AÇIQ MƏKTUB

 

Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti, əməkdar incəsənət xadimi Yasif Nəsirliyə

 

 

Qədir Tərtərli

AYB-nin üzvü, "Qızıl qələm"

mükafatı laureatı

 

Çox hörmətli Yasif müəllim! Öz dəst-xəttinizlə yazıb avtoqrafla mənə bağışladığınız "Zaman" adlı ədəbi düşüncələrdən ibarət kitabınızın üçüncüsünü çox diqqətlə oxudum. Oxudum demək bəlkə də azdır. İnanın ki, su kimi içdim həmin kitabı. Etiraf edim ki, son illərdə oxuduğum kitabların içərisində ən çox xoşuma gəlib ürəyimə yatanı məhz elə Sizin bu kitabınız oldu.

Kitabınızı belə maraqla, necə deyərlər, birnəfəsə oxumağım heç də səbəbsiz deyildi. Bəri başdan onu bildirim ki, namizədlik dissertasiyanızın tədqiqinə həsr olunmuş "Danabaş kəndinin əhvalatları" povestinin müəllifi, görkəmli klassikimiz Mirzə Cəlil və ötən əsrimizin poeziyasında günəş kimi parlayan, ölməz şeirləri, nəğmələri, poemaları dillər əzbəri olan Nəbi Xəzri mənim ən çox sevdiyim sənətkarlardandır.

Siz çox haqlı olaraq bu böyük sənətkarların yaradıcılığına xüsusi diqqət yetirmiş, onların ayrı-ayrı əsərlərini dərindən, həm də çox böyük məharətlə təhlil etmiş, bununla bərabər, həm də öz ədəbi istedadınızı nümayiş etdirmisiniz. Mən yersiz şişirtmələri, lüzumsuz mübaliğələri heç vaxt xoşlamamış, daim həqiqətin olduğu kimi deyilməsinin tərəfində dayanmışam. Yaxşıya yaxşı, pisə pis demişəm. Belə olduğu halda, necə ola bilər ki, kitabınızın əsl qiymətini verməkdə xəsislik göstərim, bu yolda çəkdiyiniz zəhməti, yaradıcılıq əzablarınızı lazımınca qiymətləndirməyim?

Bəli, doğrudan da kitabınız sevilməyə və təqdir olunmağa layiqdir. Mən burada yersiz şişirtmələrə, ürəkdən gəlməyən qondarma fikirlərə rast gəlmədim. Şübhəsizdir ki, təbiilik hər yerdə öz sözünü deyir.

Yeri gəlmişkən, onu da bildirməliyəm ki, mən Sizin bu kitabınızdan indiyədək mənə məlum olmayan çox şeylər öyrəndim. Həm Mirzə Cəlilin, həm də Nəbi Xəzrinin şəxsi həyatları və keşməkeşli ömür yolları barədə. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətli Yasif müəllim! Kitabınıza çox qiymətli, dərin məzmunlu, həm də deyərdim ki, poetik ruhlu ön sözü yazmış Böyük BritaniyaŞimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun keçdiyiniz həyat yolu və şəxsi keyfiyyətləriniz barədə dedikləri məndə haqqınızda çox geniş təəssürat yaratdı. Qəzənfər müəllimin "Kövrək duyğular" adlı ön sözündə yaradıcılığınız barədə xeyli söhbət getdiyindən, yenidən onları təkrar etmək istəmirəm. Odur ki, mən bu məktubumda yaradıcılıq uğurlarınızdan deyil, onlardan qat-qat yüksəkdə dayanan şəxsi keyfiyyətlərinizdən - insanlara göstərdiyiniz diqqət və qayğıdan, sədaqət və səmimiyyətinizdən, təmənnasız yaxşılıqlarınızdan söhbət açmağı lazım bilirəm.

Deyirlər ki, insan yaranmışların əşrəfidi, ulu yaradanın cəmi yaratdıqlarının hamısından yüksəkdə - zirvədə dayanan məxluqdu. Yaradılanların hamısına görk üçün yaradılıb insan. Ondan ibrət götürülmək, yaxşı işlərini görüb bəhrələnmək üçün.

Həyat sübut edib ki, insan adı ilə, insan kimi dünyaya gələnlərin heç də hamısı eyni cür olmur. Dünyaya insan adı ilə gələnlərin "dünya beş gündür, beşiqara" - deyib ömrünü eyş-işrətlə keçirənləri, təkcə özü üçün yaşayıb nəfsinə və qarnına qul olanları da olur, həyata mənalı gözlə baxıb öz gözəl işləri, gözəl əməlləri ilə dünyanı daha da gözəlləşdirməyə çalışanları da. Neyləmək olar ki, varlığından yarandığımız ana torpaq qaratikan kolu da yetişdirir, qızıl gül də!

Əzizim Yasif müəllim, öyünməyə, sevinməyə, fəxrlə qürur hissi keçirməyə qanuni haqqınız var ki, Siz yuxarıda dediyimiz insanların ikincilərindənsiniz. Taleyiniz Sizi bu baxımdan xoşbəxtlərin xoşbəxti edib, yaradanınız Sizi sanki hamıya borclu olmağa, hamıya əvəzsiz yaxşılıq etməkdən zövq almağa yaradıb.

