BƏNZƏRSİZLİK

 

Sabir RÜSTƏMOĞLU

 

ADPU-nun Ağcabədi

filialının dosenti, AYB

və AJB-nin üzvü

 

(əvvəli ötən saylarımızda)

 

"Yanıma" şeirində şair belə söyləyir:

- Qaranlıqdan ev düzəldib və xalı kimi hər tərəfimə dərd düzüb. Tanrı, işıq ver ki, dörd tərəfimi görüm. El didərgin düşüb və yurd dağılıb. Öc almaq Qurdun öhdəsinə düşüb. Qalanı hazır et, mən məhbusunam. Dörd tərəfi hasarla. Bərkim boş yerdə qaldı. Ərk elədim borca düşdüm. Məni "toxum kimi əkin". Dörd tərəfimə çiçək səpin.

 

Boşda qaldı bərkim mənim.

Borca saldı ərkim məni.

Toxum kimi əkin məni,

Çiçək səpin dörd yanıma.

 

Musa Urud "Qalmadı" şeirində yurdunun düşmənlər tərəfindən işğal edilməsi, oranın dağıdılması, doğma kəndi Uruddan ona pay qalmadığını qəmli notlarla söyləmişdir. Dünya yalançıdır və mənim başıma müsibət gəldi. Dağıldı alma bağım və bu dərdimi dünya nəzərə almadı. Hər şey öz başına və Allahın ümidinə qaldı. Ancaq daş kişilər yaşadı. Dünya heç kimə qalmadı. Ərikli dağı tək qaldı, onun qol-budağı qırıldı. Çiynimizi söykəməyə Ağrı dağı və ona tay heç nə olmadı. Boş ümiddən yararlanmadım. O yurdda daş da olub qalmadım. Musa Uruda isə Uruddan pay da düşmədi.

 

Yarımadım boş umuddan,

Bir daş olmadım o yurdda.

Musa Urudun Uruddan

Payı qalmadı, qalmadı.

 

Kitabın beşinci bölməsi "Poemalar" adlanır. Burada "Basayevin ayaqları" və "Bu dəstə hara gedir" poemaları yer alır. "Basayevin ayaqları" poemasında Çeçen xalqının Milli Qəhrəman oğlu Şamil Basayevin həyat yoluna nəzər salınır və 450 illik Çeçen xalqının azadlıq uğrunda döyüş yolu anılır. Mənasız şəkildə insan hüquqlarından danışan BMT-nin və ATƏT-in yarıtmaz işlərindən söz açılır. Şəhidləri qanlı köynəklərində dəfn edərlər. Müəllif bildirir ki, Şamil Basayevin ayaqlarını ayaqqabısında torpağa tapşırın.

 

Dağlı-dərəli, çaylı-bulaqlı

Qanlı-qadalı basdırın

Od - tutub yanan

Çeçen torpaqlarını!

 

Dəfn edin qanlı köynəklərində fahişə oğlanlarının zorladığı Çeçen qızlarını, əl-ayağını don aparmış ağzı dualı Çeçen qarılarını. Buz kimi çadırlarda, qarın içərisində vərəmə tutulan çeçen uşaqlarını. 450 ildir div əlindən od alan azadlıq üçün çarpışan Çeçen xalqı 450 ildir ki, Çeçen xalqı od içində, qaya və daşlara çırpılır. Zəncirlənmiş Promoteyi Qaf dağında quzğun didiyi kimi sizin də 450 ildir qarğa-quzğun gözlərinizi tökməyə çalışır. 450 ildir Çeçenin əli, ayağı, gözü və sözü vuruşur. 450 ildir Basayevin ayaqları yol gedir. 450 ildir Basayevin ayaqları Çeçenistanda azadlıq yolu gedir. 450 ildir Basayevin ayaqları əkdiyi torpaqları qoyub gedə bilmir. Ona görə ki, o torpaqlara öyrəşmişdi. Cövhərqalanın yanında Basayevin ayaqları torpağa üz qoydu. Şamil yolundan nəfəsini almadan gedirdi. Dedi ki, yeri və göyüdür Şamil Basayev. Getsə də sakit-sakit şəhid ayaqları, diri Şamil Basayev həsəd aparırdı ona. Basayevin ayaqları bir cüt mücahid qəbrinə bənzəyirdi. Basayevin ayaqları Şamilin şəhid qəbri idi. Allah, qəhrəmanını "məlul" və "zəlil" etmə, şəhid et. Yağıya Vətən torpağını, taxt-tacını dəyişən, mənsəbini satan "insanlar" saraylarda, xalı üstündə gəzənlərdir.

