Ruhun şad olsun, Böyükxan
Bağırlı!
Eldən gedən adam barəsində yazılmış kitab haqqında...
Adətən yeni nəşrlər, xüsusilə ədəbi
kitablar barəsində
yazı yazmağa daha çox maraq göstərirəm. Çünki həmin kitablarda təkcə müəllifin
düşüncələri, duyğuları, istəkləri
ilə deyil, həm də özümün həmin
o duyğularım, fikirlərim
fonunda yaşantılarımı
görürəm, təxmin
edirəm. Bu da bir qələm
adamı kimi mənə həm müsbət impuls verir, həm də mənim sözə sevgimi artırır, cilalayır.
Bu, məsələnin bir tərəfi. O ki qaldı söylədiyim
fikrin ikinci tərəfinə, mən
birmənalı şəkildə
vurğulayıram ki, oxuduğum bədii əsərlər məni həm də həmkarımla, yəni əsərlərin müəlliflərilə
yaxınlaşdırır, doğmalaşdırır. Mən
o əsərlərdə müəlliflərin
özlərini görürəm...
Amma elə kitablar var ki,
onları oxuyanda məni xatirələr ağuşuna alır, məni xəyal öz qanadları üstünə götürür. Bu kitablar öz vərəqlərinə hopdurduğu
həyatı mənim
gözlərimin önündə
kino lenti kimi sərgiləyir.
Doğrudur, bu kitablara bəzən biz xatirə ədəbiyyatının nümunəsi
kimi baxırıq.
Amma mən bunu xatirədən
daha çox yaşanmışların, tarixin
bir parçası kimi baxmağa üstünlük verirəm.
Çünki xatırlanan
deməli yaşayıbdı!
Və əgər yaşayıbdısa,
o, tarixdə iz qoyub, tarixin bir məqamının daşıyıcısıdır. Deməli, onda müdriklər, tanınmışlar, sayılanlar,
seçilənlər barəsində
yazılmış kitablar
həm də tarixin özü barəsindədir.
İndi mənə təqdim olunmuş və bir neçə gündür ki, təkrar-təkrar gözdən
keçirdiyim "Sübh
yuxusu" adlı kitab mərhum yazıçı-publisist Böyükxan
Bağırlıya məxsusdur. Yəqin ki,
bu imzanı diqqətli oxucular tanıyırlar, yaddaşlarına
yazıblar. Mən şəxsən
bu imzanı kifayət qədər tanıyıram. Doğrudur, rəhmətlik
Böyükxan müəllimlə
şəxsi təmasım,
şəxsi münasibətim
olmayıb, necə deyərlər, yollarımız
kəsişməyib. Amma mən
onunla jurnalistlərin tədbirlərində, qurultayında
qarşılaşmışam. Və bundan əlavə onun barəsində dövrü mətbuatda yazılanları da, xüsusilə "Ədalət"də
çap edilmiş məqalələri də
maraqla oxumuşam.
Və heç ağlıma da gətirməmişəm
ki, nə vaxtsa onun barəsində
xatirələr oxuyacam
və yaxud da yazı yazacam.
Görünür, ən böyük
hakim olan zaman bunu da mənim
bəxtimə, taleyimə
yazıbmış. Və
mən indi yazı masamın üstündə olan kitabın üz qabığındakı şəklə
baxa-baxa bu kitabın içərisindəki
xatirələri sanki yenidən oxuyuram...
Yeri gəlmişkən
vurğulayım ki, kitabın redaktoru, dəyərli yazıçı-publisist,
"Ədalət"in oxucularının
kifayət qədər
tanıdığı ağsaqqal
dostum Əlövsət
Bəşirlidir. Əlövsət müəllim həm
də bu kitaba bir növü
ön sözü xatırladan redaktor yazısını əlavə
edib. Həmin yazını nöqtə
vergülünə qədər
oxuyanda bu qənaətə gəldim
ki, Əlövsət Bəşirli Böyükxan
Bağırlının cismən
ayrılığını sinirə bilmir. Çünki bu dünyada
yaxşıları, sevdiklərini,
güvəndiklərini itirməyin
acısına dözmək
çox çətindir.
Xüsusilə əgər itirdiyin
sənin gözünün
önündə pillə-pillə
qalxırsa, yüksəlirsə,
bu doğrudan-doğruya
çox dözülməz
ağrı olur onu itirəndə.
"Tanrının ömür
payı" adlı yazının müəllifi
Əlövsət Bəşirli
vurğulayır ki,
"İndi ötüb
keçənləri xatırlayanda
ömrümün həmin
illəri gözlərimin
önündə bütün
aydınlığı ilə
canlanır. Sanki dünən
olub, az
qala yarım əsr əvvəl yox, lap dünən "Yeni gün" qəzeti redaksiyasında. Qapı astaca döyülür, bir qədər arıq, orta boylu cavan, nigaran
baxışlı oğlan
astanada görünür.
Ayağa
durub qarşılayıram.
Salamlaşıb tanış oluram".
Bəli,
bu bir neçə
cümlə artıq Əlövsət Bəşirlinin
barəsində son dərəcə
kövrək notlara köklənmiş xatirə
nekroloqun qəhrəmanı
olan Böyükxan Bağırlının kimliyi
gəlib durur gözümün qarşısında.
Və elə həmin yazıyla da Böyükxan Bağırlı
Cəlilabadın "Yeni
gün" qəzetinin
sıravi əməkdaşından
redaktoruna qədər
yol keçir. Və maraqlıdır ki, mənim təxmin etdiyim bu qərarın yekununu da sanki
Əlövsət Bəşirli
öncədən hiss edərək
belə tamamlayır:
"Mən qətiyyətlə
deyirəm ki, yaradıcılığının qaynar çağında həyatdan köçən
istedadlı qələm
dostumuz ömrü boyu ləyaqətlə yaşayıb-yaradıb. Ürəklərə yol tapan sözləri,
əsərləri bu dünyada onu mənən yaşadacaq".
