Oğuz Ayvaz

 

"Səni sevirəm sözünün kəşfi"

 

sevmək başqa bir ömrə səyahətmiş sən demə

biletimi almışam, cibimdədi

özüm gedəcəm bu yolu,

əllərimdə illərin yorğunluğu...

"səni sevirəm"i axtaracam yol xəritəmdə

görən, harasında gizlənib bu müdhiş cümlə

hansı küncündə ağlayır

hansı bucağında darıxır

hansı köşəsində sevinir... bilmirəm...

elə bir şəhər olmalı mütləq

bir kaşifin tapıb ortaya çıxardığı

adını "səni sevirəm" qoyduğu

turistlərin axışdığı şəhər

bələdçilərin xoşbəxtcəsinə danışdığı

küçələr, parklar, muzeylər...

adamların şəkil çəkdirdiyi...

hansı xoşbəxt bucaqda...

hansı uşaq çığırtısında...

hansı yağışlardan qoruyan ağaclarda...

o şəhər hardadır görən

o şəhərdə yaşayan varmı

ölən varmı

bilirəm, o şəhərdə adamların cibi üşümür

maşınların səs-küyü yox orda

zibil qabları da gözə dəymir.

uşaqların göz yaşı şeirdir o şəhərdə

qocaların yerişi nəğmə...

gecələr düşmür o şəhərə

bəyazlara bürünüb yatır gecə...

 

Ədalət  2018.- 25 avqust.- S.14.