Mayis Səlimin lirikası

 

XX əsrin ikinci yarısı, XXI əsrin əvvəllərində Şəkidə gedən ədəbi prosesin aparıcı simalarından biri Mayis Səlimdir. XX əsrin 70-ci illərində ədəbiyyata gələn Mayis Səlim Şəkidə fəaliyyət göstərən "Səbuhi" ədəbi məclisinin fəal üzvlərindən olmuş, hazırda Azərbaycan Yazıçılar Birliyininonun Şəki Bölməsinin üzvüdür.

Mayis Səlim zəngin ömür yolunu poeziyasında yaşadan şairlərdəndir. Əsərlərinə diqqətlə fikir verdikdə görürsən ki, hər şeirin arxasında onun həyatının bir səhifəsi durur. Müəllimlik kimi çətin və şərəfli bir sahədə istedadlı bir müəllim kimi paxıllarla üzləşib "Qəm məclis quranda baş oluram mən", "Kədər evimdə bəydi" - desə də, yaxud taleyindən şikayətlənib poetikcəsinə:

 

Gözlərimi açandan,

da gördüm, qara da.

Taleyimdən bolluca,

Dərd aldım, yara da -

 

söyləsə , əyilməmiş, həmişə məğrur, başıuca gəzmişdir.

Şair həyatın mizan tərəzisində həmişə düzlüyü axtararaq şeirlərində doğruluğu, həqiqəti təbliğ etmiş, yalana, hədyan yazmağa qarşı çıxmışdır:

 

Yoluma qaytar məni,

Yolumu azmışamsa,

Sındır, at bu qələmi,

Yalan, şər yazmışamsa.

 

Məhz həyat şairi olduğuna görə, Mayis Səlimin şeirləri müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, yaradıcılığında ədəbiyyatşünaslıq elmimizin sənətkarın qarşısında qoyduğu bütün tələblərə əməl olunmuş, əsərlərində məzmun forma vəhdəti bir-birini tamamlamışdır.

Mayis Səlimin ilk şeirlər kitabı 1998-ci ildə "Mən hardan biləydim" adı ilə nəşr olunmuşdur. Kitaba "ön söz" yazan jurnalist B. Süleymanov Mayis Səlim poeziyasının təpəri ilə bağlı yazır: "Mayis Səlim böyük poeziyaya gedən yolun başlanğıcındadır. Bu yol şərəfli müqəddəs olduğu kimi, çətin əzablıdır. Enişli-yoxuşlu, daşlı-kəsəklidir. Onun bu yolda büdrəmədən irəliləməyə gücü çatacaqmı?"

Şanki qoyulmuş sualın məsuliyyətini dərindən dərk edən müəllif özünün dediyi kimi, "boyu balaca, özü dərin" söz dənizi yaratdı. Şair 2005-ci ildə nəşr etdirdiyi "Dəniz ömrü" adlı ikinci kitabında "Tənqidçimə" adlı şeirində sözünün sərrastlığını oxucusuna çatdıraraq yazdı:

 

Gəl mənim şeirimi tənqid eləmə,

Demə ki, orası, burası belə,

Sən öz xəlbirinlə onu ələmə,

Heç gəlməyəcək axırda ələ.

 

Bu misralar böyük poeziyada öz yolunu tapıb, öz dəst-xətti ilə addımlayan bir şairin özünə inamının ifadəsi idi.

Mayis Səlim lirik şairdir. Onun lirikası mövzu etibarilə çoxşaxəlidir. Təbiət lirikası ilə ədəbiyyata gələn şairin yaradıcılığında vətənpərvərlik, ictimai, didaktik-əxlaqi, məhəbbət mövzusu aparıcı yer tutur. Ədəbiyyata atdığı ilk addımlarından təbiəti tərənnüm edən Mayis Səlim yaradıcılığında coşqun vətənpərvərlik duyğusunu büruzə vermişdir. Mayis Səlimin Vətəninə olan məhəbbəti onun ürəyinin dərinliklərindən gələn bir sevgi kimi özünü göstərir misralarında əbədiləşir. Əbəs deyildir ki, şair ilk kitabı olan "Mən hardan biləydim" kitabının birinci bölməsini "Sənsiz gülmərəm, Vətən!" adlandırır. Diqqətlə oxuyanda şairin ən gözəl təşbehləri, epitetləri, qabarıq mübaliğəni vətən şeirlərində işlətdiyini görürük.

