Ədəbi tənqidimizdə Vaqif Yusiflinin yeri...

 

Azərbaycan ədəbi tənqidi haqqında düşünəndə ilk növbədə hamımızın yadına M.F.Axundov düşür. Bu təbiidir... Modern mədəniyyət, ədəbiyyat, sənət haqqında təsəvvür yaratmaq, azərbaycanlılar üçün dramaturgiyanın, teatrın, qərb nəsrinin mühüm janrlarından biri olan povestin mahiyyətini açıb göstərmək və daha aydın təsəvvür yaratmaq məqsədilə təkcə nəzəri deyil, həm də praktik nümunələr ortaya qoymaq da M.F.Axundov maarifçiliyinin missiyasına aid idi. Ədəbi tənqid anlayışını da ilk dəfə Axundov gətirdi mədəniyyətimizə. Necə ki millətin gözünü açmaq, onları öz obrazları ilə üz-üzə qoymaq üçün teatrı bir güzgü kimi xəyal etdi və hətta Avropa teatr estetikasının bütün incəliklərini şərh etmək məqsədilə səhnədən, səhnənin pərdəsindən, tamaşaçı zalının bütün detallarından tutmuş teatr mədəniyyətinin ən xırda məqam və nüanslarınadək nəzəri məlumatlarını rəsm edirdi, eləcə də "kritika" elminin də incəlikləri, mahiyyəti və ədəbiyyatdakı funksiyasını şərh edə-edə ona dair də nümunələr yazırdı...

Biz Axundova nə qədər yaxınlaşa və ya ondan nə qədər uzaqlaşa bildik, bu başqa bir yazının mövzusudur. Həqiqət isə odur ki, Axundov ədəbi tənqid məktəbinin tələbələri (yaxşı, ya pis - bu da başqa bir yazının mövzusudur) öz ədəbi obrazı, yaradıcılığı ilə bu məktəbin 150 ildən çox bir zaman müddətində mövcud olması reallığında əsas rol oynamışdır.

Bu ədəbi məktəbin tələbələrindən biri filologiya elmləri doktoru Vaqif Yusiflidir ki, o bu gün artıq Azərbaycan ədəbi tənqidində, müasir həmkarları arasında müəllim funksiyasını yerinə yetirməkdədir. "Müasir Azərbaycan nəsrində konflikt və xarakter" mövzusunda namizədlik dissertasiyası yazmış tənqidçinin elə öz yaradıcılıq yolu, ədəbi taleyi də hardasa, "konflikt və xarakter" dilemması, dramatizmi kontekstində tarixləşdi, müəllifin "tənqidçi kitabı" ədəbi tənqid səhifəsində maraqlı bir müəllif obrazı kimi yazıldı...

Müharibədən sonrakı ağır illərin məktəblisi (1948-ci ildə anadan olub), sovet dövrünün tələbəsi (1967-1972), aspirantı (1975-1979) və müstəqillik illərində ədəbi tribunalarda adı daha çox eşidilən tənqidçi... Vaqif Yusifli 1979-cu ildən etibarən "Azərbaycan" jurnalında "Tənqid və ədəbiyyatşünaslıq" şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır. Ciddi ədəbi meyarlara dayanaraq fəaliyyət göstərən və prinsipial, obyektiv mövqeli, elmi-nəzəri tədqiqat yenilikləri ilə ədəbi-intellektual camiənin hörmətini qazanmış bu jurnaldakı fəaliyyətinin 1997-ci il dönəmi isə mənim yaxşı yadımdadır. Həmin ildən etibarən Vaqif Yusifli baş redaktor müavini kimi fəaliyyət göstərmişdir. Mən aspirant idim və jurnalın bir ildə təkəm-seyrək çıxan, bəzən də iki sayın bir topluda çap olunmuş variantlarını görəndə təəssüf hissi keçirirdim. Cəmiyyətin ictimai-siyasi həyatında olduğu kimi, elmi-mədəni düşüncə sistemində, yaşam və yaradıcılıq ideologiyasında da çatlar yaranmışdır. Ədəbiyyat, sənət, hətta elm adamlarının böyük əksəriyyəti reallığın - sanki "şeir vaxtı deyil!" - diktəsinin təsiri altında maddi firavanlıq, rahatlıq mücadiləsinə qalxmışdı. Hətta elm və ədəbiyyat kimi intellektual-mənəvi sahələrin zəhmətkeşlərini çox vaxt "fanatlar", "elmin fanatikləri" - deyə işarə edirdilər. "Keçid mərhələsi xaosu"nun yeni "dəyərlər", meyarlar ortaya qoyduğu həmin illərdə bir çox sahələrdə olduğu kimi ədəbi tənqid sahəsində də durğunluq yaranmışdı. Ola bilər ki, həmin illərdə tənqid adına imzalardan çox bəhs olunsun, lakin konkret bu sahənin zəhmətkeşləri, prosesi canlandırmağa çalışan "fanatiklər" barmaqla sayılacaq qədər az idi. Ədəbi tənqidin o illərdə ən zəhmətkeş imzası isə, sözsüz ki, Vaqif Yusifli idi.

