A. Çexovun hekayələrindəki "biz"

 

Pərvanə Bayramqızı

 

Biz hər yerdə varıq - Cəlil Məmmədquluzadə, M.Ə. Sabir, Ə.Haqverdiyev və başqalarının yazdıqlarında nə qədər istəsək azərbaycanlı tipi mövcuddur. Deyəsən, az oldu, elə isə birini də əlavə edim. Onda yaxın gəlin, dərdləşək.

A. Çexovun da neçə illər bundan əvvəl yazdığı hekayələrində azərbaycanlı tipi olduğuna diqqət yetirmisinizmi? Bəlkə də, bilirsiniz mən yazmağa gecikmişəm. Elədirsə də, eybi yox, mövzunu başlamışam gərək sona yetirim. Onun "Yaylaqçılar" hekayəsini oxuyanda ürəyinizdən nə keçib?

"Təzəcə evlənmiş ər-arvad". Güman edirəm ki, elə bu cümlədəncə bizdə yenicə evlənənlərin yaşamağa başladığı günlərin necə ağır olduğunu yadınıza salmısınız. Başqalarının müdaxiləsi, öyüd-nəsihətlərilə və digər sıxıntılarla başlayan evliliyin ilk günlərini ürəkağrısı ilə xatırlamağınızdan da əminəm. Bizlərdə yenicə evlənənlərə sərbəstlik verilmədiyini, hər kəsin onlardan özünə xoş gələ biləcək rəftar gözlədiyini hamınız bilirsiniz. Bilirsiniz ki, qayınatanın tələbləri, qayınananın "əmrləri" gəncləri məngənə kimi sıxır. Ən gülüncü də gəlinin qayınataya, qayınanaya necə müraciət edəcəyini gözləməkdir. Əgər bu mərhələdə gəlin "büdrəsə" bu səhvi ömrü boyu üzünə vurulacaq. Yeni evdə gəlini övlad kimi qəbul etməyənlər özlərinin valideyn hesab edilməsini tələb edirlər. Bir yandan da baldız və qayın öz növbəsində qardaşın "ağzının kəsərini" yoxlamaq məqsədilə müşahidələr aparırlar. Bizlərdə yenicə ailə qurmuşların ilk günləri bu cür başlayır. Doğrudur, A. Çexovun hekayəsindəki gənc ər-arvad bu cür mərhələdən keçmir, amma bir gün eynən bizdəki kimi "başlarının üstünü qara buludlar alır". Onlar evlərində olan azuqələrini iştahla, sevinə-sevinə bölüşdükləri bir vaxtda dayısıgil onlara qonaq gəlirlər. Qatarın qabağına çıxıb onları qarşılayan ər-arvadın ovqatı təlx olur. Bu məqam hekayədə bu cür təsvir olunub: "Saşa təsəvvürünə gətirdi ki, budu ər-arvad üç otaqlarını, balışlarını, odeyallarını qonaqlara verirlər. Balıq, sardinaovduq bir andaca yeyilib qurtarır, dayı uşaqları gül-çiçəyi qırırlar, mürəkkəbi tökürlər, çığır-bağır salırlar, xala bütün xəstəliyindən və əslən baronessa fon Fintix nəslindən olmasından danışır ..."

Bu vəziyyət bizdə xüsusilə, orta və yaşlı nəslin nümayəndələrinə tanışdır. Onlar belə günlərdən çox əziyyət çəkiblər. Sovet dönəmində birinin şəhərdə qohumu yaşayanda bütün rayondakı qohum-əqrəbası onun evinə axışardı. Təhsil almağa, işləməyə və kənd məhsullarını satmağa gələnlərin əlindən ailə rahatlıq nə olduğunu bilməzdi. Biri yenicə evlənib şəhərə köçürdüsə nəsil də onlarla bərabər gəlirdi. Dəhşətlisi də bu idi ki, o gələn qonaqlar neçə illər yaşayıb ailənin gününü qara etməklərinə baxmayaraq üstəlik narazı gedirdilər. Elələri də olurdu ki, sonra özünə güzaran qurduqdan sonra əziyyət verdiyi ailəni heç yadına da salmırdı. Eyni hal şəhərdəkilərin kəndə istirahətə gəldiyi vaxtlarda da baş verirdi. Şəhərdən gələnlər evində qalıb əziyyət verdiyi ailəyə çox vaxt "kəndli" olduğu üçün yuxarıdan aşağı baxır, hər şeyinə ağız büzürdü. Amma xaricə istirahətə getməyə maddi imkanı olmadığından o kəndliyə möhtac olduğunu heç cür dilinə gətirmirdi. Qəribə bir hal da mövcuddur. (hər dövrdə) Birinin evinə qonaq gedən uşaqlar nədənsə evlərində sındırmağa icazə verilməyən bütün əşyaları gedənəcən sındırıb qurtarmağa çalışırlar. Bundan da qəribə olan bununçün ananın övladına təpinməməsidir. Üstəlik ev sahibi etiraz edəndə də inciyir, xətrinə dəyir. Düşünür ki, o qonaqdısa hər şey etməli, ev sahibi isə susmalıdır. Qonaqlarda bu bir ənənədir. Ermənilərə də Vətənimizdə bir az torpaq ayırdıq ki, yazıqdırlar yerləşsinlər, sonra gəlib hər şeyimizə sahib çıxmağa çalışdılar. Qonaqları özümüz pis öyrədirik. Əcəb edirlər bizə, ev tikəndə birinci qonaq otağını hazırlayır, ən yaxşı əşyaları oraya yerləşdiririk. Qonaq da axırda belə edir. Qayıdaq əsas məsələyə. Beləliklə də gənc ailənin sakit günləri yoxa çıxdı. Elə bizimkilər də yenicə evlənənlərin bal ayına həmişə zəhər qatırlar.

