Xanəgah

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

Azərbaycan tarixinin önəmli səhifələrini vərəqlədikcə ölkənin bütün guşələri bir-bir göz önündən gəlib keçir. Bu səhifələr bir kitab halında bütöv Azərbaycan olduğu kimi səhifələrdə Azərbaycanın kəndlərinə, şəhərlərinə çevrilir. Bax bu mənada istər ölkənin Rusiya ilə, istər İranla, istər Gürcüstanla, istər Türkiyə ilə həmsərhəd bölgələrinin hər birinin həm tarixilik, həm coğrafilik baxımından önəmi çox fərqlidi.

Yəni Quba-Qusar bölgəsindəki tarixi abidələrimizlə Lənkəran-Naxçıvan bölgəsindəki abidələrin tarixilik baxımdan yaxınlığı təbii olsa da, amma həm coğrafiyasına, həm arxitekturtasına görə bunların arasında kifayət qədər fərqlər var. Bunu da həm tarixçilər, arxeoloqlar, həm digər araşdırmaçılar öyrəniblər, yazıblar. Elə bu gün öyrənib yazırlar da.

Təbii ki, biz layihəmizə uyğun olaraq ölkənin müxtəlif istiqamətlərinə üz tuturuq.

Bugünkü mövzumuz da Naxçıvanın qədim abidələrindən olan Əlincəqala barəsindədi. Həmin qala ilə bağlı müxtəlif araşdırmalar aparılıb, elmi məqalələr yazılıb, eləcə mətbuatda diqqət çəkən fikirlər səsləndirilib. Biz mövzu ilə bağlı bilgiləri gözdən keçirərkən diqqətimizi Əlincəqala barəsində ardıcıl elmi məqalələrlə çıxış edən tarixçi-alim Fəxrəddin Səfərlinin məqalələri çəkdi. Xatırladaq ki, Fəxrəddin Səfərli Naxçıvandakı abidələrimizlə bağlı çoxlu sayda maraqlı araşdırmaların müəllifidir.

Əlincəqalıa ilə bağlı Fəxrəddin Səfərli bildirir ki, Əlincəqala Culfa şəhərindən 37 kilometr şimalda yerləşir. Əlincəçayın sahilində, məşhur Əlincəqalanın şərq tərəfində qərar tutan Xanəgah kəndi maddi-mədəniyyət nümunələri ilə çox zəngindir. Adını orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən sufi məskəni kimi tanınan xanəgahdan götürərək, bu səbəbdən qaynaqlarda "Xanəgah" kimi xatırlanan bu kəndin ərazisində orta əsrlər dövrünə aid bir neçə qəbiristanlıq, memarlıq abidələri, çoxlu epiqrafik sənədlər - müsəlman kitabələri vardır. Bu abidələr arasında Əlincəçayın sol sahilində, kənddən, təxminən, 1 kilometr aralı, şimal-şərq tərəfdə yerləşən Xanəgah kompleksi xüsusi yer tutur.

Mühüm ticarət yollarının keçdiyi Culfa ərazisində, Əlincəçay sahilində inşa edilən xanəgah uzun müddət fəaliyyət göstərmişdir.

Orta əsrlər dövründə əhalinin müxtəlif təbəqələri arasında böyük təsirə malik olan bu xanəgah Naxçıvandakı digər xanəgahlar kimi böyük şöhrət qazanmış, Şərq ölkələrində mövcud olan iri xanəgahlarla bir sırada durmuşdur. Azərbaycanda sufizm bayrağı altında xarici işğalçılara qarşı baş vermiş xalq hərəkatlarının tarixinə nəzər saldıqda aydın olur ki, bu xanəgah xarici müdaxiləçilərə, o cümlədən monqol işğalçıları Teymurilərə qarşı mübarizələrdə mühüm rol oynamışdır.

Hazırda yerli əhali tərəfindən hörmətlə ziyarət edilən Xanəgah kompleksi son yüzillikdə baxımsız qaldığından bir sıra binalar məhv olmuş, bəzi tikililər yarımuçuq vəziyyətə düşmüşdür.

