SÖZ - ATA TƏSƏLLİSİ KİMİ

 

"Dünya, səndən incimişəm!" kitabının müəllifinə     

 

Xeyli vaxtdı tanıyıram Səttar Pənah Türkeli. Qəzetimizin çox diqqətli həssas oxucularındandı. Demək olar ki, "Ədalət"in hər sayını gözdən keçirir ara-sıra telefonla arayıb münasibətini bildirir. Hətta hansısa bir nömrəmiz onun ünvanına gec çatanda ondan da narahat olduğunu gizlətmir. Bütün bunlar təbii ki, Səttar müəllimin Sözə sayğısından, Sözə sevgisindən qaynaqlanır. Üstəlik, o, pedaqoji fəaliyyətlə məşğul olduğundan mətbuatın demək olduğunu, nəyi ifadə etdiyini özü üçün çoxdan müəyyənləşdirib. Bütün bunları yazıma giriş kimi təqdim etməkdə məqsədim Səttar müəllimin ümumi cizgilərini sizlərə çatdırmaqdı.

Bax, bu çalarlarla yanaşı, Səttar müəllim özü sözlə nəfəs alır, qələm-kağızla baş-başa qalmağı gündəlik işinə çevirir. Burda bir nüansı xüsusi olaraq vurğulamalıyam. Yəni ürək parasının güvənci olan oğul övladını 33 yaşında itirməsi ona elə bir zərbə olub ki, o zərbədə ancaq söz, qələm sayəsində ovunmaq, təsəlli tapmaq imkanı qazanıbdı. Ətrafında baş verən bütün hadisələrə oğlunun, bu nakam övladın gözləriylə baxan, onun istəkləriylə qiymət verən yaralı ata yazdığı bütün yazılarında dünyasının sızıltılarını şeirləşdirməyə çalışıb. Məsələn:

 

İki min on altı yeddi iyulda

Tanrı bizi dərdə saldı apardı.

Əziz balamızı, Raminimizi

Bizim əlimizdən aldı apardı.

Axıtdıq göz yaşı fəryad elədik

Ah-nalə qoparıb nələr söylədik.

edə bilərdik, axı, neylədik?

Hamı bu işə mat qaldı, apardı.

 

Cəmi otuz üç il ömür sürdü o

Bu az yaşda axı, gün gördü o?

Özünü çox üzdü, yaman yordu o,

Fələk onu ley tək çaldı apardı.

 

Bu şeiri oxuyanda istər-istəməz insanın içindən kədərli bir duyğu gəlib keçir. O duyğu Səttar müəllimin sızıltısına, göynərtisinə sadəcə şeh kimi ələnib. Onu sağaltmaq, onu ata qəlbindən silmək təbii ki, mümkün deyil. Amma o çilənən şeh sadəcə ağrının sərpini alır. Ataya, anaya bir az yaşamaq, bir az da o dərdi özüylə daşımaq imkanı yaradır. Ona görə bu kitabdakı şeirlərin demək olar ki, hamısı oğul nisgilinin ifadəsi kimi insanı haldan-hala salır. Məsələn:

 

biləydim zalım əcəl gələcək

biləydim fələk mənə güləcək.

biləydim əziz balam öləcək

Bağışla ay oğul, bağışla məni,

Ölümdən qurtara bilmədim səni!

 

yaxud:

 

Dünya sənə sözüm yoxdu

Zalım dünya, zalım dünya!

Dərd əlindən pərişandı,

Halım dünya, halım dünya!

 

Əlimdən oğlumu aldın

Məni qara günə saldın.

Özündən razımı qaldın,

Ay zəhərim, balım dünya.

 

Bütün bu şeir nümunələrindən bir daha aydın olur ki, ürəyi yaralı bir ata sözünün , ovqatının da, hətta yuxusunun da qəhrəmanı kimi təkcə ciyərparasını görür. həmin o ciyərparası ilə yanaşı, onun dünyasında bir ana itkisi öz yerini əbədi qoruyub saxlayır. Çünki Səttar müəllim övlad itkisinə göynədiyi kimi, ana yoxluğuyla da barışmır. Onun bu dünyada yeganə təsəllisi iki nəvəsidi. Bu nəvələr babanı yaşamağa, hətta onları ürəyincə böyütməyə, ayaqda saxlamağa ən böyük dəstəkdilər. Mən bir oxucu olaraq "Dünya, səndən incimişəm!" kitabının müəllifi, hörmətli Səttar müəllimə həmin o nəvələrin xoş günlərini görmək arzusuyla demək istəyirəm ki:

- Bu dünyada bütün dərdlər, kədərlər insan üçündür!

Sadəcə, onun dilin tapmaq, onunla özünü, həm dərdi ovutmağı öyrənmək buna çalışmaq lazımdı. Yaxşı ki, Səttar müəllim dərdin dillərindən biri olan SÖZün özündən istifadə etməyi yaxşı bacarır! Elə mən onun yeni kitabı barəsində fikirlərimi " yaxşı siz varsız..." şeiri ilə bitirirəm.

 

yaxşı siz varsız gül nəvələrim,

Qəlbimin sevinci Səttar, Ayişə.

Sizdən ilham alıb yaşayıram mən,

Sizlə fəxr edirəm hər an, həmişə.

 

Oğul itkisinə dözə bilmirəm,

Onun qoxusunu sizdən alıram.

Həyatın dözülməz ağrılarına,

Göz yaşı axıdıb hey ağlayıram.

 

Niyə bu müsibət gəldi başıma,

Bədbəxtlik qəfildən gəldi haradan?

günah etmişdim, neyləmişdim mən,

Mənə cəza verdi məni yaradan?

 

Sizə qurban olum, ay nəvələrim,

Oğlumun əvəzsiz yadigarları!

Bir gün köçüb getsəm gözəl dünyadan,

Hərdən xatırlayın, anın Səttarı!

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2018.- 27 aprel.- S.8.