Mübarizə yolu

 

Mən uzun illərdir ki, həyat yoldaşım Pirnəzərov Rizvan haqqında məlumatlar toplayırdım. Bu da ondan irəli gəlirdi ki, onun qeyri-adiliyi, zənginliyi, onun haqqında danışılanlar mənim özümü valeh etmişdi. Ona görə də, bacardığım qədər materialları əldə edəndən sonra "Mübarizə yolu" romanımı onun həyatına həsr etdim. Amma, bilirəm ki, onu tək bir romanla üzərə çıxartmaq mümkün deyil.

Mən, onu ağlım kəsəndən tanıyırdım. Belə ki, biz həm qonşu, həm də qohum idik. Onların da, bizim də ailəmiz çoxuşaqlı ailələrdən idi. Rizvan məndən iki yaş böyük idi. Mən məktəbdə hiss edirdim ki, o digər yaşıdlarından müəyyən qabiliyyətinə, xarakterinə görə fərqlənir. Məsələn, o seir yazırdı, o şəkil çəkirdı, məktəbin divar qəzetini işləyirdi, karikaturalar çəkirdi. Onun güclü hafizəsi var idi. Oxuduğu bütün şerləri yadında saxlayırdı. Saz çalırdı. O, qürurlu idi. Məktəbliləri sovxoza köməyə aparanda, o çətin işdən yapışırdı. Məsələn, digər məktəblilər yaba ilə ot yığırdı, o isə təcrübəli kişilərlə yan-yana kərənti ilə ot biçirdi. Onunla dostluq edənlərin əksəriyyəti xeyli yaşlı insanlar olurdular. Bizim kəndimizdə Qurbanov Hacı müəllim var idi. O bizim kəndin ağsaqqalı, bizim müəllimlərin, valideynlərin müəllimi olmuşdu. Rizvanın 29 yaşı olanda onun 90 yaşı var idi. Hacı müəllim Rizvanın evə gəlmə qrafikini bizdən yaxşı bilirdi. Saatlarla onu gözləyirdi. Rizvanı son mənzilə yola salanda o izdihamın qarşısını saxladı və dedi:

- Sizin qarşınızda bu tabuta qoyulmuş adi bir insan deyil. Bu əfsanəvi bir qəhrəmandır.

Rizvanın atası Məhərrəm kişi, iki qardaşları ilə birlikdə 2-cı Dünya müharibəsinin iştirakçıları olublar. Onlardan yalnız Məhərrəm kişi cəbhədən 2-ci qrup əlil kimi qayıdıb və böyük, zəhmətkeş ailə sahibi olub. Onun bu uğurlarına bütün kənd əhalisi kimi mənim valideynlərim də fərəhlənirdilər. Bizim evliliyimiz də valideynlərin istəyi ilə olmuşdu. Ancaq bu evlilik altı il çəkdi və elə vaxta təsadüf etdi ki, bizim o vaxtkı vətənimiz Sovet İttifaqı parçalanmağa başladı. Sumqayıt hadisəsi, Pribaltikadakı üsyanlar, Qafqazdakı mitinqlər, bizim Qərbi Azərbaycandan departasiya olunmağımız və nəhayət mənfur qonşularımızın vətənimizə hücumları, 20 yanvar, Xocalı faciəsi, Şuşanın işğalı, bəzi-bəzi təxribatlar bu dövrə təsadüf etdi. Pribaltikada yerli əhali 1940-cı ildə zorla Sovet İttifaqına birləşdirildiklərinə görə ideoloji müharibə aparırdılar. Onların Sovet Hökumətinə mənfi münasibətləri ilk öncə orduda qulluq edənlərə təsir edirdi. 1987-ci ilin noyabr ayında Sosialist inqilabının 70 illiyində dövlət müəssisələri nümayişdə iştirak etmədilər. Çox keçmədi Pribaltikada iğtişaşlar başladı. Rizvan 2 dekbar 1988-ci ildən sonra, yəni bizim soydaşlarımız vətənimizdən didərgin olandan sonra 3 dəfə kəndimizə gedib. Birinci dəfə o Yerevana gedib. Kracnoselo istiqamətınə getmək üçün ötəri erməni maşınına minib. Maşının içində mübahisə başlayıb. Maşında olan erməni qadını israrla onun öldürülməsini təkid edib, nəhayət, sakit bir ərazidə maşından düşürüblər. Bu minvalla doğma kəndimizə baş çəkib. Onu evlərində qarşılayan erməni qadını, ailəsinin Şəmkir rayonunun Çardaxlı kəndində olduğunu deyib. 2-ci dəfə o hələ sovet qoşunları ölkəmizdən çıxmamışdan öncə, bizim kəndimizin ərazisində, Murğuz dağının zirvəsində danışığa gedib. Orada ermənilərin artıq silahlandıqlarını görmüşdü. Onda rus zabitlərindən biri ona demişdi ki, həyatin qəribəliyinə bax, sənin doğma vətənindən sənə silah uzadırlar. Oradan qayıdanda Murğuz şeirini yazdı və gördüyü hadisəni belə təsvir eləmişdi.

