Böyük alim, sadə insan

 

Həsən Abdullayev - 100

 

Fərəc Fərəcov,

Naxçıvan MR Ali Məclisinin deputatı, AYB-nin üzvü, Naxçıvan MR-nın əməkdar jurnalisti

 

Bir yaycılı, bir həmkəndli kimi gözümü açıb ətrafımı tanıdığım andan adını eşitdiyim və adını eşitdikcə qürurlandığım məşhur alim Həsən Abdullayev artıq 100 yaşındadır. O, cişmani dünyasını 1993-cü il sentyabrın 1-də dəyişsə də, zaman onu yaşatmış və yaşatmaqdadır.

1918-ci ilin 20 avqustunda Naxçıvan qəzasının Yaycı kəndində (indiki Culfa rayonu) anadan olan Həsən Məmmədbağır oğlu Abdullayev 75 illik ömrünü elmə, elmi yaradıcılığa, elmi təşkilatçılığa həsr etmiş, "fizika elminin atası" kimi yüksək mənəvi titula sahiblənmişdir.

2017-ci ilin 14 iyulunda bu nadir şəxsiyyətin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı sərəncam hamının ürəyindən olmuş, ölkə başçısına minnətdarlıq hissi ilə qarşılanmışdır. Bu sevincə və minnətdarlıq hissilərinə təbii ki, onun həmkəndliləri- çoxminli Yaycı əhli də qoşulmuşdur.

Mən bu yazıda yüz yaşlı yubilyarımızın elmi yaradıcılıq yolundan ətraflı bəhs etmək, onun saysız-hesabsız uğurlarını birər-birər açıb göstərmək fikrində deyiləm. Çünki Həsən Abdullayevin zəngin elmi irsi bir məqaləyə, heç bir kitaba da sığışa bilməz. Əsas məqsədim onu necə tanımışamsa, necə eşitmişəmsə elə də dəyərləndirməkdir. Onun haqqında azacıq belə qələm işlətməyi özümə sadəcə ziyalı borcu sanıram.

Ötən əsrin 50-ci illəri başa çatmaq üzrə idi. Vaxtilə Həsən Abdullayevin təhsil aldığı Yaycı kənd orta məktəbinin 7-ci sinfində oxuyurdum. Səs yayıldı ki, Həsən müəllim və Xalq şairi Mirvarid Dilbazi məktəbimizə gəliblər. Bəlkə başqa qonaqlar da olub... Amma xatirimdə yer salan yalnız ikisi idi. Çox çəkmədi ki, bütün siniflərin şagirdlərini məktəbin uzun dəhlizinə topladılar. Oturanlar da oldu, ayaq üstə qalanlar da... Əsas diqqət rəyasət heyyətində əyləşən və adı dilimizin əzbərinə çevrilən Həsən Abdullayevə və dərsliklərdən yaxşı tanıdığımız şairə xanıma yönəlmişdi.

Alim Həsən Abdullayevin cəlbedici şux siması, mənalı baxışları təsirli və yaddaqalan idi. Əvvəlcə M.Dilbazi çıxış edib şeirlərini oxudu. Sonra Həsən Abdullayev ayağa qalxdı. Bir anda hər tərəfə səssizlik hakim kəsildi. O, təmkinlə danışmağa başladı. Təhsildən, elmdən söhbət açdı. Bizim üçün yeni olan o qədər məsələlərə toxundu ki... Onun son sözləri indi də qulağımda səslənir:

 - Oxuyun, elmlərə dərindən yiyələnin. Yaşadığımız həyatın açarı, çətinliklərdən yaxa qurtarmağın, hər şeyə qalib gəlməyin yeganə yolu elmdir, bilikdir. Və onları dərindən öyrənməkdir.

Bəlkə də mən onun dediklərini olduğu kimi çatdıra bilmədim. Amma həqiqət budu ki onun söylədiyi inandırıcı fikirlər təsirsiz qalmadı. Az keçən zaman ərzində biz məktəblilərdə sanki bir oyanış hiss olundu, çalışqanlığımız birə iki qat artdı. Və dərs ilinin yekununda bu öz faydasını göstərdi. Ali məktəblərə qəbulda da Yaycı məktəbi uzun illər fərqləndi.

İndi isə böyük alimin həyat yoluna azacıq nəzər salaq: Həsən Abdullayev 1925-ci ildə Yaycı kəndindəki yeddillik məktəbin 1-ci sinfinə daxil olub oranı bitirir. Sonra Naxçıvana gedib orta təhsilini tamamlayır. Ali təhsil almaq arzusunda olsa da, ailənin maddi durumu buna imkan vermir. Bu səbəbdən fərasətli gənc 1936-1937-ci illərdə doğma kəndində müəllim işləmiş, ailəni çətinliklərdən qurtarmışdır. 1937-ci ildə böyük qardaşı Məmmədin də əli tutur... Və elə həmin il evdən, ailədən arxayın olan H.Abdullayev Bakıya gedib Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olunur. Ali təhsil alıb Ordubad Pedaqoji Məktəbində əmək fəaliyyətinə başlayan gələcək akademik qısa vaxtda məktəbdə və ictimaiyyət arasında böyük nüfuz qazanır.

