Qaraçay romanının poetikası
Nizami Tağısoy
1950-1980-ci illərdə bütün bu dövrki çoxmillətli sovet ədəbiyyatında olduğu kimi Qaraçay nəsrində də Böyük Vətən Müharibəsi (BVM) mövzusuna maraq səngimirdi. Artıq 60-cı illərin sonlarına doğru Şimali Qafqaz, o cümlədən Qaraçay ədəbiyyatında müharibənin bədii dərki ilə bağlı xeyli təcrübə əldə edilmişdi. Bu mövzunun müxtəlif janr formalarında təcəssümünü (hekayə, povest, memuar, sənədli roman və s.) kabardin (A.Keşokovun "Sınmış nal" (1973) romanında, A.Naloyevin "Alov kölgəsi" (1973) (hekayələr və povestində, B. Kardanovun "Zabitin qeydləri" (1974) povestində, malkar X.Zankişiyevanın "Dağlar oğlu - Baltik şahini" (1971) sənədli povestində; noğay F.Abdulcəlilovun "Güclülər ailəsi" (1950) povestində; abaza X.Jirovun "Oğul atası" (1970) romanında, K.Bratovun "Hay ver, qardaşım" (1967) povestində; lak (E.Kapiyevin "Qeyd kitabçası"); çeçen (L.Mütəllibovun "Tufana qarşı" (1972) povestlər və hekayələrində görmək mümkündür.
Müharibəyə həsr olunmuş Qaraçay nəsrinə gəldikdə isə biz onun əsas nümunələrini nəzərdən keçirərkən qeyd etdik ki, bu mövzuya müraciət Qaraçay yazıçılarının əvvəlki dövr yaradıcılığının inkişafı əsasında ortaya çıxmışdır. Tarixi və müharibə mövzusuna həsr olunmuş nəsr əsərlərinin poetikasının bəzi tərəfləri Qaraçay ədəbiyyatşünasları A.Qarayeva, S.Akaçiyeva, N.Kaqiyeva və başqaları tərəfindən öyrənilmiş, hətta S.Akaçiyeva 1980-ci ildə nəşr etdirdiyi "Qaraçay romanı. Janrın təşəkkülü və inkişafı" monoqrafiyasında ayrıca fəsildə "Qaraçay romanının poetikası"nı nəzərdən keçirmişdir. Belə mövzu Qaraçay romanlarının ilkin mərhələdəki süjet xətti olaraq götürməklə özündə folklor təsvirini bədii-şüurun mənbəyi olan süjet və kompozisiya müstəvisində axtarışlar aparmaqla müəlliflər getdikcə əsərlərini yeni keyfiyyətlərlə zənginləşdirirdilər.
İnqilabi-tarixi mövzulara həsr olunan romanlarda ("Dağlarda səs", "Böyük Qaraçayda", "Dan ulduzu" və s.) süjetdə qaraçaylılar arasından çıxan inqilabçı obrazlarının əsas xüsusiyyətləri açılırdısa, "İllər və dağlar" tarixi-bioqrafik romanında sinfi mübarizənin gizli düşmənlərlə aparıldığı əks olunur və bu xüsusiyyət əsərin arxitektonikasına ustalıqla daxil edilirdi. Roman müəllifinin ustalığı özünü həm də onda əks etdirirdi ki, məsələn H.Bayramukova təhkiyəni burada hadisələr arasındakı əlaqələrin pozulması əsasında yox, bir süjet xəttindən digərinə keçid şəraitində yox, məntiqi ardıcıllıqla qura bilmişdir. "Əmanət", "Qisas", "İki zaman" kimi hərb mövzusuna həsr olunmuş romanlara gəldikdə isə bu ilk növbədə əsərlərin bədii problematikası və vəzifələri ilə, - yəni hadisələri və insanların tarixi taleyini müharibə və sülh şəraitində əks etdirməklə bağlı idi. Yanaşma və təsvirlər müxtəlifdir. Məsələn, M.Bayçorovun "Böyük Qaraçayda" romanı uğurlu kompozisiya quruluşuna malik olduğu halda Qaraçay romanlarının bəzilərində biz ("Dağlarda səs") süjetin böyük sürətlə hərəkətini müşahidə edir, digər bir qismində ("Qisas qılıncı") onun aramlı inkişafının şahidi oluruq.