Qopub yerə düşər solanda yarpaq,

Bəs niyə saxlayır haramı torpaq.

Səfalı qoynunda sən işə bir bax,

Mənə tüfəng tutur yad əli, Murğuz.

 

3-cü dəfə O, 1991-ci ilin sentyabr ayında yenə doğma kəndimiz Gölkəndə baş çəkdi. Onda onun ora getməsinə Ermənistan tərəfdə rus ordusunda xidmət edən, köhnə tanışlardan olan bir rus zabiti yardımçı olub. Kəndin içində sərbəst gəzib, mağazaya girib, siqaret alıb, qəbiristanlığa baş çəkib. Qəbiristanlıqdan bir dəstə gül də yığmışdı. Həm də deyirdi ki, hər on ailədən birinin paltar sərgilərində hərbi geyimlər asılmışdı. Bununla da ermənilərin ordularının formalaşdığını deyirdi.

1986-1987-ci illər ərəfəsində Estoniya SSR-in Vilyandi şəhərində yerləşən 77034 saylı desant hərbi hissədə, 1987-1990-cı illər ərəfəsində Estoniyanın Tapa şəhərindəki 67665 hərbi hissələrin bölüm komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində işləmişdir.

Rizvanın 1990-cı ilin aprel ayından bizim ölkəmizin ərazisində xidmətə başlamağı çox çətinliklə baş tutdu. Bakıda "20 yanvar faciəsi" törədiləndən sonra Moskvadan bir rus generalı Rizvanın xidmət etdiyi 67665 saylı hərbi hissədə zabitlər qarşısında çıxış edir. O, çıxışında qeyd eləyir ki, sovet ordusu öz qüdrətini Azərbaycanda göstərdi. Rizvan cərgədən çıxır, generala tərəf gəlir və onun qalstukundan yapışıb, deyir.

- Sovet ordusu öz qüdrətini mənim xalqımın üzərində göstərməməli idi. Mən belə orduda xidmət etməkdən imtina edirəm.

Əlbəttə, 67665 saylı hərbi hissənin komandiri Valeyev M Rizvan kimi bir zabiti əldən vermək istəməzdi. Mən onun Rizvana olan isti münasibətlərinin dəfələrlə şahidi olmuşam. Hərbi hissədə qadınlar şurasının təşkil etdiyi bayram şənliklərində, zabitlər rütbələrinə, vəzifələrinə görə stol arxasında əyləşmələrinə baxmayaq, Valeyev Rizvanı öz yanında otuzdururdu. Mən elə düşünürdüm ki, bu Rizvanın Əfqanıstanda aldığı "Qırmızı Ulduz" ordeninə görədir. Ancaq orada ordenlilərin sayı çox idi.

Bu hadisədən sonra 1990-cı ilin aprel ayında Gəncə şəhərində yerləşən hərbi hissələrin birində növbəti qulluğa başlamışdır. İlk 4 ay Gədəbəy rayonunun sərhəd kəndlərində, 1992-ci ilin mart ayına qədər MDB qoşunlarının tərkibində Qazax rayonunun sərhəd kəndlərində qulluq etmişdir.

