"Mənim Naxçıvan dünyam"
Yeni kitab barəsində
düşüncələrim
Hüseyn ƏSGƏROV
Yazıçı-publisist,
Əməkdar jurnalist
Masamın üstündə çapdan yeni çıxmış "Mənim Naxçıvan dünyam" adlı kitabla üz-üzə, göz-gözəyəm. Müəllifi "Şərq qapısı" qəzetinin məsul katibi, "Tərəqqi" medallı Muxtar Məmmədoğludur.
Onun 60 yaşına hesabatı olan kitabında son illər müxtəlif mətbuat orqanlarında dərc edilmiş publisistik yazıları yer alıb.
İctimai həyata müxtəlif rakuslardan yanaşan müəllifin məqalə, reportaj, müsahibə, zarisovka və esselərinin əsas qayəsini Vətənə, torpağa məhəbbət hissləri təşkil edir. Yazılardan yaranan ilkin təəssürat belədir ki, Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Doğulduğun el-obadan, dağının, dərəsinin minbir çiçək çələngindən sinənə çəkdiyin ətrindən, dupduru bulaqlarından içdiyin sudan, insanlara sevgi yarpaqlayan çinarlardan, yaşıl düzlərindən, başı ağ çalmalı dağlarından başlanır Vətən. Vətən o zaman Vətən olur ki, onun uğrunda canından keçməyə hazır olan, inkişafına, tərəqqisinə çalışan övladları var.
"Vətənə, xalqa, dövlətə bağlılıq yolu" adlı yazısında qeyd etdiyi kimi: "Təzadlarla dolu olan yaşadığımız həyatda insan ömrü çox qısadır. Ulu Dədə Qorqud deyirdi: "Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya". Məsələ bu qısa zaman kəsiyində ömrü necə yaşamaqdır ki, cəmiyyət üçün faydalı işlər görə biləsən. Bu ömrü kamil insanlar öz yaxşı əməlləri ilə, necə deyərlər, uzada bilərlər. Həmin əməllərin fövqündə dayanan isə Ulu Tanrının bizə bəxş etdiyi ömrü doğruluqla başa vurmaq, həyatda doğru yol tutmaqdır".
Müəllifin hər bir yazısı qəlbinin dərinliklərindən su içir. O, yalnız gördüyü, inandığı, dürüstlüyünə əmin olduğu movzuları qələmə alır və beləcə də yazır:
"Doğruluq ciddi əxlaqi problemdir. Bu hiss, bu mənəvi keyfiyyət insanın daxili təmizliyidir, saflığıdır, mənsub olduğu xalqa sevgi və məhəbbətdir, dövlətə və dövlətçiliyə sədaqətdir.
Doğruluq obyektivlik meyarıdır, insan əməyinin əsl qiymətini verən ölçüdür. Yalnız bu yolla güclü şəxsiyyətə çevrilmək olar".
Muxtar müəllim jurnalistikanın müxtəlif janrlarında qələmə aldığı yazılarda məhz bu prinsipə söykənir, obyektiv və prinsipial bir mövqe sərgiləyir. O, ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ordubaddan Naxçıvana gələrək "Şərq qapısı" qəzetində peşəkar jurnalistika ilə məşğul olmağa başlamış, saysız-hesabsız yazıları ilə oxucu sevgisi qazanmışdır. Bu gün publisistika ilə məşğul olan qələm sahiblərinin əksəriyyətini gənclər təşkil edir.
Qəzetdə mütəmadi olaraq imzası görünən yaşlı nəsil publisistlərinin sonuncu nümayəndəsi yalnız Muxtar Məmmədoğludur, - desəm, yəqin ki, yanılmaram.
Muxtar müəllimin son illər dərc edilmiş yazılarını müntəzəm olaraq izləyirəm və onun hünər və cəfakeşliyini kitaba ön sözümlə dəyərləndirmə imkanı əldə etmişəm. Təcrübəmdən deyə bilərəm ki, publisistika çətin bir sahədir, bu, elə bir işdir ki, gərək ürəyini qoyasan, hər cümlədə qəlbinin işığı görünə. İncəsənət barədə hamıya bəlli olan bu fikri imporvizasiya etsək, belə də deyə bilərik: "Publisistika qurban tələb edir".
