MÜSTƏQİLLİK
İLLƏRİNDƏ SÖZ "QALA"SI YAPDI
Məmməd Kazımın unudulmaz
xatirəsinə
Ağır həyat məktəbi
keçmişdi: uşaqlıq
və gənclik illəri Böyük Vətən müharibəsinə,
ondan sonrakı məşəqqətli, aclıq
dövrünə təsadüf
eləmişdi. Ailənin
böyük övladı
olduğundan çiyinlərinə
yük düşmüşdü:
işləmək, evə
azuqə gətirmək,
qoca ata-anasına və kiçik-bacı qardaşlarına arxa durmaq.
Fiziki iş, gecə-gündüz çalışmaq
yeniyetmə Məmmədi
özündən çıxartmadı,
həyat eşqini azaltmadı. Üstəlik, bərkdən-boşdan çıxartdı. Doğulduğu
Masallı rayonunun Tatyan kəndində ağsaqqalların, ağbirçəklərin
diqqətini cəlb etdi və bir
gün istedadı üzə çıxdı
Məmmədin: məlum
oldu ki, o, "Məmməd Kazım"
imzası ilə yaxşı şeirlər
yazır, hətta yerli "Çağırış"
qəzeti (indiki "Masallı") sevib-seçdiyi
bu ad-soyad altında məqalələrini
çap etdirir.
Bütün çətinliklərin öhdəsindən
ləyaqətlə gələn
"əlaçı Məmməd"
(məktəbdə belə
adlandırırdılar onu
- müəllif) Azərbaycan
Dövlət Universitetinə
asanca imtahan verib müsabiqədən keçdi. Artıq Bakı mühiti
gözünü açdı.
Tələbəykən şeirləri
"Bakı", populyar
"Azərbaycan gəncləri"
qəzetlərində, "Kənd həyatı",
"Müxbir" jurnallarında
dərc olundu. Universitet qəzeti gənc şairin poeziya nümunələri barədə
resenziya çap etdirdi. Daim qardaşlarının xiffətini çəkən
Məmməd Kazım
doğma el-obasına döndü. Kitabxana müdiri
kimi, orta məktəb müəllimi
kimi fəaliyyət göstərdi. Necə deyərlər,
nə məktəbdə
yazı taxtası önündə tabaşiri
yerə qoydu, nə də evdə qələm-kağızı.
Arzu-istək Məmməd Kazımı
tezliklə Bakıya qaytardı. Yenidən qaynar şəhər
mühiti könlünü
qanadlandırdı. "Abşeron" qəzetində
çalışdı, dəyərli
zəhmət adamları
və görkəmli
elm-sənət korifeyləri
haqda oçerklər yazdı. Ancaq o, bu rayon qəzetinin
istiqanlı kollektivinə,
həlim təbiətli
Xırdalan camaatına
nə qədər qaynayıb-qarışsa da,
bu mühitə sığmırdı. O zaman
Azərbaycan Radio və
Televiziyası Verilişləri
Komitəsində redaktor
vəzifəsinə işə
götürüldü. Məmməd İsrafil oğlunun talantı və bacarığı sayəsində
burda hərbi-vətənpərvərlik
proqramı - "Hünər"
açıldı. Ətrafına Oqtay Rza, Ramiz
Duyğun, Şəmistan
Nəzirli kimi tanınmış söz ustaları cəmləşdilər.
"Hünər" proqramı o zaman üçün misilsiz tədqiqatlar apardı, müharibə dövründə
itkin düşmüş
Azərbaycan oğullarının
rəşadətli yoluna
işıq saldı.
Məhz elə bu proqrama
görə görkəmli
jurnalist Məmməd Kazım (1975-ci ildə) hər yazarın əlinin çatmadığı
"Qəzəl Qələm"
mükafatına layiq görüldü.
Məmməd Kazım onlarla şeir-poema, nəsr və publisist kitabların müəllifidir. Əlbəttə, cismani ölümə hamı məhkumdur, xoşbəxlik ondadır ki, sözü yaşadıqca, özü
də yaşayacaq, ürəklərdə heykəli
ucalacaq. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanov barədə epik poemanın və dörd hissəli mənzum dram əsərinin
müəllifidir. "Leytenant
Kərimov və dostları" sənədli
povesti, "Mirhəsən
xanın övdadları"
tarixi romanı, son illərdə yazdığı
"Ya Peyğəmbər"
poeması kitab şəklində təkrar-təkrar
nəşr olunmuş,
adına oxucu sevgisi qazandırmışdır.
Müstəqillik illərində Məmməd
Kazım daha böyük vüsətlə
çalışdı. O, Azərbaycanda
ilk ədəbi-bədii müstəqil
qəzetin təsisçisi
və baş redaktoru olmuşdur. Masallı şəhərində çıxan
"Qala" qəzeti
həqiqətən bir
möhtəşəm söz
qalası idı.
Baxmayaraq ki, rayonda fəaliyətə başlamışdı, bütün
respublikanın ən populyar imzaları "Qala"nın səhifələrində parlayırdı.
Bəxtiyar Vahabzadə,
Məmməd Araz, Nəriman Həsənzadə,
Fikrət Qoca, Şəkər Aslan, Məmməd Aslan, Məmməd İsmayıl
və başqaları
ehtiramla bu qəzetə əsərlərini
göndərirdilər. İndi
ədəbi arenada imzaları tanınan Əlizadə Nuri, Arif Fərzəli, Salam Sarvan, Balayar Sadiq, Ədalət Salman, Qəni Bəxtəvər, Süleyman
Əlisa, Nurəddin Ədiloğlu əsərlərinin
xeyli qismini "Qala"da çap etdirmiş, hətta qonorar da almışlar.
Təəssüf ki, bu yaxınlarda
üzücü bir xəbər hamımızı
sarsıtdı. Görkəmli şair, nasir,
publisist Məmməd Kazımın həyata vida deməsi qələm dostlarını,
geniş oxucularını
bərk-bərk kədərləndirdi.
Sabah böyük sənətkarın, bənzərsiz
və qayğıkeş
insanın vəfatının
40-cı günüdür. Ulu Tanrıdan söz mülkündə özünəməxsus
"Qala" ucaltmış
Məmməd Kazımın
müqəddəs ruhuna
dualar diləyirik.
Ədalət.-2018.-17
aprel.-S.6.