Onun sovet ordusunun tərkibindən tərxis olunması da asanlıqla başa gəlməyib. Rizvan erməni tərəfdə sovet ordusu durduğuna baxmayaraq, ermənilərin bizə tərəf atəş aça bilməsini, azərbaycanlıların isə heç nə edə bilməməsini, alay komandiri Reznikov Serqey Qriqoryeviçə etiraz etmişdir. Reznikov S.Q isə cavabında ona söyüş söymüşdü. Rizvan cərgədən çıxıb, hamının gözü qarşısında onun üstünə atılıb, özündən bir neçə dəfə iri vücudlu rus zabitini yerə yıxıb, xəncəri onun üstünə çıxardıb, boğazına tərəf uzadıb. Beləliklə, hərbi hissədə silahların tam bizim orduya qalmasını təmin edilməsi üçün əlindən gələni edib.

Qulluq etdiyi ərəfələrdə bir gün gecikmədən vaxtında aldığı kapitan rütbəsinin ləğv edilməsindən çəkinmədi və sovet ordusunu siravi əsgər kimi tərk etdi. 1992-ci ilin mart ayından Şəmkir rayonunun Çənlibel kəndində özünümüdafiə dəstəsi yaratdı. Evimizin əşyalarını ona ilk dəfə ayrılmış qərargaha daşıdı. 1992-ci ilin may ayının 8-i Şuşanın işğalını, evimizdə televizor olmadığı üçün, biz radiodan eşitdik. Hər ikimiz əsəbləşmişdik. O acıqla dedi ki, sərt Stalin rejimi lazımdır. Onun özünümüdafiə dəstəsi bir neçə günə tağım halına gəldi, sonra dəstəyə qoşulanların sayı artdı, bölüm oldu. Bölüm Çənlibel kəndində ayrılmış qərargaha sığmadı. Onda 2-ci qərargah Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşdi və qısa müddətdə tabur şəklinə gətirildi və 861-cı alayın tərkibində 4-N altında mütəşəkkil tapdı. Rizvan həmin alayda 1-ci yeganə ali təhsilli, döyüş görmüş hərbiçi idi. Bu da bəzilərinin qısqanclığına səbəb olurdu. Rizvanın ilk qələbəsi Zəyəm aeroportundakı silah və sursatların milli orduya təhvil verilməsi oldu. O gecə-gündüz öz dəstəsilə həm orda, həm də cəbhədə keşik çəkirdi. Aeroport bizim orduya təhvil veriləndən sonra müdafiə nazirliyindən ora ezam olunan yüksək rütbəli hərbiçilər onunla görüşmüş, onu dəyərləndirmişdilər. Bu isə ona qısqanclığı bir neçə dəfə artırmışdı. O isə bunların hamısını bilirdi, amma, o, hədəfə aldığı arzularına çatmaq, uğrunda, yəni vətəni müdafiə etmək üçün fəda olurdu. Hətta ona tələ də qurmuşdular. Demişdilər ki, Gəncə şəhərinin kənarında sovet ordusuna məxsus hərbi baza yerləşir. Oradakı silah-sürsatları götürmək lazımdır. O, gecə 8 nəfər döyüşçülərlə ora getmişdi, ərazidə gözətçinin belə olmadığını görmüş, şübhələnmişdi.

O, haqq ədalət tərəfdarı idi və bu yolda ölümdən qorxmurdu. O, 1989-cu ilin fevralında 40-cı Sovet Ordusunun Əfqanıstandan geri çağrılanda sevinirdi.

