YARPAĞI AĞRIYAN AĞAC

 

Şair dostum Tofiq Nurəlinin ədəbi portretinə bir baxış

 

İnsanın başı, gözü, qulağı, qolu ağrıyır və o, cismani əzab çəkir. Çünki Tanrı insanı bütövlükdə əzələlərdən qurub, həmin əzələlərdən birinin əlahiddə şəkildə ağrımağı təbii haldır. Bəs ağacın harası ağrıya bilər? Bu çirklənmiş ətraf mühitdə, qənim kəsildiyimiz atmosferdə ən böyük canlılardan biri elə ağacdır. İnsan ağacdır, ağac insan. Deməli, insanın ən kövrək yeri olduğu kimi, ağacın da kövrək, ağrıyan yeri var. Bu, onun yarpağıdır - ağacın şikayəti bundan ibarətdir: yarpaqlarım ağrayır.

Tofiq Nurəlinin "Yarpaqlarım ağrıyır" kitabını dörd il öncə (təxminən 2014-cü ildə - müəllif) oxumuşam. Az yazan, çox mütaliə edən, düşünüb-daşınmağı sevən ixtisasca həkim dostumun yaradıcılığına isə ötən əsrin 70-80-ci illərindən yaxından bələdəm. "Az olsun, yaxşı olsun" atalar məsəli var, şərt çox yazmaqda, necə gəldi üyüdüb-tökməkdə deyil.

Bir və ya iki-üç şeiriylə ədəbiyyat tariximizdə yaşayan ədiblərimizi göz önünə gətirsək, Tofiqin də qəbahət etmədiyi qənaətinə gələrik. Onun şeirləri zahirən ölçülü-biçili, hər sözün riyazi dəqiqliklə yerində olduğu kiçik bədii parçalardır, bəndlərdir. Xoşbəxtlikdən məna yükü də boylarına uyğundur.

Müxtəlif ədəbi məclislərdə, kitabxanaların ədəbiyyat dərnəklərində, Şüvəlanın, Zuğulbanın yaradıcılıq evlərində, ali məktəb zallarında, çeşidli poeziya axşamlarında bu 18-19 yaşlı nisbətən qarayanız, yaraşıqlı oğlanın şeirlərini çox dinləmişəm. O dönəmlərdə adının yanında "Nurəli" təxəllüsü yox idi, sadəcə, Hacıyev soyadı yazılırdı. Şeirlərini ehtirasla, çox zaman əzbərdən söyləyərdi. O, şeirlərindəki qəribə kədəri və niskili, həsrəti, cazibəni sezməmək mümkün deyildi. Nəyin dərdini çəkirdi gənc şair:

 

...Görməyə gəlmişdim, ay qara telli,

Ölməyə gəlmişəm, ay qara telli,

Görməmiş gedirəm, ay qara telli,

Ölməmiş gedirəm, ay qara telli,

 

...Sənin gözlərinlə mənim taleyim,

Yaman bənzəyirlər biri-birinə.

 

Bu misalların sayını kəskin surətdə artırmaq olar, ancaq buna nə ehtiyac. O vaxtlar tale gənc şairin bütün sevinci-kədərini özünütəsdiqinə hesablamışdı. Süni surətdə deyil, təbii şəkildə, çünki Qubanın Yerfisindən qaynar Bakı mühitinə təşrif buyuran şairin naturasında qətiyyən sünilik, bayağılıq, yekəxanalıq, özündənrazılıq yox idi. Onda Tofiqgilin nəsildaşlarının hamısında özünüifadəyə meyl nəzərə çarpmağa başlayırdı. Kimisi yetişdi, kimisi yetişmədi, kal qaldı və heç kəsi qınamaq düz olmazdı, çünki şair kimi püxtələşməyin özü bir tale işiydi. İndi hərdənbir bir nostalgiya ilə o illərə tərəf boylanıram:

 

O günlər, o günlər lap çoxdan ötüb,

Ötüb yan-yörəmdən, böyür-başımdan.

Şirinliyi damağımdan getməmiş,

Gözlərimin qabağından getməmiş,

O qızlar yanımdan keçib xəlvətcə,

O gözlər böyrümdən ötüb ehmalca...

