Əbülfət MƏDƏTOĞLU
NAĞILA
BƏNZƏYƏN ÖMÜR
Bu nağılda göydən alma yox, eləcə yaşananlar düşübdü...
Bəli,
çoxdan idi ki, keçmişimə, uşaqlığıma, orta
məktəb illərimə,
tələbə, əsgərlik
həyatıma səfər
etməmişdim... Çoxdan idi
ki, dünənimlə,
yaşadıqlarımla, xatirələrimlə
üz-üzə dayanmamışdım.
Amma sən demə, mən təkrar bütün bunları bir də yaşamağa
məhkum imişəm.
Özü də az qala nöqtə-vergülünə qədər... Və çoxdan idi
ki, özümü bu qədər dözümlü, özümü
bu qədər sınanılmış olduğumu
hiss etməmişdim.
Bəli,
iki gün öncə, lap dəqiq desəm, aprel ayının 16-da işdən
sonra nə vaxtdan bəri idi ki, yazı
masamın üstündə
dayanan bir az kədərli
aura yaradan kitab diqqətimi çəkdi.
Ona görə kədərli deyirəm ki, onun üz qabağındakı
kölgə və bir də göy
üzünün ağlı-qaralı
buludları məndə
bu əsərə qarşı qəribə bir duyğu yaratmışdı. Hər dəfə
onu əlimə götürəndə sanki
qəmli, ağrılı-acılı
notlarla qarşılaşacağımdan
ehtiyatlanıb təkrar
götürdüyüm yerə
də qoymuşdum.
Amma bu dəfə kitab mənə güc gəldi. Götürdüm və başladım
oxumağa. Ön sözdəki
bir cümlə məni daha da həvəsləndirdi.
Əslində həmin cümlə
kitabın müəllifinin
özünün oxuculara
ilk sözü idi.
Və müəllif vurğulamışdı ki,
"Tərəddüddəyəm... hardan başlayım, necə yazım..."
Bax, hardan başlamaq və necə yazmaq bir qığılcım oldu mənim üçün. Maraq qığılcımı... cəlb
etmək qığılcımı...
Alışdım o qığılcıma. Başladım səhifə-səhifə
yanmağa... Məni dürüst anlayın,
düzgün qəbul
edin. Şəhər uşaqlarından, şəhər adamlarından
fərqli olaraq kənd uşağının,
kənd adamının
həyatı daha maraqlı, daha sərbəst olur. Çünki təbiətdə, çöldə-bayırda böyüyür.
Çünki canlı
təbiətin təmasını
əlində, üzündə,
gözündə, nəfəsində
hiss edir... Çünki
zəhmətlə ilk təmas,
ağacdan yıxılmaq,
çayda suya batmaq, arxı hoppananda büdrəmək
və sairə həyat "dərs"lərini
kənd uşaqları
əl boyda olanda artıq öyrənirlər və
bu da onların
həyatını cilalayır,
nağıllaşdırır. Sonda o nağıllar bir kitaba, bir xatirə-romana
çevrilir.
Mən "Ömür
bir nağıldı"
kitabını bir gecəyə oxudum. Özü də
xatirə-roman olduğuna
görə, mənim xatirələrimi təzələdiyinə
görə, birnəfəsə
oxudum. Burda bir məqamı
da xususi vurğulamalıyam. Mən bu
xatirə-romanı oxuduqca
atam da gəlib
dururdu gözümün
qarşısında. Hələ ölümünün
40 günü tamam olmayan atam bu
xatirə-romanla birlikdə
öz uşaqlığını
sanki mənə danışırdı. Və mənə
elə gəlirdi ki, oxuduğum kitabın müəllifi, öz həyatını romanlaşdıran, kitablaşdıran
Fərəc Fərəcov
elə mənim atamla eyni kənddə,
eyni məhəllədə
doğulub. Ona görə
də onların ayrı-ayrılıqda söylədikləri,
daha doğrusu, atamdan eşitdiklərim Fərəc müəllimin
yazdıqlarıyla üst-üstə
düşərək bir
nağıla çevrilir.
Elə bir nağıla ki, onu dinlədikcə həyatın nə qədər çətin,
nə qədər ağır, amma nə qədər də şirin olduğuna bir daha inanırsan...
Bəli, mən Fərəc müəllimin kitabını
oxuduqca şəxsən
tanıdığım bir
insanı yenidən kəşf etməyə, yenidən tanımağa başlayıram. Hətta bəzi məqamlarda
bu kitabdakı qəhrəmanın Fərəc
müəllim olduğuna
inanmaq istəmirəm,
inanmağım gəlmir.
Lakin xatirə-romandakı detallar
məni inanmağa məcbur edir. Bu detallar Fərəc
müəllimin həyatından
bildiklərimdi, eşitdiklərimdi.
Onun rəssamlığını
görmüşəm... Çəkdiyi
şəkillərin qarşısında
dayanıb o şəkillərlə
danışmışam... Onun
şeirlərini oxumuşam...
Onun Naxçıvanda
nəşr edilən məqalələrilə internet vasitəsilə tanış
olmuşam. Və ortaq dostlarımızın
söylədiklərindən, həmçinin iştirakçısı
olduğum bir doğum günü tədbirindən kitabda yazılanların gerçəkliyinə
heç bir şübhəm qalmayıb.