Lakin fitri istedadı və elmə hədsiz marağı 1944-cü ildə onu Bakıya - keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının fizika-riyaziyyat bölməsinə aparır. Burada aspiranturanı bitirən Həsən müəllim 1948-ci ildə "Elektron yarımkeçiricilərində anod polyarizasiyanın temperatur asılılığının tətqiqi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib fizika-riyaziyyat elmləri namizədi adını qazanır.

Çox çəkmədi ki, o, Leninqrad Fizika-Texnika İnstitutunun doktoranturasında (1950-1953) təhsilini davam etdirdi. Dünyaca məhşur fiziklərdən dərs aldı. Eyni zamanda fizika elminin nəhəngləri də azərbaycanlı gəncin elm sahəsindəki dərin fikir və düşüncələri qarşısında heyranlıqlarını gizlədə bilmədilər... və beləliklə akademik A.F.Joffenin sədr olduğu elmi şurada həmyerlimiz "Selen düzləndiricilərində fiziki proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafə edib doğma Azərbaycana qayıdır. O, əvvəlcə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun direktor müavini, 1957-ci ildən isə direktoru təyin olunur.

1960-cı illərin ortalarında Həsən müəllimin rəhbərliyi və bilavasitə iştirakı ilə o dövr üçün tamamilə yeni sayılan bir neçə növ mürəkkəb tərkibli yarımkeçirici maddələr məhz Fizika İnstitutunda alındı, fiziki-kimyəvi tərkibləri hərtərəfli öyrənildi və onların əsasında yarımkeçirici qəbuledicilər, rentgenneytron şüalanma dedektorları, yaddaş elementləri yaradıldı. Beləliklə H.Abdullayevin fundamental tədqiqatlarının sayəsində respublikamızda yeni sənaye sahələri, elmi-təcrübi mərkəzlər, o cümlədən Fotoelektronika İnstitutu, Radiasiya Tədqiqatları bölməsi, Kosmik Tədqiqatlar İnstitutu və.s təşkil olunmuşdur.

Görkəmli alim 11 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir. Onun onlarla ixtirası xalq təsərrüfatının müxtəlif sahələrində uğurla tədbiq edilib.

H.Abdullayev 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildən həqiqi üzvü, 1971-ci ildə isə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O həmçinin 15 il SSRİ Ali Sovetinin deputatı olmuşdur.

1970-ci ildə dünya şöhrətli fizikin xidmətləri nəzərə alınaraq daha yüksək vəzifəyə Azərbaycan EA-nın prezidenti vəzifəsinə irəli çəkilmişdir.

Akademik Fərəməz Maqsudov bu haqda sonrakı xatirələrində belə demişdir:

- 1970-ci ildə akademiyaya kimin rəhbərlik etməsi sual altında idi. Azərbaycan rəhbəri, hörmətli prezidentimiz cənab Heydər Əliyev Akademiyanın Fizika İnstitutuna gedərək, bir neçə saat ərzində akademik H.M.Abdullayevin elmi tədqiqat işləri və təşkilatçılıq fəaliyyəti ilə yaxından tanış olmuş, sonra isə onun Akademiyaya rəhbərlik etməsini məsləhət bilmişdir.

Həsən Abdullayevin akademiyanın prezidenti olduğu dövrlərdə (1970-1983) Naxçıvanda, Gəncədə, Şəkidə elmi mərkəzlər yaradılmış, yeni elmi-tədqiqat İnstitutları fəaliyyətə başlamışdır. Akademiyanın kadr tərkibi canlandırılmış, gənclərin fəaliyyətinə geniş meydan verilmişdir. Akademiyada çalışanların say tərkibi də xeyli artırılmışdır. Bir sözlə, Həsən müəllim həm görkəmli alim, həm də qeyri-adi elm təşkilatçısı kimi nəinki Azərbaycanda, həmçinin keçmiş İttifaqda böyük nüfuz qazanmışdır. O, eyni zamanda ElmTexnika sahəsində Azərbaycan Dövlət Mükafatları Komitəsinin sədri vəzifəsində də çalışmışdır. 14 il bu vəzifəni bacarıqla, ədalətlə icra etmişdir. Həsən Abdullayev adının "Böyük Sovet Ensiklopediyası"nda dünyanın ən nüfuzlu alimlərindən A.F.Jotte, V.M.Tuckeviç, Z.V.Keldış... kimi akademiklərlə bir sırada çəkilməsi, təkcə ona yox, bütövlükdə Azərbaycan elminə verilən dəyərli qiymət idi.

