Yasda məni az qala
öldürmüşdülər...
Bu gün "Ulduz" jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin doğum günüdür. Adalet.az bu münasibətlə Qulu Ağsəslə
müsahibəni təqdim edir:
-Doğulduğunuz Ağdam,
uşaqlığınız yaddaşınızda necə iz
buraxıb?
– Həyatın
elə anları olur ki, illər, aylar, hadisələr gəlir
o izlərin üstünü örtür. Sonra
güclə qaşıyıb üzə
çıxardırsan. Amma uşaqlıq
elədi ki, onun üstünü heç nə örtmür.
Hətta uşaqlığımda elə kədərli
hadisələr var ki, mən özüm qəsdən
üstünü basdırmışam.
– Hansı hadisələr?
– İsmayıl dayı adlı bir dostum var idi. Böyük Vətən
Müharibəsində əsir düşmüşdü.
Buna görə tərcümeyi-halı ləkəli
idi. Ona orden, medal nədi, heç yağ
talonu da vermirdilər. Mən orta məktəbdə
oxuyurdum. Artıq rayon qəzetində
çap olunmağa başlamışdım. İsmayıl dayı ilə onun əkdiyi qoz
ağacının altında oturub dərdləşirdik.
Hərəmizin əlində bir çubuq.
O, çubuqla yeri eşdikcə torpağın altında
ölmüş adamlar çıxırdı. Hərdən
çaşıb atamın da adını çəkirdi.
Tez də çubuqla üstünü
örtürdü. Mən də onun elədiyini
təkrar edirdim. İndi o illəri xatırlayanda
sanki pantomim teatrına baxıram. İsmayıl
dayı kənkan idi. Onu müharibəyə
qazdığı quyudan tutub aparmışdılar. İlk qazdığı səngər 6 metr
olmuşdu. Ona elə gəlib ki, müharibə
elə quyu qazmaqdı.
Qaraqayada sürüşək daş vardı, gedib orada
sürüşürdük. Orda sürüşən
uşaqların axşam evdən
çığırtısı gəlirdi. Çünki mütləq şalvarları
deşilirdi və buna görə evdə
çırpılırdılar. Daşda
sürüşən uşaqları dərhal
taıyırdıq. Hamısının
şalvarı yamaqlı olurdu. Yamaqlı
şalvarlar da İsmayıl dayının sehirli
çubuğu kimi uşaqlığımda iz salıb.
– Uşaqlığınızda
travmatik bir hadisə olub?
-Təbii
ki, olub. Mən onu yuxu kimi hərdən
xatırlayıram. 3-4 yaşım olanda
qonşuda toy olmuşdu, toy qurtarandan sonra palatka söküləndə
uşaqlar dəmirdən sallanıb yellənirdilər. Çadır aşıb, altında qalmışam.
– Mən
mənəvi travma deyirəm.
- Balaca
vaxtı kəndə motoskletlə fotoqraf gəlmişdi. Adamların şəklini böyüdürdü.
Anama dedim ki, atamın şəklini ver böyütsün. O
vaxtacan məni aldatmışdılar ki, atam Bakıda
yaşayır. Dalaşdığım
uşaqlardan birini atamla hədələmişdim. O mənə
dedi ki, sənin atan ölüb. Bakıda
yaşayan böyük qardaşındı. Şəkil böyütmək söhbətini anama
deyəndə tutuldu. Bildim ki, qonşu
uşaq düz deyir. İlk mənəvi zədəni
onda aldım.
– "Ulduz” jurnalının
baş redaktorusuz. Günü-gündən
də şairlər çoxalır. Sizcə, gənclik
niyə digər sahələrə yox, ədəbiyyata gəlmək,
tez bazar da çap olunmaq, şöhrət qazanmaq istəyirlər?