Xalqın taleyini, yurdunu, baxtını muncuq kimi təsbehə düzən adamlar ömrümüzün son anında Basayevin şəhid olmuş ayaqlarının məzarı üstündə diz çökün. Şərəfi, namusu, qeyrəti, arı, əcdadları yatan məzarları itirən və itən adamlar. Qarğa dimdiyindən düşən qoz kimi kökündən aralı bitən adamlar. Qarabağ deyərək çadırlarda qara ömrünü üzü Qarabağa yatan adamlar günahı rusun, erməninin və farsın üstünə atan adamlar, əlini qoynuna qoyub ATƏT-dən mərhəmət uman adamlar, 907-dən küsən adamlar, ata-anadan, bacı-qardaşdan, padşahdan və Allahdan bezən adamlar, Basayevin şəhid ayaqlarının məzarı üstündə diz çökün. ATƏT və NATO-nun hesabatında BMT-də sözdə, siyasətdə, dildə, qəzetdə, efirdə, ekranda, toyda, konsertdə fələstin davası salan adamlar, Qarabağ savaşı çalan adamlar, Basayevin şəhid ayaqlarının məzarı önündə diz çökün. Dumanlı və qarlı ölkələrdə canavar ovuna çıxan tülkülər sizin üçün də belə bir gün gələr. Son məşhər ayağında tövbə anını yada salın. Məzhəblər ayrı olsa da, Allah birdir. Hesab ayrı olsa da, günah birdir. Şam yandırın, xaç çevirin, dua edin Allah evində. Basayevin ayaqlarının məzarı - şəhid hücrəsidi. Basayevin şəhid olmuş ayaqlarının məzarı qarşısında diz çökün. Qəhrəmana güllə batmadı, güllədən ölmədi Gövhər Dudayev, Leça Xunkarpaşa, Aslanbek parça-parça olub səpələndilər Çeçen torpağına. Qanları Vətən bulaqlarına qarışdı. Qeyrətləri, ruhları, arzuları keçdi Çeçen uşaqlarına. Dünyada bir çeçen varsa, azadlıq olacaq. Dönməzlik, igidlik və ölməzlik olacaq. Tanrı, hifz et, bu qəhrəman milləti. Azadlıq arzusunda yaradılan milləti. 450 ildir yarasından qan daman milləti.

 

Ulu Tanrım, bundan sonra

Ətəyini bu millətin

Başı üstündə börk elə!

Bu milləti özün qoru

Mağmın-mağmın millətlərə

Görk elə!

 

