SÖZÜN HAVASI
Mən sözün tozunu aldım,
Yenə təptəzə
qaldı söz.
Hər kəs öz ifasında Ramiz Rövşən
demişkən, yalnız "sözün tozunu alır". Köhnə
söz, əbədi söz heç bir deformasiyaya, dəyişikliyə
məruz qalmır - köhnə havada qalmaqda davam edir.
Tələbəliyimizin ilk pilləsindən - 1970-ci ildən
tanıdığım Oqtay Abbasovla (və ya Oqtay Allahverənoğlu)
həmişə münasibətlərim doğma olub. Düz 48 ildir
ki, tələbə yoldaşlığımız dostluğa
çevrilib, xeyrimiz-şərimiz birdi. Bu
təmənnasız dostluqdan heç kəs nəsə ummayıb,
sağlam köklər ailələrimizi bir-birinə
yaxınlaşdırıb. Onun həyat
yoldaşı Kifayət xanım bizim ocaqda, mənim
ömür-gün sirdaşım Gülbahar dəfələrlə
Oqtaygildə olub. Şənliklərdə,
bayramlarda, ad günlərində və bir də insanın
heç vaxt qaça bilmədiyi yas-hüzn mərasimlərində.
İndi
çevrilib o günlərə baxırıq: "APİ
Lenin" adlandırdığımız universitetdə
keçirdiyimiz xoş anlar, dəqiqələr, saatlar gah
gözümüzün qarşısında əriyib yox olur,
gah da amansız zamanın dumanı arxasında təkrar-təkrar
canlanır, görünməyə başlayır. Bakının mərkəzi küçələrindən
biri Bakıxanov idi, Abbasqulu ağanın adını
daşıyan ünvanda tələbə yataqxanası
vardı. Və bizim pedaqoji fakültə
orda yerləşirdi, ikinci mərtəbədə.
Doğrusu, iki il öncə başqa yerdən
ora köçürülmüşdü. Birinci
kursda oxuyarkən dekan İsfəndiyar Vəlixanlı adlı
bir pedaqoq-riyaziyyatçı idi. Olduqca sərt,
tündxasiyyət kişiydi, yaxşı oxuyanların, kəm-kəsiri
olmayanların isə dostu idi. Savadsızları
görmək istəmirdi İsfəndiyar müəllim. Sonra eşitdik, dünyasını dəyişib.
Oqtay birinci kursdan qəhrəmana çevrildi.
O, texnikum qurtarıb qəbul olunduğundan təcrübəsi
və hazırlığı hamıdan yuxarıydı. Üstəlik, Oqtay müəllim oğluydu,
Böyük Vətən müharibəsi
iştirakçısıydı atası Allahverən Abbasov, Dəvəçidəki
Çaraq kənd məktəbinin qabaqcıl pedaqoqlarından
sayılırdı. Ona görə çətinlik
çəkmədən bütün kursu "əla" qiymətlərlə
bitirdi.
O, təkcə
yaxşı oxumağı ilə diqqət cəlb eləmirdi,
qeyri-adi dərəcədə ictimai işləri sevən fəal
tələbəydi. Necə deyərlər,
"harda aş var idi, Oqtay orda baş" idi. Yaxşı pedaqoq-müəllimlər həmişə
bu sarışın, çalışqan gənci hamıya
nümunə göstərirdilər. Professor Mərdan
Muradxanov, Feyzulla Qasımzadə, Nəmidə Abbasova, İbad
Fərəcov, Qəzənfər Ağayev, Xəlil Fətəliyev,
Musa Həsənov, Zahid Xəlil, Cəfər Cəfərov
kimi müqəddəs şəxsiyyətlər (təəssüf
ki, onların əksəriyyəti indi həyatda yoxdur)
yaxşı mənada Oqtay kimi zəkalı, talantlı tələbəyə
qol-qanad verirdilər.
Şair Zahid Xəlil uşaq ədəbiyyatından dərs
deyirdi. Bütün mühazirəni poeziya üstündə
qururdu. Sözün havası hamını
tutur, məst edirdi. Zahid müəllim
haqlı surətdə bildirirdi ki, dərsi öyrənməyə
hər tələbə borcludur. Ancaq
haçansa əzbərlədiyiniz şeirlər səslənəndə
hamının ovqatı təzələnir. Əsas güc bu zaman Oqtay Abbasovla bu sətirlərin
müəllifinin üzərinə düşürdü.