–
Hansısa tanınmış musiqiçiyə bu sualla
müraciət eləsən, o da deyəcək ki, bu gün
hamı musiqiyə gəlir, oxumağa gəlir. 50
ilin taksi şoferi ilə söhbət eləsən, o da eyni
gileyi edəcək. Ədəbiyyat bu gün həmişə
olduğundan daha az şöhrət gətirdiyinə
görə əslində mən bugünkü gəncliyi
alqışlayıram. Əvvəl Yazıçılar
Birliyinə üzvlük, sonra müəyyən güzəştlər:
dincəlmək, kurort, onun dalınca ev,
maşın və s. gözlənilirdisə, indi onların
heç biri yoxdu. Deməli, bu gün ədəbiyyata
gəlmək fədailikdi. Yəni bilirsən ki, burda
heç bir xeyir yoxdu, kitabı müəllif öz cibinin
puluna çap elətdirəcək, onu alan
yalnız dost-tanışlarıdı, kitabların sayı təəssüflər
olsun ki, 500-dən çox deyil. Son vaxtlar 30-a
yaxın kitab almışam, 30 kitabın təqdimatında təxminən
eyni personalı görmüşəm.
Ədəbiyyat bu gün qələm adamlarına xeyir gətirmir
əvvəlki illərə baxanda. Və buna rəğmən
yenə insanlar yazıb yaratmaqdan doymurlarsa, bu, artıq
könül işidi. Onun keyfiyyəti məsələsi
başqa söhbətdi. Biz əvvəl
şeir oluruq, sonra şair. Və nə vaxtsa
qayıdıb təzədən şeir ola
bilsək, deməli, yazmağa dəyərmiş.
– Bildiyim
qədər istedadsız imzaları çap eləmirsiz...
– "Ulduz” jurnalında maksimum
çalışırıq ən istedadlıları çap
edək. Onlara həmişə qapı açıqdı.
Onlarla harda rastlaşsaq – dağda-daşda,
facebookda şərait yaradırıq ki, çap olunsunlar.
O adamlar görünsün. Xudu Məmmədov deyirdi
ki, istedadlı adamla işləmək çətindi, nəinki
istedadsız. Xudu müəllim təbii ki,
doğru deyirdi. Mən klassiklərlə
mübahisə etməyi xoşlamıram. Amma
mənim fikrimcə, istedadlı adamla işləmək çətin
olsa da xoşdur. İstedadlı bir şeir
oxuyanda adamda qibtə yaranır. Niyə
bunu mən yazmamışam deyə. İstedadlı
çevrə adamı ayaqda saxlayır. Yoxsa ətrafı
qrafomanlarla doldursan, özün də bir yana
çıxa bilməzsən.
– Amma qəzetdə, jurnallarda,
saytlarda görürük ki, istedadsız adamlar da çap
olunur. Bir senzura lazım deyilmi ədəbiyyatda?
– İndi senzura dövrü deyil. Ədəbiyyat
yaranandan anti-ədəbiyyat da var, insanlıq yaranandan anti-
insanlıq da var, talant yaranandan talantsızlıq da var. Bunlar həmişə
bir yerdə olub. Bunlar həmişə hər
yerdə var. Biz onları çap eləməsəkdə
görəcəyik hardasa bir yerdə çap olunub. İstedadsız müğənni baxın efirlərdə
nə qədər mənasız mətn oxuyur. Yəni əgər
istedadsız adam çapa meyillənirsə
onun qarşısını ala bilməyəcəksən. Özü sayt yaradacaq, başqa bir yerdə çap
olunacaq, mahnı mətnləri yazacaq, gedib məzar
başdaşılarına şeir yazacaq. Düzdü
istedad təbiət hadisəsidi. Zəlzələ
kimi, vulkan kimi təbiət hadisəsidi. Amma
istedadsızlıq da hadisədi. Təbiətin
törətdiyi hadisə deyil. Biri var vulkan
püskürər, biri də var maşını adamların
üstünə sürərlər. Bax
bunlar elə bil ki, maşını adamın üstünə
sürürlər. (gülür) İndi çap olunmaq çox asandı. Gündəlik qəzetlərin də ədəbiyyat
səhifəsi var. Üstəlik saytlar, sosial şəbəkələr.
Maraqlıdır ki, zəif yazılar daha
çox oxunur və bəyənilir. İstedad
təbiət hadisəsidir. Hadisə isə
həmişə baş vermir. Elə
götürək baleti.
-Aha
-Teatrda
balet oynanada 50–60 adam gəlir. Yarısı da mənim kimi eynəkli. Amma «Bu şəhərdə»yə bilet
tapılmır. İndi neyləyək,
Opera və Balet teatrını bağlayaq? Nə
yaxşı ki azda olsa ciddi mətbu orqanlar var. Onların tiraji
az olsa da ədəbi səlnaməni məhz
bu orqanlar yaradır. Yutubda 100 minlərlə
baxışı olan nəzm nümunələri var.
