SİRLİ
ALƏM - QAZMA MAĞARASI
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Azərbaycanın uzaq keçmişini, bir coğrafi məkan olaraq tarixini öz yaddaşına köçürən və onun qərinələrdən keçirib bu günümüzə gətirən abidələr arasında Naxçıvan Muxtar Respublikasının ərazisindəki abidələrin xüsusi yeri və çəkisi var. Biz bu bölgəyə, yəni Muxtar Resublikanın ərazilərinə diqqət yetirəndə təbii ki, qarşılaşdığımız bu qeyri-adiliklərin önündə bir anlıq susuruq. Bu suqunluğun da səbəbi təkcə tarixin yaddaşı yox, həm də onun əzəməti, onun nüfuzudu. Necə deyərlər, "hər başın altında bir tarix yatır" deyən böyük şairimizin o müdrik ifadəsi məhz bu coğrafiyadakı abidələrlə tanış olanda bir daha heyrətləndirir.
Təsadüfi deyil ki, Kiçik Qafqaz ərazisindəki mağaralarla bağlı aparılan araşdırmalar, təşkil olunan ekspedisiyalar sonda belə bir yekdil qərar ortaya qoyub. Həmin qərara görə, Muxtar Respublikanın ərazisi təkcə Azərbaycan coğrafiyasının deyil, bütövlükdə Kiçik Qafqazın ən çox mağaralar yayılan ərazilərindən biridir. Karst mağaralar silsiləsi olan ərazilər içərisində Naxçıvanın ayırca yeri var. Bir gerçəklik də var ki, republikamızın digər regionlarından fərqlənən Naxçıvan relyefinin özü də buradakı qeyri-adi özəllikləri yaddaşında saxlamaq baxımından, həm də rəngarənglik baxımından daha çox diqqət çəkir. Məhz bu səbəbdəndir ki, tarixçilər, arxeoloqlar da Muxtar Respublikadakı mağaraya zaman-zaman böyük diqqət göstərmişdilər və bu gün də həmin mağaraların həm qorunması, həm də öyrənilməsi istiqamətində davamlı şəkildə elmi işlər aparılır. Bu elmi işlərin, bu israrlı axtarışların nəticəsidir ki, Muxtar Respublika ərazisində bu günədək qeydə alınmış Karst mağaralarının həm müasir təbii coğrafiyamızın öryənilməsində, həm də bütövlükdə bütün tariximizin ayrı-ayrı məqamlarını - həm iqlimini, həm təbiətini, həm bitki, həm heyvan ailəmini, bir sözlə, ətraf mühiti öyrənmək imkanı əldə etmiş oluruq. Bax, elə arxeoloq tarixçilərin gəldiyi nəticə də bundan ibarətdir ki, "ərazidə qeydə alınan Karst mağaraları təkcə təbii coğrafi şəraitin deyil, həm də vaxitlə burada mövcud olmuş əlverişli iqlim şəraitinin təsiri nəticəsində formalaşmışdı. Elə məhz buna görədir ki, insanlar qədim daş dövründən başlayaraq, bu ərazidə məskunlaşmış və öz abidələrini yaratmışdılar.
Barəsində söhbət açmaq istədiyimiz Qazma mağarası da Muxtar Respublikasın ərazində yerləşir. Bu mağara ilə yanaşı, digərləri də, yəni Muxtar Respublika ərazisində mövcud olan Kilid və Daşqala mağaraları da barəsində bəhs etdiyimiz Qazma mağarası ilə eyni dövrün, yəni daş dövrün abidələrinin nümunələridir. Birmənalı şəkildə demək olar ki, bu mağaralar daş dövrünün canlı şahidi olublar. Və onların şahidliyi də Muxtar Respublikanın daş yaddaşına hopmuş, nəticədə də tariximizin maddi və mənəvi dəyərlərini, bütövlükdə mədəniyyətimizi öyrənməkdə mühüm əhəmiyyət kəsb etmişdir. Birmənalı şəkildə vurğulamaq yerinə düşər ki, bu abidələrin öyrənilməsi həm tariximizin, həm də onun ayrı-ayrı parçaları olan ədəbiyyatımızın, mədəniyyətimizin, məişətimizin, eləcə də digər dəyərlərimizin öyrənilməsində zaman-zaman öz sözünü deyib, öz varlığıyla bizim də milli varlığımızı, milli kimliyimizi ortaya qoymaqda yardımçımız olubdu.
Xatırlamaq yerinə düşər ki, barəsində söhbət açdığımız hər üç mədəniyyət nümunəsi bizim yazıya qədərki, həm də yazının araya-ərsəyə gəlməsindən sonrakı tariximizin öyrənilməsində də birmənalı şəkildə son dərəcə qiymətli bir mənbədir. Zənnimcə, bu, əvəzi olmayan bir sərvətdir. Elə Muxtar Respublikasındakı Qazma mağarası həmin dediyimiz əvəzsiz abidələrin biridir.