İnsan haqqında, insanın varlığı, şəxsiyyəti, dünyagörüşüonun həyat mövqeyi haqqında düşünərkən, heç də həmişə optimal fikirdə olmamışam. Bunun səbəbi isə çox sadədir. Ona görə belə fikirdə olmuşam ki, insan adını daşıdığı halda insanlıqdan kənar olanları görmüşəm. Öz şəxsi mənafeyi üçün başqalarına tor quranları, yaltaqlıq edənləri, rütbəcə özündən böyük olanlara yarınanları, böyüklərin ağa qara dediklərini istər-istəməz təsdiq edənləri görmüşəm.

Kim inkar edə bilər ki, belələri yoxdur bizdə? Var, özü də istənilən qədərdi. Yaxşılarımız, yaxşılığı paltar kimi əyninə geyənlərimizlə yanaşı, etdiyi yamanlıqdan, hər cür iyrənc hərəkətlərindən zövq alanlarımız, hətta bununla öyünüb fəxr edənlərimiz də az deyil.

Məni ən çox narahat edən, məndə bədbin əhval-ruhiyyə yaradan odur ki, yetərincə hər şeyimiz - dünyada analoqu olmayan yeraltı və yerüstü sərvətlərimiz, gözəl təbiətimiz, heç yerlə müqayisə olunmayan iqlim qurşağımız, daha nələrimiz, nələrimiz olduğu halda, etiraf etməliyik ki, mənəvi çatışmazlığımız, mənəvi yoxsulluğumuz da var.

Bununla necə sevinib fərəhlənmək olar ki, hər gün mətbuatı, televiziya verilişlərini izləyənlər şad xəbərlərdən çox bəd xəbərlərlə üzləşirlər. Oğurluq edənlərə, cibgirliklə məşğul olanlara, hətta öz yaxın adamlarının həyatına qəsd edənlərə az təsadüf olunmur. Haqlı olaraq təəccüblənməyə bilmirsən ki, nə üçün bəzilərimiz dünyada yaxşı olanlardan bəhrələnmək, yaxşılardan yaxşıları götürmək əvəzinə, milli mentalitetimizə xələl gətirən xoşagəlməz şeylərə meylli olmağı xoşlayırlar.

Əzizim Yasif müəllim! Elə bilirəm məni qınamazsınız ki, dünyanın indiki dövründə, elmin, texnikanın durmadan inkişaf etdiyi, geriliyin, savadsızlığın ləğv olunduğu bu günlərimizdə elmdən, mədəniyyətdən xəbərsiz olub böyük Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin məşhur qəhrəmanı Novruzəlidən bir addım irəli atmayanlarımıza da təsadüf olunur.

Bax, bu dəhşətdir, bu faciədir! Belə bir zamanda Sizin kimi insanlarla rastlaşanda gözlərində həyatın daha da gözəlləşdiyini görür, "hələ yaşamağa dəyər" - deyirsən. Sevinir, fəxr edir, dünyanın yaxşılardan xali olmadığını görüb qanuni iftixar hissi keçirirsən.

Fikirlərimi kitabınızın ön sözündə haqınızda deyilən bəzi faktlarla əsaslandırmaq istəyirəm.

Siz Moskvada - təhsilinizi başa vurduqdan sonra Bakıya qayıdıb Respublika Dövlət Təhlükəsizlik Komitəsinin beşinci şöbəsində işlədiyiniz zaman ziyalılarımıza elə köməkliklər etmisiniz ki, bunlara bəlkə çoxlarını inandırmaq çətin olar. Bunun ən maraqlı tərəfi odur ki, böyük xeyirxahlıq edib köməklik göstərdiyiniz adamların heç biri bu barədə Sizdən xahiş edib, Siz onlara etdiyiniz yaxşılıqlardan söhbət açmısınız. Belələrinə sevimli şair yazıçılarımızdan Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Sabir Əhmədovu, Söhrab Tahiri, Nüsrət Kəsəmənlini, Mövlud Süleymanlını neçə-neçə başqaların misal göstərmək olar.

idi bu adamların günahı? Kim idi onların kölgəsini qılınclayıb onlara hər cür böhtan şər-şəmata atanlar? "Ağacı həmişə qurd içindən yeyir" - deyirlər. Onların söhrətinə qıcanıb, istedadlarını gözləri götürməyənlər idi belələri. Özümüzü kəsən baltalarımız idi belələri.

Əgər yuxarıda adları çəkilən sənətkarlar haqqında yazılanlara azacıq laqeydlik göstərilsə idi, yoxlama işlərinin nəticəsinə görə yəqin ki, onlar dövlət mükafatlarından məhrum oluna bilərdilər. Siz isə belə haqsızlığa dözə bilməzdiniz Yasif müəllim! Odur ki, çox haqlı olaraq etiraz səsinizi ucaldıb, xilas etmisiniz sənətkar dostlarınızı.