Vaqif Yusifli ədəbi gənclik, onların ədəbi kimliyi, yaradıcı obrazı ilə bir müəllim kimi davranmağı bacardı. Şeir və nəsr müəlliflərinin ilk qələm təcrübələrini, ədəbi görüş və "izm" estetikasını diqqət və həssaslıqla təhlil edir, onların çap olunması üçün şərait yaradırdı. Mənim Vaqif Səmədoğlu poeziyasından bəhs olunan "Ölüm, səni çox yaşadım..." adlı məqaləmi (30 səhifəyə yaxın) "Azərbaycan" jurnalının "Gənc tənqidçinin tribunası" rubrikasında çap etmişdi. Və ədəbiyyatşünas kimi fəaliyyətimdə məhz həmin "ədəbi kimlik" məsələsi də elə o təqdimatdan sonra mənim üçün aydın oldu. Sözsüz ki, bu yanaşma, dəqiq təyinat təkcə mənə deyil, onlarla başqa müəlliflərə də aid idi. Həmin illərdə elmi rəhbərim professor Cəlal Abdullayevin yarızarafat, yarıciddi dediyi "Hal-hazırda ədəbi tənqid Vaqif Yusiflinin o zəif çiyinlərində dayanıb" - fikrini də unutmuram. Onu da diqqətə çatdırmaq istəyirəm ki, "ədəbi tənqid lazım deyil" - tezislərinin çox səsləndiyi bir dövrdə bu cür ciddi-cəhdlə ədəbi tənqid, eləcə də ədəbiyyatşünaslıq sahəsində fəaliyyəti gücləndirmək və daha istedadlı imzaları ədəbi ictimaiyyətə təqdim etmək işində "Azərbaycan" jurnalının xidmətləri də danılmazdır.

Vaqif Yusiflinin tədqiqat obyektləri ədəbiyyat tarixinin müxtəlif zamanlarına, müxtəlif ədəbi cərəyanlarına, müxtəlif ədəbi növ və janrlarına aid olub həmişə. O, M.Füzulidən də yazıb, öz müasirlərindən, həmyaşıdlarından da, ən gənc, ilk şeirlərini, hekayələrini, bəlkə də tək şeirini, tək hekayəsini yazan müəlliflərdən də... Bu cür yanaşması mənə aydındır, yəni, tənqidçinin borcudur ki, ədəbi hadisə olan əsərlə yanaşı, bəlkə də heç kimin diqqətini çəkməyən bir kiçik bədii nümunəyə də münasibət bildirsin. Bu mənada, V.Yusifli qədər ikinci məhsuldar tənqidçi təsəvvür etmək mümkün deyil. Amma onun artıq yaşı 60-ı, 70-i keçmiş, özünü yaradıcı adam kimi təsdiq edə bilməmiş və daha şair və ya nasir, dramaturq kimi ədəbiyata fayda verəcəyinə ümid etmədiyimiz adamlar haqqında belə məqalələr yazması həmişə təəccübləndirib məni...