O, bütün məqamlarda, ailəsini də özü ilə bərabər vətən üçün fəda edirdi. Məsələn, 1992-ci ilin Novruz bayramı ərəfələrində Şəmkir rayonunun Çənlibel kəndinə şayiə yayılmışdı ki, ermənilər sifariş göndərib ki, bayram axşamı bu kənd bizim olacaq. Bu şayiənin qarşısını almaq üçün, özü təbliğat aparırdı, mənə də tapşırmışdı ki, uşaqla tez-tez kəndin mərkəzinə get ki, camaat mənə inansınlar. Sərhəddə ən qızğın döyüş zamanı bir dəfə Gədəbəy rayonunun Şınıx bölgəsinə gedirdik. Onda Başkənddə ermənilər yaşayırdılar. Şınıxa getmək üçün, kəndin kənarındakı dağ yoldan istifadə edirdilər. Biz hərbi maşında həmin yolla hərəkət edirdik. Ermənistan tərəfdən göy rəngli "Jiquli" markalı avtomaşın gəlirdi. Həmin maşın bizə yaxınlaşanda qarşımızda yolun ortasında çevrilib köndələn dayandı. Mən qorxdum və həyəcanla deyinməyə başladım. "Vay qorxuram, ya rəbbim kömək ol". Rizvan isə heç nə demirdi. Sakit oturmuşdu. Maşından üç nəfər gənc erməni artıq yerə enmiş, maşının qarşısında dayanmışdılar. Mənim üçün olduqca qorxulu səhnə idi. Düşünürdüm ki, geriyə qayıdarıq, lakin avtomaşına çatanda Rizvan maşını idarə edən əsgərə əmr etdi ki, qarşıdakı maşına toxunmadan yolun kənarı ilə yoluna davam etsin. Sonralar bu haqda o demişdi ki, təhlükəli anlarda hərbiçilər nə əsgər, nə də mülki insanlar arasında həyəcanlı görsənməməlidirlər. Ən son anda rəqibin daha güclü olarsa, ölümlə yaxa qurtarmaq olar. Bir neçə dəfə isə onun təkidi ilə cəbhədəki əsgərlərlə süfrə arxasına əyləşmişəm. Yemək paylayan əsgər mənə həm bişmiş qarabaşağı, həm də onun üzərinə qoyulmuş kərə yağı çox gətirmişdi. Rizvan onu qaytardıb, başqalarının payı qədər gətizdirdi.

1992-ci ilin yayında cəbhədə gərgin döyüşlər gedirdi. Mən iki körpə uşaqla bir kənd evində yaşayırdım. Evin zirzəmisində əvvəllər heyvan saxlamışdılar. Zirzəmi ilə ikinci mərtəbəni yalnız taxta döşəmələr ayırırdı. Evin çardağının yarısı yox idi. Evin şüşəbəndi ilə çardağın arasındakı tavanın yarısı uçub dağılmışdı. Ona görə də çardaxda yuva salan yüzlərlə göyərçinlərin səsinə dözmək olmurdu. Hər gecə də milli ordunun sıralarına qatılmaq məqsədilə Rizvanı vaxtsız axtaranlar da məni narahat edirdilər. Qonşular məni qınayırdılar ki, gənc qadın xeylağını nə yaxşı burada yaşamağa qoyurlar. Ancaq mən belə sözlərin fərqinə varmırdım və heç kəsə demirdim, təki vətən sağ olsun.

