Zirvəyə gedən yol
İnsanlar
kimi yazıların da qəribə taleyi olur. Bir müddət əvvəl
hazırladığım bu yazının taleyi kimi. Ancaq bunun
səbəbi tamam başqa idi. Mənim qəhrəmanım
haqqında portret yazı yazacağımı bilərək,
vacib olan bəzi faktları verməyib təşəkkürünü
bildirərək dedi ki, mən nə böyük adamam
haqqımda respublika mətbuatında yazasınız.
Hazırda işlədiyim Bakı Dövlət Universitetinin
alimləri yanında mən bir zərrəyəm. Əgər
doğulub boya-başa çatdığım
Laçını tanıtdırıramsa, bunun
üçün orta məktəbdə mənə fizikadan dərs
deyib bu fənnə böyük maraq yaradan atam Əli Cəfərova
minnətdaram. Bir də ki, bu Vətənimə, xalqıma olan
sevgim-istəyimdir, borcumdur. Bu fikirləri fizika-riyaziyyat elmləri
doktoru, gənc professor Maarif Cəfərovdan eşitdikdə,
jurnalist olaraq bir daha mən də təsdiq etdim ki, əbəs
yerə deməyiblər alimin böyüklüyü onun sadəliyindədir.
Jurnalistləri bəzən kəşfiyyatçı geoloqa bənzədirlər.
Onlar axtardıqlarını tapıb təsdiq etdikdən sonra əməliyyata
başlayırlar. Bu deyimin alim haqqındakı yazının ərsəyə
gəlməsində də köməyi oldu. Rəsmi insanlardan
lazım olan faktları öyrənə bildim. Bəri
başdan bu xeyirxah insanlara çox sağol deyib, minnətdarlığımı
bildirirəm.
Deyirlər
insanın doğulub boya-başa çatdığı
mühit onun gələcək taleyində əsas rol
oynayır. Maarif Cəfərov təbiətin elə bir dilbər
guşəsində dünyaya göz açıbdır ki, bu
yerlər gözəlliyi, füsunkarlığı,
havasının, suyunun təmizliyi, saflığı ilə
hamını valeh edirdi. Bu kəndin adamları da təbiəti
kimi saf, sözü bütöv, iradəli, igid, qorxmaz, necə
deyərlər tüpürdüyün yalamayan olublar. Dəniz
səviyyəsindən 1600 metrdən çox yüksəkdə
yerləşən Minkənddə hələ 1890-cı ildə
birsinifli rus-tatar məktəbi fəaliyyət göstərmişdir.
Bu kəndin adı ilə bağlı xalq etimologiyasında
deyilir ki, Teymurləng 999 kəndi işğal etdikdən sonra
mininci kəndi də işğal edir və bu sonuncu kəndin
adı mininci kənd, yəni Minkənd adlanır. Qədim
yaşayış məskənlərindən olan bu kənd
böyük tarixi şəxsiyyətlər, alimlər
yetirmişdir. Həmin kənddən bu gün Azərbaycanda
onlarla alim çalışır. Bu yazıda illərdən bəri
əxlaqına, mədəniyyətinə,
dünyagörüşünə, sadəliyinə, təvazökarlığına,
təmənnasız dostumun oğlu kimi sədaqətinə,
insanlarla bənzərsiz ünsiyyət qabiliyyətinə
heyran olduğum Maarif Cəfərov haqqında söhbət
açacağam. Bir yandan həlim təbiətlidir,
mülayimdir. Başqa bir tərəfdən də möhkəmdir,
dəyanətlidir, əqidəsini tez-tez dəyişənlərdən
deyil. Əmisi Yəmən müəllim, atası Əli Cəfərov
respublikanın tanınmış riyaziyyat müəllimlərindən
olmuşlar. Laçın rayonunun rəhbərliyi Əli Cəfərova
dəfələrlə yüksək vəzifələr təklif
edib. Ancaq o bundan uzaq olub. Xalqın balalarına elm öyrətməyim
hər şeydən üstündür mənim
üçün, deyibdi Əli müəllim.
