HOLLDA A KAPELLA OXUNAN "SEGAH"
(hekayə)
Deyəsən,
oturmaqdan yoruldu, əvvəlcə dikəlib düz oturdu, sonra
ayağa qalxıb qəlyanını dişlərinin
arasından sol əlinə aldı, sağ əliylə pencəyinin
çiyinlərini çırpdı, heç "Palace"
şadlıq sarayının parıltılı hollunda
toz-torpaqdan əsər-əlamət yox idi. Əsəbi
idi, bunu onun sir-sifətindən hiss etmək mümkün
deyildi, təkcə ondan bilmək olurdu ki, qəlyanı tez-tez
dodaqlarına aparıb tüstülədirdi.
Saçlarını arxaya darayıb üzünü təzə
qırxmışdı, ağ köynəyi,
qalstuku, pencəyi köhnə olsa da, təzə
görünürdü. Radio və televiziya
dalğalarında tez-tez xalq mahnıları və təsnifləri
ifa edən xanəndə Sabir Səlimovun yeganə görkəmi
bu halda idi, sanki müğənni elə ömrünün
sonuna kimi belə də qalmalıydı. Qarabağın
təmiz havasından udan, buz bulaqlarının suyundan içən
S.Səlimov ifa tərzi ilə çoxlarından seçilməsə
də, yaşı qırx doqquza qədər gətirib
çıxarmışdı, ancaq hələ heç bir fəxri
ad ala bilməmişdi. Musiqişünasların
əksəriyyəti, dinləyicilər ara-bərədə
danışırdılar ki, müğənni Sabir Səlimovun
özünəməxsus ifa tərzi var, muğamlarımızın
gözəl ifaçılarından biridir, ona indiyəcən
heç olmasa əməkdar artist fəxri adı vermək
lazım idi. Başqaları necə, o da elə.
Məşhur muğam bilicisi, ustad Seyid Şuşinskinin
sevimli tələbələrindən olan Sabir Səlimovun fəxri
addan kənarda qalması təəccüb doğururdu. Vaxt var idi ki,
Azərbaycan Dövlət Filarmoniyasında onun konsertinə gələnlər
hər ifasından sonra uzun sürən sürəkli
alqışlarla ayaq üstündə alqışlayır, onu
təkrar səhnəyə qaytarırdılar. Nəzakətlə əllərini sinəsinə
qoyub tamaşaçılara baş əyən xanəndə
alqışların sədaları daha da artır, məcbur
olub yenidən tarçalanın sağında əyləşib
qavalını əlinə alırdı, əslində
imkanı olsaydı, bütün gecəni təkbaşına
oxuyardı. İki gün öncə Filarmoniya
bağındakı çayxanada oturub çay içəndə
ona tanış olmayan nömrədən zəng
gəldi, danışanın tanınmış iş
adamının qardaşı olduğu aydın oldu, onu toya dəvət
edirdi.
-
Bilirsiniz də, bizim toylar muğamsız olmur, cavanlar bəyənməsələr
də, muğam həvəskarları olacaqlar. Arada
rəngarənglik də yaxşı şeydi.
Narazılıq
eləmədi, heç aralarında pul söhbətinin adı
tutulmadı, təkcə Sabir Səlimov adama dedi ki, tək gəlsin,
yoxsa müşayiətçilərini də gətirsin?
- Restoran
ansambllarının çoxunda tarzən olmur, o biri alətlərdə
çalanlar isə yaxşı müşayiət edə
bilmirlər. Narazı deyilsinizsə, bir tarçalan,
bir dənə də kamançaçalan gətirim.
-
Lazım deyil, məncə, qarmonnan, klarnetnən oxuya biləcəksiniz.
Onun da bir gözəlliyi var. Elə deyilmi?