Şairin fikrincə, hər hicrana dözmək olar, ancaq vətən hicranından başqa. Şair vətəndən ayrı düşməyi ən böyük dərd sayır. Vətənsiz insanın kədərini ifadə edərək yazır:

 

Bir sənin hicranına

Dözə bilmərəm, Vətən!.

Heç ovutmaz məni,

Sənsiz gülmərəm, Vətən!.

 

Səndən ayrı bir anı,

Gün nədi, il bilərəm.

Anasını itirmiş,

Quzu kimi mələrəm.

 

Mayis Səlimin vətənpərvərlik ətri çiləyən poeziyasında Azərbaycan gözəlliyinin tərkib hissəsi olan yurd gözəlliyi, qoynunda gəzdiyi torpaqların gözəlliyinin vəsfi, tərənnümü mühüm yer tutur. Şair turistlər oylağı olan Şəkinin təbii gözəlliklərini oxucusuna çatdırmaq üçün sözün gücündən məharətlə yerində istifadə edir. Şair Şəkinin gözəllik məkanlarından olan "Marxal" adlı şeirində bu gözəl məkanı şəhərin qonaqlarına təqdim edərək yazır:

 

Ay bu yerə gələn qonaq,

Ehtiyatlı yeri bir az,

Bənövşəni incidərsən,

Gülüstandı burda hər yan,

Bihuş edər ətri səni,

Əl uzadıb çiçək dərsən.

 

Mayis Səlimin yaradıcılığında vətən mövzusu mərhələli deyil, daimi xarakterdədir. Özü Vətən məfhumunu şair bütöv halda götürərək yaradıcılığında Cənub mövzusuna da müəyyən yer vermişdir. Bu baxımdan şairin əsərləri sırasında "Təbriz bayatıları" adı altında üç xoyrat diqqətimizi cəlb edir. Xoyratları oxuduqca "zalım fələyin hökmü" ilə bir-birindən ayrı salınmış iki qardaşın xiffətini çəkən vətənpərvər bir şairin ürək döyüntülərini eşidirsən:

 

Təbrizi,

Görəmmədim Təbrizi,

Zalım fələyin hökmü,

Gör ayırdı bizi.

 

Şair Təbrizi görmək arzusu ilə alışıb yanır. O, qədim Təbriz şəhərinə getmək, oranı gəzmək eşqi ilə yaşayır:

 

Deyib-gülsəm,

Ürəkdən qəmi silsəm,

O gün qurban kəsərəm,

Təbrizə gedə bilsəm.

 

Mayis Səlimin ictimai məzmunlu lirikasının da özülünü vətənpərvərlik motivləri təşkil edir. 1980-cı illərin sonlarında xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, manqurt rəhbərlərin kürsü uğrunda mübarizəsi, "böyük qardaş"ların xəyanəti nəticəsində xalqın bəlalara düçar olması Mayis Səlim poeziyasının aktual mövzularındandır. Şair "Niyə?" adlı şeirində millətin öz gələcəyinə olan laqeydlik hissini ürək ağrısı ilə qələmə alaraq yazır:

 

Kəsdi qılıncımız öz başımızı,

Sürüb üstümüzə gəldi yağılar,

Ağlayıb axıtdıq göz yaşımızı,

Baxıb fərəhləndi, güldü yağılar.

 

Şairin düşmənə qəzəb nifrəti "Bamsı Beyrəyə" adlı şeirində daha dərin öz ifadəsini tapır. O, mənfur qonşularımızı Yalıncığa bənzədərək Bamsı Beyrəyi onu öldürməməkdə günahlandırır:

 

Yalıncıq yaşadı, nəsli çoxaldı,

Nəvə-nəticəsi gör qədərdi!

Uca kürsülərdən səsi ucaldı,

Kimə söyləyəsən indi bu dərdi?

 

Hardandır bu qədər rəzalət, kələk,

Qurtula bilmirik şərdən, fitnədən,

Eh sənə deyim, a Bamsı Beyrək.

Niyə öldürmədin Yalıncığı sən.

 

1990-cı ilin sonu, 1992-ci ilin əvvəlləri ücün səciyyəvi olan hakimiyyət dərəbəyliyi, iqtisadi çətinlik qıtlıq, əhalinin ağır güzəranı Mayis Səlim poeziyasından əsas ictimai mövzu kimi yan keçməmişdir. Şairin "Satıram", "Varmı?" şeirləri bu qəbildəndir. Hər iki şeirdə ictimai məzmun güclüdür. "Varmı?" şeirində şair zamanın ağır gərdişini təsvir edərək yazır:

 

Zaman bilmir varı-yoxu,

Saya salmır acı-toxu,

Dildə qurban gedir çoxu,

Heç ölənlə olən varmı?