Tənqidi-publisistik məqalələrinin yer aldığı "Sındır qəfəsi" adlı kitabında şeirdə Füzuli olmaq missiyası qabardılır. Daha doğrusu, poeziyada Füzuli ruhunu yaşadan müəlliflərin yaradıcılığı (Əli Kərim, Ramiz Rövşən, Salam, Nisəbəyim və başqaları) təhlil edilir. V.Yusiflinin müqayisəli tənqidi təhlilləri həm klassika və müasirlik, həm də qərb və şərəq, milli və bəşəri ampluada özünüifadə kontekstdə ortaya çıxır. Üslub, dil və vəzn, ədəbi cərəyan, məktəb məsələləri də çox zaman bu uzlaşdırmalar, tutuşdurma və elmi-nəzəri müqayisə paralellikləri vasitəsilə aydınlaşır.

"Poeziyanın yolları və illəri (1961-2000-ci illər)" monoqrafiyasında tənqidçi neçə onilliklərin Azərbaycan şeiri haqqında yazır. Və bu şeirin yaradıcılarını təkcə ədəbi portret kimi təqdim etmir. Hər bir poetik obrazın (şairin) yaratdığında şeirimiz üçün əhəmiyyətli olan yenilikləri, fərqlilikləri ortaya qoyur. "Əruz", "heca", "sərbəst" kimi nəzəri terminləri praktik olaraq şairlərin mətnində analizdən keçirir. XX əsrin əvvələrində daha çox M.Rəfilinin eksperiment kimi yazdığı sərbəst şeirlərin davamı elə həmin əsrin ortalarında R.Rza yaradıcılığında sənət estetikası kimi dəyərləndirilməyə başladı. V.Yusifli bu istiqamətdəki təhlillərini ən cavan sərbəst şeir yazan müəllifə qədər gətirə bilir öz təhlillərində... Müstəqillik dövrü poeziyasını zaman, dövr qəlibində deyil, ədəbi meyar, estetik keyfiyyət, ənənə və yeniliklər kontekstində araşdırır. Yəni, hansısa bir kitab müstəqillik zamanında yazılıbsa daha çox modern və azad sənət nümunəsidir, - deyə yanaşma onun üslubuna yaddır.

V.Yusiflinin ədəbiyyata vurğunluğu həm də onun əsil ədəbiyyat, söz adamlarına səmimi sevgisi ilə təsdiqlənir. Onun bu cür yazılarında bəzən elmi-nəzəri üslubdan kənara çıxaraq, bədii-publisistik üslubda özünüifadəsini müşahidə edirik. Məsələn, Əliağa Kürçaylının 80 illik yubileyi ilə bağlı yazdığı "Gecələr ay olmaq istəyirəm mən" adlı məqaləsində oxuyuruq: "Təəssüf edirəm və özümə bağışlamıram. Niyə mən gözəl şairimiz Əliağa Kürçaylı ilə tanış ola bilməmişəm? Axı, mən tələbə ikən onu Yazıçılar İttifaqında, ədəbi məclislərdə, şeir gecələrində, küçədə, yolda dəfələrlə görmüşdüm. Bir dəfə Filarmoniyanın Yay zalında onun "Poeziya gecəsi" keçirilirdi və düz iki saat öz dilindən şeirlərini eşitdim. "Azərbaycan" jurnalında təzəcə işə götürülmüşdüm. Kürçaylı bu jurnalın redaksiya heyətinin üzvü idi. 1980-ci ilin soyuq yanvar günlərinin birində jurnalın baş redaktoru Əkrəm Əylisli redaksiya heyəti üzvləri ilə söhbət keçirirdi. Kürçaylı da gəlmişdi. Özü də eşitmişdim ki, xəstədir və bu, onun üzündən də oxunurdu. O, içəri girdi, hamımıza başı ilə salam verdi, sonra Əkrəmin otağına keçdi. Bu, mənim Kürçaylı ilə sonuncu "görüşüm" oldu. Fevral ayında Əliağa Kürçaylı dünyadan köçdü".

