Professor Əjdər İsmayılov
Alim
adı müqəddəs və alidir. Hər kəs alim
adına hörmətlə yanaşır. Alim bəşəriyyəti
öyrədəndir. Həm də onlar öyrənərək,
öyrədirlər. Məhz bu səbəbə görə
ömrünü insanların maariflənməsinə həsr
edən alimlər heç vaxt unudulmur. Zaman və tarix
onları hər zaman öz yaddaşında yaşadır! Belə
alimlərimizdən biri də professor Əjdər
İsmayılovdur. Ömrünü pedaqoji fəaliyyətə
həsr edən Əjdər müəllim təkcə
şagirdləri tərəfindən deyil, bütün cəmiyyət
tərəfindən həmişə iftixarla yad edilir.
Azərbaycan
tarix və ədəbiyyatşünaslığında uzun illərin
zəhməti ilə ərsəyə gətirdiyi mötəbər
əsərlərlə erməni yalanlarını ifşa edən,
Azərbaycan ədəbiyyatına dəyərli töhfələr
verən, cavidşünas, ictimai-siyasi xadim, "Turan
Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri
tanınmış alim professor Əjdər İsmayılovun 80
illik yubileyidir. Əjdər İsmayılov özünün tədqiqat
əsərləri ilə erməni yalanlarını dünya
ictimaiyyətinə çatdıran, onların tarixi Azərbaycan
torpaqlarına köçürülməsini tarixi sənədlərlə
sübut edən və erməni tarixşünaslığının
yalanlar üzərində qurulmasını beynəlxalq aləmə
bəyan edən dəyərli alimimizdir. Elə bu yerdə
professor Qəzənfər Kazımovun sözlərini
xatırladım: "Axır ki, türkün bir oğlu
tapıldı və 300 illik erməni mifini vurub
dağıtdı, puça çıxartdı. Bu, filologiya
elmləri doktoru, professor Əjdər Tağı oğlu
İsmayılovun çox böyük zəhmətin nəticəsində
meydana gətirdiyi "Qədim Ön Asiya və Ön Qafqaz
türk tayfaları" kitabıdır".
Xatırlatmaq
yerinə düşər, axı professor Əjdər
İsmayılov həm də Azərbaycan ədəbiyyatında
Hüseyn Cavidin ədəbi irsini mükəmməl
araşdıran bir alim kimi tanınır. O öz uğurlu elmi
axtarışları ilə paralel bir şəkildə
90-cı illərində ölkəmizdə baş verən
ağır ictimai-siyasi mübarizədə ümummilli
liderimiz Heydər Əliyevin daima yanında olmuş və
xalqın azadlığı uğrunda mübarizə
aparmışdır. Eyni zamanda məşhur 91-lərdən və
Yeni Azərbaycan Partiyasının
yaradıcılarındandır.
Əjdər
İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Çomaxtur kəndində
anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan
Teatr İnstitutunun Rejissorluq fakültəsində oxuyub,
rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi
olub. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim,
məktəb direktoru, Daxili İşlər Nazirliyinin,
"Şərq qapısı" qəzetinin əməkdaşı,
1977-1994-cü illərdə Naxçıvan Dövlət
Universitetinin Ədəbiyyat kafedrasında müəllim,
baş müəllim, dosent və professor olub.
Ömrünün
böyük bir hissəsini elmi-pedaqoji fəaliyyətə həsr
edən Əjdər müəllim arxada qalan illər ərzində
sanballı elmi əsərlər yaradıb. Professorun elmi və
ictimai-siyasi fəaliyyəti həmişə yüksək qiymətləndirilib
və bu fəaliyyətlərinə görə cənab
Prezidentimiz İlham Əliyev tərəfindən "Tərəqqi"
medalına da layiq görülüb.
Tanınmış
professor Əjdər İsmayılov 1969-cu ildə Azərbaycan
SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun dissertantı olub. Akademiyanın vitse-prezidenti
akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi
altında "Hüseyn Cavidin tarixi dramları"
("Peyğəmbər", "Topal Teymur", "Səyavuş",
"Xəyyam") mövzusunda namizədlik
dissertasiyasını 1974-cü ildə müdafiə edib.
Əjdər İsmayılovun bu dissertasiyası öz
aktuallığını bu gün də qorumaqdadır.