Elə mənim də yazının əvvəlində
vurğuladığım fikrin
mahiyyəti bundan ibarət idi. Vurğulamışdım ki, xatırlanan
insan həm də tarixin, zamanın bir hissəsinin ifadəçisidir.
Bu mənada Böyükxan
Bağırlı haqqında
fikirlərini ifadə
edən ədəbiyyatşünas
alim Vaqif Yusifli vurğulayır ki, Böyükxan Bağırlı sadə və yığcam hekayələrin ustası
idi. Özü də həmin
fikirlər təkcə
bu kitabda deyil, Vaqif Yusiflinin
və digər ədəbiyyat adamlarının
Böyükxan müəllimlə
bağlı yazdıqları
məqalələrdə də
zaman-zaman öz əksini tapmışdı.
Kitabı vərəqləyirəm. Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Böyükxan müəllimi "Nəsillər arasında körpü olmağı bacaran adam", Əməkdar jurnalist, Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə "Xəyalımın böyük insanı", Jurnalist Araşdırmalar Mərkəzinin sədri, Əməkdar jurnalist Seymur Verdizadə "Onun sayəsində "Yeni gün" doğdu..." adlı məqalələrilə həm də Böyükxan Bağırlının şəxsiyyətini, istedadını ifadə ediblər. Maraqla oxuduğum "Günəbaxan ömrü" məqaləsinin müəllifi, yazıçı-publisist Loğman Rəşidzadə Böyükxan Bağırlı barəsində fikirlərini ifadə edərkən vurğulayıb ki, "Əziz qardaşım! Ömrü boyu beləcə, həssas, duyğulu, deyim ki, lap emosional səviyyədə ürək, qədirşünas yaşadın. Heç kimi incitmək, narahat etmək istəmədin. Təbiidir. Sənin o çabalarını anlayıram. Sağ olsaydın üzünə deyərdim. Amma nə etmək olar, incimə, bu gün ruhunun qulağına pıçıldamaq məcburiyyətindəyəm: sənin işıqlı simanı, aydın, bütöv obrazını mənim nəzərimdə heç nə dəyişə bilməz, nəinki xəstəlik, hətta ölüm belə".
Doğrudur, biz müəyyən prosedurları, etik qaydaları gözləyib bəzən dünyasını dəyişən və yaxud da yubileyi olan kiməsə bir az qədərindən artıq tərif söyləyir, bir az uyğun gəlməyən epitetlərdən istifadə edirik. Ancaq oxucu, dinləyici kimin kim olduğunu özü daha yaxşı bilir. Bax, bu mənada mənim sizə təqdim etdiyim kitabın müəllifi Böyükxan Bağırlı Azərbaycan mediasında haqqı və xidmətləri olan dəyərli həmkarlarımızdan biri olub. O, təkcə redaktor kimi qəzetin nəşri ilə məşğul olmayıb. O həm də qəzetlə nəfəs alıb, qəzeti yaşadıb, qəzetlə birlikdə yaşayıb. Üstəlik, o, öz çevrəsində bir işıq əhatəsi yaradıb. Buna nur çeşməsi də demək olar. Həmin işıqlar da sönməyən ulduzlardı. Yəni Azərbaycanda ədəbi missiya daşıyan dəyərli yazıçı-publisistlərimiz Meyxoş Abdulla, Hacı Əlizadə Sərdaroğlu, Ələddin Əzimi, Əfrahim Hüseynli, Mirkamil Mirxəliloğlu, Aydın Hüseynov, Camal Zeynaloğlu, Bilal Alarlı, Niyaz Niftiyev, Məzahir Süleymanzadə, Cəmil Həsənli... adlarını vurğuladığım bu şəxslərin, bu imza sahiblərinin hər biri oxucuya məlum ünvan sahibləridi. Onların barəsində danışdığım kitabda mərhum Böyükxan Bağırlı ilə əlaqəli xatirələrini oxumaq kifayət edər ki, "Yeni gün"ün sabiq redaktorunu yenidən tanıyasan, yenidən kəşf edəsən. Bu tanışlığa kitabın ikinci bölümü əlavə təkan verir. Həmin bölümdə Böyükxan Bağırlının hekayələri və "Arabasının aqibəti" povesti verilibdi. Son olaraq vurğulamaq istəyirəm ki, yenicə işıq üzü görmüş bu kitabın tərtibçisi Böyükxan müəllimin övladı Təranə Bağırovadı. Kitabın məsləhətçisi Bilal Alarlı. Necə deyərlər, valideyn, dost üçün çox diqqətlə, çox sayğıyla çalışmış bu yaradıcı kollektiv mərhum Böyükxan Bağırlının cismani ayrılığının ildönümünə bir hədiyyə, bir xatırlatma kimi əllərində kitab gəliblər. Zənnimcə, bu kitab təkcə onu araya-ərsəyə gətirənlər üçün deyil, həm də barəsində danışılan, yazılan və həmin şəxsin özünün yaradıcılıq nümunələrilə bir toplum təşkil edən canlı varlıqdı. Yəni oxuduqca səninlə danışır, oxuduqca səninlə üz-üzə dayanır.
Bu gün Böyükxanla ayrılığın bir ili arxada qalır. Amma bu ayrılıq cismanidi. O isə ruhən aramızdadı...
Ruhun şad
olsun, Böyükxan
Bağırlı!
Ədalət 2018.- 25 avqust.- S.13.