Çağdaş cəmiyyətdəki ictimai fikrə təsir etmək, onu məqsədyönlü şəkildə formalaşdırmaq, sosial-siyasi qurumlara fəal şəkildə təsir göstərərək onları daha da möhkəmləndirmək publisistikanın başlıca ictimai funksiyasıdır. Publisistika daim çağdaş cəmiyyətdəki mütərəqqi sosial-əxlaqi ideala uyğun olaraq hərəkət edir, onu əldə əsas tutur. Muxtar Məmmədoğlu bu kitabı ərsəyə gətirəndə məhz bu qaydalara söykənib, peşəkarlıq başlıca şərtə çevrilib.
Muxtar müəllimin jurnalistikada keçən ömrünün ən məhsuldar dövrü yeni kitabında öz əksini tapır. Tarixi varislik əlaqələrinə əsasən xalqımızın uzun əsrlər boyu formalaşmış elmi, mədəni və mənəvi dəyərlərinin davam etdirilməsi, ictimai siyasi fikrin və ədəbi-bədii prosesin daha da genişləndirilməsi bu yazıların ruhunu təşkil edir. Məqalələrin əksəriyyəti istər emosionallığı, istər hiss və həyəcanların bədii təsvirindəki orijinallığı, istər cəsarəti, istərsə də müəllif yanaşmasının qeyri-adiliyi ilə diqqət çəkir və yaddaşda qalır. Müəllif görüntünü bütün gözəlliyi və detalları ilə obrazlı təsvir etməyə çalışır və istəyinə nail olur.
Müəllifin publisistikası həm də elmi təfəkkürü özündə bütöv şəkildə təcəssüm etdirməsi, canlandırması ilə, nəticədə oxucu kütləsinə daha güclü, effektiv təsiri ilə fərqlənir, seçilir. Onun müraciət etdiyi mövzular ümumbəşəri problemlərə xor baxmayan bir milliliyə, fəlsəfi lirizmə, poetik pafosa söykənir və müəllifin qələmində analitik təfəkkür süzgəcindən keçir. Qələmə aldığı mövzular olduqca aktualdır, müəllif qələmiylə tarixin keçmiş səhifələrində gəzişərkən belə, toxunduğu məsələlər yaşadığı cağdaş dövrün qayğılarıyla, problemləriylə tam səsləşir.
Kitabda "Müsahibələr", "Bir-birinə bəzəməyən həyat yolları", "Sərbəst", "Esselər", "Stolüsü kitablarım", "Qarış-qarış gəzdiyim yurd yerləri" bölmələri altında toplanan hər bir yazıda Azərbaycan dövlətçiliyinə sədaqət, mənəvi dəyərlərin qorunması ana xətti təşkil edir.
"Heydər Əliyev mübarizliyi xalqımızı düşdüyü bəlalardan qurtardı", "Vətən, dövlət, millət ən böyük milli dəyərlərimizdir", "Bəşər sivilizasiyasının başlanğıc məkanı: Naxçıvan" və digər yazılar müsahibə janrında olsa da, ulu öndər Heydər Əliyevin əzəmətli portreti yaradılır.
Söhbət əsnasında ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 90-cı illərin acılı-şirinli mənzərələri göz önündən keçir. Bu əhvalatların təsvirində bədiilik də var, obrazlılıq da.
Qələmə alınan əhvalatlarla reallıq arasında aparılan paralellər də uyarlıdır və bir Şəxsiyyətin böyüklüyünü, xarakterini, gördüyü işlərin əhəmiyyətini çatdırmaq baxımından da diqqət çəkir. Bu xarakterli yazıların əksəriyyətində tarixə müraciət var. Amma hər müraciətdə bir bədiilik, hər yazıda əvvəlcədən qurulmuş kompozisiya, süjet axıcılığı və hər sonluqda vurulan bir məntiqi yekun mövcuddur. Bir də gözlənilməz keçidlər. Müəllif hər dəfə məqaləyə elə bir tərzdə giriş verir ki, söhbətin tamamilə başqa istiqamətə, başqa mövzuya gedəcəyini düşünürsən, amma birdən-birə gözlənilməz bir keçid onu düşündüyündən daha ciddi istiqamətə, daha ciddi yönə doğru aparır. Sadalanan bütün bu xüsusiyyətlər isə publisistik material üçün vacib olan elementlər, Muxtar müəllimin yazılarını oxunaqlı edən, onları digər yazılardan fərqləndirən çalarlardır. Akademik Zərifə xanım Əliyevadan bəhs edən "Böyük ana haqqında düşüncələr"də olduğu kimi: "Çoxlarınıza əlçatmaz kimi görünən ucalıq adlı bir zirvəni fəth etmək hamıya qismət olmur. Çünki bu zirvəyə gedən yol hamar deyil, dolaylardan keçir. Çünki bu zirvəyə gedən yolun hər addımı Vətənə, torpağa, xalqa, insana bağlılıqdan, dar ayaqda ona arxa durmaqdan, ömrünün mənasını bu yolda görməkdən qurulmalıdır. Məhz bu vaxt qazanılan hər nə varsa, onun sevinci insan ömrünə fərəh gətirir. Bu sevinc də, fərəh də qəlblərdə daim yaşayır, xatırlanır".
