GÜLRUX ƏLİBƏYLİ YARADICILIĞINDA TARİXİ ƏDƏBİ PORTRETLƏR

 

Salidə Şərifova

filologiya üzrə elmlər doktoru

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu

 

(əvvəli ötən saylarımızda)

 

Gülrux Əlibəyli musiqini xalqın arzu və düşüncələrini, onun dünyagörüşünü, həyat tərzini və məişətini, əmək prosesini, adət və ənənələrini, mərasimlərini əks etdirən mahnını xalqın arzu və istəkləri ilə yaranmasını, söz və musiqinin birləşməsi əsasında formalaşmasını nəzərə alsaq "ən xəlqi, ən humanist janr" kimi dəyərləndirməsində haqlıdır. G Əlibəylinin "ən demokratik janr" kimi təqdim etdiyi mahnı insanların hiss və duyğularının ifadəsi olaraq yaranmış, şifahi surətdə, yaddaş vasitəsilə təkmilləşərək nəsildən-nəslə keçmiş, dəyişikliklərə uğrayaraq müxtəlif variantlarda dövrümüzə gəlib çıxmışdır.

G. Əlibəyli özünün məmuniyyətlə müraciət etdiyi esse janrına ədəbiyyatşünas alim kimi münasibəti də diqqəti cəlb edir. Onun "Yaşar Qarayev" adlı ədəbi portretində esse janrının xüsusiyyətlərinə toxunur və qeyd edir ki, "bəllidir ki, esse janrı elmin, bədii sözün, tənqidi baxışın və fəlsəfi təfəkkürün orqanik sintezidir. Esse düşünən və düşündürən janrdır. Esse - həyatla incəsənəti fəlsəfənin vasitəsilə tutuşdurur və yüksək məcazlarla, çoxmənalı ümumiləşdirmələrlə oxucuya yüksək intellektual formada çatdırır". Ümumiyyətlə, tənqid və ədəbiyyatşünaslığın müəyyən bir problemini sərbəst surətdə izah etməsi ilə fərqlənən esse kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrıdır. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifadə edilir. Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi təhlil və izah edərkən ifadə tərzinin sistemli, gəldiyi nəticələrin əsası hamı üçün eyni dərəcədə məqbul olmasını diqqətə almır. Bu baxımdan, G. Əlibəyli məhz Y. Qarayevin esselərini "müstəqil düşüncələrin, keçirdiyi həyəcan və hisslərinin təmərküzləşmiş emosional və intellektual forması" kimi təqdim edir.

Gülrux Əlibəyli ədəbiyyatşünaslıqda "çoxcəhətli və hüdudsuz" kimi təqdim etdiyi "bədiilik" anlayışı haqda irəli sürdüyü mülahizələri diqqəti cəlb edir. Dinamik proses kimi qəbul etdiyi bədiiliyi mükəmməllik, harmoniya, sənət əsərinin tamlığı, vahidliyi kimi qəbul edən G. Əlibəyli qeyd edir ki, "bədiilik oxucunu laqeydlikdən çıxardıb müəllifin həmsöhbəti, həmfikiri edən qapalı qüvvədir. Hər bir bədii əsər bədiiliyin çərçivəsini genişləndirir, elə bil onu yenidən açır". G. Əlibəyli bədiiliyi araşdırmaq üçün üç vacib tərkibi tədqiq etməyi qeyd etmişdir: 1. Sənətkarın şəxsiyyəti, 2. Yaradıcılıq prosesi - bədii əsər. 3. Qavrayış prosesi. Gülrux Əlibəyli əsərin bədii ideyasına biganə qalmamış, bu problemə də münasibətini bildirmişdir. Bədii ideyanın "yazıçının həyat təcrübəsindən" qidalandığını, "müəllifin varlığının dərinliyində, şüuraltı" yarandığına toxunur. Əsərin ideyası təsvir etdiyi hadisə haqqında qənaəti və təlqin etdiyi fikri təbliğ edir. G. Əlibəylinin ideyanın inkişaf edərək obrazlar sisteminə çevrildiyini qeyd etmişdir. Belə ki, ideyada müəllifin seçilmiş mövzu, təsvir edilən surət və hadisələr vasitəsilə oxucuya çatdırmaq istədiyi, təbliğ və təlqin etdiyi başlıca fikir, müəllif niyyəti əsas faktdır.

