"QƏZƏLDİR GÜLİ-BUSİTANİ HÜNƏR"

 

Şərq ədəbiyyatında ən çox işlənən demək olar ki, əsrlər boyu şeir formaları içərisində populyarlığını itirməyən qəzəlin vətəni Ərəbistandır. Mərhum ədəbiyyatşünas, professor Azadə Rüstəmovanın "Klassik Azərbaycan poeziyasında qəzəl" monoqrafiyasında və həmçinin bizim "Azərbaycan qəzəli (2018) kitabında bu haqda xeyli maraqlı bilgillərlə qarşılaşa bilərsiniz. A. Rüstəmova yazırdı: "Dövrümüzə qədər gəlib çatmış faktik materiallar ərəb qəzəlinin ilkin nümunələrini qəsidələrin nəsib hissəsi şəklində bizə təqdim edir. Buradan da tədqiqatçılar VII əsrə qədərki ərəb poeziyasında qəzəlin müstəqil bir şeir növü olmayıb, qəsidənin mütləq tərkib hissəsinə daxil olduğuondan nəşət aldığı nəticəsinə gəlirlər.

Ərəb ədəbiyyatında ilk qəzəlxan şair Ömər ibn Əbu Rəbiə (655-712) sayılır. Azadə xanım qəzəl haqqında ilk fikir söyləyən müəllifi də bizə nişan verir: "Orta əsrlərin ədəbiyyat nəzəriyyəsinə dair kitablar içərisində ilk dəfə qəzəlin tərifinə IX-X yüzilliklərdə yaşayıb-yaratmış Qüdamə ibn Cəfərin "Nəqd-əş-şeir" əsərində təsadüf edirik: "Qəzəl - bu məhz məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir". Amma illər, əsrlər keçəcək, qəzəlin mövzu dairəsi genişlənəcək, dini, fəlsəfi, ictimai-siyasis. temalarda da bu janrın gözəl nümunələri yaranacaq. Azərbaycan ədəbiyyatında ilk qəzəl nümunələrini XI əsrdə Qətran Təbrizi yaratmışdır. Sonrakı əsrdə isə Nizami Gəncəvi, Xaqani Şirvani, Əbülüla, Fələki, Mücirəddin Beyləqani, Qivami Mütərrizi kimi qəzəl şairləri öz istedadlarını nümayiş etdirmişlər. Onların yazdığı qəzəllər əsasən fars dilində idi, çünki o zaman fars dili hakim ədəbi dil idi. Azərbaycan dilində ilk qəzəlin müəllifi XIII əsrin sonları, XIV əsrin əvvəllərində yaşamış Həsənoğlu olmuşdür. Bundan sonra qəzəl janrı klassik poeziyamızın ən aparıcı şeir formasına çevrilmişdir. XIV əsrdə Qazi Bürhanəddin və İmadəddin Nəsimi, XV-XVI əsrlərdə Kişvəri, Həbibi, Süruri, Bəsiri, Hamidi, Xəlili, Xəzani, Şahi, Şah İsmayıl Xətai və nəhayət, Füzuli kimi qəzəl ustadları yetişir.

Bunlardan Nəsiminin, Xətainin və Füzulinin qəzəlləri öz bədii mükəmməlliyi ilə daha çox diqqəti cəlb edir. Azərbaycan poeziyası Füzulinin ana dilində yazdığı qəzəlləri ilə bir yüksəliş dövrü keçirir. Füzulinin "Leyli və Məcnun" poemasında "Qəzəldir səfabəxşi-əhli-nəzər, Qəzəldir güli-busitani-hünər. Qəzəl de ki, məşhuri-dövran ola, Oxumaq da, yazmaq da asan ola" misraları qəzəlin necə populyar, insan hisslərini, həyata, gözəlliyə münasibətini ifadə edən bir janr olduğunu sübut edir.