Milli ordunun formalaşmasında iştirakı zamanı evdə gecələmirdi, evdə 10 dəqiqə yarım saatdan artıq qərar tuta bilmirdi. Əgər mən onu bir neçə gün dalbadal görmüşəmsə, deməli mən də cəbhə bölgəsində olmuşam. Məsələn, Qazax rayonunun Xanlıqlar kəndində bir həftə qalmışam. Onu hər gün görmüşəm. Növbəti dəfə bir ay qalmışam, üç dəfə görmüşəm. Gədəbəy rayonunun Şınıx bölgəsində iki gün qalmışam, onunla bir yerdə olmaq üçün, Qaramurad kəndinin ərazisində əsgərlərlə kartof yığmışam. Sonuncu dəfə onu 1992-ci ilin avqust ayının 4 görmüşəm. Onda da gecə getdi ki, gedim qərargaha baş çəkim. 1992-ci ilin avqust ayının 11-ə keçən gecə evə gəlmişdi. Tamamilə fərqli görkəmdə idi. Üst-başı toz-torpaq içində idi. Kiçik, qanlı zədələr üzünü örtmüşdü. Səsi batmışdı, qabaq dişi sınmışdı. Mən soruşdum ki, Başkənddən silahlı ermənilər ayın 8-dən çıxarılıblar. Dedi ki, mən öz dəstəmlə Ermənistandan köməyə gələn silahlı dəstənin qarşısını alırdım və aldıq. Bu günə qədər isə strateji yüksəklikləri ələ keçirirəm. Bir yüksəklik qalıb, onu da ələ keçirəndən sonra mənim üçün Başkənd əməliyyatı başa çatacaq. Onda dağdan qayıdacam. Bu döyüşdə tarixə yazılası həm döyüşçülərdir, həm də bizdə olan yeganə top. O topu ən qısa müddətdə, yerini dəyişərək ən maksimum sayda müxtəlif yerlərdən atırdıq. Divana uzandı, yuxu aparan kimi, qışqırmağa başladı:

- Atəş, irəli. Dayan.

Gecə saat 2 idi. Qonşu qadın gəldi ki, Rizvanı telefona çağırırlar.

Tez qalxıb qonşuya getdi. Səsini aydın eşidirdim.

- Atəş çoxdurmu, gözləyin gəlirəm.

Sonra gəlib qapının ağzında dayandı, dedi ki, çantadakı paltarları əsgərlərə paylamışam. Bir az paltar qoy, gecələr dağda soyuq olur.

Mən çantanı ona verdim.

Birdən dönüb dedi ki, dəhşətli döyüş oldu. Dağdan enəndə poema yazacam. Pəncərədən boylananda o artıq uzaqlaşmışdı.

Onun sinəsi döyüşə həsr edəcək sözlərlə dolmuşdu. O sözləri şerə çevirmək ümüdi boşa çıxdı. Bəlkə də, 2-ci Dünya müharibəsinin iştirakçıları kimi, məsələn Ənvər Əlibəyli, Zeynal Cabbarzadə kimi gördüklərini və iştirakı olduğu hadisələrdən vətənpərvər şeirlər yaradacaqdı. Çox əfsus!!!

Bizim iki qız övladımız olub. Hər ikisi dünyalarını nakam tərk ediblər. Böyük qızım onu xatırlayırdı. Kiçik qızım isə onu şəkillərdə görmüşdü. Rizvanin ölümündən iki gün əvvəlki görüntülərini əldə etdik, görüntü ekrana gələndə balaca qızım ağladı. Dedi o mənim atam deyil. Böyük qızım onu qucaqlayıb dedi ki, mən görmüşəm. Bizim atamız odur. Hər iki övladım dünyadan köçəndə yanlarında tək olmuşam. Birinci övladımız uzun sürən xəstəlikdən sonra evimizdə dünyasını dəyişdi. Evim məscidlə üzbəüz idi. Bayıra qaçdım. Var qüvvəmlə özümə yad səslə qışqırdım.

- Ay camaat mənim balam öldü.

Arxamca böyük izdiham yeridi, mənə dəstək oldular.

İkinci övladımız gözləmədiyim halda, yəni əməliyyat vaxtı İstanbulda dünyasını dəyişdi. Müalicə həkiminin xəstəxananın alt qatındakı iş otağının qarşısında gözləyirdim. Gecə saat üç radələri idi. Həmin qatda gecənin bu vaxtı insan olmadığı üçün, ürəyimin döyüntülərini aydın eşidirdim. Birdən hiss etdim ki, yuxarı mərtəbədən ayaq səsləri gəlir. Səs yavaş-yavaş yaxınlaşdı və qarşımda gənc bir tibb işçisi dayandı. Qucağıma bir bağlama qoydu. Qızımın əynindən soyundurulmuş paltarlar idi.

"Başın sağ olsun", - deyib getdi.

