GÜLRUX ƏLİBƏYLİ
YARADICILIĞINDA TARİXİ ƏDƏBİ PORTRETLƏR
Salidə Şərifova
filologiya üzrə elmlər doktoru
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
(əvvəli
ötən sayımızda)
"İsa
Hüseynov" ədəbi portretində Gülrux Əlibəyli
İsa Hüseynovun "60-cı illərdən başlayaraq
sırf realistik üsluba arxalanaraq psixoloji dərinliklə
seçilən povestlər"inin "...şəxsi təcrübə,
zəngin bədii təxəyyülün, adi insana məhəbbətin
məhsulu kimi" yaratmasına toxunmuşdur. G.
Əlibəyli yazıçının əsərlərində
"xeyir və şər, olum və ölüm, şəxsiyyət
və hakimiyyət, insan və zaman - vacib fəlsəfi məsələlər
burada adi, sadə, aydın, əhatəli formada əks"
olunduğunu da qeyd etmişdir. Yazıçının
yaratdığı qəhrəmanların "totalitar sistemin
hökumət başçısı tərəfindən əzilən
və təqib olunan "kiçik" insan" olmasına rəğmən,
"heç cür sovet ədəbiyyatının qəhrəmanlarına"
oxşamadığı G. Əlibəyli tərəfindən
vurğulanır. Yazıçının əsərlərinin
isə "dinamizm, dramatik gərginlik, psixoloji vəziyyətlərin
incəlik və əsaslığı" ilə fərqlənməsi
də G. Əlibəyli tərəfindən qeyd edilmişdir.
Gülrux
Əlibəyli İsa Hüseynovun kino dövrünü, yəni
"Ulduzlar sönmür", "Nəsimi",
"Nizami" və digər filmlərə yazmış
olduğu ssenarilərlə "fəlsəfi romanlar
dövrünə keçid dövrü kimi" səciyyələndirmişdir.
Gülrux
Əlibəyli Anar yaradıcılığına biganə
qalmamış, "Anar" adlı ədəbi portretində
"Azərbaycan xalqının nadir və işıqlı
şəxsiyyətlərindən" hesab etdiyi
yazıçının ədəbi portretini
canlandırmağa nail olmuşdur: "Anar heç vaxt millət,
xalq haqqında təmtəraqlı sözlər,
hündürdən deyilən şüarlar demir. O, xalqa məhəbbətini
konkret işi, həyat tərziylə təsdiqləyir".
Gülrux Əlibəyli "Uzun ömrün
akkordları" filmi haqqında da da ədəbi portretdə
yer vermiş, yüksək dəyərləndirmişdir. "Uzun ömrün
akkordları"nın baş qəhrəmanı
kimi musiqi, muğamat olmasını qeyd etməklə
yanaşı, həm də "Azərbaycan xalqının
mütləq, ilahi, yenilməz, məhvolmaz milli sərvəti"
olmasına toxunur.
G.
Əlibəyli Anarın yaradıcılığını dəyərləndirərkən
yazıçının qələmə aldığı əsərləri
"bədii cəhətdən bütöv" olmasına
toxunmuş, "gələcəyin ədəbiyyatında"
gördüyü "Əlaqə" povestini isə
"insanın idrak imkanlarının hüdudsuzluğundan,
insan beyninin mürəkkəbliyindən, onun potensial
imkanlarından bəhs" edən əsər kimi dəyərləndirmişdir.
Əsərin güclü alınmasının səbəbi
isə "Anarın bədii fantaziyasının zənginliyindən,
məntiqinin möhkəmliyindən" asılı olması
qeyd edilir.
"Afaq"
ədəbi portretində G. Əlibəyli Afaqın həssas
nasir olmasına toxunur, "psixoloji nəsrin, psixoloji hekayənin
ustası" kimi dəyərləndirir, "həyatı,
qadın qəlbini və düşüncələrini əsil
yazıçı cəsarəti və səmimiyyəti ilə
açıb göstərməyə qorxmayan", özünə
güvənməsini də vurğulayır.
Gülrux
Əlibəyli şair və
yazıçılarımızın ədəbi portretlərini
yaratdığı kimi, Azərbaycan ədəbiyyatşünaslığı,
onu tədqiq edən ziyalılarımız haqqında
maraqlı ədəbi portretlər qələmə almağa
nail ola bilmişdir. Gülrux Əlibəylinin
tənqidçi, tədqiqatçı, nəzəriyyəçi
alimlər kimi təqdim etdiyi Cəfər Cəfərov, Məmməd
Arif Dadaşzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi
alimlərimiz haqqında irəli sürdüyü fikir və
mülahizələr ədiblərimizin
yaradıcılığına verilmiş dəyərdir. Gülrux Əlibəyli konkret bir dövrün mənzərəsini
yaratmaqla bərabər, dövrün insanları olmuş bu
tarixi şəxsiyyətləri tam açmağa, onları
olduğu kimi cəmiyyətə təqdim edə bilir. Ədəbi portretin təsvir imkanları Gülrux
Əlibəyliyə məhz həmin tarixi şəxsiyyətlərə
məxsus özəllikləri tam açıqlamaqla bərabər
cəmiyyətin mənzərəsini də müəyyənləşdirməyə
imkan yaratmışdır.
