POEZİYAMIZIN ZAKİR FƏXRİSİ
Zakir Fəxri - müasir Azərbaycan poeziyasının tanınmış bir nümayəndəsi, həm də gözəl tərcüməçi və publisisti ilə mən eyni ildə (1948), eyni ayda (o, aprelin 3-də, mən 20-də) dünyaya gəlmişik. Bizim tanışlığımız 60-cı illərin sonlarından başlayıb və bu tanışlıq daimi və səmimiliyə çevrilib. Ağdamda doğulsa da, sonralar Yevlaxa köçən Zakir burada orta məktəb bitirmiş (özü də gümüş medalla), sonra Politexnik institutuna daxml olmuşdur. Bizim tanışlığımız da elə tələbəlik illərindən başlanır. Amma mən "Azərbaycan" jurnalında, o isə "Ulduz" jurnalında çalışanda daha tez-tez görüşmüşük. Zakir Fəxri Yusif Səmədoğlunun baş redaktor olduğu o dərgidə çalışırdı və təbii ki, Azərbaycan ədəbi mühiti ilə çox sıx ünsiyyətdə idi. Zakirə xas olan dostcanlıq, hamıyla ünsiyyət qurmaq taktikası, bir az da yumor hissini mən o zaman hiss edirdim. Amma bu dünyada Zakir kimi başı bəlalar çəkən, həm də bəlaları ürəyində daşıya-daşıya nikbinliyini itirməyən ikinci bir adam tanımıram.
Bu qəmlər kim, mənim vardır bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.
(Füzuli)
Dahi Füzulinin bu beytinin mənası belədir: "Mənim dərdlərimi dəvənin (bəirin) başına qoysan, yəni dəvəni mənim dərdlərimlə yükləsən, bu qəmlərin ağırlığına dözməyib o qədər incələr ki, iynənin gözündən keçər və əzaba düçar olmuşlar cəhənnəmdən çıxıb sevinib oynayarlar.
Əsrlər boyu Dərd şairlərin həmdəmi, yol yoldaşı olub. Füzuli də, Bayron da, Cavid də, Hadi də...Dünya qəmi, həyatdan, mühitdən, ictimai aləmdən gələn bu dərdlər şairlərin könül rübabını zaman-zaman dilləndirib. Bu Dərdin fəlsəfəsi poeziyada Ölümün, Varlığın-Yoxluğun mənasını daha aydın dərk etməyə səsləyir bizi. İnsan ən əziz adamını itirəndə də, ölkəsi işğal olunanda da, torpağı əldən gedəndə də, sevdiyini və sevdiklərini itirəndə bir filosofa çevrilir. Mən bu məqamda Zakirin də, mənim də çox sevdiyimiz bir şairə-Ramiz Rövşənə üz tuturam:
Qəbrim
də yoxdu ki, deyəm;
Üçtünə bir gül dər apar.
Ya lap hava
qaralanda,
Ya lap səhər-səhər
apar.
Nə
olsun, sağam, diriyəm,
Onsuz da sənsiz
ölüyəm,
Ürəyində
bir azca qəm,
Boğazında qəhər apar.
Elə
bilir, oğlu sağdı,
Hələ dünənki uşaqdı.
Ölmüşəm,
xəbəri yoxdu,
Anama da xəbər apar.
"Elə bilir, oğlu sağdı" - Ramiz
Rövşənin bu misrasını mən gözəl
şairimiz Zakir Fəxrinin "Rekviyem" kitabına epiqraf seçərdim.
Ədəbi aləmdə öz orijinal yazı tərzi,
bir kimsəyə bənzəməyən üslubu ilə
seçilən Zakir Fəxri. "Qalmaz belə,
qalmaz dünya" şeirinin müəllifi.
Könül
verməzlər şər vaxtı
Arxamca bir
qərib baxtı...
Qara
qızın qara baxtı
Qalmaz belə, qalmaz dünya.
"Qarabağsız" şeirinin müəllifi. Ona baxanda
itirilmiş torpaqlarımızı xatırlayıram. O
itkini bəlkə də çoxları Zakir Fəxri kimi
içində yaşada bilməz. O, Qarabağın elə bir
qarışı olmasın gəzməsin, xalis Qarabağ adət-ənənələri,
özünəməxsus danışıq tərzi,
düşüncə mədəniyyəti ilə bu adam minillik bir ənənənin
daşıyıcısıdır. Amma indi:
Ələ
qələm aldım, əlim göynədi,
Hər adı gələndə dilim göynədi.
