KOR XOŞBƏXTLİYİ
(Hekayə)
Hümbət
QULİYEV
O, əməliyyat elədiyi gözə son tikişlərini vururdu.
Bu vaxt Əməliyyat şöbəsinin baş tibb bacısı ona yaxınlaşıb yavaşca dedi:
- Mənə indi xəbər çatdırdılar ki, "şef" sizi əməliyyatdan sonra kabinetinə dəvət edir.
Göz cərrahı Kamil Quliyev gözlərini əməliyyat mikroskopundan ayırıb, bütün personala uğurlu keçən əməliyyata görə təşəkkür elədi. Əllərini yuya-yuya öz-özünə düşündü: "Leninqrad Hərbi Tibbi Akademiyasının Göz Xəstəlikləri Kafedrasının rəhbəri onu nəyə görə görmək istəyir?"
Akademik heç kimi yanına elə-belə çağırmazdı. Özlüyündə fikirləşdi: "Elədiyim bütün əməliyyatlar uğurlu olub, çoxsaylı personalla da heç bir problemim yoxdur. Bəs nə ola bilər?"
Akademiklə onun münasibəti də çox yaxşı idi. O, bu böyük insana ömrü boyu minnətdar olacaqdı. Çünki bununla bağlı səbəb çox tutarlı idi - iki il bundan qabaq Akademiyada vakant yer yarananda planetin quru sahəsinin altıda bir hissəsini tutan böyük bir ölkənin hər yerindən göz həkimləri bura sənəd göndərmişdilər. Burada işləmək hər bir göz cərrahının əlçatmaz arzusu idi. Sənəd verənlərin hamısı da layiqli, bacarıqlı həkimlər idi. Seçimlə bağlı son müzakirədə rəhbərlikdə çox qızğın müzakirələr olmuşdu. Son olaraq akademik müzakirələrə belə yekun vurmuşdu:
-Söz yox, seçdiyimiz insanlar çox layiqli namizədlərdir. Amma Kamil Qasanoviç haqqında bir neçə söz demək istəyirəm. Bilirsiz ki, o, son dörd ildə hər il məzuniyyətini götürüb, Moskvadan bura, klinikamıza öz hesabına işləməyə gəlir. Burada da o, çiynini ən ağır işlərin altına verir. Bu bir yana qalsın, qəbul edək ki, bunu öz şəxsi peşə inkişafı üçün eləyir. Onun cərrahlığı kimi, məntiqinin də kəsərli olduğunu hamımız yaxşı bilirik. Mən bir dəfə Akademiyanın tələbələri ilə məşğələ aparmağı ona həvalə elədim. Adi, qırx beş dəqiqəlik məşğələ idi. O məşğələdən sonra qrupda olan tələbələrin yarısı göz cərrahı olmaq istədiklərini bildirdilər. Bir gün qabaq ürək, beyin cərrahı olmaq istəyən, millətimizin qaymağı olan həmin tələbələr, qırx beş dəqiqəlik məşğələdən sonra göz cərrahı olmaq istədilər. Siz bilmirsiz, o, həmin gənclərə nə deyib? Mən də bilmirəm, amma çox şeyi verərdim ki, həmin məşğələdə onun dediklərinə qulaq asa bilim. Bizim professorların illərlə eləyə bilmədiklərini o, cəmi qırx beş dəqiqəyə eləmişdi.
Nəsli Sankt-Peterburqun məşhur zadəganlarından gələn dünya şöhrətli bu alim və iliyinə qədər rus vətənpərvəri olan bu insan sonda özünəməxsus tərzdə sakitcə demişdi:
- Mən istəyirəm ki, bura gələcək və kafedramızın gələcəyi olacaq tələbələr bizim aramızda Kamil Qasanoviçi görsünlər, onun təfəkküründən, dünyagörüşündən bəhrələnsinlər.
O, bu düşüncələr və müəmma ilə akademikin qəbul otağına daxil oldu. Qəbul otağında adamlar olduğuna baxmayaraq, köməkçi onu görən kimi dedi:
- Kamil Qasanoviç, siz keçin. O, sizi gözləyir.