Biz çoxlu sayda şeirlər bilirdik,
çıxıb intonasiya ilə deyirdik. Zahid
müəllim bəzən təhlilə keçir, başa
düşmədiyimiz sətirlərin, misraların izahına
başlayardı. Heç kəs
cınqırını çıxarmazdı, ta təhlil bitənəcən.
Ümumən kursumuzda qızların sayı
oğlanların sayından qat-qat artıq idi. Oqtay bir qrupun
nümayəndəsi seçilmişdi. O, hamıya
kömək əlini uzadır və
oğlanlı-qızlı hər kəsin hörmətini
saxlayardı. Adlar yadıma düşür: Şirin Məmmədov,
Tofiq Nəzərov, Bəxtiyar Həsənov, Kəmaləddin
Alıyev, İltimas Nəzərov, Fəxrəddin
Çopurov, İnşallah Mirzəyev, qızlardan Sevda, Xalidə,
Aybəniz, Cahan, Sahibə, Natiqə, Elmira, Büllur, Pəri...
Yaddaqalan
səfərlərimiz oldu: Türkmənistanın Xəzərsahili
liman şəhərlərinin birinə, Qobustana, Razin
dağına, Qubaya. Ən maraqlı
aylarımızdan biri tələbə-inşaat dəstəsinin
tərkibində işləmək idisə, digəri Ağcabədi
rayonunun ən iri pambıqçılıq təsərrüfatı
- Hacı Bədəlli kəndində kolxozçulara köməyə
getməyimizdi. Xoşbəxt anlar yaşayırdıq:
şeirli, mahnılı, nəğməli səhərlərimiz
bitib-tükənmirdi. İndi o çağlar
haqqında düşünürsən, görürsən, bir
ömrə sığmır. Hərdənbir kimsə
qara-qura xətlə yazılmış bir şeir dəftərimi
oğurlayıb məni rüsvayi-cahan edir, sevgi dolu
misralarımı yayırdı:
Səni
görmək üçün sevən ürəyim,
Həsrətin odundan şan-şan olubdur.
Səni
görmək üçün sinəm neçə yol
Qeybətcil
sözlərə nişan olubdur.
Müdafiəmə ilk qalxan elə Oqtay olurdu. Hamıya təpinirdi
ki, şeiri başa düşmürsünüz, hələ
ona lağ da edirsiniz.
Bir
gün qəribə bir hadisə baş verdi
və onun xəcaləti xeyli müddət məni tərlətdi.
İkinci kursa keçmişdik, dilimə spirtli
içki dəyməmişdi, heç pivənin də nə
olduğundan xəbərsiz idim. Oqtay,
böyük qardaşı Süleyman (Allah qəni-qəni rəhmət
eləsin. Çox işıqlı,
istiqanlı insan idi - müəllif), tələbə
yoldaşlarımızdan Şirin, Bəxtiyar, Tofiq, Kəmaləddin
şəhərin ortabab kafelərinin birində günorta yeməyinə
yığışdıq. Masanın
üstündə doğranmış pendir, kolbasa,
çörək, iki araq şüşəsi və o
dövrdə dəbdə olan "Jiquli" pivəsi
qoyulmuşdu. Daha sonra qaynanmış noxud
da gətirdilər. Hamı bilirdi mən
içkidən uzağam, ona görə qabağıma bir
limonad şüşəsi qoydular. Heç
demə, bunlar plan cızıbmışlar ki, mənim
limonadıma araq qatsınlar. Spirtin iyi məni
vuran kimi məsələni sezdim və dərhal stəkanın
içindəki mayeni kənara boşaltdım. Onlar xeyli gülüşdülər, mən bir
neçə noxud dənəsi götürüb ağzıma
qoydum, dilimin acısı getsin.
Tələbə
dostlarım zarafatla hər yana yaydılar,
Ağacəfər limonadın üstündən noxud yedi. Doğrusu, bu söhbətdən inciyir, xəcalət
çəkir, ətim ürpəşirdi. Ta o vaxtacan ki,
bir dəfə cəsarətimi toplayıb hamının
gözü qabağında xeyli pivə içdim. Beləliklə, o zarafata son qoyuldu. Ancaq hərdənbir o noxud-limonad məsələsini
yenə çözələyir, məni
cırnadırdılar. Yenə Oqtay qanımın
arasına girirdi:
- Əşşi, nə istəyirsiniz bizim şairdən? O noxud-limonad məsələsi
köçdü arxivə. Təzə nə bilirsiniz, ondan
danışın...