Çiçəyim
göynədi, gülüm göynədi,
Bölündüm ortadan tən, Qarabağsız.
Sel də
yox, Saranı gəlib aparsın,
Bu dərdi, bəlanı bölüb aparsın.
Qoymayın
süpürüb, silib aparsın,
Qara saçlarıma dən, Qarabağsız.
Ünlü
yazıçımız Afaq Məsud deyir ki:
"...İndi-Sadıqdan sonra bizim Zakir tamam ayrı bir Zakirdi.
Səbirli, sakit, müdrik".
Zakir Fəxrinin Mirsadıq adında bir oğlu vardı. Ağıllı, gözəl,
hamının sevimlisi Sadıq 2007-ci il
martın 11-də avtomobil qəzasında həlak oldu. Bircə oğul payı vermişdi Allah ona, o da
torpağa qismət oldu. On yeddi yaşı
vardı Mirsadığın.
Zakir Fəxri ömründə buna qədər çox
müsibətlərlə üzləşib. Dustaqxanada olub
və bunu gizlətmir də. Qardaşı
cəbhədə həlak olub. Bunlar az
imiş ki, oğul dağı da çəkdi.
Belə dərdi çəkənlər yaxşı
bilirlər. İllər keçir və Ata üçün bu
itki sağalmaz bir dərdə dönsə də, yenə
barışmır bu ölümlə. Çünki elə
xatirələr var ki, onlar ölməyib, diri qalıb:
Bəlkə
ölməmisən, dirisən bəlkə,
Başqa qiyafədə gəzirsən indi?
Gündə
rast gəldiyim birisən bəlkə,
Məni yad baxışla süzürsən indi.
Ruhun yuva
qurub çiynimdə bəlkə,
Bəlkə xəbərim yox bu boş yuvadan?
Dolaşan
fikirsən beynimdə bəlkə
...gəlib çıxart məni bu daş yuvadan.
Bu xəstə
dünyanın xəstə havası,
Qonub ciyərinə
əlac gəzirmiş...
Bəlkə
də sənmişsən, beynimdə bəlkə
Ölüm
də özünə bir tac gəzirmiş...
Xoş
gün-güzəranın gözündən itib,
Özgə dərdlərinin dibçəyi oldun.
Səni
sevənlərin qəlbində bitib,
Solmayan
xatirə çiçəyi oldun!
Ədəbi aləmdə hər kəsin öz yeri var və
heç kəs başqasının yerində deyil. Kimin təriflənə-təriflənə,
üfürülüb şişirdilərək
"dahilik" mərtəbəsinə
qaldırılması, kiminsə öz mərtəbəsindən
düşürülməsi burada heç bir rol oynamır.
İllər keçir və Zaman da bu yer məsələsinə
öz möhürünü basır. Sabir demişkən:
"Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
yağı yağ üstə çıxır, ayranı
ayranlıq olur". Mən qələm dostum
Zakir Fəxrinin ədəbiyyatda yeri olduğunu çox
aydın görürəm.
Zakir Fəxri ədəbiyyata qəzəllə gəlib. Mənim qəzəl
haqqında fikrim budur ki, o, ölməyən canrdır. Və o, "niyə ölmür" sualını
versələr, deyərəm ki, onda gərək Füzuli, Nəsimi,
Nəbati, Seyid Əzim və Vahid birkərrə unudulub gedə.
Muğam yox ola. Əlbəttə,
hər bir bədii formanın, janrın inkişafında necə
deyərlər, "tragik məqamlar" da olur. "Böyük Füzulimizin yadigarı mən
özüməm" deyən Əliağa Vahiddən sonra bir
müddət qəzəldə də geriləmələr
oldu. Amma bu, müvəqqəti idi. Elə indinin özündə də dünya
poeziyasında baş verən yeni meyl və tendensiyalar və
bunların Azərbaycan şeirinə təsiri (yaxşı və
pis mənada) heç də qəzəlin süqutuna yol
açmır. İlk qəzəlxan
şair Ömər ibn Rəbiədən (ərəb
poeziyası-VII əsr) Vahidə və Şəhriyara qədər
uzanan ədəbi-tarixi yolda qəzəlin oynadığı
rol, daşıdığı missiya unudula bilməz. Nə qəzəl, nə də əruz milli
poeziyamızda uzaqdan gələn qonaq ömrü
yaşamamışlar.