Böyük klinikanın akademik rəhbəri kiçik bir kabinetdə otururdu. Çox təvazökar olan bu insanın kiçik kabinetinin yarısını da onun böyük iş masası tuturdu. Masa haqqında ayrıca deyilməlidir: masanın üzərində qalaq-qalaq kağızlar, dərgilər, göz cərrahiyyəsinə aid alətlər, tikiş materialları və bir-biri ilə əlaqəsiz görünən çoxlu əşyalar vardı. Kamil həkim, nə vaxtsa oxuduğu bir fikri xatırladı: "İstedadlı insanların masası üzərində həmişə səliqə-sahman olar, dahilər isə xaosu idarə edirlər." Əmin idi ki, akademik bu xaosun içərisində istənilən şeyi anındaca tapa bilər.
"Şef" onu ayaq üstə salamladı və hal-əhval tutdu.
- Kamil, - o hamını adı ilə çağırırdı, - bilirsən səni niyə dəvət eləmişəm? Şimalda Volınsk şəhəri var, oranın birinci katibinin anasının bir gözünü yerli xəstəxanada əməliyyat eləyiblər. Amma əməliyyat uğursuz keçib, fəsadlar yaranıb. O göz görmür. İndi ikinci tutulmuş gözündə əməliyyata ehtiyac var. Pasiyent yaşlıdır, doxsanı haqlayıb, həm də yeriyə bilmədiyindən bura gətirmək problemləri var. Yerli həkimlər onun tək qalmış gözünü əməliyyat eləməkdən çəkinirlər. Səbəb aydındır, yeganə gözü əməliyyat etməyin çətinliyini hamı bilir. Kiçik xəta belə mümkünsüzdür. Eyni zamanda, yerli həkimlər başa düşürlər ki, katibin anasının o tək gözündə problemlər yaransa, katibin onlara nələr edə biləcəyini düşünmək belə çətindir. O şəhərin səhiyyə rəhbəri bizim akademiyaya müraciət eləyib. Buradan bir təcrübəli göz cərrahı xahiş ediblər. Mən səni seçmişəm. Etiraz eləmirsən?
Akademik onun valideynlərindən sonra "yox" deyə bilməyəcəyi yeganə insan idi. Eyni zamanda onlarla cərrah içərisindən onu seçməsi də peşə qüruruna xoş bir sığal çəkdi. O, "baş üstə" deyib otaqdan çıxdı. İlk dəfə idi ki, onu təyyarənin trapında qarşılayırdılar. Qara volqa küçələrdə sürətlə şütüyürdü. Ona təhkim olunmuş məsul insanla və sürücü ilə tanış oldu. Məsul şəxs onu əvvəlcə elə onunçün hazırlanmış qonaq evinə aparmağı təklif elədi. Amma o, razılaşmadı:
- Əvvəl şöbəyə gedək. Pasiyenti görməliyəm, - dedi.
Məsul şəxs sürücü ilə maşının həmişə onunla olacağını bildirdi, istənilən problemlə bağlı müraciət etməyi xahiş elədi.
Şöbədə onu yaxşı qarşıladılar. Dünyanın bütün göz həkimlərinin arasında bir qardaşlıq, xüsusi münasibət var. Ömür boyu zülmətlə mübarizə aparan bu insanlar ruhən bir-birinə çox yaxındırlar. O, xanım şöbə müdiri ilə tanışlıqdan sonra elə onunla birlikdə pasiyentin yanına getdı.
Yaşlı qadın heç nə görməsə də, nikbin görünürdü:
- Doktor, mən yenidən görmək istəyirəm, çox istəyirəm. İnsan nankor məxluqdur, olanını heç vaxt dəyərləndirə bilmir. İndi başa düşürəm ki, görmək nə qədər böyük nemət imiş! Hər şeyə yenidən baxmaq istəyirəm. Uşaqlarımı, nəvələrimi görmək arzusundayam. Son günlərimi görən gözlə başa vurmaq istəyirəm. Doktor, mən görəcəm?
- Əlbəttə, siz, mütləq, görəcəksiz!