2000-ci ildə "Gənclik" nəşriyyatında çap etdirdiyim "Yaycı yetirmələri" kitabımın baş qəhrəmanı Həsən Abdullayevdən yazmaq istəyim məni o dahi alimin vaxtilə yaşadığı ünvana apardı. Onun ömür-gün yoldaşı Zərifə xanımla görüşdüm. Ətraflı söhbətləşdik. Həsən müəllim haqqında bitib-tükənməyən xatirələrindən danışdı .Bir-birindən maraqlı xatirələri dinlədikcə, onu bir daha böyük şəxsiyyət kimi tanıdım, həm də sadəliyini, təmiz, geniş qəlbə malik olduğunu duydum.

Ona görə də bu yazımda 100 yaşlı yubilyar alim haqqında söylənilən xatirələrə azacıq belə yer ayırmağı lazım bildim.

- Həsən müəllim musiqiyə fizikanı sevdiyi qədər bağlanmışdı. - Bu sözləri Zərifə xanım söylədi, - ardınca davam etdi - Belə ki hər səhər işə və dərsə getməzdən əvvəl uşaqlarla musiqi ifa edərdilər. Özü tar çalardı. Bəzən də qaval götürüb "Şah İsmayıl"dan, yaxud "Sevil"dən ariyalar oxuyardı. Sonra xoş əhval -ruhiyyə ilə özü işə, iki qızımız və bir oğlumuz da məktəbə yollanardılar. Hərdən işdən gec gələndə də röyalın arxasına keçib muğam ifa etməyə başlayardı. Mən qonşularımızı narahat edəcəyimizi bildirəndə, Həsən müəllim deyirdi ki, muğam heç kimi narahat etməz. Əksinə, onu dinləyənlər xumarlanıb yaxşıca yuxuya gedəcəklər.

Zərifə xanım danışırdı ki, Həsən müəllim Akademiyaya rəhbərlik etdiyi dövrdə tez-tez elmi konfranslara dəvət alırdı . İmkan olanda məni də şəxsi həkimi kimi özü ilə aparırdı. 1973-cü ildə İrana getmişdik. Həsən müəllim Tehran və Məşhət universitetlərində rus dilində mühazirə oxudu. Bizim üçün ayrılmış tərcüməçi onları fars dilinə çevirib auditoriyaya çatdırırdı. Sonra biz Təbriz şəhərinə yollandıq. Təbriz universitetində də mühazirə oxunmalı idi. Həsən geniş salona diqqətlə nəzər yetirib mühazirəsinə Azərbaycan dilində başladı. Tərcüməçinin bir neçə dəfə, "keç rus dilinə" deməsinə baxmayaraq, o, sonadək doğma dilində davam edib mühazirəsini başa çatdırdı. Öz dillərində ilk dəfə mühazirə dinləyən tələbələr bunu çox böyük sevinclə qarşıladılar. Salonda uzun sürən xoş bir gurultu yarandı. Sonsuz coşqu içində olan tələbələr Həsən müəllimi ali təhsil ocağının çıxış darvazasınadək başları üstə aparıb yola saldılar.

Həsən Abdullayev daxilən milli, xalqını, onun təmiz , saf dilini uca tutan şəxsiyyət idi. 1978-ci ildə yeni qəbul olunmuş SSRİ Konstutisiyasında ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində Azərbaycan dilinin dövlət dili statusu qazanması Həsən Abdullayev kimi vətənpərvər vəzifə sahiblərini milli dildə danışmağa və onu təbliğ etməyə rəvac verdi.

Danışırlar ki, o həmin vaxtdan etibarən Akademiyanın Rəyasət Heyyətinin yığıncaqlarını demək olar ki, Azərbaycan dilində aparır, başqalarını da bu dildə danışmağa sövq edirdi.

Həsən müəllim təbiətin gözəlliklərini dərindən duyursevirdi. Xüsusilə o, dənizin vurğunu idi. Vaxt tapdıqca Xəzərin qumlu sahillərinə gedər, hətta soyuq havalarda belə dənizdə çimməkdən zövq alardı.

Şöhrəti dünyanın geniş coğrafiyasına yayılan dahi fizik həm də çox sadə qəlbə, təmiz ürəyə malik olmuşdur. Heç kimə yuxarıdan baxmazdı. Söhbətin bu məqamında Zərifə xanım Həsən müəllimin Bakıda yaşayan həmyerlilərindən Xanımqız adlı qadının adını çox etiramla çəkdi. Bizlərin də yaxından tanıdığı və sevərəkdən "Xanımqız xala" deyə müraciət etdiyimiz qadının paytaxdakı evi bütün yerlilərinin üzünə daim açıq olardı. Erkən vəfat edən həyat yoldaşı Ramazan Quliyevçox qonaqpərvər insan olmuşdur.