Vaqif Yusiflinin haqqında məqalə yazdığı adamların ədəbi portreti, ictimai-siyasi mövqeyi bəzən oxucunun qəbul etmədiyi imzalarla da əlaqəli olur. Və hətta mənə elə gəlir ki, Vaqif Yusifliyə ən çətin bir işi sifariş edir, tapşırırlar çox zaman. İstəsək də, istəməsək də ədəbi portretlərin yubileyi, ölüm, doğum tarixləri ilə bağlı xatırlanması, yada salınması, yeni zaman bucağından təhlil edilməsi zərurəti var. Məsələn. M.Rahimin az-çox ədəbi xidməti, bioqrafiyası haqqında hansı tənqidçi nəsə yazmağı boynuna götürər, bilmirəm. Lakin V.Yusifli onun barəsində səmimi bir yazı yazır. 100 illik yubileyi münasibəti ilə onun yaradıcılığını diqqətlə vərəqləyir... Onun xidmətlərini, daha çox müsbət planda göstərməyə cəhd edərək yazır məqaləsini... Yazını maraqla oxuyuruq, çünki tənqidçinin məqsədi mübaliğəli təqdimetmə yox, sovet ədəbiyyatı müəlliflərindən birinin, xüsusilə daha ziddiyyətli yaradıçılıq yolu keçmiş bir şairin neçə on illər sonrakı xatırlanmasının şəklini, xarakter və mahiyyətini cızır. V.Yusifli təhlilə başlayarkən ilk işlətdiyi cümlələrdən biri belə olur: "Məmməd Rahim dövran şairi idi".

V.Yusifli M.Rahimin "37-ci il" repressiyasındakı mövqeyini və fəaliyyətini gözardına almır. Və onun sovet şairi kimi yazdıqlarını da danmır, təhlildə onun bizdə mənfi fikir formalaşdıran siyasiləşmiş yanaşma tərzini müəyyən ştrixlərlə xatırladır da. Lakin hiss olunur ki, tənqidçi müəyyən güzəştlə M.Rahimi sanki ədəbiyyatımız üçün faydası olan tərcümələrinə (N.Gəncəvinin "Yeddi gözəl" poemasını, Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin bir hissəsini, A.S.Puşkinin "Ruslan və Lyudmila" poeması və bir sıra digər şeirləri, Y.M.Lermontovun bir çox şeir və poemalarını, A.Blokun "On ikilər" poemasını M.Rahim tərcümə etmişdir), yaxşı sevgi şeirlərinə, mahnı mətni kimi dilləri dolaşan lirik parçalarına və vaxtilə dillərdən düşməyən "Leninqrad göylərində" poemasına, "Cənub şeirləri"nə görə bağışlatmaq istəyir. "Məmməd Rahimi bu gün sırf sovet şairi, yaxud sovet dövrünün şairi kimi təhlil edənlər çoxdur. Burada həqiqət bundan ibarətdir ki, doğrudan da Məmməd Rahim bir çox şeir və poemalarında sovet quruluşunun tərənnümçüsü olmuşdur, ilk şeirini yazdığı 1926-cı ildən ömrünün sonuna qədər o, öz məsləkindən dönməmişdir. Buna görə isə nə Məmməd Rahimi, nə də digər şairləri qınamaq olmaz. Heç şübhəsiz, Məmməd Rahimin vaxtilə partiyaya, Leninə, Stalinə, komsomola həsr elədiyi şeirlərin, S.M.Kirova ithaf etdiyi "Ölməz qəhrəman" poemasının indi heç üzünə baxan da yoxdur, necə ki, o dövrdə yaşamış digər şairlərin eyni mövzuda yazdıqları şeirləri, poemaları kimi.