Bir dəfə Xəlifə Ömərdən soruşurlar ki, niyə Peyğəmbərin yaxın adamlarından vəzifəyə qoymursan? Xəlifə cavab verib ki, Peyğəmbərin adamları o qədər təmiz və pakdırlar ki, mən onların çirkaba batıb məmurluqla məşğul olmalarını istəmirəm. Əli Cəfərov da ruhən, mənən təmiz olduğu üçün, halal zəhməti ilə böyüdüb təhsil verdiyi övladlarını cəmiyyətimizin dəyərli adamları kimi görmək istəyirdi. Uşaqlıqdan övladlarını fizika-riyaziyyata elə bağlamışdı ki, orta məktəbi qurtaranda hamısı bu dəqiq elmin arxasınca getdilər. Bax, Maarif Cəfərov belə bir ailədə böyümüşdü. Onun cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ailə mühitinin böyük təsiri olmuşdur. Milli təfəkkür, milli kök, babalarımızdan miras qalmış azərbaycanlılıq adət-ənənələri üzərində qərar tutan bir ailədə aldığı düzgün tərbiyə, valideynlərinin xeyir-duası, daxilindəki möhkəm iradə, özünə inamı, elmə olan sonsuz marağı, həvəsi onu şərəfli ömür yoluna hazırlamışdır. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olaraq, 1982-ci ildə həmin fakültəni yarımkeçiricilər fizikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, təyinatla keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyinin Tətbiqi Fizika İnstitutunun Bakı filialında mühəndis kimi ilk əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edərək Kiyev Yarımkeçiricilər İnstitutunun rəyi ilə fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi almışdır. 1993-cü ilədək Elmi Tədqiqat Fotoelektronika İnstitutunda böyük elmi işçi kimi çalışan Maarif Cəfərov 1994-cü ildən Bakı Dövlət Universitetinin fizika fakültəsinin nəzdindəki bərk cisimlər elmi-tədqiqat laboratoriyasında əvvəl elmi işçi, sonra isə həmin laboratoriyanın müdiri təyin olunmuşdur. Maarif Cəfərovun bir məqsədi vardı ? elmin son nailiyyətlərinə bələd olub onu inkişaf etdirmək. Bunun üçün də o "ANBV1 tipli birləşmələrin monokristallarında və onların bərk məhlullarının kimyəvi çökdürülmüş nazik təbəqələrində elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib fizika-riyaziyyat elmləri doktoru elmi adını aldı. Alimin apardığı tədqiqat işləri-fotoqəbuledicilər, günəş batareyalarının baza elementləri, elektrik və optik yaddaş elementləri, neqatron elementlər, nanomateriallar və nanostrukturalar və s. kimi cihazların hazırlanması istiqamətində böyük elmi-praktik əhəmiyyətə malikdir. Maarif Cəfərovun səyi nəticəsində alınmış nəticələr dünyanın inkişaf etmiş ölkələrindən Amerika, Almaniya, İngiltərə, Fransa, Türkiyə, İran, Çin, Tayvan, Ukrayna, Sovetlər Birliyi məkanının Moskva, Sankt-Peterburq, Zelinoqrad, Ulyanovski, Novosibirski, Taqanroq, Kaluqa, Çernovsk, Aşqabad, Daşkənd, Karaqanda, Yekaterinburq şəhərlərində, eləcə də Bakıda keçirilən 40-a qədər beynəlxalq elmi konfranslarda məruzə edilmiş, Amerika, Almaniya, İngiltərə, Türkiyə və Rusiyada nəşr olunan nüfuzlu jurnallarda ingilis və rus dillərində dərc olunmuşdur.
