Nağıllara inamı itirməmək
Gənc rejissor Anar Məmmədov hansı Xalq artisti ilə birgə çalışmaq
istəmir?
Rejissor Anar Məmmədov Əməkdar
incəsənət xadimi
Bəhram Osmanovun istedadlı yetirmələrindən
biridir. Quruluşçu
rejissor kimi A.Şaiq adına
Dövlət Kukla Teatrında çalışsa
da tez-tez ölkənin müxtəlif
teatrlarından da dəvət alır. Anarın bu günlərdə hazırladığı daha
bir tamaşanın premyerası oldu. Gənc rejissorun quruluş verdiyi "Şəngülüm,
Məngülüm" bir
neçə məsələyə
görə diqqət çəkdi, tamaşaçılar
bu məşhur əsəri ilk dəfə
monotamaşa kimi izləyə bildilər.
Üstəlik, Dövlət Musiqili
Teatrının tanınmış
aktrisalarından sayılan
Ülviyyə Əliyeva
Kukla Teatrının səhnəsində debüt
etdi.
Həmsöhbətim bu müsahibədə balaca tamaşaçılar
üçün səhnə
əsərləri hazırlamağın
özəlliyindən, gələcək
yaradıcılıq planlarından
danışır.
- Anar, Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevanın
iştirakı ilə
Kukla Teatrının səhnəsində monotamaşa
hazırlamaq ideyası
birdən-birə yaranmayıb
yəqin ki...
- Sözün açığı,
təklif elə Ülviyyə xanımın
özündən gəldi.
O, bizim teatrın yaxın dostlarından biri kimi xeyriyyə
tədbirlərimizdə iştirak
edir, tamaşalarımızı
izləyir, necə deyərlər, kollektivin yaradıcılıq potensialına
və texniki imkanlarımıza bələddir.
Ülviyyə xanımın təklifini
teatrın rəhbərliyi
maraqla qarşıladı
və müsbət dəyərləndirdi. Ümumiyyətlə direktorumuz Rəşad Əhmədzadə maraqlı
ideyalara həmişə
həssas yanaşır
və qiymətləndirməyi
bacarır. Məhz Rəşad
müəllimin də
yaxından iştirakı
ilə Ülviyyə xanımla müzakirələr
apardıq və sonda Mikayıl Müşfiqin xalq nağılları əsasında
yazdığı "Şəngülüm,
Şüngülüm, Məngülüm"
pyesi üzərində
dayandıq. Bu əsər
müxtəlif vaxtlarda
teatrımızda səhnəyə
qoyulub, lakin biz tamam fərqli bir iş ortaya
qoymaq istəyirdik. Ona görə də pyesdə müxtəlif ixtisarlar apardım, onu monotamaşa üçün uyğunlaşdırdım.
İşin ən məsuliyyətli tərəfi
məhz Ülviyyə
xanımın üzərinə
düşmüşdü, çünki monotamaşada
6 obrazın hamısını
- Nağılçını, Dəmirçini, Ana keçini,
Şəngülümü, Məngülümü və
Canavarı bir aktrisa oynamalı idi. Səhnədə kuklalarla ilk dəfə
oynamasına baxmayaraq,
Ülviyyə Əliyeva
çətinliklərin öhdəsindən
gəlməyi bacardı.
Teatrımızla sıx əməkdaşlıq
edən Əməkdar
artist, bəstəkar-ifaçı Elza Seyidcahanı da bu layihəmizə
cəlb etdik və Elza xanım
tamaşa üçün
maraqlı musiqi yazdı. Səhnə tərtibatı isə
İqbal Əliyevə
həvalə olundu.
Hesab edirəm ki, birgə səyimiz öz nəticəsini verdi
və sonda balacalar üçün maraqlı tamaşa hazırlaya bildik.
- Balacalardan söhbət düşmüşkən, Kukla
Teatrında çalışanlar
deyir ki, uşaqlar üçün
tamaşa hazırlamaq
daha çətindir və fikirlərini əsaslandırmaq üçün
arqumentlər də gətirirlər. Bir rejissor kimi sənin
də yəqin bu məsələyə öz baxışın var...
- İşimiz təkcə
çətin deyil, həm də məsuliyyətlidir. Məhz məsuliyyət məsələsini
daha çox qabardardım, çünki
bizim teatrlarımız
üçün gələcəyin
tamaşaçılarını hazırlamaq kimi bir vacib missiyamız
da var. Və bu missiyanı daşımaq həqiqətən
də məsuliyyətli
bir işdir.
Etiraf edək
ki, bu gün
istər valideynlər,
istərsə də bağça və məktəblərdə çalışan
pedaqoqlar müxtəlif
səbəblər üzündən
uşaqların tərbiyəsinə
o qədər də vaxt ayıra bilmirlər. Biz hazırladığımız
tamaşalarla valideynlərə
və müəllimlərə
bir növ yardımçı oluruq,
uşaqların vətənpərvərlik
ruhunda böyümələrinə,
dürüst olmalarına,
yaxşını pisdən
ayıra bilmələrinə
çalışırıq.