 

Şair torpaqlarımızın bir-birinin ardınca işğal olunmasını da milli birliyin olmaması, vəzifə hərislərinin milli xəyanəti, satqınlığı ilə əlaqələndirərək "Oxuma, bülbül" şeirində yazır:

 

Namusu, qeyrəti pula satanlar,

Axırda Şuşanı satdılar, Allah!

Vətəni kürsüdən ucuz tutanlar,

Sinəmdə bir ocaq çatdılar, Allah!

Alışıb dönmüşəm külə, oxuma,

Oxuma, bülbülüm, belə oxuma.

 

Mayis Səlimin ictimai lirikasını zamanın güzgüsü adlandıra bilərik. Şair dəhşətli 20 Yanvar faciəsini poeziyasında böyük ürək ağrısı ilə qələmə almışdır. Bu mövzu ilə bağlı onun yaradıcılığında bir neçə bədii nümunəyə rast gəlinir. Bu baxımdan "Şənbə gecəsində" şeiri daha diqqətəlayiqdir. Şair cəmi beş bəndlik bir şeirdə xalqın azadlıq uğrunda mübarizəsinin məqsədlərini faciəsinin ağır nəticələrini yaddaşlara yaza bilmişdir. Şeirin hər bəndi oxucuya dərin təsir bağışlayır onu mübarizəyə səsləyir:

 

Dərd bizi qəfil haqladı,

Hər tərəf qara bağladı,

Yer , göy qan ağladı,

Qanlı şənbə gecəsində.

 

Şair şeirin sonuncu bəndində milli oyanışın nəticəsini, millətin özünüdərkini əks etdirərək yazırdı:

 

Od oğluyuq od olurduq,

Bu torpağa ad olurduq,

Biz təzədən doğulurduq

Qanlı şənbə gecəsində.

 

Mayis Səlimin bu mövzuda yazmış olduğu ən təsirli şeiri şəhid anasının dilindən yazılmış "Niyə gəlmədin?" şeiridir. Şeirdə oğul böyüdüb onun barını dərməyən, oğlunun şəhid olması ilə arzuları puç olan, gözü yolda, qulağı səsdə qalan bir ananın lirik düşüncələri oxucunun ürəyini ağrıdır:

 

Bax bu sırğa, bu üzük,

Hazırdır hər bir şeyim.

Yolda qoyma gözümü,

Gəl toyunu eyləyim...

Qızlar hey gəlin köçür,

Gözlərim qan-yaş tökür-

niyə gəlmədin?

 

Şeiri oxuyan elə bir oxucu tapılmaz ki, o ana kədərini anlamasın, bu kədər onun qəlbini ağrıtmasın.

Mayis Səlimin realist məzmunlu poeziyasında onun müəllimliyindən irəli gələn əxlaqi-didaktik motivlər də diqqəti cəlb edir. Müəllim-şair gələcəyimiz olan gəncliyi vicdanlı, dostluqda sədaqətli, sirr saxlamağı bacaran bir insan kimi görmək istəyir. Mayis Səlimin poetik dünyasında tərəfkeşlik anlayışı yoxdur. Şair hamıya eyni gözlə baxır. Onun tənqidində də, tərifində də dost-düşmən anlayışı eynidir. Dostluğa qiymətli mənəvi amil kimi baxan şairin sədaqətsiz, səxavətsiz, kərəmsiz dostlara nifrəti böyükdür:

 

Dostum vardı tüküm sanı,

Dar günümdür, indi hanı?

"Dost" dağıdan xanimanı,

Düşmən yıxmadı, yıxmadı.

 

Pul düşkünlüyü, varlanmaq ehtirası, yoxsula, acizə olan istehzalı münasibət də mənfi etik keyfiyyətlər kimi Mayis Səlimin şeirlərində pislənilir:

 

Mizan-tərəzinin gözü əyilir,

Acizin-fağırın haqqı yeyilir.

Pulun şərəfinə sağlıq deyilir.

Yandırır məni .

 

(ardı gələn sayımızda)

 

 

 

Kamil

Adışirinov

filologiya üzrə

fəlsəfə doktoru

 

Ədalət 2018.- 14 aprel.- S.14.