“Qara günlü” Xənəgah məscidi
Tarixi abidənin
təmirə ehtiyacı var
Tarixi abidələrin
qorunması, mühafizəsi və gələcək nəsillərə
çatdırılması yönündə davamlı işlər
aparılır. Aidiyyatı qurumların həyata keçirdiyi
işlər nəticəsində bir sıra tarixi abidə
"yenidən doğulub”. Bütün bunlara baxmayaraq nəzər
və diqqətdən kənar qalan tarixi abidələr də
var və bu abidələrin qısa zamanda təmir
olunmaması onların təmamilə məhv olmasına gətirib
çıxaracaq. Söhbət Quba rayon Xanəgah kənd məscidindən
gedir. Sözügedən məscidin tarixinə nəzər
salanda aydın görünür ki, vaxtilə nəinki Quba,
eyni zamanda Qubaətrafı rayon sakinlərinin iman gətirdiyi
Allahın evi indi bayquş və digər heyvanların
yuvasına çevrilib. Mətləbə keçməmişdən
öncə məscid barəsində qısa arayış verməyi
özümüzə borc bildik.
"Burda iki yazılı kitabə
var idi"
Mərhum
professor İlyas Babayev ildə mətbuata verdiyi müsahibələrinin
birində (2015-ci ildə )məscidlə bağlı xatirələrini
bölüşür: "Kəndimizin məscididir. Mən
uşaq olanda istifadə edilmirdi. Amma məscid salamat idi. Yerli əhali
tikib, inqilaba qədərki dövrdə tikilib. Bizim bu bölgədə,
hətta balaca kəndlərdə də məscid vardı.
Əlbəttə, cümə məscidi deyildi. Bu ətrafda
cümə məscidi Rustovda idi. Bəzi kitablar, hətta
yadımdadır ki, minbər də vardı. Sonra bir ara anbara
çevirmişdilər. 19-cu əsrdə tikilib. Arzu Kəlbi:
Camaat məscidə gəlib namaz qılırdı? İlyas
Babayev: Yox, bizim dövrümüzdə elə şeylərə
icazə vermirdilər. Amma məscid, onun başqa dəsgahları
var idi. Onlar mənim yadıma gəlir. İndi
dağılıb. Burda eyvanvari bir şey vardı. Məhəccərləri
var idi. Bizim bölgədəki məscidlərin
hamısında minarə mərkəzdən qalxır.
Görünür, bu, xristian məbədlərinin təsiridir.
(İçəri girir) Burada pilləkən var idi, yuxarı
qalxırdı. Pillələrlə lap yuxarıya kimi qalxmaq
olurdu. Ora dan azan verirlərmiş. Mən uşaq olanda, sovet
dövrü idi, elə şeylər artıq yox idi. Bəzən
bayramlarda adamlar gəlirdi. Sonradan ambara çevrildi,
mağazanın əşyalarını gətirib, bura
qoyurdular. Pis məscid deyildi. Burda iki yazılı kitabə var
idi. Biri o tərəfdə idi (əliylə göstərir),
pozulub, yaxşı oxunmur. Amma burdakı aydın oxunur, gözəl
və savadlı yazılıb: Ləiləhə illəllah.
Allahdan başqa Allah yoxdur. Muhəmmədun rəsulallah- Məhəmməd
Allahın rəsuludur. O tərəfdə ustanın adı
yazılıb, amma daşı üstünə dirədiklərindən,
yazı yadımda qalmayıb. Adətən ərəbcə
yazırlar – "əməl”, yaxud da farsca yazırlar –
"saht”. Yəni eləyib".