Füzulidən sonra da qəzəlin bir çox ustadları yetişdi - Saib Təbrizi, Qövsi Təbrizi, Seyid Əzim Şirvani, Natəvan, Nəbati kimi qəzəlxanlar bu klassik formanın əzəmətini, möhtəşəmliyini qoruyub saxladılar. Nəhayət, XX əsrdə qəzəlin son mogikanı-Əliağa Vahid kimi bir ustad xalqın çox sevdiyi bir qəzəlxan kimi məşhurlaşır. Onun qəzəllərində doğma dilimizin gözəllikləri, incəliyi, zərifliyi əks olunur, muğam ifaçıları Vahid qəzəllərini dünyaya yayırlar. Sovet dönəmində qəzələ qarşı müəyyən təzyiqlər olsa da, qəzəl yenə də yaşadı. Süleyman Rüstəm və Mirmehdi Seyidzadə, daha sonralar Əliağa Bakir, Ələkbər Şahid, Seyidağa, Hacı Mail, Hacı Ələmdar, Şahin Fazil kimi şairlər qəzələ yeni ruh, yeni məna çalarları gətirdilər. İndi bu ənənəni müasir Azərbaycan poeziyasında davam etdirən yeni qəzəl şairləri yetişir. Xüsusilə, cavanlar arasında da (İlqar Fəhmi, Əvəz Qurbanlı, Arif Buzovnalı, Sona Xəyal, Yasin Xəlil) qəzələ meyl artır. Son illərdə öz qəzəl yaradıcılığı ilə diqqəti cəlb edən şairlərdən biri də Baxşəli Əliyevdir. Onunla qısa bir neçə söhbətdə hiss etdim ki, arif adamdır, qəzələ meyl isə təsadüfi deyil. Əruza da az-çox bələdliyi var. Ruh adamıdır. Və ən başlıcası, hiss olunur ki, Azərbaycan qəzəl aləminə, Füzulinin, Seyid Əzms Şirvaninin, Nəbatinin, Əliağa Vahidin qəzəllərini dərindən mütaliə edib, onlardan öyrənib, amma heç kimi təkrar eləməyib.

Hacı Baxşəli Əliyevin qəzəlləri klassik poeziyada ən çox işlənən sevgi, aşiq-məşuq münasibətləri, gözəlin tərifi kimi ənənəvi mövzularda yazılıb. Bu qəzəllərin əsas qəhrəmanı Aşiqdir. Bu Aşiq məhəbbət fədaisidir. Eşqin yolunda hər cəfaya, hər zülmə dözür. Niyə? Ona görə ki, bu məhəbbət onu bir insan kimi kamilləşdirir, mənən saflaşdırır. Eşqinə sadiqdir.

 

Eşqə sadiqliyimi cümlə-cahan bildi müdam,

Mənə aşiqlər hamı eşqdə sarvan dedilər.

Nə qədər cövr eləyib, dözmüşəm hər zülmünə mən,

Dönmədim zərrə qədər, "sadiqi-peyman" dedilər.

 

Hüsni-Yusifdi məni dəhrdə zindanə salan,

Tab edir cövrə görüb, "Yusifi-Kənan" dedilər.

 

Aşiqliyin mahiyyəti nədir? Klassik ədəbiyyatımızda bu xüsusda çox fikirlər söylənilib. Xüsusilə dahi Füzulidə. Məsələn, Füzuli deyirdi ki: Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq,Sənə əskik deyil, göydən yağar, yerdən bitər, aşiq" - yəni sənin camalına günaşiqdi, fərq eləməz ki, göydənmi, yerdənmi bitər aşiq. Aşiqin işi gözəli sevməkdir, bu sevgi yolunda hətta canını da fəda edə bilər. Hacı Baxşəli deyir:

 

Cananə "can" deməklə candan ki, can kəm olmaz,

Cananəyə can versən, şadəm ki, ta qəm olmaz.

 

Hacı Baxşəlinin qəzəllərində Aşiqin-sevən insanın iztirabları ilə bağlı şikayətlər, bu xüsusda özünü Məcnunla müqayisə etməsi ənənəvi qəzəl ədəbiyyatından gəlir.