Gülrux
Əlibəyli "Cəfər Cəfərov" adlı ədəbi
portretdə alimin ədəbi portretini müasirlərinin
yaddaşlarında necə həkk olunması ilə
açıqlamağa nail ola bilmişdir.
Müasirlərinin yaddaşına ilk növbədə
bütöv, kamil, səmimi, təmiz, əyilməz insan kimi
hopmuş Cəfər Cəfərovun canlı obrazını
müəllif belə təqdim edə bilir: "...əlində
tor zənbil, içində bir kefir şüşəsi fit
çala-çala keçmiş "Kommunist"
küçəsini üzü aşağı gedən
görürdülər!" Gülrux Əlibəyli
ensiklopedik biliyə malik olan Cəfər Cəfərovun ədəbi
portretini onun öz sözləri ilə də oxucunun gözündə
canlandırmağa nail ola bilir: "Məni
məhv etmək olar, lakin tabe etmək, ruhən öldürmək
olmaz!"
Ədəbiyyat
nəzəriyyəsi sahəsində əvəzsiz mütəxəssis
kimi iz qoymuş Məmməd Arif Dadaşzadə haqqında qələmə
aldığı "Məmməd Arif Dadaşzadə"
adlı ədəbi portretdə tədqiqatçı alimin təhlil
üsulunun genişliyi və müasirliyi baxımından fərqli
olmasına toxunan G. Əlibəyli ədibi belə dəyərləndirmişdir:
"M. Arif Dadaşzadənin əsas aparıcı xüsusiyyətlərindən
bəlkə ən vacibi milli sənətimizdə, ədəbiyyatda
baş qaldıran yenilikləri görmək, onlara
yaradıcılıq yolu göstərmək, yenilikləri
mühafizəkarların hücumu və haqsız tənqidlərindən
qorumaq idi".
Universal tədqiqatçı
adlandırdığı Yaşar Qarayevə həsr etdiyi
"Yaşar Qarayev" ədəbi portretində müəllif
ədibin həm ədəbi portretini, həm də əvəzolunmaz
alim kimi obrazını açıqlamağa nail ola bilmişdir. Yaşar Qarayev təcrübəli
idarəçi və məhsuldar alim kimi (ədəbiyyat
tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat fəlsəfəsi)
Azərbaycan ədəbiyyatşünaslığında iz
qoymuşdur. "İşləmək,
düşünmək" Yaşar Qarayev həyatının
ana xəttini təşkil etməsini vurğulayan G. Əlibəyli
onu ilk növbədə nəzəriyyəçi alim kimi təqdim
edir. Y. Qarayevin "Tarix: yaxından və uzaqdan" əsərini
ədibin "40 illik yaradıcılıq yolunun bir növ
yekunu" kimi fundamental əsər kimi dəyərləndirmişdir:
"Zəngin və geniş erudisiya, əsaslı elmilik,
millilik və ümumbəşərililik, estetik təfəkkürün
dərinliyi, - Azərbaycan tənqidinin tarixində bu nadir
xüsusiyyətlərin sintezi Y. Qarayevin son kitabında əks
edilmişdir".
Ümumiyyətlə,
Y. Qarayev ədəbiyyat tarixinin bir sıra problemlərini tədqiq
etmiş, elmi yeniliyi və əhəmiyyəti ilə
seçilən nəzəri konsepsiya və tezislər irəli
sürməyə nail ola bilmişdir.
Ədəbiyyatda Şərqdə çoxetaplı intibah
konsepsiyası, "Təsəvvüf intibahı"nın
Şərq ədəbiyyatına təsir formaları, Nizaminin
Şərq İntibahında xüsusi yer tutması, Şərq
İntibahı və Avropa İntibahı arasında əlaqələrin
və tipoloji həmahəngliyin olması, Füzuli
yaradıcılığının Şərq İntibahı
çərçivəsində türkcənin Şərqdə
hakim dil səviyyəsinə qaldırılmasına təsiri,
M.F. Axundovun Azərbaycanda realizmin inkişafında fərdi və
milli konkretlik gətirməsi, o cümlədən, latın əlifbasına
keçməsi probleminin ictimai və elmi dairələr
qarşısında qaldırılmasında rolu, milli ədəbiyyatın
"Ən yeni dövrü"nü ADR-la başlamaq təklifi
və s. Yaşar Qarayev yaradıcılığının tərkib
hissəsinə çevrilmişdir.