Maarif Cəfərov ömrünün elə bir zirvəsindədir ki, o dayanıb ötənlərə, keçmişlərə nəzər salır, keçmiş yolların işıqlısından ziyalanır, çətin günlərin həyat dərslərindən çıxardığı nəticələri gələcək nəsillərə öyrədir. Yalnız ömrü hədər yaşamayanlar hər anın, günün qədrini bilərək onu insanlığın xeyrinə xərcləyənlər bu zirvədən cəmiyyətin gözünə qürurla, şax baxa bilirlər. Kiçik bir toxum torpaqda baş qaldırıb ətri ilə aləmi valeh edən gülə, çiçəyə çevrilir. Bir qarış tinglər qollu-budaqlı ağac olur. İnsan da belədir. O, işıqlı dünyaya zərif, məsum, hər cür qayğıya ehtiyacı olan körpə varlıq kimi göz açır, lakin boy atıb böyüdükcə xalqın, elin, obanın, vətənin övladına çevrilir. Ömrü, həyatı, şəxsi nümunəsi ilə gələcək nəslə həm nümunə, həm də çıraq olan Maarif Cəfərovun bu gün zirvədə qürurlanmağa haqqı var. Hazırda o, Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər fizikası" kafedrasının professorudur. Bu sahədə çoxlu dərs vəsaiti, monoqrafiya, patent, 300-ə yaxın elmi əsərin müəllifidir. Prezident yanında Ali Attestasiya Komissiyasında fizika üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərir. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvüdür. Elmi fəaliyyətinə görə adı Rusiyanın tanınmış alimləri siyahısında və Azərbaycan Respublikasının Ensiklopediyasında çəkilir. Bu gün Maarif Cəfərovu təkcə respublikamızda deyil, dünyanın inkişaf etmiş ölkələrində yaxşı tanıyırlar. Elmin dərinliklərinə baş vurub, şöhrətin zirvəsinə qalxmaq adamdan möhkəm iradə, dəyanət, hər çətinliyə sinə gərməyi bacarmaq tələb edir. Haqqında söhbət gedən alim bunları bacara bildi.
Alim xalqın ziyasıdır,
varlığının göstəricisidir. Lakin hər alimin, hər
adamın ziyası olmaz. Xalqı duyan, onu sevən, onun sabahını
düşünən, elminə, alimliyinə, qiymət qoyan,
özünü və elmini əyilməyə qoymayan,
dürüst, sağlam, qürurlu alimlər isə az-az olur,
lakin nurlu olur, gözündə, ürəyində xalqa məhəbbət
işığı gəzdirir. Bu işıqdan hər kəsə
pay düşür. İnkarolunmaz həqiqətdir
ki, elmi yaradan alimdir, onu yaşadan, ona əbədiyyət gətirən
isə elmdir. Maarif Cəfərov da əqli,
iradəsi, zəhməti, yuxusuz keçirdiyi gecələri,
inamı ilə bunu sübut etdi.
Azərbaycan elminin korifeylərindən biri Nəsrəddin
Tusi elm adamlarından danışarkən xüsusi
vurğulayırdı ki, "elm sahiblərini elmlərin
çoxluğu ilə deyil, əməllərinin
faydalılığı, əxlaqlarının
saflığı və özlərinin xeyirxahlığı
ilə sınaqdan keçirmək" lazımdır. Məhəmməd Peyğəmbər
isə deyirdi ki, biliyi ilə xalqı faydalandıran bir alim,
yetmiş il ibadət edən adamdan
xeyirlidir. Dünya yaranandan bütün dinlər
elmə yüksək qiymət veriblər. Hətta
böyük sərkərdələr belə elm adamlarına,
alimlərə toxunmayıblar. Fransanın
hökmdarı, dünyanın fatehlərindən olan Napoleon
Bonapart hərbçilərinə tapşırırdı ki,
hansı ölkəni işğal edəndə, həmin
ölkənin alimlərinə toxunmasınlar. Bu böyük hökmdar riyaziyyatçılara,
kimyaçılara, astronomlara, fiziklərə hədsiz rəğbət
bəsləyirdi.