Əslində,
elə deyildi, tar və kamançanın yeri tamam ayrı idi,
ancaq Sabir Səlimov neyləyə bilərdi, bir halda ki,
sifarişçi belə istəyirdi, razılaşdı. Evdə
uşaqlara dedi ki, səhər toyda olacaq. Bu,
onları o qədər də təəccübləndirmədi
və heç soruşmadılar ki, toy kimin toyudur, hansı
şadlıq sarayında olacaq. Arvadı
otağında uzanıb yatırdı,
tapşırmışdı ki, səs-küy salmasınlar, əməlli-başlı
yorulub. O da əlinə kitab götürüb oxumağa
başladı - Füzulinin "Qəzəllər"i idi,
ancaq fikri qarışıq idi, sözlər daş kimi
başına dəyib yerə düşürdü. Nə yaxşı yoldaşı varmış, yoxsa
axırları nə olacaqdı? Qazancı çox az idi. Heç özünü
ödəmirdi. Toylara az-az çağırır, az da pul verirdilər. Toyda xalq
mahnısına qulaq asan vardı? Bir məclisdə
yanında oturan (özü də xanımı ilə birlikdə)
yekəqarın professor üç qədəh araq vurandan
sonra əsəbləşib nə demişdi?
- Nə
xalq, əəə? Xalq nədi? Xalq kimdi? Xalq var? Sən
Allah, müğənnisən, xanəndəsən, hər nəsən,
qoy, toya gəlmişik, istirahətimizi edək! Gül
kimi çalıb oynayırlar. Sən də bax, ləzzət
al!
Əvvəlcə istədi ki, yekəqarın professora
cavab verməsin, çünki onun sir-sifətindən
professorluq yox, heç palantikənlik də
tökülmürdü, üstəlik xanımı da
yanındaydı, ancaq içinə elə bil şeytan girdi,
beynini oyub ağzını açdı.
- Sən
bilmirsən xalq kimdi? Sən xalqını
tanımırsan? Xalqın
olub-olmadığını bu iri peysərinlə qanmırsan?
Hə, ay xalqın professor oğlu? Sən professorsan? Nəyin
professorusan? Lazım gələndə xalq
sözü dilindən düşmür, elə ki, quyruğun
qapının arasından çıxdı, xalqa arxa
çevirirsən? Bərəkallah!
Qadını professorun ayağından basdı, o da
yönünü çevirib özünü eşitməməzliyə
vurdu. Az keçmiş Sabir Səlimov o məclisi tərk
etdi.
Evdə uşaqları da (xanəndənin bir oğlu, bir
qızı vardı) ona məsləhət görürdülər
ki, ay ata, sənə oynaq, müasir mahnılar oxumaq
lazımdı ki, xalqın sevimlisi olasan. Bu xalq
mahnılarını, muğamatı gənclər qəbul
etmirlər. "Qarabağ şikəstəsi"nə,
"Laçın"a nə qədər
qulaq asmaq olar? Hamı da eyni cür oxuyur. "Küçələrə su səpmişəm"
var ey ha, o nə mahnıdı?
Onlara əvvəlcə izah edir, xalq
mahnılarının, muğamatın incəliklərini
xırdalayır, milli sərvətimizin əvəzsiz mənəvi
dəyər olduğunu izah edir, nümunələr gətirir,
ancaq bir nəticəyə nail olmurdu.
- Ay ata,
filan müğənni toya neçəyə gedir?
- Bilmirəm,
heç bilmək də istəmirəm.
-
Görürsən, sən onu bəyənmirsən, ancaq o bir
toya səkkiz min manata gedir. Xalq mahnısı da
oxumur.
- Ona pul
verənin ağlı yoxdu.
- Niyə
elə deyirsən, ata? Heç kim pulunun əlindən
dəli olmayıb. Muğamat oxuyan xalq artistini o
qiymətin yarısına toya aparmırlar.
Qızı isə deyirdi ki, toyda hamı rəqs etmək,
şənlənmək, əylənmək istəyir, o nədir
ey, muğamat adamı kədərləndirir,
düşündürür, bezdirir. İncimə, ata!
İndiki
uşaqları başa salmaq nə çətinmiş! Başa sala bilmirdi. Ancaq,
ömür-gün yoldaşı Səriyyə müəllimə
onların dilini tapmışdı, riyaziyyat müəllimi idi,
repetetorluq edir, dərsdən sonra, hətta istirahət günləri
də onlarla məşğul olurdu.
Hazırladığı uşaqların hamısı ali məktəbə qəbul olurdu və ona
görə onun məşğələlərinə
yazılanların sayı ildən-ilə artırdı.