O, xəstəliyi ilə, ölümü ilə müti şəkildə barışmış insanları xoşlamırdı. Həyat eşqi, yaşamaq istəyi olan mübariz insanlara rəğbət bəsləyirdi. Bu yaşlı qadının da yenidən görmək istəyi onu ruhlandırdı. Yerli həkimlər lazım olan bütün müayinələri eləsələr də, o özü pasiyentin gözlərini yenidən müayinə elədi. Sonra əməliyyat zalına keçdilər. Təzə quraşdırılmış müasir əməliyyat mikroskopunu görəndə sevindi. Məlum oldu ki, katib anasının əməliyyatı üçün bu mikroskopu məxsusi sifariş verərək gətirdib. Katiblə şöbənin həkimləri arasındakı gərginlik fiziki olaraq hiss olunurdu.
O, mikroskopu özü üçün tənzimlədi. Yanında gətirdiyi əməliyyat alətlərini və tikiş materiallarını əməliyyata hazırlıq üçün personala verdi. Tikəcəyi sap tükdən on dəfə nazik, tikiş iynəsi göz kirpiyinin cəmi üçdə biri boyda idi. Bütün bunlarla işləməkçün o, mikroskop vasitəsi ilə gözü on altı dəfə böyüdüb əməliyyat eləyirdi. Bunlar müasir göz mikrocərrahiyyəsinin şərtləri idi.
Əməliyyat yaxşı keçdi. Sürücü Aleksandr Borisoviç (öz atası da sürücü işlədiyindən bütün sürücülərə yaxşı münasibəti vardı Kamil həkimin və Aleksandrla da dərhal dostlaşmışdı) ona yolda maraqlı bir şey danışdı:
- Adətən mənə şöbə müdirinin qəbul otağında çay verirlər. Şöbə müdiri ilə həkimin söhbətini təsadüfən eşitdim. Şöbə müdiri həkimə deyirdi: "Biz Akademiyadan yaşlı bir professor gözləyirdik. Maşından cavan, sonradan məlum olduğu kimi, azərbaycanlı bir həkimin düşməyinə çox təəccübləndim. İçim şübhələrlə doldu. Düşündüm ki, yəni birinci katibin anasının yeganə gözündəki əməliyyatı bu cavan həkim edəcək? Belə bir məsuliyyətin altına girməyə bu insan necə razı olub? Amma onun əməliyyat etməyinə baxanda bütün şübhələrim dağıldı. Mən illərin göz cərrahıyam. Çox cərrahların da əməliyyat etməsini görmüşəm. Kamil doktorun barmaqları gözün üzərində virtuoz pianoçunun barmaqları kimi hərəkət eləyirdi. Bütün hərəkətləri son dərəcə dəqiq idi. Gözlərimi onun barmaqlarının sehrindən çəkə bilmirdim. Mən göz cərrahlığında Allah vergisinin nə demək olduğunu, nəhayət ki, gördüm və şahidi oldum. Əhsən!"
Bu sözləri dinlədikcə Kamil həkim valideynlərini, çoxsaylı müəllimlərini, həmpeşə dostlarını minnətdarlıqla xatırladı...
Bu vaxt sürücünün səsi onu fikirlərindən ayırdı:
- Doktor, mənim sizdən bir şəxsi xahişim olacaq.
- Buyurun, eşidirəm.
- Mənim bir qardaşım var, uşaq vaxtı üzü və gözləri yanıb. Hər iki gözü kordur, heç nə görmür. Evlidir, otuz altı yaşı var. İki qızı da var. Xahiş edirəm, ona baxasız. Düzdür, bir az adama yovuşmaz insandır... Mümkün olarmı ona baxmaq?
- Əlbəttə,
sabah məni şöbəyə aparandan
sonra get, onu gətir. Onsuz da məndən
şöbədəki xəstələrə
baxmağımı xahiş edirlər. Ona
da baxaram.
Göz əməliyyatının sabahısı
günü əməliyyat olunmuş gözdən
sarğının götürülməsi cərrah
üçün həmişə həyəcanlıdır. Gün ərzində
sarğı altında olan gözdə çox şeylər
baş verə bilərdi. Onlarla tikişin cəmi birində
ola biləcək zəiflik ağır fəsadlara
gətirib çıxarardı. Əməliyyat
vaxtı kəsilmiş damarlardan açıla biləcək
qan da həmişə təhlükə mənbəyi idi.
