İpin "günahı"

 

 (sənədli hekayə)

 

Əlibala RƏHİMOV,

publisist, "Qızıl qələm"

mükafatı laureatı

 

 

Mustafa səni keçirməsin çənəsinin altına: sözü-sözə calamaqda, dil boğaza qoymadan onu-bunu günahlandırmaqda heç kimi irəli buraxmaz. Milçəyi böyüdüb fil eləməkdə pərgardı. Bambalaca bir sözü, təzə-tər xəbəri hay-harayla, qışqıra-qışqıra, əl-qolunu oynada-oynada sənə, tək sənə yox, neçəsinə bər-bəzəklə çatdırır, xüsusi coşquyla təşbehlər işlədib hapa-gopa basır ki, gəl bu yazıq, dilsiz-ağızsız (o özünü belə adlandırır) kişinin and-amanına inanma.

O gün polis şöbəsinin önündən keçirdim. Rastlaşdıq. Heç qoymadı hal-əhval tutam, kefimi, iş-gücünü soruşam. Əlini uzatdı, şöbənin binasına:

-Ay müəllim, ay köhnə dost, bu xarabada oturanlar mənim kimi əfəl, savadsız, avam bəndələrin dərisini soyurlar. Burdakılar, and olsun o bir olan Allaha, hamısı rüşvətxor alçaqdı. Utanıb-qızarmadan balaca, bambalaca bir hadisəni uşaq şarı kimi böyüdür, şişirdir-şişirdir, kağız-kuğuz toplayır, heç nədən sənə 50 maddə oxuyur, axırda da deyirlər: uzağa getmə, əlin cibində olsun. Oğraşlar elə qiymət oxuyurlar, qalırsan mat-məətəl.

-Ay Mustafa, de görüm noolub, maddə, qiymət. Hövsələni bas, səbirli ol. Əlindən bir xəta çıxıb? Sərxoş olub toyda dava salıbsan? Əlin gidişib, yetimin, fağırın birini şapalaqlayıbsan? Bəlkə qoyun-quzunu basıb, kiminsə zəmisini otarıbsan, ?

-Yox, ay müəllim, araq içib dava salmaq nədi, mən o zəhrimarın daşını çoxdan atmışam, inanmazsan qapıda mələrtimiz yoxdu ki, qonum-qonşumun zəmisini otaram. A kişi, and olsun Hacı Söhbətin oxuduğu Qurana, üç-dörd ildən bir heç nədən məni dolaşdırır, salırlar sıxma-boğmaya, əlimdəkin alırlar əlimdən... Arvadağa, tünbətünün qızı da mənə ağıl dərsi deyir: kişi pula qızırğanma ver canını qurtar... Gedərsən türməyə, uşaqlar qalar başsız.

İstədim ona səbir, dözüm arzulayıb, ayrılam, qoymadı üyütdü, tökdü:

-Yazacam yuxarılara! Qoy Qasım müəllim keçsin əlimə.

-Neynirsən müəllimi?

-Ustadı. Bir az yeyib-içmək verirsən, yaxşıca düzüb-qoşur.

- niyə gətiriblər səni bura? Ay köhnə tanış, bir az asta danış (Həqiqətən palatada yatmışıq. İkimiz həkim Bayramov Kərimin nəzarəti altında mədə-bağırsağımzı "sağaldırdıq". Elə bu kifayət elədi ki, harda görüşək, kef-əhval tutaq, sağlamlıq durumumuzu dilə gətirək).

-Əşi, vallah deyim, danışım. Utanıram. Düzün bilmək istəsən, üç metr ipə görə.

Təəccüblənirəm:

-? Ədə, başına at təpib, nədi? Necə yəni üç metr ipə görə sən boyda kişini ilişdiriblər? Belə haqsızlıq olar? İstəyirsən mən gedim polis rəisinin yanına...

-Yox, yox, sən Allah o fikrə düşmə. Qaş düzəltdiyimiz yerdə göz çıxarırıq.

Halına acıyıram. Ayıb deyil, ip nəmənədi ki, ondan ötrü mənim bu köhnə tanışım şöbəyə gətirilsin?

And-aman eləyir, yalvarır ki, rəislə görüşməyim. Niyə? Düşünürəm içimdə şübhə boy verir: deyəsən məsələ ayrı cürdü, burda nəsə qaranlıq məqam var. Nədi bu qaranlıq məqam?

Mustafanın haray-həşrinə yoldan ötənlər ayaq saxlayır. Daha dükanın üzü tozludu, dayanıb bu ip məsələsini çözələmək, təzə nəsə öyrənmək həvəsim sönür, uzaqlaşıram ondan. Yolu keçəndən sonra geriyə boylanıram, yenə əl-qol atır, ətrafına yığışanlara nəsə deyir, yəqin yenə kiminsə arxasınca söyüb-söylənir. Maraq doğuran budu ki, üç metr ipə görə köhnə tanışım çoxbilmiş quş kimi dimdiyindən ilişib. Heç ola bilməz axı, ipdən ötrü Mustafanı polis çək-çevirə, get-gələ salsın. Nəmənə şeydi bu ip? Düzdü, məişət qayğılarımız, ev-eşik işlərimiz onsuz ötüşmür. İp haqqında danışmağa, moizə oxumağa hacət. bu yerdə keçmişi, ötənləri yada salarkən öz-özümə gülməyim tutur. Keçmişdə kişi qadınların biədəb səslənməsin tumanbağısı imiş bu ip. Kəndir, zivə, ciyə, çatı, qatma, ovsar da deyirlər ona. Ataların öyüd-nəsihətinə fikir verin. "Sənin ipin üstə odun yığmaq olmaz", "Hər iplə quyuya düşməzlər", "İlan vuran ala çatıdan qorxar".