 

Və illəri ötürə-ötürə təkcə atüstü gənclik sevdaları Tofiqi aldatmadı, azdırmadı. Şairin sözü böyüdü, daha əzəmətli ictimai mündəricə kəsb etdi. O, şair kimi daha artıq sözün məğzinə vardı, hikmətini, siqlətini açmağa çalışdı. Zahiri bər-bəzəkdən, təmtəraqdan qaçdı. Mövzuları bitib-tükənəndə isə birbaşa sözün öz qulpundan, ətəyindən bərk-bərk yapışdı və ayılıb gördü ki, söz özü boyda elə mövzudu, onu mənalandırmaq, alt qatlarına Füzuliyanə (ilk növbədə klassik söz xiridarının "Söz" qəzəli yada düşür - müəllif) enmək gərəkdi.

 

Qələm qan-qan deyir yenə,

Misralar qan içindədi...

Sözlər kəsik başlar kimi,

Qanlı meydan içindədi.

 

Atalar deyib: "Qılınc yarası sağalar, söz yarası sağalmaz". Hər mətləbin əvvəli də sözdü, sonu da. Ancaq sözü də gərək sərraf kimi deyəsən, gedib hədəfinə çata. Bir də var, kişi sözü. Yəni başı papaqlı kişi söz dedi, onun məsuliyyətini başına qoyduğu papaq qədər hiss etməlidi. Tofiq Nurəlinin hələlik axırıncı kitabında bir "Kişi sözü" şeiri var, elə bil şairin bütün şeirlərinin açarıdı:

 

...Sahibsiz mülkləri ot-alaq basar,

Çoxalar bayquşu viranələrin.

Kəsərli söz deyən kəs olmayanda

Qeyrəti olmayıb zəmanələrin...

 

Bədbəxtdi qeyrətdən qısır zəmanə,

İsitmir kişisiz alışan ocaq.

İnanma böyüyüb söz deyən olsun,

Qısır zəmanədə böyüyən uşaq.

 

Hər bir bədii sözün baş qəhrəmanı onun müəllifidir. Çünki yaradıcı şəxs kimi şair də tərcümeyi-halını ifadə edib yazır. Bir var həqiqətən sözü alaçiy yazıb qələmi kənara atasan, bir də var kişi sözü deyəsən ki, tarixdə izi qalsın. Bu məna kontekstində elə "kişi sözü" Tofiq Nurəlinin sözüdür, burda zəmanəyə üz tutmaq şərtidir, zaman yalnız mövcud vaxtın ifadəsidir.

 

Kişi sözü gərək hər zəmanənin -

Burda min məna var - ensən dərinə...

Kişinin dediyi söz də kişidi -

Qoyub atmaq olar güllə yerinə...

 

"Yarpaqlarım ağrıyır" toplusu göstərir ki, şairin bədii imkanları forma-məzmun etibarilə genişdir. Əlbəttə, klassik forma kimi qafiyə-vəzn qəlibdir. Hansısa gəraylıya və yaxud qoşmaya, təcnisə sərbəst don biçmək mümkün deyil. Ancaq etiraf edək, ritm, ahəng Azərbaycan şeirinin canı-qanıdır. Bəzi şairlər sərbəst janrda qələm işlədərkən qətiyyən qafiyədən istifadə eləmirlər. Yanlız sözlərin düzülüşündə harmoniya saxlayırlar. Tofiq Nurəli ustalıqla sərbəstin imkanlarına yiyələnir, gah iç-daxili, gah da çöl-başlanğıc qafiyələrdən yararlanır, şeirini qurur. "Sözün pərvanəsi" adlı kiçik həcmli bədii parçada seçilmiş mətn başdan-başa izah verdiyim "qafiyə buxovunda" məzmuna, hikmətə mindirilib. Əla şeir alınıb:

 

Söz uğrunda savaşda

başda şairlər gəlir.

bir yandan qırılırlar,

bir yandan

başqa şairlər gəlir...

Nizədən, kəndirdən

oxdan keçirilib.

Zindandan,

güllədən.

vaxtdan keçirilib.

 

Vətən haqqında minlərlə şeir yazılıb. Bu qlobal, ictimai mövzuda təzə nəsə demək söz əhlindən hünər istəyir. Tofiqin torpaq-yurd sevgisindən bəhs edilən irili-xırdalı şeirlərində mövzuya yanaşma tərzi bambaşqadır, qələmdaşlarından, mənsub olduğu ədəbi nəslin nümayəndələrinin yazılarından fərqlənir. Əlbəttə, özünəməxsusluq, ən yaxşı seçilmək, orijinallıqdır. Bəlkə də sənətin gücü elə təbiiliyindədir, üslub təzəliyindədir, dəst-xəttin yeniliyindədir. "Ölkə - torpaq - vətən" şeiri fikimizin təsdiqi üçün yaxşı ünvandır:

 

... İndi köhnə vətən sadəcə torpaq -

Bir yanı gərəksiz, bir yanı baha...