İş onda idi ki, onun işi çox çətin idi,
axşam evə yorğun gəlir, bəzən şam yeməyi
yeməmiş otağına keçib yatırdı...
İsti
su gəlirdi, yuyunub qurulandı, toya yeddinin yarısında gəldi,
toy sahibinin qardaşı ilə görüşüb tanış oldu.
- Buralarda
olun, elə musiqiçilərlə oturun, ac qalmayın, arada
oxuyarsınız.
- Bəlkə
elə başlanğıcda oxuyum?
- Yox, nə danışırsan? Hər şey ssenari üzrə getməlidi. Hansı toy muğamatla başlayıb?
Keçib musiqiçilərlə yanaşı oturdu. Toyun masabəyisi xalq artisti Ağafaiq açılış edib bəynən gəlinə xoş arzularını bildirdi və popurri oxudu, rəqs meydançası başdan ayağa dolmuşdu. Əməkdar artist Aylin İsmayılova oxuyanda holla çıxıb qəlyanını tüstülədirdi, çayçının gətirdiyi çaydan iki qurtum aldı. Növbə türk müğənnisi Hadisəyə çatdı, Sabir Səlimov qolundakı "Pobeda" saatının əqrəblərinə baxdı, doqquza işləyirdi və o dəqiq bildi ki, türk müğənnisi azı yarım saat oxuyacaq, yerlə sürünən donunun kəsiklərindən uzun, ağ baldırlarını göstərəcək. Yaxşı ki, boş yer vardı, oturub qəlyanını odladı, çayçı oğlana kofe gətirməyi sifariş elədi. İçəridən çıxanların sifətləri spirtləşir, gözlərinə hərarət qonur, nəfəsləri tündləşir, danışıqları kobudlaşırdı. Ayaqyoluna üz tutan qadınların çılpaq kürəkləri, yarıçılpaq sinələri Ərəbistan səhralarını xatırladırdı.
- Bundan
sonra oxumaq yerinə düşərdi.
Sabir Səlimov divardan asılmış televizordan
bir-birinə qarışmış, nə
oynadıqlarını bilməyən cavanları görəndə
uşaqlarının dediklərini xatırladı, əgər
onların dedikləri müasirlik bu idisə, onda vay
halımıza. Keçəl, kök, lopabığ kişi
əllərini sinəsində o yan-bu yana oynadıb, çox
gözəl xanımının qabağında
atlanıb-düşürdü. Cavan oğlan çevriləndə
dirsəyi ilə qızın qarnına toxundu... İt yiyəsini tanımırdı və Sabir Səlimova
birdən elə gəldi ki, o, bu məclisdə oxuya bilməyəcək,
çünki bildiyi qəzəllər onun fikrindən silinib
getmişdi.
Toy sahibinin qardaşı (Sabir Səlimov onun adını
dəqiq bilmədiyi üçün sadəcə müəllim
deyirdi) vəzifəli şəxslərdən ikisini yola
salırdı, onları liftə qədər
ötürdü, düyməni basıb onun gəlməsini
gözlədi, vəzifəlilər minəndən və
qapı bağlanandan sonra da yerində durdu. Birdən
yaşına uyğun olmayan cəldliklə pilləkənləri
qaçaraq düşməyə başladı. Sabir Səlimov kofenin şirin
olmadığını görüb kağıza
bükülü qənddən üçünü
açıb stəkana atdı, qaşıqla
qarışdırdı və gözlərini pilləkəndən
çəkmədi.
- Görəsən
müəllim aşağıya niyə qaçırdı?
Həm də ona görə ki, müəllimin yadına
salsın ki, o da burdadı və növbəti dəfə
oxuyub getsin. Müəllim liftdən çıxdı, dəsmalı
ilə alnının tərini silib içəri keçmək
istəyəndə ona çatdı.
- Müəllim,
Hadisədən sonra muğamın əsl vaxtıdı.
- Qoy
görək, sən də! Nə tələskən
adamsan? Get otur müğənnilərin yanında. Sənə söz verəcəklər. Qoy qonaqları rahatlayaq, yola salaq. Görmürsən adımız yadımızdan
çıxıb?