Zakir Fəxri "Qalmaz belə, qalmaz dünya"
kitabına daxil etdiyi qəzəllərini tələbəlik
illərində (1968-1971) yazıb. Bu iyirmi dörd qəzəli
yazdığına görə ona heç də qəzəlxan
deməzdim. Amma bu qəzəllər
janrın tələb elədiyi normativlərə tam uyğun
gəlir. Əvvəla, Zakirin qəzəllərində əruzun
qaydaları pozulmayıb, Zakir ola bilsin, əruzun
elmi qaydalarını bilmir, amma onda güclü bir əruz
damarı var. İçində, qanında musiqi, ritm
yaşamasaydı belə qəzəlləri yazmaq çətin
olardı. Bəzi beytlərini misal gətirirəm:
Xoşdur
diyari-eşqdə hijran qəmi çəkmək
Öz nəşəsi var, qəm yemə, möhnət
mənə düşdü.
Yardan izin
rəqiblə gəzərdik səri-kuyin,
Aşkarca dolanmaq ona, xəlvət mənə
düşdü.
***
Həqq mənəm
söylədi Həqqin qulu Xudaya görə,
Çəkildi çvarmıxa Mənsur bu iddiayə
görə.
Leyliyə
sevgi özü bir bütə bağlanmaq imiş,
Oldu Məcnunun
ömrü puç dəli sevdaya görə
Bunlar Zakirin klassik poeziyaya az-çox bələdliyindən
irəli gəlir və bu qəzəllərdə həvəskarlıqla
qəzələ məhəbbət qoşadır.
Zakirin şairliyini, həm də bir şair kimi bənzərsizliyini
açıqlayan "zakiranə" şeirlər var ki,
onları burada xatırlamasam olmur. Bəri başdan deyim
ki, Zakir Fəxri müasir poetik düşüncəyə
malik bir şairdir və o, məhz belə olduğu
üçün şeirlərində poeziyanın irəlici
keyfiyyətləri öz əksini tapır. Xatırlayıram əziz şairimiz Bəxtiyar
Vahabzadənin Zakirin "Ulduz" jurnalında çap olunan
"Qara Məlik, Qara Qəzənfər və Mən"
poeması barədə fikirlərini. Bəxtiyar
müəllim həmişə istedadlı cavanların
yazılarına qarşı həssas olub. Zakirin həmin
əsəri barədə ustad şairimiz yazırdı:
"Zakirin şeirlərinin əsas cəhəti onlardakı nəğməlikdir.
Bu nəğməlik izaha gəlmir, hiss olunur.
İkinci cəhət onun şeirlərindəki
deyim tərzinin, bədii obrazların özünəməxsusluğu
və yeniliyidir. ...Bu əsərdə Qara Məlik şər
qüvvələrə qarşı canından keçməyə
hazır olan fədakar adamların simvolik obrazıdır".
O zaman bu
poema ilə bağlı mətbuatda digər maraqlı fikirlər
də səsləndi. Buna səbəb o idi ki,
Zakir Fəxrnin bu əsərində minillik şeirimizin dərin
qatlarından süzülüb gələn və
poeziyamızı yaşadan bir saflıq, bir duruluq hiss olunurdu.
İnsan əzablarını təsvir edə-edə
o, əzabın, dərdin kiçiyindən,
cılızından yox, alisindən danışırdı.
Poeziyada professionallıq şairin savadından,
dünyagörüşündən və şeir
texnikasına çox yaxşı bələd olmasıyla
müəyyənləşir. Bu cəhətlər
bu gün özünü şair hesab edənlərin əksəriyyətində
olsaydı, nə dərdimiz. Amma
professionallıqla yanaşı, şairi sevdirən
SƏMİMİYYƏTdir. Özü də
şairin bizə necə səmimi görünməsindən
daha çox, onun öz içindəki səmimiyyətdir.