Xanımqız xala bir vaxtlar Bakıda oxuyan tələbə Həsən Abdullayevə də əl tutub, xeyirxahlıq edib, mənəvi dayaq olub. O da öz həmkəndlisinin təmənnasız olaraq ona etdiyi yaxşılığı şöhrət zirvələrinə yetişəndə də qətiyyən unutmayıb, vaxt tapdıqca onun görüşünə gedib, yaşayışları, bu və digər problemləri ilə maraqlanıb, köməyini əsirgəməyib.

Alimin vaxtilə Bakıda yaşamış bacısı qızı, ingilis dili müəlliməsi Leyla Tağızadə də həmsöhbətim olmuşdur. Leyla müəllimənin dayısı haqqında dediklərindən:

- Dayım tez-tez zəng vurub mənə yoluxar, iş-gücümüzlə maraqlanardı. Onlara gedəndə ən çox kənddən danışar, qohum- əqrəbanı, dost-tanışları soruşardı. Kəndimizin cavanları dayımı daha çox maraqlandırardı. Deyirdi görəsən yaxşı oxuyanlar az deyil ki? Neçə nəfər bu il instituta daxil olub? O, istəyirdi ki, bütün Azərbaycan oğlanları, qızları yaxşı oxusun, bütün elmlərə dərindən yiyələnsinlər... Dayım hər şeyi elmdə, ağılda və zəkada görürdü.

Doğmalarının xatirələrindən öyrənmişdim ki, Həsən Abdullayev həm işdə, həm evdə çox tələbkar insan idi. Hər işi tez və dəqiq yerinə yetirməyi sevərdi. Az yatardı. Yuxunu ömürdən gedən vaxt hesab edirdi. O, hər sahədə talantlıydı.

Deyirlər ki, Həsən müəllim musiqi ilə məşğul olsaydı, yenə də zirvədə dayanardı. O, eyni zamanda dəyərli, istedadlı ədəbiyyat, incəsənət xadimləri ilə şəxsi və ailəvi dostluq münasibətləri saxlayır, onlarla fəxr edirdi. Klassiklərdən Nizami Gəncəvinin vurğunuydu. Onun hikmətli kəlamlarını əzbər bilirtez-tez dilə gətirərdi.

1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş qanlı olaylar şux qamətli, iti yerişli, sağlam bədənli vətənpərvər alimi ciddi surətdə sarsıtdı, cismani varlığına qənim kəsildi.

Sağlamlığını getdikcə itirən Həsən müəllim ömrünün 75-ci ilində -20 avqust 1993-də xəstəxanada yataqda idi. Onu təbrikə gələn akademikləri, sənətkar dostlarını belə tanımaq imkanında deyildi. Bundan az sonra-sentyabrın 1-də dünyaşöhrətli həmişə yaşar alimin ürəyi əbədilik dayandı. O, birinci Fəxri Xiyabanda dəfn olundu. Xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirildi. Onun mənalı ömrü Azərbaycanda elmin inkişafına, xüsusilə fizika elminin yüksəlişinə çox böyük stimul verdi. Yeri gəlmişkən Həsən Abdullayevin yetirmələrindən olan Muxtar Vəliyev onun barəsində belə söyləmişdir:

- H.M. Abdullayevin 40 illik elmi, elmi-təşkilatçılıq fəaliyyətini gözlərimiz önündən keçirəndə cəsarətə gəlib deyirəm:akademik H.M.Abdullayev Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən qüdrətli simalardan biridir.

Bu günlər Naxçıvan torpağının bu şöhrətli yetirməsinin 100 illik yubileyi muxtar respublikamızda da geniş şəkildə qeyd edilir, onun həyatı və qiymətli elmi irsi dərindən öyrənilir.

Mən bu yazını Naxçıvanın, o cümlədən Yaycı kəndinin başqa bir yetirməsi, kimya elmləri doktoru, akademik Məhərrəm Məmmədyarovun fikirləri ilə bitirirəm.

- Həsən müəllim çox böyük fitri falanta, dərin zəkaya malik alimlərdən biri olmuşdur.

Həsən müəllim uzun müddət Azərbaycan EA-nın prezidenti kimi çox məsul vəzifə daşımışdır. Çox prezidentlər dəyişilib. Lakin sözün acığı onun qədər yadda qalanı az olub. O, əsl elm təşkilatçısı idi!

 

 

Ədalət 2018.-11 avqust.- S.12-13.