Vətən sevgisiylə ölçülmür heç nə,

Torpaq qiymətiylə ölçülür daha.

 

Daha Vətən yoxdu, sevgi də yoxdu,

Öldü Vətən üçün döyüşən nəsil.

Tarix nə deyəcək sənin adına -

Vətəni "torpağa" dəyişən nəsil?

 

Hardasa ölkə, torpaq, vətən ümumi anlayışdır, hardasa hər biri ayrı-ayrı məna kəsb edir. Çünki həqiqətən ölkə torpaq deyil, Vətən də deyil, eyni zamanda, Vətən də nə torpaqdır, nə də ölkə. Misal çəkdiyim iki bənd şeir ürəklərində torpaq - vətən sevgisi, ölkə təəssübkeşliyi olmayanlara ən tutarlı cavabdır. Bəli, əgər sən doğulduğun torpağın "Vətən" olduğunu dərk eləmirsənsə, onu qumara, pula qoyub satırsansa, ən böyük satqınsan. Ürəyində Vətən məhəbbəti daşımayan nəsil milli heysiyyətini itirib, yadlaşıb, manqurtlaşıb. Şairin yana-yana oxucusuna təlqin etmək istədiyi məhz bu söylədiklərimdir.

Son illər başımıza hansı bəlalar gəlməyib? Bütün faciələrimizin ən ümdə köklü səbəblərindən biri biganəliyimiz, laqeydliyimizdir. Bizim xalq həqiqətən dostunu indiyəcən düşmənindən ayırmaqda çətinlik çəkib. Aqambekyanlar, Balayanlar, Babacanyanlar, Sarkisyanlar Azərbaycan torpağında - Dağlıq Qarabağda doğulublar. Onlar çörəyimizi yeyib, suyumuzu içiblər. Yüksək vəzifə postu tutarkən isə bizə düşmən kəsiliblər. Deməli, ya nəsə çörəyimizin duzundandı, torpağımızın havasındadı, ya da günah özümüzdədi, süfrəmizin artığı ilə böyüyənlər üzümüzə qayıdırlar. Tofiq Nurəlinin "Vicdanı ağrıyanlar", "Daşlar", "Azadlığın qədri", "Getmək", "Toranlıqda", "Yalan", "Səhvlərin ödənişi", "Dünya", "Boşluqdakı ümid" və başqa şerlərində Qarabağın adı çəkilməsə də, mətləb hər kəsə bəllidir, sirr deyil. Dünyamız dəyişilib, dünyalığından çıxıb.

 

Pas atıb ən iri sözün tiyəsig

Bir kitab sözüm var sənə deyəsi.

Özünü tez yetir, ey ev yiyəsi

İtirir əvvəlki dadını dünya.

 

Tofiq nə qədər milli adət-ənənələr üzrə köklənsə də, yaradıcılığı qeyri-ənənəvidir, duyğu və düşüncəsində sivildir. Əlbəttə, ənənəvi şeir növü başqadı, ənənənin daxilini dəyişmək, öz ənənəsini diktə eləmək başqa... Məsələn, klassik şeir növlərinin yaşı mindən çoxdur. Amma həmin janrların özünəməxsus klassik ifaçıları olub, məhz onlar nəzmin köhnə qaydaları çərçivəsində, yəni qəlib daxilində şedevrlər yaradıblar. Uzağa getmək lazım deyil, iki imzanı diqqət mərkəzinə çəkmək kifayətdir: Nəsimi və Füzuli. Bu şairlərin Azərbaycan əruzuna gətirdikləri təravət ən yüksək dəyərə layiqdir. Ona görə Nəsimi də, Füzuli də sözün fövqündə durublar və həmişə duracaqlar da.