Yerinə
qayıtdı, kofeni çox şirin eləmişdi,
çayçıya dedi ki, stəkana bir azca su əlavə
etsin. Narazı olsa da, heç nə deməyib
stəkanı apardı və tez də gətirib
qabağına qoydu. Onun hərəkətləri Sabir Səlimovun
xoşuna gəlmədi, hiss etdi ki, səhərdən neçə
stəkan çay verib, ona bir manatlıq hökmən verməlidi.
Ora-bura çay daşıyan oğlanı
gözləmədən çağırıb
manatlığı ovcuna basdı. Çayçı
pulu cibinə qoydu.
Toy
imkanlı iş adamları ilə dolub-boşalırdı və
özlərindən razı adamlar Sabir Səlimova heç
fikir vermirdilər və bu onun xətrinə dəyirdi. Ən
azından ona görə ki, Sabir Səlimov özünə
hörmət eləyən tanınan bir adam
idi, radio və televiziyada daim çıxış edirdi. İndi pul gücünə səsi olmayanlar bircə
dəfə televiziyaya çıxıb bircə mahnı
oxumaqla toylara yol tapırdılar və özlərini elə
reklam edirdilər ki, gəl görəsən.
- Filan
vaxtı televizorda məni görməmisən?
İndi o
qədər televizorlar, o televizorların o qədər musiqi
verilişləri var ki... Hamı da oxuyan olub - səsi
olan da, olmayan da oxuyur. Sabir Səlimova deyəndə ki,
axşam yarım saat "Xalq mahnıları və təsniflər"inə
qulaq asdıq, çox gözəl oxuyurdun, utanır, tər
tökür, "çox sağ olun"la kifayətlənir,
özünü dartıb dağ başına qoymur, artıq-əskik
danışmırdı. İndi kəlmə kəsməyə,
danışıb vaxt keçirməyə bir tanış
yox idi, tikinti işçiləri lovğa-lovğa
hündürdən danışır, yerli-yersiz
hırıldayır, papiros tüstülədirdilər. Zala keçib musiqiçilərin küncdəki
stolunda əyləşdi. Sarışın
rus qızı oturub "Badamlı" suyundan içirdi,
qarşısındakı boşqabda kabab tikələrinin
sümükləri vardı. Tanımadı, başı
ilə salamlaşdı və o an, hansı ki, Hadisə
ifasını sona yetirmişdi, yarım saat fasiləsiz rəqs
edənlər yorulub yerilərinə
qayıtmışdılar və soyumuş tikələrdən
çox su içməyə başlamışdılar,
düşündü ki, indi onun oxumağının əsl məqamıdır,
hələ üzünü aparıcı xalq artistinə zillədi
ki, bəlkə yadından çıxıb, görsə,
sözü ona verər. O isə alçaq boyunu üst pilləkəndə
gizlədə-gizlədə danışır və növbəti
ifanı elan edir.
- İndi isə sizlər üçün oxuyur rus estradasının parlaq ulduzu Mariya Lisitsina! Alqışlarınızla!
Musiqiçilər bu himə bənd imiş kimi alətlərini stullarına qoyub ayağa durdular, kimisi holla papiros çəkməyə, kimisi isə onun yanına gəlib acgözlüklə yeməyə başladılar. Rusiyalı parlaq ulduz əlindəki balaca aləti oğlana verib mikrofonu aldı, bəylə gəlini təbrik edib oxumağa başladı. Səs şadlıq sarayının divarlarında əks olunub pərdələri külək kimi oynatdı.
- Sabir müəllim, niyə yemirsiniz? - Yanında oturan qarmonçalan idi, Sabir Səlimovun boşqabını paytaxt salatı, kabablarla doldurdu, stəkana içki süzüb onun qarşısına qoydu.
- Götürün!
- Mən içmirəm!
- Niyə, Sabir müəllim?
- Mən qavalı hələ sərxoş halda əlimə almamışam.
- Ay sağ ol, heç biz də sərxoş olanda çalmırıq. Yüz qramla sərxoş olmaq olar? Boğazınızı kompres edin ki, səs yaxşı çıxsın. Özü də bu araq ha deyil, viskidi. Məxsusi şeydi!