Zakir Fəxri içindəki səmimiyyəti
ilə bizə səmimi görünən şairdir. Onun "Qaytar, ana, qaytar məni beşiyə"
adlı bir şeiri var. Deyir ki, ərk etdiyim dostlar da
üzümə durdular, Sevdiyim qızlar da sevgimi üzümə
vurdular. Körpə-körpə
umudlarım bu yollarda əldən salıb məni tamam yordular.
Ömrün cırhacırında qaldım
üşüyə-üşüyə. Qaytar,
ana, qaytar məni beşiyə. Ortabab
şair olsaydı, deyərdi ki, ey dünya, niyə bu qədər
mənə əzab verirsən, bilsəydim, heç dünyaya
gəlməzdim. Amma "qaytar, ana, qaytar məni
beşiyə" əsl şair sözüdür. Zakir Fəxri sözün yaxşı mənasında
nostalgiya şairidir. Keçmiş onun
üçün ölməyib, keçmiş həm də
onun bu günüdür. Keçmiş
onun duyğularındakı itirilməyən mənəvi
Qarabağdır, ana məzarıdır, cəbhədə həlak
olan qardaşıdır, oğlu Sadığdı. Keçmiş və indi onun yazılarında
Dustaqxanadan Dustaqxanaya gəlib çıxan ömürdü,
taledi. Mən Zakir Fəxrinin
yarımçıq romanı olan "Dustaqxanadan
dustaqxanaya" əsərini də onun poeziyasındakı
minor xətdən ayırmıram. Bu əsər
barədə uzun-uzadı danışmağa, onun uğurlu və
nöqsanlı cəhətləri barədə təfsilatı
ilə söz açmağa ehtiyac duymuram. Şeirləri barədə söylədiyim o "səmimiyyət"
kəlməsini onun romanına da aid edirəm. Və bu
qeydlərimdən kimsə elə anlamasın ki, Zakirin
yazılarında ancaq kədər var, ağrı var, dərd
var. Əlbəttə, bu ağrıların içində bir
işıq da var. Və o işıq hərdən SƏSə
dönür, haray çəkir:
Başında
xoş sevda dəmi,
Ocağında hicran qəmi.
Ağlama,
"Yanıq Kərəmi"
Qalmaz belə, qalmaz dünya.
İnsafım gəlmir ki, Şair Zakir Fəxridən
danışdığım halda Publisist Zakir Fəxrini və
Tərcüməçi Zakir Fəxrini unudum. Əslində,
mən onları ayırmıram. Onun bədii
düşüncəsi şeirlərində olduğu kimi, tərcümə
və publisistikasında da özünəməxsusluğunu
hifz edir. Zakir Emil Verxarn, Çeslav Miloş, Uolt Uitmen,
Riçard Oldinqton, Pol Verlen, Edqar Po, Allen Ginzberq, Robert Frost
kimi ünlü şairlərin şeirlərini deyərdim ki,
çox uğurlu və orijinala yaxın tərcümə
edir. Afaq Məsudun dediyi kimi "Üslubca, bədii ifadə
imkanlarıyla, dünyaya baxış bucaqlarıyla, milli mənsubiyyətləri
və yazdıqları zaman kəsikləri ilə tam müxtəlif
olan bu ədəbi korifeylər Zakirin parlaq tərcüməsində
Azərbaycanda öz mühitini yaratdı, öz qəfil,
şəfqətli müdaxiləsi ilə fikir və duyğu ərazimizi
təzələdi".
Zakirin
ara-sıra qələmə aldığı publisistik
yazılarında da poeziyasından gələn o həssaslığı
hiss edirəm. Bəlkə elə bu yazılara mənsur
publisistika desək, doğru olardı. Zakir
çox həssas adamdı. Belə ki, o,
çoxlarının yaxşı tanıdığı Kərim
Nalənin halına acıyır, "Söylə, Kərim
Nalə, kim döyər qapını, badi-səbadan qeyri?"
yazısını bu kimsəsiz insanın acı taleyinə həsr
edir, Vaqif Bayatlının xəstəliyindən ürəyi
ağrıyır, Ramiz Rövşənin şeirləri ilə
"Sözün işığında" söhbət edir,
İsa İsmayılzadənin vəfatından kədərlənir,
eləcə də gözəl tənqidçi Nadir
Cabbarlının qəfil ölümündən
sarsılır - bütün bunları şeirlə
publisistikanın birgə deyə biləcəyi yazılara
çevirir. Bütün bunlar onun ədəbiyyata
sadiqliyinə dəlalət edir.