Elmin və xalqın sınağından
çıxmış Maarif Cəfərov təkcə
neçə illərdir bağlandığı elm məbədində
deyil, bütövlükdə respublikamızda və onun
hüdudlarından kənarda da tanınır. Onun
ömür yolu bərkdən, boşdan keçən, hər
çətinlikdə sınmayan, əksinə möhkəmlənən,
saflığını, möhkəmliyini, təmizliyini qoruya
bilən gözəl alim, nümunəvi ailə
başçısıdır.
Deyirlər alpinistlərdə bir adət var. Onlar uca
dağa qalxdıqca hərdən dayanıb nəfəslərini
dərir, aşağıya, keçdikləri yola baxırlar. Elə bil fəth
etdikləri uçurumların, şiş qayaların,
sıldırım dağların uzunluğunu nəzərləri
ilə ölçürlər. Bu cəhətdən
alimlər, elmi araşdırmalarla məşğul olub
ömrünün ən məhsuldar, enerjili
çağlarını elmə sərf edənlər alpinistlərə
çox oxşayırlar. Maarif Cəfərov
da müəyyən dövr ərzində elm yolunda
atdığı addımlara, keçdiyi cığırlara,
elmi yaradıcılığına nəzər
saldığı vaxtlarda çox şeyi
ölçüb-biçir. Bəzən özündən
razı qalır, bəzən də... Fikirləşir ki, daha
çox şey əldə edə bilərdim, amma...
Gəncliyi bəzən məcraya sığmayan
çaya, hərarətini, yanarlığını itirməyən
günəşə bənzədirlər. Gənclik
insanı ən gözəl hörmətə, izzətə qovuşduran
andır. Gənclik arzuların yuvası,
arzular məskənidir. O da ömrünün gənclik
illərini, ən duyğulu anlarını, sevincli günlərini
elmə həsr etdi. Azərbaycan
Respublikasını müxtəlif elmi konfrans və
simpoziumlarda layiqincə təmsil edən Maarif Cəfərov, hər
zaman yenilik axtarışındadır. Qazandığı
hər bir nailiyyəti tək özünün yox, ümumilikdə
Azərbaycan elminin uğuru, müvəffəqiyyəti hesab
edir. Onun geniş qəlbi var, bütün
layiqli insanların uğuruna sevinir və həvəslə, fəxrlə
danışır. Deyirlər insanın
adını valideynləri, yaşını və qismətini
Ulu Yaradan, qiymətini isə xalq verir. O, Cəfərovlar
nəslinin hörmətinə yeni-yeni çalarlar gətirdi. Bu nəslin layiqli övladı kimi xalqın hörmətini
qazandı. Tanıyanlar ona qibtə və pərəstiş
edirlər. Hər zaman özünə,
yoldaşlarına qarşı tələbkar, intizamlı və
təvazökar olan professor Maarif Cəfərov bütün mənalı
həyatını elmin inkişafına sərf etmişdir.
İşlədiyi kollektivdə böyük
hörmət qazanmışdır. Respublika alimləri
arasında özünəməxsus yeri var. Maarif Cəfərov
gərgin və şərəfli ömür yolu keçərək
Azərbaycanın ucqar bir dağ kəndindən Bakıya ali təhsil
almağa gəldi - elmlər namizədi, elmlər doktoru və
Azərbaycan elminin məbədi sayılan Bakı Dövlət
Universitetinin professoru oldu, mənalı həyatını elmin
inkişafına həsr etdi. Onun varlığı
sadəlikdən, təvazökarlıqdan yoğrulub sanki.
Haşiyə:
kafedra müdiri, professor Vaqif Salmanovun dedikləri: Maarif Cəfərov
elmin elə bir sahəsi ilə məşğuldu ki, bu gün
dünyanın aparıcı alimlərinin ən çox maraq
göstərdikləri elmlər sırasında dayanan, həqiqətən
də insan həyatının fəaliyyətində,
bütün sahələrində inanılmaz rolu olan elmin bu
sahəsi Azərbaycanda məhz belə alimlərimizin əməyi
sayəsində çox əhəmiyyətli, parlaq bir
dövrünü yaşayır. Bu elmin elə
bir sahəsidir ki, onu araşdıran şəxs hər
şeydən əvvəl dərin düşüncəyə,
güclü müşahidə qabiliyyətinə malik
olmalıdır. Bütün bunlar Maarif Cəfərovda
vəhdət şəklində birləşibdir. Onun yoldaşlarla münasibəti, səmimiliyi, sadəliyi,
təvazökarlığı alimliyinə yaraşır və
bu elm ocağında nüfuzunu daha da artırır.
