"BİR KƏHƏR
KİŞNƏYİR YUXULARIMDA"
Ələsgər
Talıboğlunun kitabı barəsində oxucu sözü
Barəsində
oxucularla fikrimi bölüşmək istədiyim kitabın
adı qəribə və diqqətçəkəndi. Bu
hardasa bir az da nostalji duyğular oyadır. Bir oxucu kimi məni
kəndə, əyalətə, dağlara çəkib
aparır. Hətta oxuduğum məşhur romanlardan birini də
yadıma salır. Həmin romanda da söhbət kişnərtisi
əks-səda verən bir kəhərdən gedirdi. O roman barəsində
düşünmək, onun müəllifini və əsərin
adını xatırlamaq hüququnu oxuculara verirəm.
Özüm isə əlimdəki kitaba qayıdıram.
-
BİR KƏHƏR KİŞNƏYİR YUXULARIMDA!
Bu
kitabı mənə onun müəllifi, redaksiyamıza qonaq gələn
Ələsgər Talıboğlu bağışlayıb.
Kitabla tanışlığa tituldakı mənə doğma
imzaların adlarıyla başladım. Bir az da dəqiq desəm,
kitabın redaktoru və ön sözünün müəllifi,
dəyərli dostum, Naxçıvan Yazıçılar
Birliyinin sədri, Naxçıvan Ali Məclisinin deputatı
Asim Yadigarın ön sözü mənim üçün
Ələsgər Talıboğlunun kitabına açılan
qapı oldu. Elə ilk sözündən hiss etdim ki, Asim
müəllim kitabdakı şeirləri, ümumiyyətlə,
müəllifin yaradıcılığını əməlli-başlı
"ələkdən" keçirib. Bu "ələk"
sözün, yəni oxucuya təqdim edilmiş şeirin,
bütövlükdə isə kitabın özünü
işığa çıxarır. Onun qatlarını
görməyə, onu həzm etməyə bir növü
şərait yaradıb. Və mən də Ələsgər
Talıboğlunun şeirləri ilə tanış olduqca bir
daha hiss etdim ki, o, Asim müəllimin də dediyi kimi,
"qaysaq bağlamış yaralarımızın
ağrısı, göynərtisi" olan bütün
sızıltıları sözə çevirib, poeziyaya gətirib.
Həmin poetik fikrin də təbii ki, canındakı, qanındakı
hərarət müəllifin həm sözə münasibətindən,
həm də duyğularından cilalanır. Məsələn,
müəllif yazır ki:
Köksümdəki
çarpaz dağsa,
Həsrət
yerim, od-ocaqsa.
Son ümidim Qarabağsa,
O paramı axtarıram.
Təbii ki, bu gün
Azərbaycan yazarlarının,
ümumiyyətlə, təkcə
sözə könül
verənlərin deyil,
bütövlükdə məmləkətin
ən böyük problemi işğal olunmuş torpaqlar, eləcə də Şuşadı, Qarabağdı. Bu fikri öz poetik
mənində oxucuya çatdıran Ələsgər
Talıboğlu Qarabağdan
öncəki ağrını-acını
da yaddan çıxarmır. O, Təbrizi
də ən kövrək yerimiz kimi həzin bir pıçıltıyla
oxucusuna çatdırır
və yazır ki:
Dəvəni düzdə gördüm,
Bu yolda, izdə gördüm.
Həsrəti gözdə gördüm,
Ürəyim şan-şan oldu.
Və yaxud hər birimizin dağ sözünə fərqli baxışımızın
altında bir sinə dağımız olmaqla bərabər, bir ucalıq rəmzi də güvən yerimizdi. Amma işğal
altında olan dağların acısı
şairin dilində tamam başqa bir aspektdə özünü büruzə
verir. Çünki
o yazır:
Mən dağları şahlıq
taxtım bilmişdim...
İndi onu hansı adla anım mən.
Yağılara könül vermiş
nankor tək,
Nankorluqda günahkarmı sanım mən?
Elə bu sualın ardınca da fikrini müəllif
belə tamamlayır.
Demə
o yurd artıq daha xəyaldı,
Səni duymaz - o bir kardı, o laldı.
Ay Ələsgər, köksüm
necə xalxaldı,
Qoy eşqindən
yanıb, yanıb sönüm mən.
Mən Ələsgər Talıboğlunun
poeziya çələngi
ilə tanış
olduqca müəllifin
həm söz ehtiyatının, həm də mövzu rəngarəngliyinin şahidinə
çevrilirəm. Görürəm ki, o, könlünə yatan, istənilən mövzunun şeir kimi dünyaya gətirilməsində çətinlik
çəkmir.
Məsələn, o yazır ki:
Dərdlərim önümdə salama
durdu,
Daha çəkəmmirəm
çiynim yağırdı.
Bəlkə də nə vaxtsa belimi qırdı,
Tək Tanrım
arxadı, köməkdi
mənə.
Bax, bu cür öz
iç dünyasını
ifadə edən müəllif Rüstəm
Behrudiyə ünvanladığı
şeirində də yazır ki:
Əlim
Tanrı ətəyində,
Özüm günah içindəyəm.
Beşikdən məzara gedən,
Bir karvanın
köçündəyəm.
Təbii ki, hər bir
şair daha çox özünü yazır, özünü ifadə edir. Bax, Ələsgər
Talıboğlu da özünü "Bir kəhər kişnəyir
yuxularımda" kitabının
hər bir fəslində öz duyğularının rəngarəngliyi
içərisində bir
şair obrazını
da yaratmağa çalışıb. Özü də
onun bu sözlə
baş-başa qalması
həm təbiətin,
həm cəmiyyətin,
həm də bütövlükdə dünyanın
özünün ovqatına
köklənməkdən qidalanıbdı.
Müəllifin istənilən şeirində
onun şair mənini-mövqeyini görmək
mümkündü.
Ona görə
də Ələsgər
Talıboğlunun kitabı
barəsində oxucu fikirlərimi elə onun "Məni" şeirilə tamamlayıram.
Sevdasına bənd olduğum,
Çaxır daşdan daşa məni.
Həsrətinin atəşində,
Yaxır başdan-başa məni.
Nə hə deyir, nə yox deyir,
Nakam sevgi nə çox deyir.
Nə də məndən uzaq deyil,
Süzür coşa-coşa məni.
Nə sevgisi, eşqi bəlli,
Nə yapdığı
məşqi bəlli.
Nə də könül köşkü bəlli,
Üzür qoşa-qoşa məni.
Ədalət 2018.- 25 aprel.- S.8.