Keçək digər hekayələrə. "Məmurun ölümü" və "Qlaflı adam"ın da bizdə yaxşı yeri var. Birinci hekayədəki məmur kimi də yüzlərlə məmurlarımız var. İkinci hekayədəki

" Etiraf edirəm ki, Belikov kimi adamları dəfn etmək böyük həzz verir. Qəbirstandan qayıdanda bizim sakit və təvəzökar görkəmimiz vardı, heç kəs bu həzzi aşkara çıxarmaq istəmirdi - bu həzz çox əvvəllər, hələ uşaq çağlarımızda hiss etdiyimiz həzzi andırırdı, ailənin yaşlı adamları evdən çıxıb gedirdibiz bir-iki saat tam azadlıqdan zövq alaraq, bağda o yana, bu yana qaçışır, azad nəfəs alirdiq, ah azadlıq, azadlıq! Hətta azadlığa dair kiçik bir işarə, zəif bir ümid adama qol-qanad verir, elə deyilmi? " cümlələri də mənə nəvələrini ölən günəcən sınmasın deyə televizoru işlətməyə qoymayan bir babanı xatırlatdı (Hələ bundan betərləri də var).

Adamların ölməyinə sevinməyim anlamına gəlməsin, yazıçı haqlıdır. Ölümlə razılaşa bilməməyimə baxmayaraq bu cür yorucu insanların uzağa getməyini arzuladığı üçün ədiblə həmfikirəm. (Əminəm ki, sizbu cür düşünürsünüz. Çexovdan da ağıllı deyilik ki) Belələrinin uzağa getməsi heçpis olmaz.

İndisə A. Çexovun ən çox sevdiyim hekayəsindən söhbət açmaq vaxtı yetişdi. " 6 № palata" Bu hekayə öz gerçəkləri ilə adamı valeh edir, düşündürür. "Ən çox sevdiyin əsər hansıdır?" deyə soruşan olanda sevə-sevə C. Londonun " Martin İden", " Həyat eşqi", " İnsan öldürmək" və Çexovun adı gedən hekayəsini söyləyirəm.

"6№ Palata" sanki hekayə yox, içində olduğumuz tanış mühitdir. İnsanvaxt ruhi sarsıntı keçirir? Təbii ki, ətrafında heçyolunda getməyəndə, onun gördüklərini heç kəs görməyəndə. Adamı elə adamlar dəli edir. Onlar hətta namuslu olduğu üçün təəssüflənməyə də adamı məcbur edirlər.

"Andrey Yefimıç ağıl və namusu son dərəcə sevirdi, lakin öz ətrafında ağıllı və namuslu bir həyat qurmağa kirdarı yox idiöz hüququna inanmırdı. Əmr etməyi, qadağan etməyi və israr etməyi qətiyyən bacarmırdı." Bu cümlələri oxuyanda -"Aman Allah! Bu ki mənəm!" -deyə az qala fəryad qopardım. Bilirəm, siz də belə dediniz. Üzüyumşaqlıq ucbatından, hegemonluq eşqinin olmamağından əziyyətə qatlaşan insanlar çoxdur. Onlar qürurunu qoruduğundan bu gen dünyanın bir küncünə sığınıb yaşayırlar. Bəzən "zamanın nəbzini tuta bilmədikləri üçün" özlərini danlayırlar. Amiranə səslə tələbkarlıq etmədiklərindən onları arxa plana atırlar. Axırda da yazıqlar "Axı bunlara nə lazımdır?" deyə təəccübdən dəli olurlar.