Tarixi mövzulara da müəllif tez-tez üz tutur. Bu yazıları oxuduqca tarix yollarından zülmə, köləliyə dözməyən azadlıq carçısı Babəklərin, Koroğluların, Qazan xanların, öz doğma, ulu köklərindən pöhrələyib ayağa qalxan, öz dövlətini yaradan Şəmsəddin Eldəgizlərin, öz bulağından əbədi dirilik suyu içən elmi, ədəbi-bədii fikir cahangirləri Məhəmməd ağa Şahtaxtlıların, Mirzə Cəlillərin, Hüseyn Cavidlərin, Bəhruz Kəngərlilərin səsi gəlir. Min illər əvvəlin bu günümüzə, sabahımıza yazılan məktublarından - sirli salnamələrindən - möcüzəli xalçalarından analarımızın bayatıları, oxşamaları, ninni çəkən nənələrimizin nağıl, dastan dünyası boylanır, qədim əlyazmalarında, miniatürlərində, neçə min yaşlı daş oymalarında, qayaüstü təsvirlərində ruhumuz çiçəkləyir, dilimiz dil açır; min bir dərdin dərmanı olan bulaqlarında, kəhrizlərində, qaynarçalarında qəlbimiz-qanımız qaynayır.
Kitabın "Esselər" bölməsində toplanan yazılarda informasiya bədii yanaşma ilə müşayiət olunur. "Azadlıq elə bir şirin nemətdir ki, o, özünə, tarixi keçmişinə, soykökünə hörmət etməyi bacaran xalqların qismətinə düşür. O xalqların övladları da vətənpərvər böyüyürlər, doğulduqları yurd yeri onlar üçün səcdəgah qədər qiymətli olur. Belələri öz yurdunun azaldığa qovuşması yolunda canlarından keçməyi şərəf işi hesab edirlər. Çünki azadlıq heç kəsə elə-belə verilmir, qazanılır. Bu yolda qanlar tökülür, qurbanlar verilir. Şəhidlik zirvələri fəth olunur. Elə xalqın azadlıq, müstəqillik tarixi də onda yazılır".
Mətbuat və mətbuat işçiləri barədə yazıların kitabda geniş yer alması anlaşılan və başadüşüləndir. Haqqında bəhs olunan hər bir qələm sahibi müəllif üçün doğmadır, əzizdir. Müəllif onların daxili dünyasını işıqlandırmaqla sanki özünü də təqdim edir. İstedadlı qələm sahibi, "Şərurun səsi" qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Məmmədov haqqında oçerk də məhz bu prizmadan oxuculara sevilə-sevilə təqdim edilir.
Müəllif həyatdan köçən jurnalistlərdən əziz bir adamı kimi bəhs edir. Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, mərhum Cəfər Əliyevi haqqında qələmə alınmış "Dost itkisi ağır olur, Cəfər müəllim" essesindəki cümlələr nekroloq deyil, sanki qəbirüstü epitafiyalardır: "Neçə gündür sənsizik. Ömrünün bu çağında səni yaman yerdə yaxaladı ürəyin. Bu vəfasızlıq yaxınlarını, doğmalarını yandırdı, yaxdı.
Hələ çox yandırıb yaxacaq-köhnəlmiş qəzet səhifələrində yazılarını gördükcə, təbəssümlü baxışlarını, şaqraq gülüşünü, duzlu-məzəli söhbətlərini xatırladıqca gözümüz axtaracaq səni-toyda, nişanda, iclasda görmədikcə içimiz göynəyəcək".
Yeni kitab
oxuculara müəllifin 60 yaşı
haqladığı bir vaxtda
təqdim olunur. Mən bu
kitabı Muxtar müəllimin 60 yaşa bir
yaradıcılıq hesabatı kimi dəyərləndirir,
əziz dostumu, sənətinin cəfakeşi
olan səmimi insanı ürəkdən təbrik
edir, arzularına
qovuşmasınıı diləyirəm.
Ədalət 2018.- 25 avqust.-
S.13.