İnsan o vaxt dəyərli olur ki, mənsub olduğu
dövlətin, cəmiyyətin dəyərlərini
yaşayır.
O, əməyinin, zəhmətinin qiymətini görəndə
qürur hissi keçirir, ömrünün hədər
keçmədiyini görür və rahat nəfəs
alır, verilən mükafatlar onun həyat salnaməsinə
çevrilir, yaddaşlarda qalır. İnsan
oğlu özü üçün deyil, xalqı, milləti,
eli-obası, yaşaşdığı cəmiyyət
üçün çalışanda daha çox əlçatmaz
olur. Görkəmli yazıçı
Seneka yazırdı ki, təmsil kimi həyatda uzunluğuna
görə deyil, məzmununa görə qiymətləndirilir.
Maarif Cəfərovun həyatı da elmi qədər
mənalı və uzunömürlüdür.
İnsan ömrünün mənası onun yaşı
ilə deyil, müdrikliyi, cəsarəti və faydalı əməllər
sahibi olması, özünə, yaşadığı cəmiyyətə,
dövlətə inamı ilə ölçülür.
Maarif Cəfərovun qazandığı nailiyyətlər
onun möhkəm iradəsi, özünə olan güclü
inamı sayəsində mümkün olmuşdur. Yalnız
mübariz və prinsipial insanlar həyatda qarşıya
qoyduqları məqsədlər uğrunda mübarizəyə
hazır olur, bu yolda hər bir maneələri dəf edirlər.
Maarif Cəfərov ümidli, inamlı, əqidəli
insanların sırasında addımlayır, O, xalqı,
eli-obası, vətəni, inamı, məsləki uğrunda hər
bir fədakarlığa gedə bilən insandır. İstedad onun xilqətindədir. Xəyalı qartal qanadlıdır. Qartal həmişə zirvələrdə qanad
çalır. İnsanın gücü
çatdığı zirvəni qoruyub
saxlamağındadır. O, bu zirvəni şərəflə
qoruya bilir, ləyaqətlə, qürurla, mərdliklə, mənəviyyatı
ilə, cəsarəti ilə.
Ömür Tanrının insanlara bəxş
etdiyi paydır. Bu payın təmənnası xeyirxah əməllər,
təbiətə, cəmiyyətə verilən xoş
töhfələrdir. Xoş o kəsin halına ki,
Tanrının verdiyi əvəzsiz payın müqabilində
borclu qalmır, cəmiyyət qarşısında alnı
açıq, üzü ağ olur. Ulu Tanrı öz bəndəsini
yaradarkən ona tale yollarında alın yazısını
verir. Həyatın bütün yollarında həmin yazı
zaman-zaman insanın həyat fəaliyyətində gözü
qarşısında canlanır, sonra insanın müdrikləşməsinə
gətirib çıxarır. Müdrik insanlar həyatın
bütün pillələrində insanların mənafeyini və
maraqlarını öz şəxsi mənafelərindən
üstün tutur, vicdanla xalqına, elinə, obasına xidmət
edirlər. Ömür insanın yaşadığı illərlə
yox, onun vətən, xalq naminə gördüyü işlər,
nəcib və xeyirxah əməllərlə
ölçülür. El, oba, vətən yolunda
ömrünü fəda edənlər heç vaxt unudulmur,
yaddaşlarda, xatirələrdə əbədi iz qoyurlar.
Vaqif
Şükürov
Ədalət 2018.- 18 aprel.- S.6.