Bir məqamdan başqa. Bu insandakı dözümə
heyrət, bu insandakı iradəyə təəccüb və nəhayət, bu insandakı mübarizliyə
həsəd məni çaşdırıbdı. Doğrudu, dediyim hər üç məqamın arxasında bir inanc dayanır. Yəni xatirə-romanda Fərəc
müəllim özü
yazır ki, mən o inancı dəfələrlə möcüzə
kimi həyatımda yaşamışam.
Kəndimizi, məhəlləmizi sel aparanda xilas
olmağını da,
dəfələrlə düşdüyü
avtomobil qəzalarından
qurtulmağını da,
hətta tifil bir uşaq ikən
hamının əlini
üzüb sonunu gözlədiyi anda qonşu kənddə yaşayan nurani bir kişinin onun uzun illər
yaşayacağını və
xəstəlikdən xilas
olacağını söyləməsi
də bax, o dediyim dözümün, mübarizliyin, iradənin söykəndiyi nöqtədi.
Bunu mən belə qəbul edirəm.
Digər
tərəfdən iki
yaşında olarkən
ata nəfəsinin sadəcə qoxusunu hiss etmiş və 25 yaşında da atasından əbədi ayrılan bir oğulun, həm də evin tək
övladının kənddə,
bir ananın qanadı altında böyüməsinin nə
demək olduğunu yəqin ki, anlayırsınız. Şəxsən mən xatirə-romanda həmin səhnəni oxuduqca atamı təkrar xatırladım.
Atamın yaşadıqlarını təkrar canıma, qanıma hopdurdum.
Kənd
uşaqlarının maraq
dünyasında müxtəlif
əyləncələrin, xüsusilə
futbolun özəl yeri var. Fərəc müəllim futbola sevgisini də, Naxçıvanın "Araz"
komandasına olan məhəbbətini də...
kəndədə ilk qutusunun
onların evində möcüzəli əşya
kimi qorunmasını da... bütün qohum-əqrabanın evin tək oğluna sevgisini də... hətta onun üçün dünyada
ən doğma olan bibisinə elçi gələndə
onun başqa evə köçəcəyini
anlayıb hay-haray salmasını da... bibisinin nişanlısından
zəhləsinin getməsini
də... bütün bu səhnələr...
Və nəhayət, nağıl
danışan nənə...
qonşu nənənlər,
xalalar, bibilər... məhlənin ağsaqqalları...
tay-tuşlar... Həsən
müəllim və bir də rayon qəzetində çap olunan ilk yazı...
Daha sonra rayon qəzeti müxbirinin sərgüzəştləri...
sonra ilk kitab... onun təqdimatı... Bax, burda mən yenə öz uşaqlığıma qayıdıram.
Mənim
də atam danışırdı ki,
ermənilər heç
kimin yaşına baxmadan kişili-qadınlı
hamını güllə-boran
edirdilər, xəncərdən
keçmirdilər. Mənim atam
söyləyirdi ki, nənəmin kürəyinə
qaynayan samovarı bağlamışdılar. Onun söylədiklərinə hələ
o vaxtlar xatirələrini
nağıl formasında
danışan nənəm
də qoşulardı.
O da deyərdi ki, ermənilər qız-gəlini, xüsusilə
hamilə olanları süngüləməkdən ləzzət
alırdılar. Elə bil
ki, iki adamı
birdən öldürmək
onları havalandırırdı.
Bax, mən
Fərəc müəllimin
kitabında haqqında
oxuduğum "Yayıcı
qətliam"ın mənə
dünyasını dəyişənlərimin
söylədiklərini xatırlatdı.
Bəli,
mən Fərəc Fərəcovun bir jurnalist, bir yazıçı, bir vətəndaş və nəhayət, bir Azərbaycan ziyalısı
kimi kağıza köçürdüyü xatirələrini
oxuduqca bu əsərin bədii çalarları real çalarlarla
üst-üstə düşüb
yaşanmışların əks-sədasına
bir söylənilən
dastana çevrildi mənim üçün.
Mən xatirə-romanda
Naxçıvanı, onun
coğrafiyasını, onun
nurlu insanlarını,
dünənini, bu gününü, "Şərq
qapısı" qəzetini,
Naxçıvanın Ali Məclisini,
ədəbiyyat adamlarını,
nəhayət, Fərəc
müəllimin həyatının
işıqlı səhifələrinə
diqqət yetirən Ali
Məclisin sədrinin
obrazını gördüm.
Əmin oldum ki, istedada,
halal adama dayaq duranda, qayğı göstərib
əl uzadanda onun istəkləri çin olur... onun haqqı göyərir... onun taleyi qaranlıqları yarıb işığa çıxa bilir. Bu nümunəni dəyərli
dostum, həmkarım Fərəc müəllimin
həyat yoluna çox hörmətli Ali
Məclis sədri Vasif Talıbov cənablarının qayğı
və diqqətində
bütünlüklə yaşadım
və könlümdən
həm xatirə-romanın
müəllifinə, həm
də ona dəstək olan hər kəsə bir minnətdarlıq hissi gəlib keçdi.
P.S. Bəli, Fərəc müəllim, əziz dostum, siz xatirə romanınızla məni də təkrar xatirələrimə qovuşdurdunuz. Naxçıvanda yaddaşıma köçürdüyüm xatirələr.
Ədalət.-2018.-19 aprel.-S.6.