Almas İldırım

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

(əvvəli ötən saylarımızda)

 

Vaxtilə Türkmənistana "xalq düşməni" kimi Şamaxıdan sürgün olunmuş ailənin qızı Zivərlə 1932-ci il mayın 1-də ailə qurur. Bu zaman rejim də işindən qalmırdı. Dövlət Siyasi İdarəsinin (Az.QPU) əməkdaşları onu nəzarətsiz qoymurdular, hər addımına göz yetirir, nə yazacağını, necə yazacağını ələkdən keçirirdilər. İzləmələri, təqibləri, təziqləri görməmək, duymamaq mümkün deyildi. Hətta Aşqabada xüsusi agent göndərilmişdi. Bu adam özünü ictimaiyyətə şair Əkbər Ruhi kimi təqdim etmişdi. Amma Almas onunla söhbətin ilk dəqiqələrindən anlamışdı ki, bu şəxsin şeirlə, ədəbiyyatla heç bir əlaqəsi yoxdur, "şair" savadsızın və hiyləgərin biridir. ÇK əlaltıları Əsəd Əyyubi, Əkbər RuhiYaqub Nəsirli imzalı "müəlliflər" mətbuatda günaşırı Almas İldırımı şantaj xarakterli yazılarla tənqid atəşinə tutur, onu müsavatçı, burjuy şairi adlandıraraq, siyasi korluqdas. günahlandırırdılar.

Almas İldırım bilirdi ki, bu cür izləmələrlə, işgəncələrlə, sürgünlərlə onu sındırmağa, özlərinə tabe etməyə çalışırlar. Amma o nə sınır, nə də məsləkindən-əqidəsindən dönürdü. Bir gün Ruhi tamam açıq hücuma keçir:

- Siz bizim ideologiyaya zidd gedirsiniz, gənclər arasında pantürkist ideyalar yayırsınız. Şeirlərinizdə yeni quruluşa meydan oxuyursunuz, bolşeviklərə nifrətiniz aşkar duyulur.

A.İldırım əhvalını pozmadan NKVD-çi "şair"ə təmkinlə: - Şeirlərim varlığımı əks etdirir. Mən azadlıq ideyalarının tərəfdarıyam. Son damla qanıma kimi məsləkimə sadiq qalacağam. Nə sizə, nə də sizin bolşeviklərə qul olmayacağam, - deyə mövqeyini açıq ortaya qoyur.

Artıq şair üçün Aşqabadda yaşamaq cəhənnəm əzabına çevrilirdi. Almas savadlı, duyğulu olduğu qədər də, təmkinli və tədbirli idi: hiss edirdi ki, onu ciddi təhlükə gözləyir. Yaranmış vəziyyətlə əlaqədar çox götür-qoy etdi, 1933-cü il iyun ayının 19-da qonşular duyuq düşməsin deyə mənzildəki lampanı da söndürməyərək həyat yoldaşı Zivəri və üç ay əvvəl dünyaya göz açmış oğlu Azəri də götürüb gecənin bir aləmində tacir karvanına qoşulub gizlincə İrana üz tutur.

Sərhəd gözətçilərinin gözünə görünməmək üçün sıldırım qayalıqlar və dağ yolları ilə gedərək böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. "Bolşevik casusu" hesab edərək ona işgəncə verir, müəyyən məlumatı almaq üçün qazamatda saatlarla soyuq suyun içərisində saxlayır sorğu-sual edirlər. İşgəncələrdən səhhəti ağırlaşan şair 25 gündən sonra Tehrandan gələn əmrlə həbsdən azad edilir, Məşhəd şəhərinə göndərilir. Qazamatdakı işgəncələr səhhətində sağalmaz izlər qoyur, böyrək xəstəliyinə mübtəla olur. 6-7 ay Məşhəddə özünə layiq tapa bilməyən Almas İldırım çox yoxsul və acınacaqlı həyat sürür. Odur ki, Almas İldırım İranda qala bilməyib 1934-cü ildə Türkiyəyə, Van şəhərinə gedir. İki həftəyə yaxın burda qaldıqdan sonra Elazıxa yollanır. Burada ona lazımı qayğı göstərirlər, ən başlıcası bir neçə günün içərisində Türkiyə vətəndaşlığına qəbul edirlər. Tədricən çətinlikləri arxada qalır. Elazıxın mərkəzində və əyalət şəhərlərində müxtəlif idarələrdə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir, Qarabegan, Xankəndi, Balıbəy, Muşan və İrəsi bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır. Harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq Almas İldırım yaradıcılığından qalmır. Hətta Berlində nəşr olunan "Qurtuluş" jurnalına yazılar göndərir, Müsavatın liderlərindən olmuş Mirzəbala Məmmədzadə ilə məktublaşır.

1939-cu ildə şairin anası Nisə xanım vəfat edir. Yas mərasiminə gəlib-gedənlər arasındakı söz-söhbətdən bilinir ki, Almas İldırımın evlə, ailə ilə əlaqəsi, məktublaşması var. Bundan xəbər tutan ÇK əməkdaşları 1941-ci ildə Almas İldırımın atası Əbdülməhəmməd kişini ailə üzvləri ilə bərabər həbs edib Nargin adasına sürgünə göndərirlər. Dağlı məhəlləsində - indiki "Gülüstan" sarayının ərazisindəki 7 nömrəli həyətdəki evlərini və Şüvəlandakı bağlarını əllərindən alırlar. Nargin adasında ailəyə olmazın əzab-əziyyət verirlər. Lakin istənilən dəlil-sübut olmadığı üçün iki aydan sonra ailəni həbsdən azad edirlər.