Məcnunluq Aşiqliyin zirvə nöqtəsidir. O zirvəyə o adam ucala bilər ki, Leylisi üçün səhralara düşsün, çeşmi-giryan olsun, həsrəti-yar olsun. Əlbəttə, indi-XXI əsrdə həqiqi məhəbbətlə sevən Məcnunların sayı azalıb, amma Məcnunluq yaşayır. Hacı Baxşəlinin təqdim elədiyi Aşiq o nadir Məcnunlardan biridir. Bu Aşiqin dolğun səciyyəsi "Eləməz" rədifli qəzəlində bəllidir:

Əsil aşiq olan heç eşqə xəyanət eləməz,

Canı qurban eləyər yarına, minnət eləməz.

 

Eşqə aludə olan aşiqə eşq qəm gətirər,

Çəkər hey cövrü-cəfa, əslə xəyanət eləməz.

 

Verir öz aştqinə yar cəfanı eşq içrə,

Tab edər, naləvü ah etsə, qiyamət eləməz.

Yar özü yaxşı bilir,cövrü mənə naz kimidir,

Nazını bilməyənə sevgini qismət eləməz.

 

Bəllidir sirri bu eşq aləminin Baxşəliyə,

Ona naz etsə yarı, əsla məzəımmət eləməz.

 

İstər klassik qəzəllər olsun, istərsə bu gün yazılan qəzəllərgaşiq-məşuq münasibətləri aparıcı xətlərdən biri olmalıdır. Aşiqliyin məğzi, mahiyyəti məhz bu münasibətdə öz əksini tapmalıdır. Aşiq -sevən insan kimə aşiqdir? Bu sevgili yar böyük məhəbbətin obyekti, Aşiqin isə subyekti ola bilərmi? Bu məqamda böyük qəzəl ustadı Ə.Vahidin bir qəzəli yada düşür: "Sevirəm mən o nəzakətli gözəl dilbəri ki, Musiqi elmini, rəssamı, qəzəlxanı sevir. Piri könlüm gəlir ilahamə, görürkən hərdən, Bir nəzakətli gözəl qız gözəl oğlanı sevir".

 

Arxayın ol ki, səni sevgili dildar bilirəm,

Ta əzəldən, gözəlim, əhdə vəfan var, bilirəm.

 

O qədər vardı könüldə sənə eşqim, gözəlim,

Özümü Məcnun ilən daima həmkar bilirəm.

 

Sən mənim qönçə gülüm, mən sənin bülbülünəm,

Bizi kim ayrı salarsa, onu mən xar bilirəm.

 

Sevgilim, xoşdu mənə şəminə pərvanə olam,

qəmim varsa, inan, tək səni qəmxar bilirəm.

 

Meyli bu Baxşəlinin xeyli zamandır, sənə var,

Səndədir əhdi-vəfa, yari-vəfadar, bilirəm.

 

Hacı Baxşəlinin qəzəllərinin dili sadədir.

Təbii ki, bu qəzəllərdə klassik qəzəllərdən gələn sözlər, ifadələr, tərkiblər var, amma bunlar mətndə təmiz Azərbaycan sözləri ilə qaynayıb-qarışıb. Qəzəldə xəlqiliyə, dilimizin öz ruhuna sədaqəti biz Füzulidə , Seyid Əzim Şirvanidə , Nəbatidə , Vahiddə , Süleyman Rüstəmdə izləmişik. Daha çox Vahiddə Süleyman Rüstəmdə. XX əsrin qəzəl şairləri , əksərən qəzəldə Azərbaycan dilinin gözəlliklərini nümayiş etdirməyə çalışıblar. Hacı Baxşəlinin qəzəllərində biz dilimizin şeiriyyət dolu gözəlliklərini hiss edirik.

 

Yetirib dövri-zaman aşiqi-divanə məni,

Leylimin eşqi tanıtdırdı bu dövranə məni.

 

Bu qəzəlin birinci beytində "dövri-zaman", "aşiqi-divanə" kimi fars-ərəb tərkibli ifadələrə rast gəlirik. Amma bu ifadələr-tərkiblər çoxdan azərbaycanlaşıb.

 

Yanağı sanki günəşdir, saçır hər yanə şəfəq,

Şəm rüxsarı edib hüsnünə pərvanə məni.

 

Gecə-gündüz yanıram, yetməyirəm vəslinə mən,

Nola, Tanrım yetirə sevgili-cananə məni.