Özünə hörmət edən heç bir KİV
onları çap etməz. Biri var, ədəbiyyatdan
sosial şəbəkəyə gələsən, birdə var
sosial şəbəkədən ədəbiyyata. Bunlar fərqli şeylərdi.
Ən
çox "Azərbaycan” jurnalı ilə "Ədəbiyyat”
qəzeti idi ki, 80 illik tarixləri var. Və burda çap
olunmaq olduqca çətin idi. Orda bir dəfə çap
olunan adam yazıçılıq
mandatı alırdı. Tutaq ki, biri bir şeir
yazırdı əvvəlində Məmməd Araz
yazırdı ki, -"onun tərbiyəsi xoşuma gəldi,
uğur arzulayıram”.
-Yəqin
sizin də tərbiyəniz redaktorların xoşuna gəlib. Doğurdan da Qulu müəllim siz çox həyalı,
utancaq adamsınız. Amma müsabiqədə
sizə "Qılınc Qurban” deyirlər.
-Sözümü
kəsmə. Bax indicə Məmməd Arazdan misal çəkdiyim
o iki kəlməyə görə adam
bütün ölkədə tanınırdı. İndi Allaha şükür bütün siyasi qəzetlər,
ədəbiyyat qəzetləri, internet portallar nə qədər
var. Onların yayım imkanı ilə bizim yayım
imkanımız daha çoxdu. Publika
üçün də son dərəcə maraqlı olan
adamlar var.
Jurnalımıza müxtəlif ölkələrdən
yazılar göndərirlər. Ola bilsin ki, onların
arasında cinsini dəyişmiş adamlar var. Yəni, əslində
kişidi, qadın imzası ilə yazır. Yaxud əksinə. Biz artıq
buna cavabdeh deyilik. Biz yalnız mətnə
cavabdehik. Məhşur olmayan rus
yazıçısının bir hekayəsi var. Bir nəfər
bekarçılıqdan yazı yazıb jurnala göndərir.
Yasızı çap olunur. Amma
baxıb görür ki, bir cümlə də onun deyil. Orijinalı başqa jurnala göndərir. Yenə çap olunur. Bu dəfə
də onun yazısını tamamilə dəyişib çap
edirlər. Beləcə məhşurlaşır,
nəşriyyatlardan biri onunla müqavilə bağlayır.
O öz yazısını nəşriyyata göndərir,
kitab çıxanda baxır ki, bir cümlə də onun
deyil. Tezliklə imzası brendə çevrilir.
Ondan soruşurlar ki, ən böyük arzunuz nədir?
Cavab verir bircə yol öz yazımın
çap olunmağı. İndi redaksiyalara
başqasının təzədən yazdığı mətnlər
də gəlir. Biz heç buna da cavabdeh
deyilik. Bunu həmin adamların öz
vicdanına buraxırıq.
-Bir az da sizin
yaradıcılığınızdan danışaq. Yaradıcılığınızda nə yenliklər
var?
-Mən ləng
yazıram. Az-az yazıram. Hər
şeirimi ən az 6-7 variantda işləyirəm.
4-5 variant beynimdə hazır olur. Qələmə alanda tamam ayrı variant ortaya
çıxır. Redaktə edib
qurtardıqdan sonra isə tamam başqa. Mənimki
elə bil İtaliya kinosudu. Sona qədər
rejissor özü də bilmir ki, nə çəkir. Tamaşaçıya da elə təqdim edir. Mən də sonda nə təqdim edəcəyimi
özüm də bilmirəm.
-Qulu
müəllim, sizin şeirlərinizə romanslar bəstələnib.
Bəstəkarlar İttifaqında keçirilidi
tədbir. Təəssüratlarınızı
bölüşərsiniz...
- Musiqi Akademiyasının müəllimi, bəstəkar
Rəna Qədimova bir neçə şeirimə romans bəstələyib. Aprelin 17-də
Bəstəkarlar İttifaqında onardan ikisinin təqdimatı
oldu. Romansları əməkdar artist,
istedadlı vokalçı İlham Nəzərov oxudu.
- Gənc yazarlar klassikləri tənqid
edirlər. Buna münasibətiniz necədir?
