmətlərinə görə ona öz minnətdarlığını bildirirlər. Mən bir şeyə də çox sevinirəm ki, mənim də çoxlu keçmiş tələbələrim elmi işlərini müdafiə ediblər, ali dərəcələr alıblar və hazırda Akademiyanın tədris, dekan, kafedra müdiri, müəllim və assistent vəzifələrində çalışırlar. Gəmi Energetik Qurğuları kafedrasının müdiri, mənim elmi rəhbərim dosent Akif İsmayılov təyin olunandan sonra çox işlər görülüb, laboratoriyamız genişlənib və tədqiqatlar üçün geniş imkanlar yaranıb. O çalışır ki, hamıya əlindən gələn köməklikləri eləsin ki, müəllimlərimiz elmi işlərini müdafiə eləyə bilsinlər. Mən onu dənizçi dili ilə desək güclü yedəkçi hesab eləyirəm.

-Sizə Dəniz Akademiyasında hamı böyük hörmətlə yanaşır. Hətta Akademiyanın işçisi Gülnarə Hüseynova deyir ki, "Hacı müəllim həyata yalnız yaxşılıq etmək üçün gəlib. O, yaxşılıq mücəssəməsidir". Məgər siz həyatda pislik etməmisiniz?

-Pisliyi yalnız özümə etmişəm. Belə ki, heç vaxt özümü və ailəmi düşünməmişəm. Onlara lazım olan şəraiti yarada bilməmişəm. Bəlkə də bu ailədən irəli gəlir. Çünki atam Mirzə kişi də həmişə insanlara yaxşılıq eləyib və bizi də bu ruhda kökləyib. O, həmişə bu atalar sözünü tez-tez təkrar eləyərdi: "Yaxşı iş heykəl kimidir, hər yerdən görünür. Əgər yaxşılıq eləyib bir şey umursansa, o yaxşılığı eləməsən yaxşıdır".

-Bizim millətin belə bir gözəl kəlamı var: "Çox gəzən çox bilər". Siz bu fikrə necə baxırsınız?

-Əgər mən uzun illər xarici ölkələrə getməsəydim, orada olan yaxşı işləri görməsəydim, onda mənim üçün yaşamağın da mənası olmazdı. Onda mən öz tələbələrimə lazım olan incəlikləri də öyrədə bilməzdim. Çünki xarici ölkələrdə olanlarla burada olanları müqayisə etdikcə maraqlı fikirlər ortaya çıxırdı. Çalışırdım ki, həmin yaxşı işləri burada da tətbiq edim. Tələbələrimə də həmişə qarşısında olan adamı diqqətlə dinləməyi, ona qulaq asmağı tövsiyə edirəm. Çünki onlar təhsillərini başa vurandan sonra dənizin şıltaq təbiəti vaxtı bir-birini eşitsələr, bir-birinə diqqətlə qulaq assalar, gəmini və özlərini dənizin burulğanından, şıltaqlığından qoruya bilərlər. Yeri gəlmişkən xatırladım ki, bu il 100 yaşı tamam olan Cümhuriyyətimizin qorunması yolunda şəhid olanlarımız da, məcburən doğma vətəndən didərgin düşənlərimiz də çox olub. Onlar yad ellərdə "Vətən, can Vətən" deyib gözlərini əbədi yumublar. Heç olmasa onların ruhu şərəfinə bir olub, Almaz İldırımın qərib eldə Azərbaycanla bağlı dediyi bu sözləri yada salaq:

 

-Konlümə tək kəbə bildim səni mən,

Sənsiz neynəm Allahı mən, dini mən.

Sənsiz neynəm qürbət eldə günü mən,

Azərbaycan mənim tacım-taxtım oy,

Oyanmazmı kor olası bəxtim oy!

 

Bu gün Vətənini sevən hər bir azərbaycanlı özü-özündən soruşmalıdır: "Ölkəmizin müstəqilliyi, millətimizin birliyi, insanlarımızın firavan yaşaması üçün mən nə edirəm?" Bu suala cavab tapa bilməyənin özünə azərbaycanlı deməyə haqqı yoxdur. Çünki atalarımız deyir ki, "Vətən elin evi, Vətənə məhəbbət isə iman əsəri olmalıdır".

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Ədalət  2018.- 13 aprel.- S.6.