Baxmayaraq mən ikinci balamın gözləmədiyim halda ölüm xəbərini eşidirdim, hansı nöqtəyə baxırdımsa, gözümü qırpmadan ora baxmaqda davam etdim. Çünki mən vətəndən, eldən, obadan uzaq idim. Bütün ağır yükü öz üzərimə götürdüm.

Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin ev muzeyini, qəbrini ziyarət edəndən sonra Rizvanı mən ona bənzədirəm. Rizvanın üz cizgiləri, istedadı ona bənzəyir. Hər ikisi rəssam olub, hər ikisi cəbhədə şeir yazıb və elə bil müəllif bir adamdır.

Mehdi Hüseynzadə yazır.

 

Süd verib, qoynunda bəslədin məni,

Mən sənin gözünə qurbanam, Vətən!

Qoymaram incidə yad ellər səni,

Bil ki, etibarlı oğlunam, Vətən!

 

Rizvan yazır.

 

Məni unutmayıb yad etsən bir az

Dilimlə torpağın yalaram, Vətən!

Oğluna, qızına atılan oxa,

Deşilməz bir qalxan olaram, Vətən!

 

Mehdi Hüseynzadə yazır.

 

Kaş ki, mən bir sarı yarpaq olaydım,

Sabahın yelləri alaydı məni;

Aşaraq o qarlı, uca dağları,

Vətən torpağına salaydı məni....

 

Rizvan yazır.

 

Yazın qüdrətinə düşəndə yönün,

Xoşuma çox gəlir yağmurun, çənin

Həvəslə həmişə qoynuna sənin,

Dönüb, ziyarətə gələrəm Vətən!

 

Rizvan Azərbaycanda qulluq edəndən bir müddət sonra mənim arxamca Estoniya Respublikasına qayıtmışdı. Hərbi hissəyə baş çəkəndə Əfqanıstanda eyni vaxtda xidmət etdiyi Volodya adında bir zabitlə evə gəlmişdi. Zabitin həyat yoldaşı da yanında idi. O söhbət əsnasında dedi ki, mən Əfqanıstanda yüksək mükafatlar üçün təqdimat hazırlayırdım. Pirnəzərov Rizvan üçün Sover İttifaqı qəhramanı adı alması üçün təqdimat hazırlamışam və mərkəzə göndərilib. Rizvan isə mənə bu haqda demişdi ki, həmin sənədləri Moskva şəhərinə gətirən hərbi hava gəmisi Əfqanıstanın Baqram şəhərinin aeroportu yaxınlığında partladılmışdı. Düşünürəm ki, o sənədlər Moskva şəhərində Müdafiə Nazirliyinin arxivlərində ola bilər. Rizvan həlak olan günü bizim Müdafiə Nazirliyindən zəng edib demişdilər ki, onun Milli Qəhrəman adına layiq görülməsi üçün təqdimat göndərilsin. Lakin o sənədlər vaxtında hazırlanıb göndərilmədi. Bu məlumatı isə mənə o zəngi dinləyən zabitlərdən birinin həyat yoldaşı danışdı. Belə düşünürəm ki, Rizvanın ölümündən sonra göstərdiyi şücaətə və xidmətlərinə görə yüksək ada layiq görülməsinə qısqanan dirilər də tapıldılar.

Hamımız bilirik ki, ulu öndərimiz Heydər Əliyev Mehdi Hüseynzadənin döyüş fəaliyyətini üzərə çıxarıb, ölümündən 53 il sonra Sovet İttifaqı qəhrəmanı adının almasına nail olmuşdur. Əgər, Rizvanın həyat yolu səlahiyyətli orqanlar tərəfindən araşdırılarsa, O, Azərbaycan tarixində Mehdi Hüseynzadədən sonra 2-ci şəxs olar ki, ölümündən çox illər keçəndən sonra bizim xalqın Milli Qəhrəmanı adına layiq görülər. İnanıram ki, mənim xalqım Rizvanın layiqli qiymətləndirilməsinə yardımçı olacaqlar!!!

 

 

Qəhrəmanın

həyat yoldaşı:

Elza Süleymanova

 

Ədalət  2018.- 18 aprel.- S.8.