Qaraçay yazıçılarının janr-üslub axtarışları həm də dil ilə bağlı gedirdi. Belə ki, 1950-1980-ci illərdə Qaraçay romanı inkişaf etdikcə xalq poetik dili xəzinəsindəki təzə-tərlikdən istifadə edilməklə janrın dil imkanları daha da zənginləşirdi. Bu dövrdə Qaraçay romanının dili fərdiləşməklə, qəhrəmanların xarakterinin mahiyyətinin, onların əsas xüsusiyyətlərinin, davranış və hərəkətlərinin açılmasında mühüm mahiyyət kəsb edir. Qəhrəmanların nitqində canlı dialoq, daxili monoloq və s., dağlıların nitqindəki spesifik and formalarından istifadə xüsusi yer tutur ("Dağlarda səs").
Qaraçay romanında portret mühüm rol oynayır. Bu, "Böyük
Qaraçayda", "İllər
və dağlar" və "Qisas qılıncı"nda xüsusilə
görümlüdür. Bundan
başqa "Qisas qılıncı"nda Culduz,
"Dan ulduz"unda Fatimə,
"Dağlarda səs"də
Nəzifət, "Qara
sandıq"da Badimat,
"Böyük Qaraçayda"
Mukuyat, Zəhrət və Ölməz, "İki zaman"da Bela obrazlarının portret xarakteristikası diqqəti daha çox cəlb edir.
Qaraçay romanında ("Dağlarda
səs" və
"İki zaman")
insanın təbiətlə
əlaqələrinə də
xüsusi əhəmiyyət
verilmişdir. "Qisas
qılıncı" romanında
insan təbiətlə
paralel bir sıra təşkil edir. O.Xubiyevin "Əmanət" romanının üçüncü
kitabında isə biz
simvolik paralelizmlərlə
daha çox rastlaşırıq.
Qaraçay romanında ("Əmanət",
"İki zaman",
"Qisas qılıncı",
"Dan ulduzu", "İllər
və dağlar" və s.) lirik ricətlərə, epik ənənə ilə lirik vüsətin birləşməsinə daha
tez-tez rast gəlirik. Belə məqamlarda müəlliflər
öz qəhrəmanlarının
taleyi haqqında daha çox düşünür, fikirlərə
dalırlar. Eyni zamanda
bu romanlardan bəzilərində bədii
dil vasitələrindən
uğurlu istifadə də diqqət çəkməkdədir. Dil materiallarından istifadənin
bu əsərlərdə
məzmuna hopdurulması
məhz belə vasitələrdən yararlanma
prinsiplərinə söykənir
və bədii ədəbiyyatın spesifik
vəzifələri ilə
xarakterizə və izah olunur. 1950-1980-ci illər romanlarından bəzilərində
(məsələn, "İki
zaman") hadisələr
bir-birini sürətlə
əvəzləyir. Burada lakoniklik,
əsərin obrazlı
dili, hərbi hadisələrin dərindən
ümumiləşdirilməsi kimi məqamlar janrın təqdimatını
daha maraqlı məcraya yönəldir.
Bu romanda atalar
sözü, zərbi məsəllər, metaforalar,
müqayisələr, paralelizmlər,
müharibə dövrünün
məhsulu olan söz və söz birləşmələrini
daha çox yaddaşlarda daşlaşdırmışdır.
"Dağlarda səs",
"Qisas qılıncı"
və başqalarında
çoxsaylı üslubi
fiqurlar, milli məişət, xarakter, psixologiya, geyim və mətbəx mədəniyyətini bildirən
epitetlərdən genbol
istifadə olunmuşdur.
Nəzərdən keçirdyiimiz dövr
Qaraçay romanında
("Dan ulduzu", "Qara
sandıq", "İllər
və dağlar",
"Dağlarda səs",
"Böyük Qaraçayda",
"Qisas qılıncı",
"İki zaman" və s.) folklor nəğmələrindən nümunələrin
təqdimatı bu əsərləri xalqa daha yaxın və oxunaqlı etmişdir. Belə nəğmələrdə əməkçi insanların
ağır taleyi, onlara qarşı edilən haqsızlıqlar,
ədalətsizliklər əksini
tapmışdır. Bəzən romanların
infrastrukturuna daxil edilən xalq inancları nümunələri,
nağıllar roman süjetində
qaraçaylıların psixologiya
və xarakterlərini
əks etdirmək baxımından istifadə
edilmişdir. Məhz bu
tipli elementlər Qaraçay romanının
özünəməxsus bədii
aləmini yaratmışdır.