Biz tarixə ekskursiya çərçivəsində nəzər yetirsək, onda məlum olar ki, coğrafiyamızda kifayət qədər qədim mədəniyyət nümunələri mövcuddur. Həmin mövcud abidələr içərisində eramızdan əvvəlki və eramızın daxilindəki zaman kəsiyinin fərqli abidələri həmişə araşdırma mövzusu olub. Bax, bu mənada xatırlatmaq yerinə düşər ki, Qazma mağarası tarixçilərimizin sübut etdiyi kimi, Mustiye mədəniyyəti dövrünə, yəni eramızın 100-90 min il bundan əvvələ aid olan bir arxeoloji abidədir. Özü də bu abidə təkcə bizim tariximiz üçün yox, bizim arxeologiyamız üçün yox, bütünlükdə dünya tarixi və arxeologiyası üçün özünəməxsus dəyərə malikdir. Birmənalı şəkildə bu abidə insanın izi olan, insanın məskən saldığı bir ünvandır. Həm də dünya arxeologiyası üçün Qazma mağarasının əhəmiyyəti onunla diqqətə təqdim olunur ki, bu mağaranı dünya alimləri də tanıyır və qəbul edirlər. Hətta 2002-ci ildə bu mağara ilə bağlı fikirlərini etiraf edən avropalı alim Henri dö Lümley vurğulamışdı ki, bu mağara arxeologiya elmi üçün çox böyük əhəmiyyət kəsb edir. Həmin fikirlərini Bakıda keçirilən beynəlxalq proqram çərçivəsində dilə gətirən professor Azərbaycanın qədim daş dövrü abidələrindən olan Azıx, Tağlar, Qazma və başqaları ilə bağlı müzakirələr zamanı bu mağaralarda tapılmış maddi-mədəniyyət nümunələrinin qalıqlarını dünya arxeologiya, polenatologiya elmləri üçün müstəsna hadisə kimi qeydə almışdılar. Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş 22 nəfər alim bu fikirlə həmrəy olmuşdu. Bu da onu göstərir ki, Azərbaycanın qədim insan üçün bir məkan olması danılmaz gerçəklikdir. O ki, qaldı mağaranın özünə...
Bəli, bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Hənənəm kəndində 3 km-lik məsafədə, kəndin şimal şərqində, Araz çayından 17 km aralıda, Arpa çaydan 14,5 km məsafədə, dəniz səviyyəsindən isə 1500 metr yüksəklikdə yerləşən Qazma mağarası bu gün təkcə Naxçıvanda, Azərbaycanda deyil, bütövlükdə arxeologiya tarix elmi ilə məşğul olan qədim insan izi axtaran hər bir elm ocağında tanınır. Maraqlıdır ki, bu qədim ünvanı hələ Azərbaycanın çox dəyərli tarixçi arxeoloq alimləri M.Hüseynov və Ə.Cəfərov 1983-cü ildə Naxçıvan ərazisində arxeologi ekspertiza zamanı müəyyən ediblər. Onların Ordubad və Şərur rayonunda apardıqları kəşfiyyat işləri zamanı poleolit dövrünə aid olan Qazma mağarası aşkarlanıb. Məhz bu iki arxeoloqun aşkar etdiyi Qazma mağarasının girişdə eni 6 metr, hündürlüyü 2 metr olan dəhliz şəklində uzanır. Həlizlə hərəkət edərək 12 metrdən sonra mağaranın içərisində iki qol yaranır. Mağaranın qurtaracağı ilə girişi arasındakı hündürlük fərqi 10 metrdir. Burada çoxlu sayda arxeoloji materiallar tapılıb. 17 mindən artıq heyvan sümüyü, 24 növ fauna qalığı, 874 ədəd daş məmulat bu mağarada aşkarlanıbdı.
Bu gün Naxçıvandakı Qazma mağarası ilə bağlı fikirlərini mətbuata çatdıran tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun söylədiklərinə görə, "abidədə tapılmış daş məmulatlar arasında istehsal tullantılarının tapılması göstərir ki, mağara sakinləri burada müxtəlif alətlər də hazırlayıblar.
Həmin alətlər Azıx və Tağlar mağaralarından tapılanlarla bənzərlik təşkil edir".
Bəli, tariximizin bir sirli səhfəsi də Qazma mağarasıdı. Onu hər gün öyrənməklə tariximizin dərinliklərinə daha çox baş vururuq. Deməli, özümüzü daha çox tanıyırıq.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2018.-26 aprel.-S.7.