Yaddaş cədvəlimin lap küncündən kiçik bir əfsanə boy verir:

Uzun illər sahibinə qulluq eləyən, susuz, ot-ələfsiz, səhralarda ömür sürən qoca nər taqətdən düşüb daha, heyi-hərəkəti yox ayağa qalxa, qoşula karvana, girə yük altına. Mömin bəndə olan sarban (sarvan-ərəbcə "dəvə" deməkdi, sarban isə karvanın sahibi, yəni dəvəçi.

Bunu ona görə xatırladıq ki, bəzi müğənnilər səhv eləyib, qəzəllərdəki "sarban"ı "sarvan" təki tələffüz eləyir) dostunun ölən-öləziyən həyatına, gözlərinin son işartısına baxır, baxır düşünürsə, halallıq istəyir dəvədən:

-Bağışla məni əziz dost, - deyir, - sənə çox əziyyətlər vermişəm: uzaq-uzaq diyarlara yük aparıb-gətirmişəm. Ac, susuz qalıbsan... Ayrılıqdı, halal elə zəhmətini.

Qoca nər son gücünü toplayıb, yovşan kolunun arasından başını qaldırır. Çuxura düşmüş gözlərinin işartısı da bir az artır onun...

-Əzab-əziyyətlər, ağır yüklər, uzaq səfərlər alnımıza yazılıb bizim, - deyir, - bütün günahlarını bağışlayıram, bircəsindən başqa.

Sarban heyrətlənir:

-O nədi elə?

-Bəlkə yadından çıxıb, mənsə unuda bilmirəm hələ. Həmədana xurma aparırdıq. Bərk hirslənmişdim. Mənim ovsarımı bağladın boz eşşəyin quyruğuna. Bax bircə onu sənə bağışlamayacam.

***

..., elə o gün görsəm yaxşıdı: iki polis işçisi Mustafanı məhkəmə tərəfdən gətirir şöbəyə. Cücəyə dönüb, rəngi-ruhu avazıyıb, dil-dodağı təpiyib. Deyəsən işi yaşdı. Daha məni görən kimi haray-həşir qoparmır, qışqır-bağır salmır. Bir az da utanan kimidi. Yazığım gəlir tanışımın bu halına.

Polis serjantı qonşum olduğu üçün yaxınlaşıb, görüşürəm Mustafayla:

-Nolub, niyə belə birtəhərsən ey!

-Heç, məhkəmə məni danladı. Aparırlar türməyə.

-Elə üç metrlik ipə görə? Bəlkə burda başqa var, ay Mustafa? Heç inanmağım gəlmir bir ipdən ötrü səni danlasınlar. Belə haqsızlıq ağlıma batmır.

- neyləyim, səhər-səhər demədim sənə, hökumət yoxdu?

-Axı, neyləyibsən ki?

-Günahım bilirsən nədi? O ip zibil var ha, mən Səringülün tövləsindən götürmüşəm, demə o ipin o biri ucuna arvadın danası bağlanıbmış. Mən bilməmişəm...

Serjant qonşum qəhqəhə çəkir:

-Ay müəllim, bu Mustafanın çərənləməsinə bənd olma. Gözünün içinə kimi yalan danışır. O, həmkəndlisi, əri ölən, 4 uşaqla dörd divar arasında qalan Səringülün tövləsindən oğurluq eləyib. Cöngəni ip qarışıq açıb, gecəykən aparıb Cəlilabad rayonuna, satıb qəssaba.

-Nəəəə, bəs ay Mustafa, sən deyirdin 3 metrlik ipə görə məni gətiriblər şöbəyə?

-Əşi, mən hardan bilim o ip şoğəribin bir ucuna da dana bağlanıb.

...Mustafanın sərgüzəşti, dana oğurluğu yayıldı rayona. O, kişinin 3 metrlik ip söhbəti qəliz, dolaşıq məsələymiş! Əldən-dildən pərgar Mustafa dana oğrusu imiş. İndi mən köhnə tanışımı necə təmizə çıxarım, yuyub yarpız üstə qoyum? Necə günah işlədim, babala batım ki, ay camaat Mustafa 3 metr ipin güdazına gedib. Necə olsa, bircə əlacım qalıb, deyəm ipin "günahı" böyükdü! Əlimə iti bıçaq keçsin, doğram-doğram edəcəm, yandıracam bu "günahkar" iplərin hamısını...

 

 

Ədalət.-2018.-19 aprel.-S.7.