Bundan başqa Qaraçay romanlarında Nəsr Xoca lətifələri, Nart eposunun elementlərindən
və s. də geniş istifadə olunmuşdur. Qaraçay romanlarında kifayət
qədər geniş planda ("məsələn,
"Dan ulduzu"nda) biz Tanrıya
(Teyri) müraciətlərlə
də rastlaşırıq.
60-70-ci illər Qaraçay
romanlarında ("İllər
və dağlar") nəğmələrdən istifadə
ardıcıl xarakter alırdı. Burada "Qanamat" "Biynöger",
"Candar" kimi qəhrəmanlıq nəğmələri
daha geniş təqdim olunmuşdur. Bir sıra hallarda tarixi nəğmələrdən
də romanlara fraqmentlər daxil edilmişdir. Bəzi romanlarda
("Dağlarda səs",
"Böyük Qaraçayda",
"Dan ulduzu" və
s.) Tatar xan, Biynöger
və s. nəğmələrdən
nümunələrə yer
verilmişdir. Digər qism
romanlarda müəlliflər
əsərin aparıcı
obrazları olan Nart batırlarını, yaxud Qaraçay-malkar nağıllarının qəhrəmanlarını
Açemez, Yeryüzmək,
Qarabatır, Çora
kimi adlandırırlar.
Qaraçay romanlarının poetikasının
xarakterik xüsusiyyəti
onların süjetində
müsbət qəhrəmanların
atını öz yaxın dostu kimi dəyərləndirməsidir. Qaraçay
eposunda bu atlar müxtəlif adlar altında - Sadak, Yelquş, Toru, Tülpar və s. kimi təqdim edilmişdir.
Qaraçay romanları xalq
milli uşaq oyunlarının - aşıq-aşıq,
daş atma, ox atma, güləş, sıbızqı alətində
(Qaraçay milli musiqi aləti) çalmaq, milli və dini bayramların
keçirilməsi (məsələn,
Qurban bayramı), qəhrəmanların milli
toy geyimlərinə, belindəki
qızılı kəmər,
başındakı ağ
ipək yaylıq, sinəsindəki qızılboyunbağı
və s. təsvirinə
də kifayət qədər yer ayırmışdır.
1950-1980-ci illər Qaraçay
ədəbiyyatının inkişafı həm də
aparıcı sənətkarların fərdi yaradıcı üslubunun formalaşdığı dövr kimi nəzərdən
keçirilməlidir. Roman janrına
müraciət etməklə, onlar ictimai həyatda baş verən
dəyişiklikləri diqqət mərkəzinə çəkə
bilmişdilər. Qaraçay müəlliflərinin həmin dövrki
bədii axtarışlarında insanın daxili
aləminin ətraflı şəkildə təsvir
olunmasına cəhd, həm də həmin dövrə qədər
yazıçı baxışlarında təsvir obyektinə
düşmədiyindən fərqli rakurslardan
işıqlandırılmış və Qaraçay
nəsri yeni emosional
məzmunla doldurulmuş, zənginləşdirilmişdir.
Subyektiv başlanğıcla müşayiət
olunan bu proses əsl bitkin xarakterlərin
yaradılmasına kömək etməklə həyatda mövcud tipləri təsvir mərkəzinə
çəkə bilmişdir. Qaraçay nasirlərinin roman
qəhrəmanları insan
ağrılarını, onun mənəvi
tələblərini, ona olan
inamı daha güclü
şəkildə ifadə etmişdir. Sənətkarlar
bu dövrdə öz
qəhrəmanlarının daha çox mənəvi problemlərini həll
etməyə, onları müxtəlif tipli
həyat situasiyalarına salmaqla
sınaqdan keçirmiş, parlaq milli xarakterlər yaratmağa səy göstərmişlər.
Ədalət.-2018.-26
aprel.-S.6.