Gülrux Əlibəyli Azərbaycan ədəbiyyatında sərbəst şeir formasına toxunmuş, ona münasibətini bildirmişdir. "Poeziya. "Rənglər"" başlıqlı yazısında Rəsul Rzanın "Rənglər" əsərini təhlil obyektinə çevirməklə, şairin "yalnız fərdi vəzndə deyil - metodda, şeirə yanaşmada, üsulda sərbəst" olmasını qeyd edir, şeirlərinin isə "konkret bir poetik sistemin qanunlarına tabe olmamasına" toxunur. Gülrux Əlibəyli "sərbəst şeir ən müxtəlif ritmik əsaslara malik olur. Müxtəlif vəznlərdə yaranır" fikri isə bir qədər mübahisə doğurur. Belə ki, sərbəst şeir və ya səpkili şeir standart vəzn, bölgü, qafiyə, bənd və s. tələblərdən müəyyən qədər kənara çıxır, bu baxımdan Gülrux Əlibəylinin qeyd etdiyi kimi müxtəlif vəznlərdə yaranmaq iqtidarında deyil. Sərbəst şeirdə digər şeir vəznlərində tələb olunan texniki şərtlərə tam şəkildə riayət edilmir. Misraların ölçüsü, hecaların sayı və qafiyələrin düzülüşündə sərbəstlik olur, ahəng tarazlığı vurğu və intonasiya ilə düzəlir, yəni sərbəst şeirdə ahəngdarlıq gözlənilir. Şərbəst şeirdə şeirin ölçü, bölgü, qafiyə sistemindən istifadə sərbəst şəkildədir, sözlər misralara ahəngdar şəkildə səpələnir. Bununla bağlı qafiyə, ölçü, bölgü, misraların həcmi, hecaların misralardakı sayı, ahəngi tamamilə formal səciyyə daşıması ilə diqqəti cəlb edir. Şeirdə qafiyə ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da gəlir, bəzən isə dalbadal da işlənir. Şeirdəki bənddəki misraların və hecaların sayı da müxtəlifdir. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralardan, misradaxili fasilələrdən və hecalardan istifadə etmişdir. Şeirdə hisslərin tərənnümü, poetik fikrin emosional təsviri qabarıq şəkildə özünü göstərmişdir. Ədəbiyyatşünaslıqda sərbəst şeiri üç qrupa yarılması da mövcuddur:

 

I. Vəznli - qafiyəli sərbəst şeir;

II. Vəznsiz-qafiyəli sərbəst şeir;

III. Vəznsiz-qafiyəsiz sərbəst şeir.

 

(H. İlaydı)

 

Ancaq Gülrux Əlibəylinin Azərbaycan ədəbiyyatı tarixində sərbəst şeir formasının inkişafına təkan vermiş, sərbəst şeirin formalaşmasında ardıcıl axtarışlar aparmış, əsərlərinin çox hissəsini bu şeir vəznində qələmə almış Rəsul Rza olmasını, onun yaradıcılığında bu formanı tədqiq etməsi təqdirəlayiqdir. Gülrux Əlibəyli şairin sərbəst şeir formasında yazmasını ədibin yaradıcılığını tam ifadə edən forma olmasına da toxunur:

"Rəsul Rza ştampdan, dəmir qəlibdən azad olan bədii təfəkkürün əksi üçün yeni sərbəst forma axtarıb tapır. Müəllifin fikrini, hiss və düşüncələrini, dünyagörüşünü bütövlüklə ifadə etməyə imkan yaradan forma kəşf edir".