Ancaq bir həqiqət var ki, şairlərin yaradıcılığını təhlil edərkən ictimai-siyasi münasibəti və mövqeyi mütləqləşdirmək olmaz".

V.Yusifli mövzu aktuallığı prinsiplərini də incələməyə, izləməyə vaxt tapır. Qarabağ mövzusu, cəmiyyət həyatında baş verən deqredasiyaların fəsadları, mənəvi tənhalığın xarakter və şəxsiyyət obrazında inikası, cəmiyyət və fərd dramatizminin kontrastı və s. bu kimi problemlər onun nəzəri yanaşma, araşdırma mahiyyətli yazılarında həm poeziya, həm də nəsr kitablarına yazdığı rəy və resenziyalarda da diqqəti cəlb edir. "Bölgə ədəbiyyatı" adlı istilahı böyük ədəbiyyat söhbətləri müqabilində həmişə qüsur hesab etmişəm. Məncə, bu ifadəni işlətmək doğru deyil. Lakin V.Yusiflidə xüsusilə müşahidə etdiyim bir humanist yanaşma da onun bizlərdən fərqli qayğıkeşliklə ucqar kəndlərdə belə bədii mətn yaradan və yazdıqları haqqında ədəbi qiymət gözləyən müəlliflərə qarşı həssas davranışıdır. Onun kitablarını vərəqləyəndə ədəbi mənzərənin bu qədər geniş olduğuna təəccüblənirsən. Sanki Azərbaycanda hamı yazır və hamının yazmasında da bir fayda var ədəbiyyatımız üçün... Yəni, yaxşı bir şeiri, hətta bir bəndi, beyti, misrası olan adamı da dəyərləndirməyə çalışır. Məncə, biz ədəbi meyarlardan təkcə ədəbiyyatın qapısını hamının üzünə açmaq statusu kimi istifadə etməməliyik. Bəlkə ədəbi-nəzəri, bədii-estetik qanun və qaydaları daha sərt şəkildə tətbiq edərək sözün müqəddəs qapısını çox-çox istedadsızların üzünə bağlamalıyıq? Bəzən V.Yusiflinin ürəyiyumşaqlıqla "içəri" - ədəbiyyata dəvət etdiyi adamın ədəbi fiqur kimi istedadsız və lazımsız olduğunu sübut etmək mümkün olmur...

Amma razılaşaq ki, biz hamımız işıq axtarırıq, kimimiz projektor effektli, kimimiz isə qaranlığı bir şam şöləsinin saçdığı, aydınlatdığı işartı ümidli işıq! V.Yusifli ədəbiyyata gəlmək istəyən və gələn, hətta ədəbiyyat tarixindən zamanın özünün dəst-xətti ilə çıxarıb atdığı imzaların da simasında, ruhunda, qələmində işıq və ədəbi istedad axtaran tənqidçidir... Aristotel deyirdi ki, "yalnız həyəcanlanan həyəcanlandıra, qəzəblənən qəzəbləndirə bilər". Bu mənada ədəbiyyatı bu qədər dərindən sevən və onun inkişafına bu qədər səmimiyyətlə xidmət edən adam onu sevdirə bilər. Vaqif Yusiflinin 70 yaşı tamam olur. Bu ömrün böyük hissəsi Azərbaycan ədəbiyyatı, publisistikası və ümumilikdə mədəniyyətinə xidmətdə ötüb keçib... Arzu edirik ki, sağlamlığı möhkəmlənsin, qələmi tutarlı yazar olsun daima. Qaldı, ürəyiyumşaqlığa, bilirəm ki, Vaqif müəllimin bu xasiyyətini dəyişmək olmaz. Onun xislət və fəaliyyətində, şəxsində hörmətə layiq çox keyfiyyətlər var. Mən bir həmkar kimi bütün bunlara görə ona daima sayğı ilə yanaşmaqda davam etməkdəyəm...

 

Musayeva, İradə.

 

Ədalət  2018.- 24 aprel.- S.7.