Onu tanıyandan Alatavada görmüşəm və Tofiq Nurəli Bakının bu köhnə məhəllələrindən birini (məncə, 4 Alatava var - müəllif) yaşayış məkanı seçəndən sanki buranı tərk eləməyə ürək eləməyib. Çoxdan üzv olduğu Azərbaycan Yazıçılar İttifaqından (Birlikdən) ağzından süd iyi gələn ən cavan yazarlar, Tofiqin övladları yaşında olanlar dönə-dönə mənzil şəraitlərini yaxşılaşdırıblar. O isə illər uzunu susub və susur, səbir eləməkdə davam edir. Ha dostu Maarif Soltan onu dəbərtməyə çalışsın, Vaqif Bəhmənli özünə laqeydlikdə günahlandırsın, qonşusu (mənim də dəyərli alim və yazar dostum Oqtay Abbasov - müəllif) Oqtay müəllim cəsarətə gətirsin, bu adam təvazökarcasına ev məsələsində yazıçı-məmurlarla dava-şavaya çıxmayıb, mənliyini, abır-həyanı qoruyub.

Ən nəhayət, ötən ilin sonunda buz sındı. Xəbər ədəbi mühitdə ildırım sürətiylə yayıldı. Azərbaycan Yazıçılar Birliyinə dörd mənzil verilib, həmin mənzillərin orderləri Səlim Babullaoğluna, Tofiq Nurəliyə, Südabə Sərvinə və Pərvinə təqdim olunub.

Xoş xəbəri dəqiqləşdirmək üçün köhnə dostlar - Tofiqsevərlər - Vaqif Bəhmənli, Maarif Soltan, Oqtay Abbas və bu sətirlərin müəllifi hərəkətə keçdilər. Bu dəfə həqiqətən dəlidən gələn doğru xəbər idi. Atüstü Bəhmənli Vaqifin təşəbbüsü ilə mənzili "tut arağında "isladıb" yuduq. "Mənzilin mübarək, şair" dedik, əsas qonaqlığı isə sonraya saxladıq.

Xoş xəbəri dəqiqləşdirmək üçün köhnə dostlar - Tofiqsevərlər - Vaqif Bəhmənli, Maarif Soltan, Oqtay Abbas və bu sətirlərin müəllifi hərəkətə keçdilər. Bu dəfə həqiqətən dəlidən gələn doğru xəbər idi. Atüstü Vaqif Bəhmənlinin təşəbbüsü ilə mənzili tut arağında "isladıb" yuduq. "Mənzilin mübarək, şair" dedik, əsas qonaqlığı isə sonraya saxladıq.

Həmin dekabr axşamı (2017-ci ilin dekabrı - müəllif) gözütox Tofiq Nurəlinin də az-çox qırışığı açıldı, sevinc işartıları sifətində vardı. Ona görə yox ki, ev almışdı, ona görə ki, haqq nazilmişdi, üzülməmişdi, qalib gəlmişdi, bu dəfə haqqını heç kəs yeməyə cəsarət etməmişdi...

 

...Yararaq zamanın yeddi qatını,

Söz olub dünyaya qayıdan şair!

Tanrıdan alıbdır mükafatını,

Təzədən dünyaya qayıdan şair!

 

"Biz həkimi-vəqtik" söyləyirdi Füzuli və bəlkə də Tofiq ixtisasca həkim olduğu üçün son dərəcə yumşaq, mülayim və istiqanlıdır. O, həqiqətən dost yolunda hər cür cəfalara sinə gərən əsl mücahiddir. Bir neçə dəfə səfərlərdə olmuşuq. Tofiq Nurəli pul-parasını sonacan xərcləyir, səxavətlə ciblərinin astarını üzünə çevirir, sonra rahat nəfəs alır.

Mən Yerfidə olmamışam, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən bu çılpaq yaşayış məskənini uzaqdan - Qonaqkənd ətrafından seyr eləmişəm. Tofiq isə anadan olduğum Lerikin Rvarud kəndində - şəhidlərin şərəfinə ucaldılan abidə kompleksinin açılışında olub, təntənəli mərasimdə şeir də oxuyub. O da bir tale qismətiydi...

Bu qeydlər bir şair-vətəndaş ömründən yarpaqlardır. Dost taleyinin yaşantılarıdır. Nə yaradıcılığının geniş təhlilidir, nə də şəxsi keyfiyyətlərinin tərifidir. Çünki insan həqiqətən qəliblərə sığmır, böyük bir dünyadır.

 

Ağacəfər Həsənli

 

Ədalət  2018.- 13 aprel.- S.5.