Əməkdar artist Səltənət Vəlvələçaylının gəlişi əhvallarını lap yüksəltdi. Hamı ilə, elə Sabir Səlimovla öpüşdü.
- Ə, viskini mənsiz içirsiniz?
- Məni istəyən Səltənət xanıma yüz qram südlü viski! - Qoşa nağaraçalan boş qədəhi ağzınacan doldurub ona uzatdı.
- Belə ola həmişə! - dedi, stəkanını Sabir Səlimovla, o birilərlə döyüşdürdü və birnəfəsə başına çəkdi. Sabirin stəkanı içməmiş stola qoyduğunu görüb üstünə şeşələndi.
- Sabir müəllim, cərimə olunacaqsınız, götürün için!
- Mən xəyanət eləyə bilmərəm.
- Xəyanət? Kimə? - Səltənət ucadan qəhqəhə çəkdi.
- Sənətə!
- Kim deyir ki, sən sənətə xəyanət edirsən? Stressini çıxarırsan. Sən gözəl xanəndəsən, gözəl insansan, bizim kimi flaşı ora taxıb yalandan atdanıb düşmürsən ki? Sən can qoyursan, boğaz yırtırsan. O boğazın dərmanı da budu. Ya Allah! Bu gedən yerə qada-bala getməsin.
Səltənət sanki Sabir Səlimovu ovsunladı, ağlını başından çıxartdı və o stəkanı götürüb son damlasına kimi başına çəkdi.
- Yemək, Sabir müəllim, o yağlı tikəni götür, dişinə çək, viski sən gördüyün "Xan" arağı deyil.
Səltənətin məsləhəti gec idi, səhərdən ağzına bir loxma almayan, çay stəkanlarını tütünün tüstüsü ilə yavanlıq edən Sabir Səlimovun beyni dumanlanmış, gözləri yaşarmışdı, ürəyinin möhkəm döyündüyünü hiss edirdi.
- Bu nəydi,
ə, mənə verdiniz? Zəhrimar dadır.
Gülüşdülər.
- Elə
bil, ay Sabir müəllim, ömründə birinci dəfədi
içki içirsən? Ancaq, uşaqlar,
görürsünüz, içki Sabir müəllimə
düşür. Baxın, yanaqları
qıpqırmızı olub.
Mariya rəqs edənlərin arasında
itib-batmışdı, təkcə səsi eşidilirdi.
- Bir də
fırla! - Səltənət qoşa nağara çalana
üz tutdu. Özü də az-az süz,
ağzına kimi doldurursan, heç dodaq yeri də qalmır.
- Mənə
süzmə! Bəsdi. Daha yox!
- Ə, yekə oğlansan, adın-sanın var, o boyda
xalqı təmsil edirsən. On qram mənim
sağlığıma içməyəcəksən?
On qram
Sabir Səlimovun əhədini kəsdi, hiss etdi ki, sərxoş
olmağa yaxınlaşır, ayağa durub səndirlədi,
sonra özünü ələ alıb addımlarını
tarazladı.
- Hara,
Sabir müəllim? Bir tikə yeyin də! Heç
nə yemədiniz ki?
- Gəlirəm.
- Sabir
müəllim, mənim ayrı toyum da var, mən oxuyum, siz
sonra...
- Ssenaridə
necədi?
- Nə
ssenari? Ssenari də var?
- Əlbəttə, ssenarisiz də toy olar?
- Mən
bilmirəm, o biri toya gecikirəm. - Səltənət
Ağafaiq tərəfə addımladı, əli ilə
yanına çağırdı.
- Ssenaridə
kimlər var?
- Tamara
Qurgenidze, Mahsum Qırmızıgül, "Kristal".
- Ağa,
bundan sonra mənəm ha.
- Qoy aşı verək, baxarıq.
- Adə,
aşa kimi var, mən getməliyəm...