 

Orta əsr Azərbaycan yazarlarının əbədi portretləri

 

Gülrux Əlibəylinin Nizami və Nəsimi ədəbi portretləri xüsusi diqqət cəlb edir. G. Əlibəyli Nizami Gəncəvi haqqında mülahizələrini "Düşündürən təfəkkür" başlıqlı yazısında irəli sürmüş, Nizami fenomeninin "alicənab şəxsiyyət və qaynar təfəkkür" kimi iki tərkib hissəsindən formalaşmasını qeyd etmişdir. Nizaminin "Xəmsə"sini həyat simfoniyası adlandırmış, "gözəllik, ülvilik, faciəvilik və komiklik kateqoriyalarının mahiyyətini hərtərəfli və dərindən açmaq üçün "Xəmsə"nin obrazlar sistemini təhlili" isə ona kifayət etməsi vurğulanmışdır. "Estetika elmi baxımından "Xəmsə"ni estetik ensiklopediya hesab" edən Gülrux Əlibəyli estetik kateqoriyalar içərisində ən ali və dolğun, insanların ülvi hadisə və faktları qavrayan hissləriylə bağlı olan gözəlliyin hamı tərəfindən eyni cür qəbul edilməməsini, yəni bəzi insanlar üçün gözəlliyin əllə toxunula biləcək var-dövlət, maddi nemət və pul olduğunu, bəzi insanlar üçün isə harmoniyaya intuitiv şəkildə meyl göstərməsini qeyd etmişdir. Gözəlliyi reallığın ən saf, təmənnasız əksi kimi təqdim etmiş G. Əlibəyli "forma və məzmunun harmoniyası" hesab etdiyi gözəllik hissinin ucalığını cəmiyyətdə formalaşmış ənənə və tərbiyədən, həmçinin şəxsi istəklərdən asılı olduğunu açıqlamağa nail olmuşdur: "gözəllik hissinin ucalığı həm milli ənənədən, həm də şəxsi istək və anlamdan asılıdır".

Faciəvilik kateqoriyasına münasibət bildirən Gülrux Əlibəyli buna müxtəlif aspektdən yanaşmışdır. Həyatın özünü əsl faciə hesab etmiş G. Əlibəyli insan təfəkkürünün yüksək olmasını, həmçinin kamilliyi də faciə kimi təqdim etmişdir: "Və onun (insanın - S.Ş.) ağlı, təfəkkürü nə qədər yüksəkdirsə, intellektual cəhətdən nə qədər kamildirsə, o, bir o qədər faciəvidir".

Gülrux Əlibəyli qələmə aldığı "İsa Hüseynov" ədəbi portretində Azərbaycan söz sənətinin xiridarlarından olan İmaməddin Nəsimiyə ədəbiyyatşünas alim kimi münasibətini bildirməyə nail olmuş, yaradıcılığına qiymət verməyi bacarmışdır.

İsa Hüseynovun "Nəsimiyə ehtiraslı məhəbbətlə aşılanmış" "Məhşər" romanına münasibət bildirərkən G. Əlibəyli romanın hürufizmə həsr olunmasını, qəhrəmanlarından biri isə "fəlsəfi poeziyamızın banisi" hesab etdiyi Nəsimi olmasına toxunur. G. Əlibəyli "fitrətən ilahi bir istedada" malik olan Nəsiminin məhz "tariximizin ən qaranlıq, ən mürəkkəb dövründə əzilən, təhqir olunan insan uğrunda mübarizəyə" başlamasına toxunmuşdur.

G. Əlibəyli "Həsən Seyidbəyli" ədəbi portretində Nəsiminin Dante, Nizami, Şekspir kimi dahilərlə bir sırada dayanmasına toxunur, şairi "Orta əsrlər Azərbaycan intibah dövrünün nəhəng fiqurası" kimi dəyərləndirərək qeyd edir ki, "Nəsiminin həyatı, əməli, idealı - əvvəldən axıra fəlsəfədir".

Sonda qeyd etmək olar ki, Gülrux Əlibəylinin qələmə almış olduğu ədəbi portretlərin hər biri ayrılıqda tədqiq etdiyi şairin, yazıçının, alimin, sənətkarın və digər ədiblər haqqında xatirələri əsasında, həyatdan köçmüş şəxsiyyətlərin şəxsi tanışlığı və xatirələri əsasında yaradılmış sənədli-bioqrafik ədəbi obrazlar kimi də maraq kəsb edirlər. Gülrux Əlibəylinin qələmə almış olduğu ədəbi portretlər memuar - avtobioqrafik ədəbiyyatın ayrılmaz tərkib hissəsi kimi özünü göstərir.

 

 

Ədalət  2018.- 27 aprel.- S.7.