Palatada Mariya İvanovnanın göz
sarğısının açılışına
şöbənin bütün həkimləri
toplaşmışdı. Hamı həyəcan içində
idi: "Necə olacaq? Birinci gözdəki fəsadlar
təkrar olacaqmı? O, görəcəkmi?" Hamı Kamil həkimi gözləyirdi.
Palatanın qapısı açıldı. Budur, o! Şöbə
müdirinin müşayiəti ilə içəri daxil oldu.
Onun üzündəki təbəssüm və
hərəkətlərindəki özünəinam
hamını bir qədər sakitləşdirdi. O, elə
gülümsəyə-gülümsəyə də pasiyentin əhvalını
soruşdu. Yaşlı xanıma xitabən dediyi
xoş sözlərdən onun da çöhrəsində təbəssüm
əmələ gəldi. Kamil həkim,
sarğını astaca, xanımın gözətrafı dərisinə
nəvaziş göstərə-göstərə
açdı.
- Mariya
İvanovna, - o, mehriban səslə dedi, - indi yavaş-yavaş
gözünüzü açın.
Xanım əvvəl xəfifcə göz
qapaqlarını tərpətdi, sonra onları açdı. Göz
qapaqlarını bir neçə dəfə qırpıb, əvvəl
yuxarı, sonra qarşısında oturmuş Kamil həkimə
baxdı. Palatada tam sakitlik yarandı.
- Doktor, mən
sizi görürəm! Mən sizi yaxşı görürəm!
Allahım, siz nə qəşəng insansız! Mən artıq cənnətdəyəm?
Onun bu sözlərinə palatada olanların
hamısı gülüşdü. Hamı sevinir,
bir-birini təbrik edirdi. Şöbə
müdiri Kamil həkimin əlini sıxaraq palatanı tələsik
tərk etdi. Hamı başa
düşdü ki, o, "Birinci"yə məruzə
üçün belə tələsik gedir. Nəinki o, bütün şəhər rəhbərliyi
bu xoş xəbəri gözləyirdi. Şöbənin
üzərindən artıq qara buludlar
dağılmışdı. Həmin qara
buludları ustalıqla dağıtmış bu azərbaycanlı
həkimə minnətdarlıq etməyi hər kəs
özünə borc bilirdi.
Şöbənin dəhlizində
sürücünün yanında orta yaşlı, qara eynəkli
bir insan gördü. Kamil həkimin fikrindən keçdi ki, yəqin,
kor qardaşıdır. Onlara
yaxınlaşıb hər ikisini müayinə otağına
dəvət elədi. Müayinəni qurtarandan sonra hər
ikisinə xitabən dedi:
- Sol
gözün şansı yoxdur. Sağ gözü isə
çox ümidli görürəm. Bu
gözün buynuz qişası yanıb, yumurtanın
ağı kimi bişib və dümağ ağarıb. İşıq gözün dibinə düşə
bilmir. Gözün arxa hissəsinin
müayinəsi göstərir ki, görmə
üçün ən vacib olan arxa hissə və göz
siniri salamatdır. Son illərin nailiyyətləri
imkan verir ki, ön hissəni tamamilə süni əvəzləyicilərlə
əvəz edək. Mən böyük
ehtimalla deyirəm ki, qardaşınızın
gözünü açmaq mümkündür. Düzdür, Akademiyada da bəzi mürəkkəb
müayinələrə ehtiyac olacaq. Amma təkrar
eləyirəm, bu gözü aça biləcəyik. Bu gözün görə bilmək şansı
çox böyükdür. Hər ikinizi təbrik
edirəm. Akademiyada görüşənədək! Sizə lazım olan sənədlərin
hazırlanmasına da kömək edəcəm.
Ertəsi gün sürücünün onun ardınca gələndə
pərişan olması Kamil həkimin gözündən
yayınmadı.
- Aleksandr
Borisoviç, gözümə bir təhər dəyirsiz. Nə olub?
- Doktor, mənim
qardaşım Vasiliy axmaqdır, çox axmaq!
- Axı
nə olub?
- Vasiliy əməliyyat
olunmaq istəmir.
- Necə
istəmir? Bəlkə, yol xərcləri ilə
bağlı problem var? Mən kömək eləməyə
hazıram! Akademiyada bütün müayinə və
müalicə də pulsuzdur.