– Üzeyir Hacıbəyov ötən əsrin əvvəlində
yazır ki, 1905 –1910-cu illərdə Azərbaycan
ziyalıları birdən-birə parladı. Bir çox
şeylər meydana gəldi. Nələrsə
eləməyə çalışdıq. Və sonra söndük.
Onunla əks cəbhədə dayanan Məmməd
Əmin Rəsulzadə görün necə nəzakətlə
cavab verir. Deyir ki, Azərbaycan ziyalıları filan dövrdə
yanıb, indi sönüb.
-Doğurdanmı sönüb...
-O dəqiqə getdin sönmək məsələsinə ki, bəlkə məndən bir söz qoparıb qalmaqal yaradasan.
-Allah eləməsin...
-Allah eləmir e, bəndələr edləyir. Nəyisə. Qayıdaq mətləbə. Mən bu fikirlə razı deyiləm. Bir millət yüzlərlə nadan Mirzənin içindən bir Mirzə Fətəli yetiribsə, bir millət yüzlərlə bivec seyidin içindən bir Seyid Əzim yetiribsə, bir millət yüzlərlə baqqalın içindən bir Sabir yetiribsə, onun işığı heç vaxt sönməz. Məncə, mübarizə fikir üzərində qurulmalıdır.
-Sabir baqqal deyildi. İndiki dillə desək
"sexavşik” idi. O
boyda sabun sexi vardı...
-Sən də
qardaşın kimi gərək bir söz tapıb deyəsən.
Bəs Aqil Abbas sənə deməyib ki, özündən
ağıllı adam danışanda qulaq
as.
-Qulu
müəllim, istedalısınız, yaxşı. Amma daha
ağıl başqa, istedad başqa...
-Yaxşı
sən də ağıllısan. Harda
qalmışdıq. Deyəsən, Mirzə Cəlildə.
Mirzə Cəlil ilə Əbdürrəhim bəy
Haqverdiyevin həmin dövrdə xalqa münasibəti. Əbdürrəhim bəy Azərbaycan
xalqının ən təmiz, ən munis, ən müqəddəs,
ən işıqlı cəhətlərini ön plana çəkirdisə,
Mirzə Cəlil əksinə onun ən qaranlıq, nadan yerlərini
qamçılayırdı və ələ salırdı.
Amma bu iki daban-dabana zidd baxış heç vaxt
onların münasibətinə xələl gətirməyib.
Nə bir-birini təhqir ediblər, nə də
düşmən olublar. Klassikləri tənqid
etmək olar. Amma qərəzsiz və mətn üzərində
- "Xalqın şairi”ndə demək olar ki, münsif
kimi tamaşaçıların yaddaşında siz qaldız. Bu müsabiqədə
maraqlı, qeyri-adi hadisələrlə qarşılaşmısız?
-Əvvəla maraqlı hadisə o oldu ki, o müsabiqəyə
90 yaşında adamdan tutmuş 10 yaşlı uşağa
kimi qatılan tapıldı. Deməli, Azərbaycan
xalqının poeziyaya, ədəbiyyata marağı
çoxdu. O yaşda uşağı adamın əli gəlmirdi.
Və ya 90 yaşlı kişiyə deyə
bilmirsən ki, müsabiqə sənlik deyil. Eləcə də fiziki cəhətdən
qüsurları olan adamlar da gəlirdi. Amma
əvvəldən söz verdik ki, mətnə qiymət veriləcək.
Mən bu prinsipə sadiq qaldım. Bu müsabiqə cavanları çox məşhurlaşdırdı.
Hər halda udan onlar oldu.
Maraqlı əhvalat odu ki, bir dəfə maşınla
gedəndə post patrul saxladı məni. İndi dedim,
cərimə yazacaq. Telefonunu
çıxardıb "Xalqın şairi”ndəki
iştirakçının videosunu göstərdi mənə.
Dedi, bu cürə istedadlı birini niyə kəsdiz.
Bir dəfə də 500 nəfərlik yas yerində idim. Birdən bir topa adam əhatəsinə aldı məni. Fikirləşdim, yəqin məni tanıdılar.
Sonra məlum oldu ki, bunların
ağsaqqalını müsabiqədən kəsmişəm.
Az qaldı orda məni öldürələr.
Yas yiyəsi dedi ki, sən canın, anamın qırxına gəlmə...
Söhbətləşdi:
Oğuz Ayvaz
Ədalət 2018.-
20 aprel.- S.4.