Tural TURAN

 

Tüstü salamı...

 

Hər

bir gilə siqaret

ocağı, odu sönmüşlərdən

Tanrıya salam dolu tüstü,

Buğlu-buğlu, sac üstü...

... bir ismarış:

"Məndən özünü istə tanrı,

Çıxarım içimdən verim."

 

Bu üsyan, devrim;

İmtahan öncəsi bir udumluq rüşvət -

Yerindəcə, isti-isti.

 

Tanrı, demə ki, sən

Uşaqların anası kimi

siqaretin sonunu gözləyirsən.

Hər qədər yox desən .

Öz aramızdı,

son qullabda şirin olur salamımız.

 

Ciblərim bələk olub ayaq izlərinə...

Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,

səndən sonra mamır uzaqlıqlar böyütdü

bu daxmanın pəncərələri...

Kaş bu evin güzgüsünü aparaydın;

bələyəydin, böyüdəydin

ayrılığın xalçasına kimsəsiz ilmə kimi

düşməmək üçün.

...Qayıt, əlindən tut ayaqları keyimiş məhəccərlərin,

qayıt, qadınsız yaşaya bilmir bu evin döşəməsi.

Sən gedəli tavanlar iməkləyir döşəmənin üstündə.

Üşüməsin deyə ayaq izlərini

bir cüt coraba büküb cibimə atmışam.

Ciblərim bələk olub ayaq izlərinə...

Qayıt, özün yürgələ ayaq izlərini.

Qayıt, beşiyində boğ,

böyüməsin üç yaşlı çarpayı tənhalığı...

...Sən gedəli bu evin divarları da

daş-daş göz yaşları tökür, qayıt...

 

 

Qaranlığın aydınlıq səsi...

 

(Bir xanım diktora. Hələ ki, adını açıqlamaq

məsləhət bilmirəm. Çünki hələ sağ deyil.)

 

Boynuma hörüklü ümid kimi dolanır bu qadının səsi.

Qulaqlarımda intihar edən hıçqırtıları

ovucumda "göyərir".

Gülüşlərim saç ağardır bir pıçıltının altında.

Gözlərimin səhnəsində əllərim köhnəlir,

pərdə-pərdə üzümə çəkilir.

Bu səsdə tanrılar ağı deyir təkliyinə.

Bu səsdə əzrailin üstünə ölüm kükrəyir.

Əlləri qumbaralıdı bu iniltinin,

Çəliklə yeriyir alın yazısının üstünə.

Otuz iki dişin qanı batır bu səsdə...

Ağıların oxşamalara üzrxahlıq məktubudur bu səs...

 

Dayanır saatların nəbzi bir şeirlik.

Bu səs ətini çürüdür əlimdəki şəkillərin,

Sümüklərini divardan asır,

saralmış zamanların.

Ana bətnlərini hördüyü gödəkcəyə bükür.

Əlil qulaqların ayağından yapışır,

Söykəndiyi çəliyi tullamaq üçün.

Bir qadın boğazında üşüyür ayaqları

Bu səs payızına corab toxuyur...

Bütün alın yazıları dar ağacından

bir ip uzunluğunda aşağıda qalacaq.

Dar ağacından bir intihar ipi boyu

Yüksəkdə susacaq

bu qadın diktorun səsi.

 

 

Ədalət  2018.- 16 avqust.- S.14.