Türk şairi və tədqiqatçısı, Elazıqda boya-başa çatmış Niyazı İldırım Gəncosmanoğlu xatirələrində yazır: "Qısaboylu idi, amma çox atəşli bir insandı Almas bəy. Onun zamanında Ağın nahiyyəsi özünün yüksək mədəni həyatını yaşayırdı. Almas bəy nahiyyə müəllimlərinin, ziyalılarının köməyi və iştirakı ilə bir sıra pyeslər səhnəyə qoyurdu. Əksər tamaşalarda özü də oynayırdı".

Şair evində "Azərbaycan guşəsi" yaratmışdı. Şagirdlərini tez-tez evə gətirir, Azərbaycanın rayonlarının adları yazılmış xəritəni onlara göstərir, Azərbaycan, Bakı, Abşeronun kəndləri, Xəzər və ona yaxın Çənbərəkənd haqqında ağızdolusu danışırdı. Bez parçasının üzərində həyat yoldaşı Zivər xanım tərəfindən işlənmiş "Əsir Azərbaycanım" adlandırdığı xəritəni oğli Azər 1991-ci ildə Bakıya gələndə AMEA-nın Əlyazmalar İnstitutuna təqdim etmişdir. Almas İldırım Elazıxın təbiəti və coğrafi relyefində Azərbaycanın, Abşeronun mənzərələrinin oxşarlığını arayar, müqayisəli cəhətlərinə diqqət yetirirdi. Tez-tez Elazıxın məşhur Gölcük gölünün ətrafına gedir, burada xeyli rahatlıq tapdığını, bu gölün ona Xəzəri xatırlatdığını deyirdi.

Hətta o vaxt Türkiyənin cümhurbaşqanı Mustafa Kamal Atatürkə məktub yazaraq bu gölün Xəzər adlandırılmasını xahiş etmişdi. Artıq neçə illərdir ki, elazıxlılar həmin gölü Xəzər kimi tanıyırlar. Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Türkiyədəki 17 illik həyatında qəzet, jurnal və məcmuələrdə çap olunmuş milli şeirləri ilə diqqəti cəlb etmişistiqlal arzulu şair kimi tanınmışdır. Övladlarından Araz İldırım şairdir, atasının yolunu davam etdirir, Türkiyədə kitabları, Azərbaycan mətbuatında şeirləri dərc olunur. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

Bütün bunlara baxmayaraq Almas İldırım kimi həssas, vətənpərvər bir şair üçün qürbətdə yaşamaq olduqca ağır keçirdi. Onun nakam qəlbi daim doğma yurd üçün döyünür, doğma ellər üçün çırpınırdı:

 

Mən qürbətdə ölərsəm, qəlbinə salma çilə,

Söylə dostlar gömməsin nəşimi torpaqlara...

Yaxaraq vücudumu, kül edib verin yelə

Bəlkə bir zərrə salsın rüzgar bizim dağlara.

 

- deyən şair bütün varlığı ilə vətən həsrətini yaşayıb, onu ağır yük kimi ürəyinin başında gəzdirirdi. Milli istiqlal arzusu ilə yaşayan Türkiyədə millətçi şair olaraq tanınan Almas İldırım 1952-ci il yanvarın 14-də 45 yaşında Elazıxda "Vətən!", "Vətən!" deyə dünyasını dəyişir, Türkiyə Cümhuriyyəti tərəfindən dəfni təşkil edilir Malatyanın Sancaktar məzarlığında torpağa tapşırılır. Təəssüf ki, qəbrinin yeri heç kimə məlum deyil. Almas İldırımın Azər, Araz, Orxan Bakıxan adlı dörd oğlu olmuşdur. Azər 1991-cü ildə Azərbaycana gələrkən qəflətən vəfat etmiş, Abşeronun Şüvəlan kəndində - ata arzulayan torpaqda dəfn olunmuşdur.

Azərbaycan hökumətinin 1920-1930-cu illər sovet quruluşuna etiraz əlaməti olaraq mühacirətdə yaşamağa məcbur olmuş ziyalılara, şair yazıçılara olan diqqət qayğısından Azərbaycan Prezidentinin sərəncamı ilə anadan olmasının 110 illiyini təntənə ilə qeyd etdiyimiz mühacir şair Almas İldırımın ünvanına da pay düşür: Bakının mərkəzində, eləcə Şüvəlan kəndində adına küçə var, kəndin görməli yerində büstü qoyulub, 1994-cü ildə Bakıda "Qara dastan" adlı şeirlər kitabı nəfis şəkildə nəşr edilib. 110 illiyi ilə əlaqədar xatirəsi əziz tutulur, haqqında qəzet jurnallarda məqalələr yazılır, şeirləri radio televiziyada səsləndirilir.

 

Rəhman SALMANLI,

filologiya üzrə fəlsəfə doktoru

 

Ədalət.-2018.-19 aprel.-S.7.