Gülrux Əlibəyli "filantrop tipli insan" kimi dəyərləndirdiyi
akademik Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatşünaslığının
inkişafı və zənginləşməsində xidmətləri
əvəzolunmazdır, milli ədəbiyyatımızın tədqiq
edilməsini öz taleyüklü qismətinə
çevirmişdir. B. Nəbiyev elmi araşdırmalarında ədəbiyyat
tarixçiliyinə, ədəbi-nəzəri məsələlərə,
Azərbaycan ədəbiyyatında milli dəyərlərin
qorunub inkişaf etdirilməsinə, tərcümə ədəbiyyatının
və ədəbi əlaqələrin inkişafına
xüsusi diqqət ayırmışdır. B. Nəbiyevin
yaradıcılığında Azərbaycan dilinin təmizliyinin
qorunması problemi xüsusi yer tutur. B. Nəbiyevin
Azərbaycan dilinin qayğısına qalmağı əsas vəzifə
kimi həyata keçirməsinə toxunan G. Əlibəyli
qeyd edir ki, "Bəkir Nəbiyev Azərbaycan dilinin
böyük bilicisidir. O bu dili elə incəliyiylə,
elə zəngin çalarlarıyla və elə gözlənilməz
tapıntılarıyla işlədir ki, qeyri-adi
düşünürsən: bu dil - dahi xalqın dilidir, bu dil
ölməzdir, tükənməzdir".
Gülrux Əlibəyli akademik Bəkir Nəbiyevin ədəbi
portretini yaradaraq onun elmi yaradıcılığına
yüksək qiymət verir. "Alimin geniş
erudisiyası, ağlı, fəlsəfi
dünyagörüşü, həyata və insanlara
vurğunluğu, milli ədəbiyyatımızın
keçmişini, bu gününü dərindən bilməsi
və hədsiz sevməsi" kimi fikirləri irəli sürən
G. Əlibəyli akademik Bəkir Nəbiyev
yaradıcılığını olduğu kimi dəyərləndirməyə
nail olur.
G.
Əlibəyli "Mehdi Məmmədov" ədəbi
portretində rejissor, alim, ictimai xadim Mehdi Məmmədovun ədəbi
portreti ilə yanaşı böyük Hüseyn Cavidin də ədəbi
portretini oxucuya çatdırmağa nail ola
bilmişdir. "H. Cavidin əsərinin yüksək poetik və
romantik ruhunu, fəlsəfi məğzini müasir səhnə
vasitələriylə tamaşaçıya çatdırmaq
üçün" "milli mədəniyyətimizin parlaq
şəxsiyyətlərindən" biri kimi dəyərləndirdiyi
Mehdi Məmmədovun gərgin iş görməsinə də
müəllif tərəfindən aydınlıq gətirilmişdir.
Ədəbi
portretlərdə nəzəri
problemlər
G. Əlibəyli qələmə aldığı ədəbi
portretlərdə ədəbiyyatşünaslığı
düşündürən və diqqətində olan nəzəri
problem və məsələlərə də diqqət
yetirmişdir.
G.
Əlibəyli faciə, fantastika, esse, mahnı və s. janrlara
ədəbiyyatşünas alim kimi münasibətini bildirməyə
nail ola bilmişdir. Belə ki,
"Anar" ədəbi portretində
yazıçının "Əlaqə" povestinin janr
xüsusiyyətinə toxunan G. Əlibəyli əsəri "müasir
dünya fantastik ədəbiyyatının gözəl
nümunələrindən" biri kimi təqdim edir. Fantastik əsərdə realistik detalın qüvvətli
olması amilinə toxunmuş G. Əlibəyli, həmçinin
həmin realistik detalın "hadisələri gerçəklikdən
təcrid olmağa qoymamasını" da qeyd edir.
G.
Əlibəyli "Mehdi Məmmədov" ədəbi
portretində əsasını ictimai mühit arasındakı
ziddiyyətlər, barışmaz həyat konfliktləri,
xarakter və ehtirasların kəskin toqquşmasını təşkil
edən, böyük ümidin, yüksək ideyaların,
xoş arzunun məhvi və adətən qəhrəmanın
ölümü ilə nəticələnən faciə
janrını tədqiq etmiş, ona münasibətini bildirərək,
"faciə ən dərin, ən fəlsəfi janr" kimi
təqdim edir. Faciə janrında insanın
"Ölüm və ya olum"la qarşı-qarşıya
qalmasını göstərir. Faciədə
cismən məhv olan qəhrəmanların mənən
yaşamaları onların təbliğ etdiyi ideyaların məhv
olmayacağına, daim yaşayacağına bir işarədir.
G. Əlibəyli "Aristotelin "Katarsis"i
- cismən, mənən, ruhən təmizlənmə deməkdir
və faciənin məğzini təşkil edir" fikirlərini
daha sonra aktyor və rejissorların onları narahat edən
suallara cavabı da "məhz faciə janrında tapa"
bilmələrinə toxunmuşdur.
(ardı gələn
sayımızda)
Ədalət.-2018.-26 aprel.-S.7.