Aparılan bərpa işləri isə keyfiyyətsiz yerinə yetirildiyindən xanəgah son illərdə yenidən əsaslı şəkildə bərpa edilmişdir. Kompleksdən zəmanəmizədək ancaq türbə, məscid bəzi tikililərin qalıqları gəlib çatmışdır. Burada vaxtı ilə çoxlu kitabələr olmuş, ancaq zaman keçdikcə onların müəyyən hissəsi məhv olmuş, bu günədək bir neçəsi gəlib çatmışdır. Burada qeydə alınan ən qədim kitabə kompleksin əsasını təşkil edən türbənin cənub tərəfdən olan giriş qapısının baş tərəflərində qoyulan kitabədir. Səkkiz sətirdə nəsx xətti ilə ərəb dilində həkk edilən kitabənin mətninin tərcüməsi belədir: "Bu müqəddəs, mübarək türbənin tikilməsinə öz xüsusi malı hesabına əmir, isfəhsalar (baş komandan), hörmətli, qüdrətli, böyük alim, adil, dinin dövlətin xoşbəxtliyi, İslam müsəlmanların gözəlliyi, hökmdarların sultanların qılıncı, hər iki müqəddəs yerin (Məkkə Mədinə şəhərləri) şöhrəti, Həccə gedən zəvvarın iki müqəddəs, mübarək məkanın dayağı Uluğ Qutluğ Lələ bəy - Allah onun kölgəsini əsirgəməsin - əmr etdi. Bu imarətin memarı hörmətli alicənab Xacə Cəmaləddindir..."

Kitabənin axırıncı sətri tamamilə ovulub töküldüyü üçün, tarixlər isə, adətən, mətnin sonunda yazıldığından onun tarixini dəqiq müəyyən etmək mümkün deyildir.

Bəzi tədqiqatçılar türbəni memarlıq üslubuna - konstruktiv formasına əsasən, XII-XIII əsrlərə aid edirlər. Kitabədə türbəni tikdirən şəxsin adına əlavə edilən titullar göstərir ki, o, yüksək vəzifə sahibi (baş komandan) böyük alim olmuşdur. Lakin türbənin kimin şərəfinə inşa edildiyi kitabədə qeyd olunmamışdır. Bu cəhət elm aləminə qaranlıq olduğu kimi, onun haqqında konkret fikir yürütmək mümkün deyildir.

Türbənin içərisində, cənub divarında, giriş qapısının sağ sol tərəflərində 2 ədəd mehrab vardır. Sütun, tağ, haşiyə sair memarlıq ünsürləri ilə zəngin olan mehrabların üstü "Quran" ayələri, dini xarakterli kəlamlar ornamentlərlə gözəl bəzədilmişdir. Türbənin içərisində bir qəbir vardır. Üstündə mənsubiyyətini bildirən kitabə olmadığı üçün qəbir haqqında sanballı elmi fikir söyləmək mümkün deyildir.

Qəbirdə kimin dəfn edilməsi haqda əlimizdə dəyərli elmi-tarixi fakt olmasa da, yerli əhali arasında belə bir fikir vardır ki, həmin qəbirdə XIV əsrdən etibarən Azərbaycanda geniş yayılmış hürufilik təliminin banisi Fəzlullah Nəimi dəfn edilmişdir.

Bir sıra orta əsr müəllifləri müasir tədqiqatçılar F.Nəiminin 1394-cü ildə Teymurun oğlu Miranşah tərəfindən Naxçıvanda ya Əlincədə qətlə yetirilməsini birmənalı şəkildə təsdiq edirlər.

Xanəgah yerli əhali arasında, sadəcə olaraq, "Şıx" ya bütövlükdə, "Şeyx Xorasan" adlanır. Abidəni 1930-cu ildə tədqiq edən M.Mirheydərzadə isə onun adını "Şeyx Mələk Xorasanı" kimi qeyd edir. Bəzi tədqiqatçılar bu sözün, əslində, "Şeyx Xurasa" ("Günəşə oxşar", "nurani Şeyx") olduğunu F.Nəiminin ləqəblərindən biri olduğu fikrini irəli sürürlər .

Fikrimizcə, "Şeyx Xorasan" sözünü F.Nəiminin anadan olduğu təhsil aldığı yerin adı ilə izah etmək olar.

 

(ardı növbəti sayımızda)

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2018.- 27 aprel.- S.7.