- Yox, pul
problem deyil. Əlilliyə görə o,
yaxşı müavinət alır. Korlar Cəmiyyətinin
dəstəyi ilə göbələk
yığmaqçün zənbillər toxuyur, ordan da pul
qazanır. Yoldaşı da işləyir.
- Bəs
onda necə ola bilər ki, insan
işıqlı dünyanı görməkdən imtina eləsin?
O, nəhayət, heç vaxt görmədiyi həyat
yoldaşını, uşaqlarını görəcək.
Günəşi, ağacları, çiçəkləri,
insanları, hər şeyi... Mən
düşünürdüm ki, o sevinəcək və bu
şansdan ikiəlli yapışacaq.
- Mən
də, həyat yoldaşı da bunu təkidlə ona başa
salmağa çalışdıq, amma xeyri olmadı.
- Aleksandr
Borisoviç, maşını sürün
qardaşınızın evinə!
- Bəs
şöbə?
- Eybi
yoxdur, orada təcili bir işim yoxdur. Axşam
ikimiz də banketdə olacağıq. Bizim
şərəfimizə təşkil olunmuş banketdə, -
deyə Kamil həkim əsl göz həkimlərinə məxsus
hər fikri çox aydın ifadə eləyən gözlərilə
ona baxıb, gülümsündü.
- Sizin
şərəfinizə, Kamil Qasanoviç! Hamı
sizdən danışır. Baxıram, siz
fikir vermirsiz. Amma Şöbənin
xanımları sizə yaman göz qoyurlar. İşə toya gedirmiş kimi bəzənib gəlirlər.
- Hə? Gərək fikir verəm, - deyərək
gülümsədi.
Sürücünün kor qardaşı artıq şəhərə
bitişmiş kənddə yaşayırdı. Maşın
taxtadan düzəldilmiş, birmərtəbəli evin
qabağında dayandı. Vasiliy həyətdə
qoyulmuş masanın arxasında oturmuşdu;
qucağındakı pişiyi sığallayırdı.
Ətrafında çoxlu toxunma zənbillər
vardı. Masanın üzərində
yarıhazır bir zənbil də vardı. Evdə Vasiliydən başqa heç kimin
olmadığı aydın oldu. Yəqin, həyat
yoldaşı işdə, uşaqları da məktəbdə
idi...
Kamil həkim
ucadan salamlaşandan sonra onun masasının
qabağındakı kətildə oturub dedi:
- Vasiliy,
səni fikrindən daşındırmağa gəlməmişəm.
Hər bir insan seçimində azaddır.
Mən göz həkimiyəm, mənim işim
insanlara gözlərinin itirilmiş nurunu qaytarmaqdır. Bəzən hətta insanlara işığın
istiqamətini müəyyənləşdirmək qabiliyyətini
qaytarmaqçün aylarla çalışıram. Əməliyyatdan sonra gözləri önündə
öz barmaqlarını görə bilən insanların
ağladığının şahidi də çox
olmuşam. Məndə sənin
mövqeyinlə bağlı həm bir həkim, həm də
insan kimi maraq yarandı. Mən sənə
gördüyün qara zülmət əvəzinə,
işıqlı dünyanı yenidən görmək kimi
gözəl alternativ təklif edirəm. Çox real olan
alternativ! Allah bu dünyaya günəş verib ki, yer
işıqlı olsun! Bütün canlılara və
insana göz verib ki, bu işıqlı dünyanı görə
bilsinlər. Görə bilmək
insanın həyatını asanlaşdırır və
gözəlləşdirir. İnsan baxaraq
sevib-sevilə bilir. O görərək sevinə və
sevindirə də bilir. Gözlər, Allahın
insana bəxş etdiyi ən böyük nemətdir. Gözdən əlillik də ən ağır əlillik
sayılır. Bunu sən yaxşı
bilirsən. Gəlmişəm ki, sənə
qulaq asım. Sənin fikirlərini dinləyim.
Uzun
sükutdan sonra Vasiliy dilləndi:
- Doktor,
heç bilmirəm hardan başlayım... Mən
bu həyatıma artıq vərdiş eləmişəm.