"Bu dəstə hara gedir?!" poeması 1988-ci ildə 107 nəfər Zəngəzurdan Şahbaza qaçıb gələn vətən övladlarının keçdiyi əzablı həyat yollarına işıq salır. Poemanın "Etiraf" hissəsində 1988-ci ilin yazında Zəngəzurda yaşayan azərbaycanlılar üçün qara gəldi. 107 nəfər erməni vəhşilərinin əlindən öz yurd-yuvalarını qoyub Şahbaza qaçdılar. Həmin yaz onların gözündə dərd, məlal və yaz bayramları isə faciəyə çevrildi. Nə şirni bişirdilər, nə çərşənbə tonqalı qalandı, nə də yumurta boyandı. Erməni düşmənlərinin hesabına öz el-obalarından, od-ocaqlarından didərgin düşdülər. Həmin yaz şum yerlərimiz əkilmədi. Ancaq düşmən yurdlarımızı şum kimi əkdilər. Başımız altına qoyulan yastıqlar Babəkdən sonra başımız altından çəkib alındı. "Kirvə" dediklərimiz bu günə qədər bizi aldadıb yerlərimizə sahib çıxmağa çalışırmışlar. Biz bunu bilməmişik. Sanki onları dost sanmışıq. Adamlarımız dağ-daşlarda, çöllərdə əsir oldular, min illik yurd-yuvalarından, köklərindən aralandılar. Ağacı kəsəndə kötüyü yerində qalsa da, biz kökdən aralanan kimi üz qoyduq qaçmağa, daş kişilərin ruhu qaçqın düşdü. Ağacın torpaqda qalan kökləri nə vaxtsa cücərib qalxacaq və o sərt kişilər bizi taparaq məhv edəcəklər. Poemanın "Hüseyn kişi" bölməsində Hüseyn kişinin keçdiyi əzablı yol xatırlanır. Hüseyn kişi 1938-ci ildə doğulmuş və ata-anadan körpə ikən yetim qalmışdı. Onun-bunun qapısında qalaraq süfrələrin qırığını yeyə-yeyə, danlaq götürə-götürə, ac və yalavac yetimliklə böyümüşdü. Çətinliklə də olsa ev-eşik və ailə-uşaq sahibi olmuşdu. Atasının üzünü görməyib yetim qalan Hüseyn kişi oğluna atası Şükürün adını qoymuşdu. Allah-Təala ona 8 uşaq vermişdi. Hüseyn kişi Allaha və hökumətə duaçı idi. Deyirdi Allah hökumətin bayrağını uca etsin. Hüseyn kişi yurd-yuvasından didərgin düşdü. Uşaqları evlərini Sumqayıtda erməni evi ilə dəyişdilər. Atası görməsə də, Hüseyn kişi atasından qalan görmüşdü. Yetimlik dövründə o qədər ağlayıb-sızlamışdısa da, indi qaçqınlıq dövründə ağlaya da bilmirdi. Gözündən iki gilə yaş gəlirdi. Qaçqın günü 8 uşaq bir qış günündə qaldılar bir otaq altında. "Tanrının qarğış gününə qədər".

Əsərin "Bu dəstə hara gedir" hissəsində yurd-yuvasından düşmən əlinə keçməmək üçün qaçan azərbaycanlıların başlarına gətirilən fəlakətlər göstərilir. Bu yurdun yarası 18-ci ildən qaysaqlanmışdı. 70 ildir ki, yurd bir çarx üzərində dağılırdı. Tayqulaq paşa (Andranik) bu xalqa olmazın zülmünü vermişdi. Onlar 7 il didərgin, çöllərdə yaşasa da, yenidən torpaqlarına, el-obalarına qayıtdı. 1947-ci ildə yenidən yurd-yuvasından didərgin düşdü. Bir az keçəndən sonra yenidən yurd-yuvaya qayıdış oldu. Yenidən didərginlik başladı. Bu dəstə hara gedirdi bilinmir. Hamı pərən-pərən, yurdundan, ev-eşiyindən yenidən didərgin düşdü.

 

Sular axarını dəyişdirdisə,

Torpaqlar lil altda qalmalı idi.

Quruyan çayların qurdu, balığı,

Mamırı didərgin olmalı idi...

 

Gedən bu dəstə lüt-üryan şəklində "bir yalquzağın" izinə düşərək gedirdilər ki, bir tərəfə çıxa bilsinlər.

 

Tanrıdan gileyli, haqdan bədgüman,

Dəstə dağ aşırdı son nəfəsiylə.

Ölümdən qaçırdı bir dəstə adam,

İçində göyərən fasiləsiylə.

 

Başını götürüb qaçan bu dəstənin hara getdiyi məlum deyildi:

 

İti zəncirdə qalmış,

Kütü təndirdə qalmış

Başı kəndirdə qalmış

Bu dəstə hara gedir?

 

Çöllərdə min əzabla başı açıq, ayağı yalın qaçan bu dəstə başına nə gələcəyini bilmirdi:

 

İndi isə dizin-dizin sürünür

Bu dəstənin qocası, qarısı,

qadını, uşağı.

Ölümündən qaçır, zülmüylə

qovuşmağa!

 

"Didərgin qəbri" bölməsində kar və lal olan Fəxrəddinin dağ başında qalan qəbri xatırlanır. Fəxrəddinin 35 yaşı var idi. O, kar və lal idi. Narxanım ana Fəxrəddinə 35 il idi ki, qulluq edirdi. Hamı kimi Narxanım ana da Fəxrəddin yanında qarlı havada camaatla birgə dağ döşünə doğru düşmən əlindən qaçırdı. Qar, çovğun, boran yeriməyə imkan vermirdi. Narxanım ana Fəxrəddinlə geridə qalmışdı. Ana gedə bilmirdi. Oğluna onu qoyub getməsini əli ilə işarə etsə də, Fəxrəddin toqqasını çıxardıb anasının əlinə bağlayıb, onu dağın başına qədər apardı. Fəxrəddinin həyəcandan ürəyi partlayıb öldü. Onu dəfn etmək üçün qarı dırnaqları ilə eşdilər, ancaq torpağı qopara bilmədilər. Onun böyürlərinə daş yığıb qarla üstünü basdırdılar. Didərgin qəbri beləcə dağın başında qaldı.