Zakir Fəxrinin "Qalmaz belə, qalmaz dünya"
şeirlər, publisistik məqalələr (bu kitabda Zakir
haqqında yazılan məqalələr də toplanıb)
kitabı - onun öz xəttiylə mənə hədiyyə
etdiyi bu kitab mənim kitabxanamın ən sevimli sakinlərindən
biridir. Mən
hərdən o kitabı əlimə alıram və Zakirin
poeziyası ilə həmsöhbət oluram, yəni bu
şeirlərdə mən bir müasir Azərbaycan şairinin
Sözlə, Dünya ilə, yaşadığımız bu cəmiyyətlə,
Vətənlə, bütün varlığı ilə
bağlı olduğu Poeziya ilə vəhdətini və həm
də müxalifətdə olduğunu hiss edirəm. Zakir Fəxri
bu dünyanın zərrə qədər də olsa, bir hissəsidir,
amma bu bir zərrə küllə qarşı müti deyil,
çünki: "Zakir Fəxri, söylə, yalandı
dünya, Gözəl qız cildində ilandı dünya!". Şairlə dünyanın mübarizəsində
isə qələbə şairindir:
Şair
yandırılıb
külü göyə sovruldu,
Şair yurdundan qovulub
qürbətdə qovruldu.
Şair
soyuldu...
Şair dəli sayıldı.
Şair öz içinə qısıldı,
Şair asıldı...
Hərəsi də bir gür şair oğuldu,
hamısı da öz ölümündən doğuldu.
Amma
ölüm dünyaya qaldı,
dünya şairə!
Vətəni bərbəzəkli təşbehlərlə tərənnüm çağları artıq arxada qalıb, Qürbətdə yaşayan bir nəfərin qardaşına göndərdiyi məktub və bu məktubda Vətən həsrətilə alışıb-yanan bir ürək Zakirin şeirində təkcə o qürbətkeşin yox, bizim bir çoxumuzun Vətən hissiyyatı ilə həmahəngliyini duydum. Zakir Fəxrinin bu dünyada qorxduğu, çəkindiyi, hətta mübarizəsiz təslim olduğu bir dostu və həm də düşməni Sözdür:
Salıb dumana azdırar,
Tüstüsü boğar adamı.
Yüz kərə qəbir qazdırar,
Yüz kərə doğar adamı.
Sallayıb nərdivan tutar,
Qaldırar göylərə məni.
Hərdən elə divan tutar,
Çırpar göydən yerə məni.
Və mən burda bir məqamı da nəzərə çarpdırmaq istəyirəm. Zakirin şeirlərində təmiz, saf poeziya dili ilə rastlaşdım. Əli Kərimin bu misralarını xatırladım:
"Bu dil təmizlikdə uşaq nəfəsi, Gözəllik utanar bu incə dildən". Təfərrüata varmıram, dörd misralıq bir şeiri misal gətirirəm:
Ay çiçək, zərif çiçək,
Ay çiçək, qərib çiçək.
Əllərim dərməyib səni,
Gözlərim dərib, çiçək!
Zakir Fəxrini ilk gördüyüm ildə onun 22 yaşı vardı. Mənə inanın ki, başına nə bəlalar gəlsə də, Zakir Fəxri zahirənə çox az dəyişib. Söhbətlərimizin birində öyrəndim ki, Zakir Fəxri təsəvvüfü öyrənir. Təsəvvüfə görə, İnsan bədən və ruh adında iki hissədən ibarət bir varlıqdırsa, onun bədəni yerlərdə, ruhu isə göylərdə gəzər. Bunların ikisinin arasında vəhdət yaradan, bunları birləşdirən candır. Zakir Fəxri də ruhu göylərdə gəzən Yer oğludur. Bu Yer oğluna göylər qədər Ücalıq arzulayıram!
İmza: Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru Dosta: Göndər
Ədalət 2018.- 24 aprel.- S.6.