SAZLI-SÖZLÜ TOVUZ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
Tovuz həm də aşıqlar diyarıdır. Azərbaycana Dədə Qorqud öyüdlü, Dədə
Qorqud qopuzlu aşıqlar bəxş eləyən bu yurdun tanınmış saz-söz sənətkarları
çoxdur, lap çoxdur.
Saymaqla, yazmaqla nə qurtarasıdı, nə də ki, bitib-tükənəsi.
Sazı ilə ruhumuzu oxşayan, sözü ilə könlümüzü
fəth eləyən,
hər kəsi sevməyə, sevilməyə,
bir olmağa, güclü olmağa səsləyən, elin dar günündə öndə dayanan, xalqın kədərilə
kədərlənən, sevincilə
sevinən aşıqlarımız
böyük sevgilərə
layiqdirlər. Heç də təsadüfi deyildir ki, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri, millət vəkili, Azərbaycanın
Birinci xanımı, vitse-prezidenti Mehriban xanım Əliyevanın aşıq sənətinin,
sazımızın qorunub
inkişaf etdirilməsində,
təbliğində göstərdiyi
yorulmaz fəaliyyəti
nəticəsində Azərbaycan
aşıq sənəti
UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilib. Bu,
qürurvericidir. Həm də
sevindirici haldır ki, bu gün
sazımızın səsi
ən yüksək səviyyəli Beynəlxalq
tədbirlərdən gəlir.
Avropanın və bütün dünyanın böyük
şəhərlərində telli sazımız milyonlarla insanı heyrətə gətirir.
Dilimizi, milli mədəniyyətimizi, tariximizi
yaşadan, qoruyub-saxlayan,
insan ləyaqətini,
bəşəri hissləri,
duyğuları, təmiz
sevgini, ülvi məhəbbəti, qəhrəmanlığı
təbliğ eləyən
aşıq sənətinə
ehtiram göstərmək
mənəvi borcumuzdur.
Aşıqlar diyarı Tovuzda yetişən el sənətkarlarının
səsi-sorağı Azərbaycanın
sərhədlərinə sığmır. Səməd
Öysüzlü, Hüseyn
Bozalqalı, Əsəd
Rzayev, Mirzə Bayramov, Qəhrəman İbrahimov, Vəli Bozalqanlı, Xəyyat Mirzə, Nəcəf Hüseynov, Qədir İsmayılov, Yusif Yusifov, Azaflı Mikayıl, Əkbər Cəfərov, İmran Həsənov, Ələsgər
Tağıyev, Xanlar Məhərrəmov, Əli
Quliyev, Zülfiyyə
İbadova kimi aşıqların sazını-sözünü
duymayan, sehrinə düşməyən varmı?
...Tovuzun gözəl təbiəti, zəhmətkeş
insanları, zəngin
sərvəti var. Bu elin
adlı-sanlı ziyalıları,
alimləri, şair və yazıçıları,
igid oğulları, qəhrəmanları... Azərbaycanın
şöhrətini daha
da ucaldır, Vətən üçün,
xalq üçün gərəkli, faydalı işlər görürlər...
Tovuzun el sənətkarları,
el şairləri, aşıqları,
saza-sözə könül
verən duyğulu adamları da vətənə, xalqa, mədəniyyətə öz
xidmətlərilə seçilirlər. Tovuzlular saza
ürək dostu, könül yoldaşı
kimi baxırlar, sazı heç zaman hörmətdən düşməyə qoymazlar,
sazı Məkkə kimi, Mədinə kimi müqəddəs sanarlar. Ona görə də saz ən urvatdı
yerlərdən, evdə
divara vurulmuş xalçanın, gəbənin
üstündən asılar,
Qurani-Kərim kimi əziz tutular, istər el şənliklərində,
istərsə də dərdin, qəmin sel kimi çağlayan
vaxtlarında saz köynəkdən çıxarılar
və hisslər, duyğular simlərə axıdılar, bununla da yüngülləşən
kimi olurlar. Tovuz elində telli saz ustaları çoxdur. Onların hər biri haqqında söhbət açmaq o qədər də asan məsələ
deyil, bu, bir institut kollektivinin
işidir. Ona görə də təkcə Tovuzda deyil, Azərbaycanda, yaxın-uzaq ölkələrdə
tanınan və sevilən aşıqlardan
az da
olsa söhbət açmalı olduq. Tovuzun bir çox
kəndlərini gəzib-dolaşdıq;
Əlmərdanlıda, Bozalqanlıda,
Qaraxanlıda, Gilovdarlıda,
Xatınlıda, Köhnəqalada,
Aşağı Əyyubluda,
Alakolda... bir sözlə, hansı kənddə, hansı evdə qonaq olduqsa, orada saz gördük, hələ işıq üzü görməmiş
şeirlərə qulaq
asdıq. Saza-sözə
diqqət kəsildikcə
mənən saflaşdığımızı,
ruhən təmizləndiyimizi,
iç dünyamızın
ağappaq işıqla
dolduğunu hiss elədik.
Gözəl, yatımlı saz
havaları min illərdən
soraq verirdi. Atların kişnərtisini, qılıncların
toqquşaraq yeri-göyü
lərzəyə gətirən
səsini, igidlərin
nərəsini eşidirdik.
Gözlərimiz önündə bir əlində saz, bir əlində
qılınc tutan igidlər canlanırdı.