Ətrafdakılar məni kor hesab eləsələr
də, mən özümü kor saymıram. Mən əllərimlə "görürəm",
qulaqlarımla "görürəm". Siz
bilirsiz ki, kor insanların digər hissləri yaxşı
inkişaf edir. Baxın, mən bu zənbilləri
toxuyuram, onları görən əllərimlə toxuyuram.
Siz mənim gözlərimi açsanız belə,
bu zənbilləri toxumaq üçün mən gözlərimi
yummalı olacam. Mənim dünya
haqqında, həyat yoldaşım, uşaqlarım haqqında
öz təsəvvürüm var. Bu təsəvvürlərin
içərisində də özümü rahat və
xoşbəxt hiss eləyirəm. Hə, hə xoşbəxt
hiss eləyirəm! Mən öz həyat
yoldaşımı heç vaxt görməmişəm, amma
onu dünyanın ən gözəl xanımı olaraq təsəvvür
eləyirəm. O, mənimçün həmişə -
hətta ömrümün sonuna qədər elə gözəl
görünüşdə də qalacaq. Mən
onu həmişə dəyişməz məhəbbətlə
sevəcəm. Siz mənim gözlərimi
açsanız, ətrafımda yad insanlar görəcəm.
O insanlara mən yenidən necə uyğunlaşacam? Axı
onlar mən təsəvvür elədiyimdən tam fərqli
görünüşdə ola bilərlər.
Siz gözlülərin dünyası müqayisələr
üzərində qurulub: "kim daha gözəldir, kimin daha
çox malı, mülkü var, ən böyük malikanə
kimdədir, kimin maşını daha bahalı, daha sürətlidir".
Siz ən gözəl saydığınız,
sevdiyiniz xanımla evlənirsiz. Beş ildən
sonra siz onu daha cavan biri ilə müqayisə eləyib məyus
olursuz, çox hallarda sevdaya, əlbəttə ki, müvəqqəti
sevdaya düşürsüz. Mənim
heç kimi və heç nəyi müqayisə eləmək
imkanım olmadığından xoşbəxtəm. Bax
ona görə də müqayisələr üzərində
qurulmuş siz gözlülərin dünyasında heç kim xoşbəxt ola bilmir. Hətta
aranızda olan ən gözəl və ən dövlətli
insan belə xoşbəxt deyil. Əvvəllər
mən televizora qulaq asırdım, daha qulaq asmıram. Əvvəllər açar deşiyindən baxmaq
eyib sayılırdı, indi açar deşiyini televizor əvəz
edib və daha heç nə eyib deyil. İnsanlar
ən çox nəyi görmək istəyirlər, bilirsiniz?
- Nəyi
görmək istəyir?
-
Bir-birinin eybini! Məgər gözlər sizə
buna görə verilib?! Siz gözlüləri
ən çox sevindirən bilirsiz nədir?
- Nədir?
-
Başqasının yıxılmağına baxmaq,
başqasının uğursuzluğunu seyr eləmək! Siz mənim gözümü açan kimi mənim əlilliyimi
əlimdən alacaqlar. Özümə iş axtarmalı
olacam. Yaltaqlıq, paxıllıq,
ikiüzlülük meyarları ilə işləyən
hansı kollektivdə mən öz yerimi tapa bilərəm?!
Mənim yaşadığım bu gözəl
dünyamın əvəzinə siz mənə hansı
dünyanı təklif eləyirsiz?!
gGeri
qayıdanda sürücü başını bir qədər
yana döndərərək arxa oturacaqda oturmuş Kamil həkimdən
soruşdu:
- Doktor,
Vasiliy haqda nə düşünürsüz?
Bayaqdan
gözlərini yummuş Kamil həkim bir qədər
sükutdan sonra elə gözlərini açmadan dedi:
- Əziz Aleksandr Borisoviç, insan bu
dünyaya xoşbəxt olmaqçün gəlir. Sənin
qardaşın Vasiliy müqayisələrin
mümkünsüz olduğu qaranlıq dünyasında öz
xoşbəxtliyini tapıb. Biz də səninlə
işıqlı dünyamızda - bu sonsuz müqayisələr
dünyasında öz xoşbəxtliyimizi tapmağa çalışaq.
Ədalət 2018.- 21 avqust.-
S.10-11.