İşimizin çətinliyinə gəlincə,
XXI əsrdə yaşayan
balaca tamaşaçıların
internetə çıxışı
var, mobil telefon və planşetlərdən sərbəst
istifadə edə bilirlər. İndi səhnədən onları təəccübləndirmək
elə də asan deyil. Şəxsən mən çalışaram
ki, uşaqlar nağıllara inamı itirməsinlər. Fikrimcə, insanların
formalaşmasında nağılların
böyük rolu var.
- Bu məsələdə səninlə
mübahisə etmək
fikrində deyiləm,
amma nağıllarımızda
qardaş qardaşını
quyuya salıb ipini kəsir, bir içim suya görə gözünü çıxarır...
- Dünya xalqlarının nağıl və əfsanələrində də
belə məsələlər
yetərincədir. Balaca
qardaş böyüklərdən
həmişə ağıllı
olur və s. Mən balaca tamaşaçılarımıza həmişə yaxşı
nümunələrin təqdim
olunmasının tərəfdarıyam.
Ona görə də uşaqlar üçün
tamaşa hazırlayanda
bu məsələlərə
xüsusi fikir verməyə çalışıram.
- Müxtəlif teatrlarda tamaşa hazırlamağa
dəvət olunursan. "Kukla Teatrının
rejissoru gəlib bizə səhnədə necə gəzməyi, danışmağı öyrədir"
kimi replikalar eşitdiyin anlar olubmu?
- Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrında Anarın
"Qaravəlli", Xeyrəddin
Qocanın "Vəzifə
dəlisi", Elçin
Hüseynbəylinin "Qaçaq
qocalar" pyeslərinə
quruluş vermişəm.
Başqa kollektivlərlə
çalışanda heç
vaxt ironiya-filan hiss etməmişəm. Hər
halda üzümə bir söz deyən
olmayıb, bəlkə
arxamca nəsə danışıblar... Mədəniyyət
və İncəsənət
Universitetində təhsil
alanda müəllimimiz
Bəhram Osmanov bizi hərtərəfli rejissor kimi hazırlamağa
çalışırdı, istəyirdi ki, Musiqili Teatrda da, televiziyada da tamaşalara quruluş verməyi bacaraq, kütləvi tədbirləri də qura bilək.
- Digər teatrlarımızla
birgə əməkdaşlığın
davamını gözləyəkmi?
- Təklif gəlsə dəyərləndirmək olar.
Musiqili Teatrın rus truppasında Fransis Veberin "Dəlilərlə
şam yeməyi" adlı vəziyyət komediyasını hazırlamaq
istəyirəm. Sözün açığı,
teatrın rəhbərliyi
ilə bu barədə heç söhbətimiz olmayıb.
Başım "Şəngülüm,
Məngülüm" tamaşasının
hazırlığına qarışmışdı,
onu təhvil verəndən dərhal sonra da "Min bir gecə" nağılları əsasında
səhnələşdirdiyim "Əlibaba və 40 quldur" tamaşasının
məşqlərinə başlamışam.
Yeni səhnə əsərində
görkəmli bəstəkar
Fikrət Əmirovun musiqilərindən istifadə
olunacaq, quruluşçu
rəssam İqbal Əliyev maraqlı tərtibat hazırlayır.
- Xalq artisti Ramiz
Məmmədovun ailəsində
dünyaya gəlmisən.
Ramiz müəllimlə
söhbətlərimizin birində
dedi ki, Anar Mədəniyyət və İncəsənət
Universitetində oxuduğu
dövrdə ayağım
bir dəfə də olsun həmin
ali məktəbə
dəyməyib, oğluma
görə heç vaxt heç kimdən heç nə xahiş etməmişəm...
- Atam düz deyir,
tələbəlik dövründə
tanınmış aktyorun
oğlu olduğumu büruzə verməmişəm,
yalnız üçüncü
kursun sonunda dekanımız Ötkəm
İsgəndərov bildi
ki, mən Ramiz Məmmədovun övladıyam.
- Amma bildiyim qədəri
ilə quruluş verdiyin tamaşalara gəlib baxır...
- Desəm ki, sənət barədə heç söhbət eləmirik, yalan olar. Bütün premyeralarımda iştirak
edir əlbəttə.
Öz aramızda müzakirələr
aparırıq, öz
tövsiyələrini verir.
Atamın məsləhətlərinə çox ehtiyacım var. İllərini bu sənətə verib, müxtəlif obrazlar yaradıb, korifey sənətkarlarımızla çiyin-çiynə
çalışıb. Belə bir sənət adamının fikirləri,
irad və təklifləri mənim üçün çox önəmlidir.
- Ramiz müəllimi hazırladığın hansısa
tamaşada aktyor kimi görə biləcəyikmi?
- Gələcəkdə ola bilər, amma bu gün atamla
bir tamaşa üzərində çalışmaq
çətindir.
- Niyə?
- Özümü buna hələ ki, hazır bilmirəm.
Ədalət 2018.- 14 aprel.-
S.10.