"NAĞIL QAPISI"
Rafiq Yusifoğlunun yeni
kitabı barəsində
oxucu sözü
Ötən ayın son günləri idi. Həmişə bir-birimizi
arayıb-axtardığımızdan Rafiq müəllimin iş otağıma gəlməsi məni təəccübləndirmədi. Üstəlik, o hər gəlişində
məni ya yeni kitabı ilə, ya təzə
bir yazısıyla, ya da dostlar
barəsində gətirdiyi
xoş xəbərlə
sevindirməyi bir növü mənim tərəfimdən adətə
çevrilmişdi. Onunla qarşılaşanda
mütləq xoş duyğular yaşayacağıma
artıq daxilən əmin idim. Elə bu gəlişində də Rafiq müəllim
məni sevindirdi.
Özü də bu dəfə ikiqat. Ona görə ikiqat deyirəm ki, Rafiq müəllim
mənə "Nağıl
qapısı"nı
gətirmişdi. Uşaq dünyasının
cizgilərini nağıla
çevirib öz səhifəsinə hopdurmuş
bu kitabla yanaşı Rafiq müəllim bildirdi ki, uzaq bir
səfərə yola düşür - Amerikaya,
nəvələrini görməyə
gedir.
Təbii ki, sevinc sevincə
qarışdı - həm
kitaba görə, həm də nəvələrlə görüş
xəbərinə görə. Şəxsən mən dünyada nəvə təbəssümündən,
nəvə şıltaqlığından
şirin, gözəl
heç nə görmürəm. Ona
görə də elə o ovqatla da "Nağıl qapısı"nı oxumağa başladım.
Öncədən deyim ki, kitab
tanınmış uşaq
şairi, dəyərli
pedaqoq Zahid Xəlilin redaktorluğu ilə işıq üzü görüb. Kitab 10 fəsildən
ibarətdir və bu fəsillərdə şairin şeirləri, poemaları, nağılları
toplanıb. Həmin nağılların,
şeirlərin, poemaların
toplandığı səhifələri
vərəqlədikcə tam səmimi deyim ki, öncə diqqətimi "Şuşa
nəğmələri" çəkdi. Və mən
bir yurd həsrətli söz adamı olaraq əvvəl-əvvəl diqqətimi
"Şuşa nəğmələri"nə
yönəltdim. Və
gördüm ki, qələm dostum, dəyərli Rafiq Yusifoğlu "Vurulmuşam
Şuşaya" şeirində
yazır:
İndi
sən oxuyacaq,
Qalalar himə
bənddi.
Vurulmuşam Şuşaya,
Həm şəhərdi,
həm kənddi.
...Gözəl günü öndədi,
Hələ qönçədi Şuşa.
Dağların əllərində,
Sanki xonçadı Şuşa.
Bu şeir 1986-cı ildə
yazılıb. Və onda Rafiq Yusifoğlu, elə mən də Şuşanı nələr
gözlədiyindən xəbərsiz
idik.
Bilmirdik ki, bizi qarşıda
şuşasızlıq gözləyir. Təbii
ki, Şuşa
ilə bağlı yazılan nəğmələrin
bu ovqatı məni sevindirdiyi kimi, həm də kövrəltdi.
Və "Natəvan
bağında" adlı
şeirdə mən uşaqlığımın bir
məqamını göz
önünə gətirməyə
çalışdım. Axı uşaq
dünyası maraqlarla
zənginləşir.
Biz Natəvan nənənin
Əyləşmişik bağında.
Kimidən utanır, onun
Yaşmaq var dodağında?
Gülləri, çiçəkləri,
Pay göndərib yamaclar.
Yaşıl fəvvarələrdi,
Elə bil ki, ağaclar.
Büllur
atlığanların
Saçları var upuzun.
Onlar nəğmə oxuyur,
İçində çarhovuzun.
Birdən
sular kəsildi,
Gözəl nəğmə yox oldu.
Orxan dedi: - Fəvvarə
çarhovuza yıxıldı.
Bəli, kitabın bütün fəsillərində uşaq
dünyası Rafiq müəlllimin üslubunda
elə həssaslıqla,
elə səmimi təqdim olunur ki, şeirləri oxuduqca həmin mənzərə göz önündə canlanır. Və tam səmimiyyətlə
inanırsan ki, balacalar onları vəsf edən bu şeirlərin həyat diktəsi olduğuna inanacaqlar.
Mən həmin şeirlərin ayrı-ayrı nümunələrini
sizə təqdim etmək istəyirəm.
Düşünürəm ki, bu nümunələr sizləri
söylədiklərimə inandıracaqdı.
Kənardakı bulağa
Ağac gör necə baxır?!
O, su həsrətindədi,
Su elə-belə axır.
Ağacı bulaq üstə
Necə aparım axı?
Ah çəkib kölgəsinə,
Gətirərəm bulağı...
Və yaxıd:
- Niyə çılpaq qoyursan,
Bu uca budaqları?
Ay payız, sən nə üçün
Tökürsən yarpaqları?
- Ağaca xeyir gəlməz,
Bu saralmış xəzəldən,
-
Qışa hazırlayıram,
Mən onları
əzəldən.
Və yaxud:
- Niyə Ay para olub,
Gün bütövdü
həmişə?
- Xırdalanmaq, kiçilmək
Yaraşmır ha Günəşə.
Düşünürəm ki, dəyərli qələm dostumun
sayca 78-ci kitabı olan
"Nağıl qapısı" təkcə balacaların deyil, onlara nağıl
danışan, layla çalan
valideynlərinin də, uşaq ədəbiyyatını
araşdıranların da böyük
marağına səbəb olacaq. Çünki şair, ədəbiyyatşünas,
Əməkdar mədəniyyət işçisi,
filologiya elmləri doktoru,
professor Rafiq Yusiflinin digər kitablarında olduğu
kimi, uşaqlar üçün yazdığı bu kitabda da
öyrənməli çox şeylər var.
Ədalət 2018.- 14 avqust.-
S.11.