Oqtay təəssübkeşliyi, qayğkeşliyi erkən
yaşlarından bacarırdı. İncə yumoru da
vardı, hər kəs sezə, anlaya bilmirdi. Zarafatın həddini başa düşdüyü
üçün sərhədi aşmağa lüzum
görmürdü. Hələ tələbə
partası arxasında oturarkən elmi
yaradıcılığa həvəs göstərir, məqalələr
yazırdı. Sonra 2-3 il müəllim
işlədi və o zaman üzdə olan pedaqoji-elmi mərkəzlərin
birində - Bakıdakı Pedaqoji Elmlər İnstitutunda (o
zaman mərhum Zahid Qaralov rəhbərlik edirdi - müəllif)
fəaliyyətə başladı. Dişiylə-dırnağıyla
mövzu götürüb pedaqogika sahəsində alimlik dərəcəsinə
yüksəldi.
İndi
dostum Oqtay Abbasov sanballı ali məktəblərin
birində -Dillər Universitetinin pedaqogika kafedrasında müəllim
işləyir. O da müəyyən qədər yaşa dolub,
mən də. Özü də
böyüyüb, sözü də. Aramızda
isə heç vaxt soyuq yellər əsməyib, kiçik
incikliklər istisna olmaq şərtilə. Umu-küsülər varsa da, ortaya yalnız möhkəmlik,
bərklik, bağlılıq gətirib. Hərdən
üç qardaş - qonşusu Tofiq Nurəli, Oqtay və mən
bir neçə saat ailəmizdən və ömrümüzdən
vaxt oğurlayıb balaca bir hücrədə, yəni
çayxanada, kafe küncündə inzivaya çəkilib dərdləşəndə
"axı, bu şəhərdə bizim özümüzdən
başqa kimimiz var ki?" - deyirik. Əlbəttə, əhatə dairəmiz
böyükdü, sonsuz sayda insanlar var ətrafımızda.
Ancaq insan təbiəti qəribədir: hər kəsə
ürək qızdırmır. Ürəkdən
bağlandığın şəxslər köhnə
dostlarındı, sayı barmaqlarının sayından az.
Onları isə itirmək günahdı...
Oqtay müəllimdə yaxşı cəhətlər,
ibrət götürüləsi keyfiyyətlər kifayət qədər
var. Məsələn, o dostcanlıdır, onlardan umduğu
odur ki, onu axtarsınlar, zəng edib hal-əhval tutsunlar. Bəzən həftə
həftəyə calanır. Oqtayın
özü demişkən, "namərd qardaşlar"dan səs-səmir
çxımır, məsələyə şəxsən
qarışır, ciddi səbəb olmayanda danlaqdan qurtulmursan.
Biz dəfələrlə Azərbaycanın
müxtəlif bölgələrində səfərlərdə
olmuşuq. Ezamiyyətlərdə, istirahət
ocaqlarında, ziyarətlərdə. Onunla
səfərə getmək, yol yoldaşı olmaq, uzun gecələrdə
dərdləşmək, ədəbi mövzularda diskussiya
açmaq adamın könlünü açır. Ən kədərli, bədbin anlarda da üzündən
təbəssüm əskik deyil. Tələbələrini
çox sevir, elmə-sənətə laqeydliklərini isə
qətiyyən bəyənmir.
Bir dəfə bərk hirslənmişdi, belə anlarda
sifətini görmə. "Nə olub, Abbasov, gəmilərin dəryada
qərq olub?" soruşdum. Gözlərini
gözlərimə dikdi. Sakit, yumşaq tərzdə, bir
az da qayğılı-qayğılı:
"Ə, şair, iki saat öncə mühazirə demişəm
üçüncü kurslara. Bu gün, sabah
müəllim olacaqlar. Özü də humanitar
elmləri tədris edəcəklər. 74
nəfərdən yalnız ikisi Füzulinin filan qəzəllərini
əzbər deyə bildi, qalanları səslərini
çıxartmadılar. Belə olmaz
axı? Klassikaya da belə ötəri
münasibət bəsləyərlər? Məgər
sənə, mənə ədəbiyyatı zorla öyrədiblər?
Bunlar bu minvalla hara gedir?" - söylədi. "Keçdiyin
mövzunun Məhəmməd Füzulinin
yaradıcılığı ilə nə
bağlılığı vardı ki?" öyrənmək
istədim. "Konkret əlaqəsi yox idi, sadəcə,
söz sənətindən söhbət
düşmüşdü, mən də sözün sehri barədə
klassik şairimizin "Leyli və Məcnun" mənzum
poemasından misallar çəkdim və pərt oldum" -
bildirdi. "Eybi yoxdu, Abbasov, Füzulidən nə
bilirsənsə, aç tök ortaya, tələbəsayağı
mən dinləməyə hazıram. Bunun
üçün qəm yemə" - deyən kimi bərkdən
güldü. "Şair, mən ustada
deyirsən, ustad dərsi keçim, yaraşmaz!" - deyə zarafatla vurğuladı və
qırışığı açıldı, üzündəki
bulud çəkilib getdi. Heç elə bil həminki
Oqtay deyildi.
