Rafiq Əliyevdən o dünyadakı xanımına 8-ci məktub

 

Ömür-gün yoldaşım Aidə Əliyevanın əziz xatirəsinə

 

 

Könlümü hansı gecə ayrılığın qan etməz?

Hansı çarən sınıq qəlbimi nalan etməz?

Bir gün olmaz ki, sənin möhnatı-eşqin, gözəlim,

Qəlbim atəşkədə, göz yaşımı ümman etməz.

 

Fələki Şirvani

 

Əzizim Aidə, bu gün 21 aprel, sənin anım günündür, ömrümün qədəhinə sənsiz daha bir gün dolur, qəhərli, kədərli, nisgilli bir gün. Həsrət tez döydü qapımızı. Gedişinin qəlbimdə açdığı ya

ra sənə qovuşana qədər sağalmayacaq. Bu qərinələr qədər uzanan sənsizlik günlərimdə səni bir an olsun belə unutmadım, səni hər dəqiqə içimdə yaşadıram. Dünya səninlə necə işıqlı gözəl idi, min günəş qaranlığımı işıqlandıra bilərmi indi. Sənsizliyə alışmaq sular üzərində rəsm çəkmək qədər çətin, yoxluğuna dözmək ölüm qədər acı.Ayrılığın üzü dönsün...

 

 

Yəqin sən öyrəşməmisən mənsizliyə, sənsiz səninlə yaşayacağam həmişə, bir-birimizə qovuşana qədər. Sən həmişə mənimləsən, bunu beynimə , qəlbimə , xatirə dəftərimə yazmışam. , xatirə dəftəri demişkən , əziz dostum, böyük şairimiz Musa Yaqubun sənin əziz xatirənə həsr etdiyi bu günlərdə çap etdirdiyi "Sən mənimləsən...” şeirindən bir parçanı sənə ərmağan etmək istəyirəm.

 

 

Ucalığa kamilliyə gedən birgə ömür yolumuz birdən-birə daraldı, təkləndi, qırıldı bitdi. Neynək, bu da Allahın işidi! Düzdür, indi o, yanımda yoxdur, amma yaxşı ki o, hələ mənimlədir

 

Professor Rafiq Əliyevin xatirə dəftərindən

 

yaxşı bilmisən xəstə halımı

Həqiqət eylədin xoş xəyalımı.

Sənin nəfəsindir, sənin əllərin

Oxşayır ruhumu, ovur alnımı-

Kövrəltdi əlimi isti yaşların...

Var ol, bu istəyə, təmasa görə,

Mənimçin Allaha yalvarışların,

deyim bu nəzir-niyaza görə?..

Mən indi bildim ki, sən mənimləsən...

Sən ey mavi göylər,

Səmavi göylər!

Görəsən göylərin qəfəsi varmı?

Görəsən ruhların nəfəsi varmı?

Üfüqdən-üfüqə uça bilirsə,

Durna qatarında nizam qalacaq.

Bizi o qatara yazan qalacaq.

Qalacaq, məhəbbət təzə qalacaq!

Sədaqət rəmzidir,

Bir yaşam tərzi,

Leylək yuvaları,

Haqq tərəzisi,

Bir gözündə mənəm,

Bir gözündə sən,

Yer üzündə mənəm,

Göy üzündə sən.

Göyün azadlığı saxlayar bizi,

Yerin tarazlığı saxlayar bizi.

Qalarıq yer ilə göy arasında,

Gedərik ələnmiş ələklər ilə,

Gələrik qanadlı mələklər ilə.

Deməli əbədi sən mənimləsən

 

Şair düz deyir, gördüyünü, eşitdiyini, bildiyini deyir. İstər ailə, istər dostlar çevrəsində elə bir söhbət olmaz ki, orada sən anılmayasan. Bu günlərdə yeni yazdığım 600 səhifəlik bir kitab ABŞ-da çap olundu. Sənsizlik vaxtlarımda yazdığım bütün kitablar kimi bu kitab da sənin unudulmas xatirənə ithaf olunmuşdur. Bir də əziz qardaşım, dünyaca ünlü şairimiz Ramiz Rövşənə və sənin də, mənim də dünya qədər sayğımız olan Lütfi Zadənin xatirəsinə ithaf olunmuşdur. Əzizim, cəmi bir neçə ay öncə bu böyük dostumuzu da itirdik. O, səni doğma balası qədər istəyirdi. Dünyasını dəyişməmişdən bir qədər əvvəl mənə yazdığı bir məktubunda sənin itginin nə qədər acı olduğunu, mənim üçün sənsizliyin necə bir zillət olduğunu necə də doğma hisslərlə göstərmişdi.

 

 

Dostlarım bu kitabın təqdimatını keçirdilər (sən bilirsən ki, mən yazdığım kitabların heç birisinin təqdimatını keçirməmişəm), sənin həyatın, mənim kimliyimdəki yerin barədə gözəl bir film göstərdilər. Sənin sevimli nəvən Rafiqin (İngiltərədən bir neçə günlüyə gəlmişdi) çıxışı da elə bütöv ailəmızdə və mənim yaradıcılığımdakı ölçüyə gəlməz yerin barədə oldu, iştirakçıların diqqətini şəkdi. Kaş orda olaydin, yanımda, onda içim-içim kövrəldiyimi duyardın.

Eh, niyə taleyimizə belə tez həsrət qisməti düşdü. Biz necə nağıla dönmüş sevgı ilə yaşayırdıq, amma nağılın bu qədər tez bir sonu olacağını heç düşünməmişdim. Həyat nağıllardakı kimi deyilmiş. Dünyanın üzü çox sərt imiş.

 

 

Deyirlər ki, insan bu zalım dünyada hər şeyə alışır. Əzizim yalandır, ancaq varlığına alışdığım sənin yoxluğuna necə alışım. Niyə bir dəfəlik əlvida dedin mənə, axı dünyanın şirinini, acısını, yaşadığım bütün gözəlliklərini səninlə tapmışdım. Axı həmişə sən mənə deyirdin ki, səni heç vaxt üzmərəm, sənə narahatlıq vermərəm, bəs nə oldu, yoxluğunla bunların hamısını apardın. O gün yuxuma gəlmişdin, "özünə yaxşı baxdeyirdin, axı sən gedən gündən yaxşı deyil heç nə. Ayrılığın yaman sarsıdıb məni. Birdən oz-ozümə düşünürəm ki, səni layiq olduğun qədər sevməyə, oxşamağa vaxt tapmadım, amma sən ayrılığa nə tez vaxt tapdın.

 

Neynək, indi əlacım bir ona çatır ki, səni düşünürəm hər an əlimdə siqarım, ürəyimdə sənsizlik kədəri, səni axtarıram gecələrin bitməyən sonsuzluğunda, səni gözləyirəm hər axşam-səhər, bilsəm də ki, gəlməyəcəksən.

 

Əzizim, yormayım ruhunu, hələlik, görüşənədək Sənin Rafiqin.

 

Ədalət  2018.- 20 aprel.- S.6.