 

Didərgin qəbrinin gülü, çiçəyi,

Üstündə bitəcək, qamış olacaq.

Küləklər çaldıqca qamış tütəyi,

Dağ-daş dərdli-dərdli oxuyacaq:

"İsgəndərin buynuzu var, buynuzu..."

Və gələn gün

buynuzsuz qoçun qisasını

buynuzluda qoymayacaq.

 

Əsərin "Son söz yerinə" bölməsində şair söyləyir ki, hər torpağın oğlu, hər oğlun qeyrəti var. Ağrı dağı bu ağırlığı çəksə də, yeni daşlar yaranar. Hələlik Xətaidən sonra igid dünyaya gəlməyib. Mən daşa dönmüşəm, yaxamdan tutub məni silkələyin, mənim "qara çuxam" qalxa və bəxtim üzümə gülə. Axan qar sularının axmasına nəzarət edin. Bağın barını tumurcuq olan zaman qorumaq lazımdır. Yeni dünyaya gələn uşağa yaxşı baxın ki, gələcəkdə babasının etdiyi suçu ortadan götürsün!

 

Gur suların axarını qoruyun,

Tumurcuqkən, bağ barını qoruyun,

Bu uşağın ovxarını qoruyun,

Babasının günahını yuyacaq!

 

"Sevgiyə gedən yollar" bölməsində yer alan şeirlərin demək olar ki, çox hissəsində sevginin enişli-yoxuşlu yolları anılır. Musa Urud sevgi yollarının əzabından, sevincindən özünəməxsus tərzdə danışır. Bölmədə şairin sevgidən bəhs etməyən şeirləri də vardır. Müəllif mövzudan asılı olmayaraq, müraciət etdiyi hər hansı məsələyə həssaslıqla yanaşır və onu həyat süzgəcindən keçirərək qələmə alır. Bu da onun heç kəsə bənzəməyən yaradıcılıq məziyyətlərindən irəli gəlir. İkinci hissə "Bir parça Vətən torpağı"dır. Burada verilmiş şeirlərdə Musa Urud Vətəninə, torpağına, el-obasına dərindən bağlılığı öz əksini geniş şəkildə tapmışdır. Erməni cəlladları tərəfindən torpaqlarımızın, o cümlədən şəhər və kəndlərimizin işğal edilməsi şairin poeziyasında kədərli notlar kimi əks olunur.

 

 

"Ancaq ürəyimə yaxşılar düşər"də Musa Urud kimdən və nədən danışsa da, ancaq öz yaddaşında yaşayan yaxşı insanları, yaxşı hadisələri və yaxşı əməlləri yada salır. Yaxşılar haqqında ürəkdən söylənmiş fikirlər oxucularda müsbət aura yaradır. Bölmələrdən biri də "Musa Urud, qəm eləmə" adlanır. Buradakı şeirlərdə irəli sürülən fikirlərin nəticəsinə görə şair özünə sanki təskinlik verərək qəm etməməyi qərarlaşdırır. Təəssüf ki, Vətəni, el-obası dağılan, ürəyi həmişə Vətən üçün döyünən şair qəmdən uzaq ola bilməz. Musa Uruda görə hər bir çətinliyə sinə gərmək və yaxşı-yamanı seçib ayırd etmək ən ümdə məsələdir. Bu zaman hər məsələyə düzgün qiymət vermək olar. Vaxtı gələndə həyat öz axarına düşəcəkdir. Dünyada xeyirlə şər yoldaşlıq edir. Hər hadisənin öz mizan tərəzisi var. Zaman özünəməxsus şəkildə ömrümüzü tarazlaya bilir. Biz nə qədər çalışsaq da, vaxtı çatmayan məsələni həll edə bilmərik. Zaman öz işini görür. Musa Urudun da gəldiyi son nəticə belədir.