Dostum
Oqtay Abbasov günlərin birində mənə xeyli qəzəl
verdi və təvazökarlıqla
"qardaş, bax, gör bunların içərisində bəyəniləsi
varsa, qəzetlərin birinə ver, yoxdursa, qoy sandıq ədəbiyyatında
saxlayım, gələcək araşdırıcılar
üçün bir mənbə olaraq". Sonra
nə fikirləşdisə, "Ağacəfər, mən
deyəsən, axı bir dəfə sənə demişəm.
Rəhmətlik atam təbli kişiydi. Azərbaycan ədəbiyyatından xeyli nümunə
əzbər bilirdi, öz şeirləri də vardı. Nə illah elədiksə, üzə
çıxartmadı, elə özü qəsdən
yarısını cırıb atdı, yarısını da
it-bata saldı" - söylədi. Mən
Oqtay Allahverənoğlunun 2-3 qəzəlini oxuyan kimi,
klassikadan qidalanan, kökdən bəhrələnən
sözün ətri məni vurdu, diksindim. Əlbəttə,
Nəsiminin, Füzulinin, Seyyid Əzimin, Əliağa Vahidin nəfəsi
gəlirdi bu qəzəllərdən. Dərhal rəy
verdim: "Mən bəyəndim, hamısı çapa
layiqdi. Bunları nə vaxt yazmısan?"
- soruşdum. "Hələ
texnikumda oxuyan dövrlərdən qəzəl yazırdım.
Bəlkə də onların sayı yüzəcəndi,
yadımdan çıxıb. Birdən kiçik arxivimə
baxdım, bunları gördüm" dedi. Üç
gündən sonra həmin qəzəllərin təxminən
onu "525-ci qəzet"in səhifələrində dərc
olundu. Elə həmin gün köhnə dostlardan biri,
dilçi-alim Vaqif Qurbanov mənə zəng elədi:
"Qardaşımızın qəzəllərini oxudum. Ab-hava mənə ləzzət elədi,
könlümü açdı. Lap Füzuliyanədi. Yığışıb, yuyaq".
Deyəsən, kələfin ucunu tapmışdı. Heç demə,
Oqtayın mükəmməl heca və sərbəst şeirləri
varmış. Çox təkidimdən və
çək-çevirdən sonra həmin yazıların da
bir hissəsini dostumdan alıb oxudum. Metaforalar,
obrazlar yerində, deyim tərzi orijinal və özünəməxsus.
Şeirlərin həm də qısa və konkret olmaları
lap ürəyimdən xəbər verdi. Sonra dostumu xəbərdar elədim ki, bunları
tezliklə nəşr etdirmək lazımdır. O, əlini
yellədi. Mən israrla sözümün
üstündə durdum və beləliklə, Oqtay Abbasın
iki şeir kitabı ərsəyə gəldi. Kitablara ön söz yazdım, "Adiloğlu" mətbə
evində çap etdirdim. Bir il sonra
Oqtay müəllim Azərbaycan Yazıçılar Birliyinə
üzv qəbul olundu. İndi on beş ildən
artıqdır ki, bu mötəbər yaradıcı təşkilatın
üzvüdür.
Hərdən
Oqtay mənə zəng edir: "Şair, axı, sən Dəvəçinin
(Şabranın) fəxri vətəndaşısan. Oralar sənin üçün darıxır. Sən məni Lerikə aparmırsan, gəl, sabah gedək
Çarağa (Şabranın Çıraqqalanın
üstündə yerləşən kəndidir - müəllif)
orada qulluğunda dayanım". Mən az
hallarda yaxın adamların sözünü yerə
salıram. Oqtayın da ki, heç vaxt
sözünün qabağında söz gətirmirəm,
razılıq verirəm. Çarağa,
Ağbaşa dəyib qayıdırıq. Mən
bilirəm ki, hansısa sevgi-məhəbbət və ya nisgil
dostumu dağlara çəkib aparır. Təzələnən
kimi geri qayıdır.
Yurd
sevgisi könlündən əskilməsin, köhnə dost!
Ədalət 2018.- 25 aprel.- S.6.