Sabir Səlimov bunları eşitdi, bildi ki, ona ehtiyac
olmayacaq, bu axşam mikrafonu əlinə alıb oxumaq qisməti
olmayacaq, buna hətta sevindi, çünki o içdiyi viskidən
meyxoş olmuşdu, oxumaq halı qalmamışdı, yeganə
çəkinəcəyi uşaqlar idi. Oğlu da, qızı da
üstünü kəsəcəkdilər ki, nooldu, ata, toya
getmişdin, nə qazanmısansa, bir günlük məktəb
və yol pulunu da sən ver. O, uşaqlarının yanında
xəcalətli qalacaqdı, ona görə yox ki, pul qazana bilməmişdi,
- uşaqlar buna adət etmişdilər və umacaqları da
yox idi - ona görə ki, ömrünün qırx doqquzuncu
ilində ilk dəfə evə sərxoş vəziyyətdə
gəlirdi. Kibriti çıxarıb qəlyanına od vurdu və qəribə idi ki, elə birinci
gilədən qəlyan tüstüləndi. Sabir Səlimov bir
az ürəklənən kimi oldu, deməli
o qədər də sərxoş deyilmiş. Hollda o yan-bu yana gəzib gözdən qıraq küncdə
oturdu, çayçı oğlanı ucadan yanına
çağırdı.
- Tünd
çay!
İçəridən Səltənət Vəlvələçaylının
fonoqramının səsi gəlirdi. Mariya Lisitsina yəqin
müğənnilərin stolunda oturub "Badamlı" suyu,
ya da viski içirdi. Qapının
ağzında rəqqasə oğlan və qız dayanıb
gözləyirdilər.
***
- Sabir? Bu sənsən? Nə xoş təsadüf?
Qarşısındakı adamı əvvəlcə
kölgəli gördü, sonra orta məktəb
yoldaşı Ələddin olduğunu ayırd edib yerindən
dik atıldı, qucaqlaşıb görüşdülər.
- Sən
hara, bura hara?
- Müəllimin
şirkətində işləyirəm.
- Elə?
- Bir az gec gəldim. Sənin
çıxışın yəqin olub qurtarıb.
Heç nə deməyib eşitməməzliyə vurdu.
- Yenə
oxuyacaqsan?
- İmkan olsa.
-
Ordan-burdan oxuyanları çox çağırıblar. Özümüzünkülər azdı.Biz beləyik
də? Ona-buna xərcləməyi
xoşlayırıq.
Danışdılar, xatirələri bir də
çözələdilər, Sabir Səlimov o illərə
qayıtdıqca viskinin təsiri yavaş-yavaş ötüb
keçirdi.
-
Yadındadı? - dedi Ələddin -
Cıdır düzünə gedəndə oxuduğun
"Segah"? Bizim yanımızda utandın,
keçib ağacın arxasında oxudun. O zəngulələr
hələ də qulağımızdan getməyib. Konsertlərinə qulaq asmışam, helə
oxumağın təkrar olunmur.
Ələddinin
yoldaşları ilə tanış oldu,
çay içdilər.
-
Ordakı kimi oxuya bilərsənmi?
Yadına saldı, sinif yoldaşları idi, bir də
sinif rəhbəri İsmayıl müəllim. Dedilər ki,
Cıdır düzünə gələsən, "Segah"
oxumayasan.
Sabir "Seyah"ı gözəl oxuyur. Birdən Sabir
Səlimov yerini rahatlayıb, nəfəsini təmizlədi, əlini
qulağının dibinə aparıb aramla oxumağa
başladı.
Hamı səssizcə qulaq asırdı. Holldakıların
bəziləri də nəzərlərini Sabir Səlimova
yönəltmişdilər. O, şövqlə, ürəklə
oxuyur, oxuyurdu. Qəzəli tamamladı. Ona qulaq asanlar əl çaldılar, əvvəlcə
Ələddin, sonra onun yoldaşları əllərini Sabir Səlimovun
cibinə saldılar.
Ayrılıb liftə tərəf addımladı. İş
adamının qardaşı iki nəfər qonağı yola
salırdı.
- Narahat
olma, indilərdə sənə də növbə
çatacaq. Müğənnilərin yanında
ol, buralarda hava qəbul elə, dincəl.
Sabir Səlimov qonaqlardan qabaq liftə minib mənfi bir
düyməsini basdı.
- Buralarda
olun, ayaqyoluna dəyim, indi əlimi yuyub gəlirəm.
İsmayılzadə,
Müzahim.
Ədalət 2018.- 14 aprel - S.16.