"Andrey Yefimıç aldatdıqda, ya ona yaltaqlıq etdikdə, yaxud da açıq-aşkar saxta bir pul sənədini ona imzalatmağa verdikdə, pul kimi qızarır, özünü taqsırlı bir adam kimi hiss edirdi, amma bununla belə yenə də sənədi imzalayırdı..." Bu faciədir! Cəmiyyətin faciəsi! Oğurluğa nifrət edirsən, amma səni oğurlamağa məcbur edirlər. Sənsə acizsən, çarəsizsən. Çünki təksən. Bilirsən ki, onsuz da sonda sən yox, məcbur edənlər haqlı çıxacaqlar. Oğurlasan da, oğurlamasan da günahkar olacaqsan. Odur ki, boyun əyirsən. Dəli olmaq üçün bundan böyük hansı səbəbin ola bilər? Vicdansız olsaydın bunlar vecinə gəlməzdi. Amma o səni rahat buraxmır. Özünə nifrət edirsən. Qana-qana yaşamaq çətindir, hansı dövr olur olsun. Qanmazlığı xoşbəxtlik saymağa başladığın zaman artıq hiss edirsən ki, ... daha özündən xəbərsiz yaşayırsan. Bundan sonra nə etsən onu danışacaq, nə desən ona güləcəklər.

"Hə mən xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzindən bir günahkar kimi burada qalmalıyıq? Nə üçün siz feldşer, nəzarətçi və sizin kimi bütün xəstəxana rəzilləri əxlaqca bizdən qat-qat aşağı olduğunuz halda, özünüz burada yatmayıb bizi yatırdırsınız?" Bu sözləri də hekayədə başqa bir obraz - İvan Dimitriç deyir. Haqsız deyil. Bizbu fikirdəyik. Belə bir cəmiyyətdə dəli olmamaqdan başqa nə edək? Nə təklif etsək də qəbul edilməyəcək. Axı onlar - dəli edənlər daha çoxdur. Öz ölkəsində çox-çox illər bundan qabaq bu hekayəni yazan Çexov nə biləydi ki, hekayədəki hər bir fikir neçə illər sonra Azərbaycanda hələ də aktual olacaq. O öz millətini düşünüb yazmışdı. Bizi də düşünənlərimiz, ələk-fələk olanlarımız çox olub. Onlar da gördükləri nöqsanlardan yazıblar. Yazıblar ki, fayda versin. İndi "O dövrdən xeyli vaxt keçib, heç nə dəyişməyib" desək mübahisə doğuracaq fikirlər səsləndirən olacaq. Belə məqamlarda sürətlə inkişaf edən texnologiyanı təsəlli yerimiz kimi göstəririk. Bu həqiqətin bir gözü, "Poçt qutusu"nun Novruzəlisinin dəyişməməsi də o biri gözüdür. Bu gününelektron poçtu varonun varlığından xəbərsiz şəkildə nə qədər adam yaşayır. Demək istəyirəm ki, klassiklərlə işimiz olmamalıdır, onlar haqlıdırlar. Nə yazıblarsa düz yazıblar.

(Palatada təkcə Moyseyko adlı yəhudiyə xəstəxana həyətindən küçəyə çıxmağa icazə verilməsi də maraqlı epizoddur. Deməli, yəhudinin dəlisinin də vəziyyəti yaxşı olur. (Mümkün olsaydı burda üçcə dənə ağzını geniş açan smaylik qoyardım). (Bu cümlələri əlim dinc durmadığından yazdım.)

Yazını bu cür pessimist düşüncələrlə bitirmək istəmirəm. İnanmaq istəyirəm ki, növbəti əsrlərdə cəmiyyətdə satirik, tənqidi əsərlərdəki hadisələrə bənzəyən heç bir hal baş verməyəcək.

O zaman klassiklərin ruhu şad olacaq. Ədalətli cəmiyyətin qurulmasını bütün ölkələrin klassikləri arzulayıb. Çexov da bunu Andrey Yefimıçın dilindən söyləyir.

"...səbir eləyin bir vaxt gələcək ki, həbsxana dəlixanalar olmayacaq, o zaman pəncərələrdə barmaqlıq olacaq, dəlilərə geyindirilən xalatlar. Əlbəttə belə bir zaman gec-tez gəlib çatacaq".

Mən də bu arzuya qoşularam.

 

Ədalət.-2018.-26 aprel.-S.5.