Əlinə dəysə əlim, od tutaram, bil ki, gülüm,

Öpərəm ləblərini salsa belə qanə məni.

 

Hiss edirsinizmi, bu qəzəldə ərəb-fars tərkibli sözlər mətnə qətiyyən xələl gətirmir. Onları müəllif beytlərdə elə işlədib, sıralayıb ki, sanki əzəldən bizim sözlərmiş.

Hacı Baxşəlinin qəzəllərində dil, bədii təsvir vasitələri canlıdır, şirəlidir, kimsə bu qəzəllərdəki deyim tərzinə irad tuta bilməz. Klassik poeziyaya yaxşı bələddir Hacı Baxşəli bəzi qəzəllərində bizim ustadların söylədiklərini çox sadə şəkildə bizə çatdırır.

 

Kirpiyindən oxunu qoy kamana, çək yayını,

Ovçum ol, seç gözəlim, tiğinə nişanə məni.

Azərbaycan poeziyasında ta Nizamidən başlayaraq süjetli qəzəl nümunələri yaratmağa da meyl olmuşdur. Nizaminin "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi" misrasıyla başlayan qəzəlini xatırlayıb. Bu qəzəl sanki şirin bir eşq dastanının bir vərəqini xatırladır. Seyid Əzimdə , Vahiddə belə qəzəllər az deyil. Hacı Baxşəlinin "Bu gecə" rədifli qəzəli "gecə əhvalatı" üzərində qurulub

 

ola, kaş ki, gələ sevdiyim afət bu gecə,

Vəslinə yetməyim olsun mənə qismət bu gecə.

 

Basa ta bağrına, bir busə ilə şad eləyə,

Sevgisin isbat edib, həm edə sərməst bu gecə.

 

Zülfünü yanə atıb, göstərə gül çöhrəsini,

Opəm hey bal ləbini, eyləyə ləzzət bu gecə.

 

Candan artıq sevənim-Baxşəlinin arzusudur,

Qovuşa sevgisinə, kaş ola xoşbəxt bu gecə.

 

Azərbaycan qəzəli romantik hisslər çələngidir, - desəm, qətiyyən yanılmaram. Arzu, xəyal, vüsal həsrəti, hicran əzabı-bu romantik hisslərin qanadlarıdır. Klassik qəzəllərimizdə olduğu kimi, XXI əsrin qəzəllərində də o romantika yaşayır. Aşiq xoşbəxtliyə can atır-bu yolda çox cəfalar görür, məşəqqətlərə dözür, yenə sevdiyi gözəlin əğyarə uymasından şikayət edir, amma bu həyat onu usandırmır, çünki sevgi onu kamilləşdirir, naqislikdən, bədxahlıqdan, pis əməllərdən çəkindirir.

 

Sən ki getdin, mənə qəm, qüssə, kədər sirdaş olub,

Dərd-qəmin yollarını eşq ilə bərbad elə sən.

 

Həmdəm ol Baxşəliyə, çün səni candan sevir o,

Ol vəfalı ona, bu eşqidə bir ad elə sən.

 

Hacı Baxşəlinin lirik qəhrəmanı-sevən Aşiqi məhz romantik hisslərlə yaşayan, qəm, qüssə, kədərə boyun əyməyən bir insandır.

nəhayət, onu da qeyd edim ki, onun lirik qəhrəmanı bu dövrün, bu zəmanənin adamıdır, özünü bu Vətən torpağında xoşbəxt hesab edir. Çünki Vətəndə sevdalı insanlar da çoxdur, sevgiyə layiq gözəllər ... mən Hacının qəzəlləri haqqında söhbətimi onun bu beytləri ilə bitirirəm:

 

Afət, öyünüb, eyləmə israr vətənimdə,

Səndən gözəl nazlı nigar var vətənimdə.

 

Dur gəl, elimin şahidi ol, gör qədərdir,

Naz-qəmzədən canlar alan yar vətənimdə.

 

Şəkkər dil ilə Baxşəlini dindir, əzizim,

Qoyma qala o həsrəti-didar vətənimdə.

 

Ədalət 2018.- 25 avqust.- S.15.