Əjdər İsmayılov Azərbaycan ictimaiyyətində
cavidşünas alim kimi tanınır. 1982-ci ildə Nizami
adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq
edilmiş "Hüseyn Cavid yaradıcılığı və
dünya ədəbiyyatında demonizm ənənəsi"
mövzusunda doktorluq dissertasiyası ətrafında
araşdırmalara başlayıb. Burada ədəbiyyatşünaslığımızda
Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci il hadisələri
ilə bağlayan fikir sahiblərinin əksinə olaraq,
Hüseyn Cavid romantizminin mənşəyinin Zarvan
("Avesta") fəlsəfəsindən
başlandığını, sənətin fəlsəfi-estetik
dəyərləri baxımından Türk "Tənzimat ədəbiyyatı"
başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının
korifeylərinin sənət yoluna bağlılığı
demonizm kontekstində araşdırılıb. Kitabda dünya
romantizmində demonizm ənənələrinin H.Cavid irsində
davamı və inkişafı məsələləri
araşdırılmışdır. Əjdər
İsmayılov H.Cavid yaradıcılığının
ideya-fəlsəfi, bədii-mifoloji köklərini
açıb göstərmiş, sənətkarın aləmindəki
milli və ümümbəşəri cəhətləri tədqiq
etmişdir.
Tanınmış
tənqidçi, ədəbiyyatşunas, sənətşunas
professor A.L.Şteyn (Moskva) hələ 80-ci illərdə
Əjdər İsmayılovun elmi araşdırmalarını
belə dəyərləndirmişdi: "Biz-romantizm ədəbiyyatı
mütəxəssisləri Əjdər İsmayılovun elmi
araşdırmalarına qədər dünya romantizminin XIX əsrdə
sona yetdiyi fikrindəydik, sən demə, XX əsrdə
Hüseyn Cavid kimi sənət nəhəngi
varmış". Professor Əjdər İsamayılov həmçinin
Azərbaycan cəmiyyətində bir ictimai-siyasi xadim kimi
tanınır. 1992-ci ilin 21 aprelində Azərbaycan
Respublikasına prezident seçkisi öncəsi Şərur əhalisinin
toplantısını təşkil etmiş, Heydər
Əliyevin prezidentliyə namizədliyini irəli
sürdürmüşdü. Bu toplantı müdrik siyasət
rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq
mübarizə yolunun başlanğıcı idi.
Toplantının çıxardığı qərarı 22
aprel 1992-ci ildə Bakı şəhərində yerləşən
döyüşən Naxçıvana hər cür köməklik
göstərən "Əlincə" cəmiyyətinə
çatdırmışdı.
1992-ci
ilin avqust ayında o, Şərur rayonunda ziyalılardan ibarət
"Heydər Əliyev tərəfdarları" təşəbbüs
qrupunu yaratmış, rayon ərazisini dairələrə
ayırmış və bir neçə ayda otuz iki mindən
artıq tərəfdarı siyahıya
aldırmışdı.
Şərurluların
bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın
Naxçıvan şəhərində keçirilən təsis
konfransının tarixi əsasını qoymuş oldu. 1992-ci
ilin 24 aprelində Əjdər İsmayılov keçmiş
Azərbaycan SSR Ali Sovetinin binası qarşısında ədalətsiz
"Yaş senzi" ilə bağlı keçirilən
mitinqlərin fəal təşkilatçılarından və
iştirakçılarından olmuşdu. 9 dekabr 1992-ci ildə
(№ 51(80) səh.7) "Səs" qəzetində
"Partiyamızın lideri xalqdır" bəyanatı ilə
Heydər Əliyev partiyasının xalqın partiyası
olduğunu bəyan etdi və məşhur "Heydər -
Xalq, Xalq-Heydər" devizi bu bəyanatın siyasi formulu kimi
yaranmış oldu.
Professor
Əjdər İsmayılov 300-ə yaxın elmi əsər və
məqalələrin müəllifidir. O cümlədən
"Dünya romantizm ənənəsı və Hüseyn
Cavid", "Hüseyn Cavid yaradıcılığı və
dünya ədəbiyyatında demonizm ənənəsi",
"Qədim Ön Asiya və Ön Qafqaz türk
tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir",
"Mesrop Maştos əlifba ixtiraçısı deyil,
fırıldaqçı anonim keşişdir"" və
s. kimi mötəbər əsərlərin müəllifidir.
Bu gün
də öz elmi-ictimai fəaliyyətini böyük
şövqlə davam etdirən Əjdər İsmayılovu
80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik
edir, həyat və yaradıcılığında tükənməz
uğurlar arzu edirik.
Ədalət 2018.- 25 aprel.- S.6.