Dövlət Təhlükəsizlik Komitəsində işlədiyiniz ilk illərdə "millətçilik antisovet ruhda" yazıldığı göstərilən 17 namizədlik doktorluq dissertasiyasını da bu yolla müdafiə edib ədalətin zəfər çalmasını sübuta yetirmisiniz.

Yeri gəlmişkən, elə buradaca bir haşiyə çıxmağı özümə borc bilirəm. Hamı çox yaxşı bilir ki, qanun qanundur. Ondan heç cürə kənara çıxmaq olmaz. Amma bunu da inkar edə bilmərik ki, dövlət qanunları ilə yanaşı, insanlıq qanunları da var. Belə qanunlarla geniş ürəkli adamlar - ədəbiyyatla nəfəs alan, humanist duyğulardan məhrum olmayan, daim ədəbi yaradıcılığın içində olan söz, sənət adamları işləyə bilərlər.

Sizin qələbənizin əsas deyərdim ki, başlıca göstəricisi məhz elə budur, əzizim Yasif müəllim! Siz bu dürüst haqlı yoldan heç cür kənara çıxa bilməzdiniz bilməmisiniz . Sizin böyük ürəyiniz, xeyirxahlıq insanlıq duyğularınız yol verə bilməzdi buna.

Taleyin qisməti heç kəsin özündən asılı deyil. Taleyi yüksək rütbəni, yüksək vəzifəni çox adamlara qismət eləyə bilər. Amma hər adam yüksək vəzifənin yüksəkliyini lazımınca dərk edib onu hörmətə mindirə bilməz. Xalqın hörmətini qazanıb, xalqın sevimlisi ola bilməz. Necə ki, böyük Səməd Vurğun deyirdi: "Xalq razı qalmasa bir hökmdardan, hakimi qurd kimi didəcək zaman".

Bu misalı gətirməkdə məqsədim, keçmiş tələbəlik dostunuz Əbülfəz Elçibəyə etdiyiniz qiyməti ölçüyəgəlməz yaxşılıqları onun zor gücünə vəzifəyə keçəndən sonra Sizə qarşı etdiyi nankorluğu açıqlamaqdır.

Soruşa bilərlər ki, Elçibəyə yaxşılıqlar etmisiniz? Qoy heç qaranlıq qalmasın. Əbülfəz Elçibəy həbsdə olduğu vaxt onun anasının adından ərizə yazdırıb, öz işçinizə barmaq basdırmış, lazım gələn yerlərə müraciət edib dostunuzu azadlığa buraxdırmısınız. Həmin hadisəni sonradan xatırlayaraq özünüz belə yazırsınız: "Beləliklə Əbülfəz Elçibəy azadlığa buraxıldı. Lakin sonradan məlum olanda ki, onun anası mənim qəbulumda olmayıb, ərizəni biz özümüz yazmış barmaq basmışıq, mənə sədrin əmri ilə töhmət elan etdilər. Bu mənim 35 illik fəaliyyətimdə aldığım ilk töhmət idi. Bu əhvalatdan indiyə qədər Əbülfəz Elçibəyin xəbəri yoxdur. Lakin Elçibəy hakimiyyətə gələrkən ilk işdən azad etdikləri adam mən oldum. Bəhanə bu oldu ki, guya mən demokratik fikirləri müdafiə etmirəm".

Neyləmək olar ki, Yasif müəllim? Hər kəs öz bacardığını qoyur ortalığa. Müdrik adamlar heç vaxt etdikləri yaxşılıqları dilə gətirib, baş töhməti eləməyiblər. "Balığı burax dəryaya, balıq bilməsə, xalıq bilər" - deyiblər.

Tale yollarımızın müəyyən anları bir-birinə oxşayır. Mənim keçdiyim həyat yolları da asan olmayıb. Mənə ən sarsıdıcı zərbə cəbhəçilərdən vurulub. Sovet dönəmində məsul vəzifələrdə işləmişəm deyə, Elçibəyin komandası mənə partokrat damğası vurub 4 ilə yaxın işsiz qoydular.

Hörmətli Yasif müəllim! Sizin xidmətləriniz təkcə yuxarıda dediklərimlə bitmir. Siz həmişə Vətən xalq qarşısında öz vətəndaşlıq borcunuzu ləyaqətlə yerinə yetirmisiniz. Mən ancaq onların cüzi bir hissəsini qələmə aldım. Qarabağ hadisələrinin ən qaynar vaxtlarında Qarabağ Təşkilat Komitəsi sədrinin birinci müavini kimi daim cəbhə xəttində olmuş, dəfələrlə təhlükəli anlarla üz-üzə gəlmiş, hətta Sizə xidmət edən UAZ-469 markalı avtomaşının yan şüşəsinə atılan qumbara qəlpəsindən yaralanmış, xoşbəxtlikdən ölüm təhlükəsindən xilas olmusunuz.

Mənə belə gəlir ki, Sizi həmin təhlükədən xilas edən böyük insanlığınız, xoş əməlləriniz, böyük ürəyiniz olub, Yasif müəllim! Sizin kimi adamlar bizə çox lazımdı. Yaşayın, var olun! Allah Sizi qorusun.

 

Ədalət.-2018.-17 aprel.-S.6.