Müraciətlər cavabsız
qalıb
Kənd
sakini Xanəli Absəlimov da deyir ki, məscid XVIII əsrdə
tikilib və onun binası sovet dövründə anbar kimi istifadə
edilib. Onun sözlərinə görə, həmin vaxt məscidə
un, buğda məhsulları və s.
yığılırdı. Vaxtilə binada minbər olub. Mənim
yadımdadır ki, çoxlu kitablar, bəzi kağız sənədlər
də var idi. Onları kimsə daşıyıb, aparıb:
"Kənd camaatı bir neçə dəfə əllərindən
gələn qədər məscidi təmir etməyə
çalışdı. Amma bir müddət sonra o külək
və yağışa tab gətirə bilmədi. Artıq məscid
sıradan çıxıb və dağılıb. Məscid
tarixi abidə kimi qeydə alındığı
üçün kənd camaatının ona əl vurmağa səlahiyyəti
yoxdur. Abidənin ya təmir edilməsi, ya da yerində yeni məscidin
tikilməsi lazımdır. Kənd sakinləri dəfələrlə
aidiyyəti qurumlara yazılı və şifahi müraciət
ediblər. Amma heç bir tədbir görülməyib. Mədəniyyət
Nazirliyinə müraciət edilib. Əvvəl məscidin təmir
ediləcəyi deyilirdi, amma bu baş tutmadı”.
Ekspert
Faiq İsmayılov isə bildirib ki, Quba rayonunun Xanəgah kəndində
məscidin təbii proseslər səbəbindən tamamilə
uçulmaq təhlükəsi ilə
qarşılaşdığından, bu məscidin taleyi Xanəgah
kəndinin sakinlərini və respublika ziyalılarını
narahat etməyə başlayıb:
"Abidə,
10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən
qəbul edilmiş "Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” qanunu ilə mühafizə olunur. Abidənin
mühafizəsinin təşkilinə Azərbaycan Mədəniyyət
Nazirliyinin müvafiq qurumları və yerli icra hakimiyyəti
nümayəndələri məsuliyyət
daşıyırlar”.
F.İsmayılov
onu da bildirib ki, məscid unikal yəni təkrarsız tikinti
quruluşuna malikdir: "Araşdırma nəticəsində
məlum oldu ki abidənin tarixi, tikinti quruluşu barədə
elmi mənbələrdə məlumat yoxdur. Abidə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132
saylı qərarı ilə Mədəniyyət Nazirliyində
yerli əhəmiyyətli abidə kimi (¹4660) qeydə
alınmış, inşa tarixi XIX əsrə aid olduğu
göstərilir.
Abidənin
inşaasında yerli qəlpəli pud daşlardan və əhəng
məhlulundan , apsirlərin quruluşunda isə bişmiş kərpicdən
və adi pud daşlardan istifadə edilmişdir. Divarların
quruluşu özünəməxsusluğu ilə diqqət
çəkir. Divarların qalınlığı 60-80 sm.
arasında dəyişir. Məscidin tavanın tikintisində
taxtadan istifadə edilmiş, abidənin üzəri kirəmidlə
örtülmüşdür. Məscidin yeganə minarəsi
tavanın mərkəzi hissəsində
quraşdırılmışdır.
Abidəni
ümumi vəziyyəti nəzərdən keçirilərkən,
əzəli formasında olmadığı görünür.
Beləki abidə keçən əsrin əvvəllərində
ya yenidən qurulmuş ya da təmir edilmişdir.
Çünki abidənin divarlarında başqa bir islam
dövrü tikintisinə məxsus daşlar müşahidə
olunur.
Abidənin
daxili divarları mala ilə örtülmüş olsada,
sonralar bu örtük yağış suları vasitəsi ilə
demək olar ki tamamilə yuyulmuşdur. Divarlarda
naxışlar və ya digər ornamental görüntülər
yoxdur. Abidənin ümumi görünüşü, bu tarixi
memarlıq nümunəsinin təhlükəli vəziyyətdə
olduğundan xəbər verir. Belə ki zaman-zaman
baxımsızlıq ucbaatından təbiət hadisələrinin
təsiri nəticəsində abidə yararsız hala
düşərək özünün son dövrünü
yaşayır.
Abidənin
unikal formasını, nadir memarlıq quruluşunu, tarixi əhəmiyyətini
və əhali üçün xüsusi önəmini nəzərə
alaraq, abidənin uçulmasının
qarşısını almaq üçün, bərpa edilənə
qədər abidə təcili koservasiya olunmalıdır. Bu
barədə yerli icra strukturları, Mədəniyyət
Nazirliyi, Azərbərpa Layihə İnstitutu qərar qəbul
etməlidir”.
Ədil
Ədilzadə
Ədalət 2018.- 9 avqust.- S.9.