Erməni faşistlərinin bir qarış torpağını
da yağmalaya bilmədiyi Tovuz elinin hər daşına, hər qayasına, hər qarış torpağına,
quru çöpünə
belə müqəddəs
varlıq kimi baxırdıq. Saz havalarını dinlədikcə
Tovuz igidlərinin yaralarından hər qarış torpağa damla-damla axan qanı görürdük,
onların qanı torpaqla yoğrulurdu, torpaqdan buğ çıxırdı, torpaq
daha da müqəddəsləşirdi,
qibləgaha, səcdəgaha
çevrilirdi.
Tovuzun çoxsaylı saz-söz
ustadlarından, sənət
dünyasında öz
yeri olan tanınmış aşıqlarından,
qoşmaları, gəraylıları,
təcnisləri... ilə
elin yaddaşına köçüb yaşayan
azman sənətkarlardan,
türklərin ilkin çalğı aləti
olan qara sazla ömrünün sonuna kimi yoldaşlıq,
dostluq eləyən, həzin, ülvi, incə, zərif saz havaları ilə ürəyimizi ovsunlayan könül adamlarından söz açdıqca könlümüz
açılırdı. Ürfani,
Dilqəmi, Kərəmi,
Baş sarıtel, Orta sarıtel, İncəgülü, Qaraçı...
havaları yanar ürəyimizə su çiləyirdi. Eyni zamanda döyüşkən,
çılğın saz
havaları - Cəngi,
Qəhrəmani, Sürütmə
Koroğlu, Koroğlu bozuğu və s. kimi saz havaları
da eşidirdik.
Tovuzun aşıqlar
diyarı kimi tanınmasında Bozalqanlı,
Azaflı və Əlimərdanlı kəndlərinin
xüsusi yeri vardır. Saza-sözə vurğunluq, sözə
dəyər vermək,
sözü-sözdən seçmək
hər kəsə mənsub olan xüsusiyyətdir.
Bozalqanlıda ustad aşıqlar çox olub və bu gün
də var olmaqdadır.
Bozalqanlı Xalıqverdi qoşqularının
birində bu kəndin sənət dünyasında yerini haqlı olaraq belə tərənnüm
etmişdir:
Telli Əsəd qoçaqdı,
Qəmbər ayaqlı,
Tanrıverdi haqlı, Mamoy sayaqlı,
Qırx
iki yataxlı, Kərim ləyaqlı,
Kəlvay Əsəd məkanlı Bozalqanlıyam.
Dəmirçi Hüseynli, şair
Hüseynli,
Aşıq Ələs ünlü,
Vəli dügünlü,
Xəyyat
Mirzə günlü,
Həmzə Küskünlü,
Kəsilməz gümanı Bozalqanlıyam.
Zurnaçı Lələli, Ovalar
səsli,
Mirzə
zümzüməli, Əkbər
nəfəsli,
Ələsgər şövqlü, Bimar
həvəsli,
Nəhənglər meydanı Bozalqanlıyam.
Azərbaycan aşıq sənətinin
ən görkəmli nümayəndələrindən sayılan, 1863-cü ildə
dünyaya göz açan Hüseyn Məşədi Cəfərqulu
oğlu Quliyev də Bozalqanlı kəndində yaşayıb-yaratmışdır. Göyçəli Aşıq Ələsgər
də bir vaxtlar ona böyük
dəyər vermiş,
ona hörmət bəsləmiş, Aşıq
Hüseyn Bozalqanlını
yüksək qiymətləndirmişdir.
Aşıq Hüseyn Bozalqanlı ilə Aşıq Ələsgər saz götürüb qabaq-qabağa
deyişiblər. Bu deyişmədə
Aşıq Hüseyn Bozalqanlının qalib çıxması barədə
söz-söhbətlər gəzməkdədir.
Şair-aşıq Hüseyn Bozalqanlı
çox şəyirdlər
yetirmiş, neçə-neçə
aşığa ustad dərsi keçmişdir.
Ustad aşıqlardan bir çoxu - Əlimərdanlı Nəcəf,
Kor Ələkbər
(Xatınlı), Dəmirçi
Hüseyn Bozalqanlı
o böyük sənətkardan
ustad dərsi almış, onlar da öz növbəsində
neçə-neçə şəyird
yetirmişlər.
Yüz illərdən
bəri zamanın sərt küləklərinə,
repressiyalarına, qanlı-qadalı
çağlarına davam
gətirən telli saz heç vaxt susmamış, ən zalım, ən qəddar hökmdarlarla belə üz-üzə dayanmış,
haqsızlığa, ədalətsizliyə
meydan oxumuşdur.
Bəli, sazda çağlayan səs xalqın səsidir, xalqın nəfəsidir. Sazı sinəsinə basıb
meydana çıxan aşıq xalqın sözünü dilə gətirir, nəfəsində
xalqın nəfəsini,
səsində xalqın
səsini duyur. Xalqın ruhundan doğmuş, ruhundan qidalanmış aşıq sənətini
yaşadan və bu gün də
yaşadan ustad sənətkarlardan, tanınmış
aşıqlardan yazmaq
şərəf işidir.
(ardı növbəti
sayımızda)
Əbülfət
Mədətoğlu
Ədalət.-2018.-20 aprel.-S.7.