"Basayevin ayaqları" poemasında Çeçen xalqının azadlıq yolunda 450 ilə yaxın bir dövrdə apardığı mübarizə yolları göstərilir. Çeçen igidləri 450 ildən artıqdır ki, torpaqları uğrunda rəşadətlə döyüşür və yağı düşmənin işğalçı siyasətinin qarşısını cəsurluqla almağa çalışır. Musa Urud Çeçen xalqının qəhrəman oğlu Şamil Basayevin igidliklərindən rəngarəng bir tərzdə poetik ustalıqla söz açır. Şair Şamil Basayevin ayaqlarının dəfn olduğu məzarı Vətən uğrunda döyüş aparan bütün türk xalqlarının igidlikləri üçün ziyarət yeri sayır. Vətən yolunda canını fəda edən və yalnız ayaqları tapılıb dəfn olunan Şamil Basayevin Vətənin azadlığı yolunda cəsurluğu xalqı üçün bir zəfər bayrağı, onu sevən türk xalqlarının əllərində və dillərində əbədi məşəl kimi yanan tonqaldır. Onun sözləri xalqını qaranlıqdan işığa doğru aparan nurlu yola bənzəyir. Musa Urud Şamil Basayevin qəhrəmanlığını bənzərsiz bir lövhə kimi oxucuların gözü önünə gətirir. Bu da şairin Vətən yolunda canını qurban vermiş Şamil Basayevə sonsuz məhəbbətindən irəli gəlir. Poema bütün detalları ilə Musa Urud yaradıcılığının uğurlu nəticəsi kimi özünü göstərir.

Kitabda verilən ikinci poema "Bu dəstə hara gedir"dir. Musa Urud 1988-ci ildə erməni vəhşilərinin əlindən başlarını götürüb Zəngəzurdan Şahbaza qaçan 107 nəfərin faciəli həyatından danışılır. Poemada Musa Urud xalqının, el-obasının başına erməni daşnaklarının açdığı min bir müsibətləri aydın və həyati nümunələrlə göstərmişdir. Şair əsərdə düşmənə nifrətini hər an açıq şəkildə bildirmişdir. Kitaba daxil edilmiş hər iki poema şair ürəyinin hərarətli döyüntüsünün məhsuludur.Musa Urud əsərlərindəki mövzu rəngarəngliyi diqqəti özünə daha tez cəlb edir. Ülvi məhəbbətin ağrı-acılı anları, itirilmiş Vətən torpağının əzablı həsrəti, işğal edilmiş yerlərə qayıdış arzuları, şəhid olmuş qəhrəmanlarımızın igidlikləri, vətənimizin gözəllikləri incə deyimlərlə yad edilir. Şairi Vətən ağrıları, Urud həsrəti, hər an göynədir, kədərə qərq edir.

Kitabda verilmiş şeirlər mövzu baxımından bir-birinə bənzəməsə də, ancaq şairin poetik ruhu onları müəyyən ampulada birliyə çağırır. Bu əsərlərdə Musa Urudun həyata yeni prizmadan baxışının müəyyən məqamlarını ortaya qoyur. Burada şeirlər müxtəlif başlıqlar altında toplansa da, bunların hamısı eyni bir missiyanı icra - edir.

Vətəninə, xalqına məhəbbət. Şeirlərdə fikirlər bütöv, aydın və lakonikdir. Bu da Musa Urudun bənzərsiz yaradıcılıq üslubundan soraq verir.

Şairə görə ən önəmlisi Vətənini, torpağını, el-obasını, xalqını sevən hər bir vətən övladı müqəddəs insandır. Musa Urud xeyihxah insanlardan danışarkən onlara xüsusi məhəbbətlə yanaşır və tərənnüm edir.

O, şeirlərində bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə edərək heç kəsə bənzəməyən bənzərsiz sənət nümunələri yaratmışdır. Bu şeirlər həm də dağ bulaqlarından nəğmə kimi süzülüb gələn şəffaf suya bənzəyir. Öz bənzərsizlikləri ilə oxucunu daha da özünə yaxından bağlaya bilir. Musa Uruda bu bənzərsiz yaradıcılıq yolunda yeni-yeni müvəffəqiyyətlər və uğurlu illər arzulayıram.

 

Ədalət  2018.- 28 avqust.- S.12;15.