TOPONİMİK RƏVAYƏTLƏR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

(əvvəli ötən saylarımızda)

 

Oyuq təpəsi

 

Çapand kəndində qeydiyyata alınmış bu oronim barədə iki versiya mövsuddur. Birinci versiyanın daşıyıcıları olan yerli sakinlər belə hesab edirlər ki, bu təpə dəlmə-deşik, oyuq-oyuq olduğuna görə oronim belə adlanır.

Araşdırıcılar isə fərqli fikirdədirlər. Tanınmış qazax yaıçısı Oljas Süleymenov yazır: "Oyuq tayfasının damğası dairədir. Bu həndəsi fiqur qazax dilində "oykı" adlanır. Deməli, damğanın adı sonralar tayfa adına çevrilmişdir.

T. Baxşəliyevin fikrincə oronimlərin tərkibindəki oyuq/uyuq leksik vahidi əraziləri biri-birindən ayırmaq, istiqamət bildirmək üçün qoyulan nişanlarla bağlıdır.

T.Əhmədov isə belə hesab edir ki, oronimlərin tərkibindəki oyuq sözü qədim türk dillərində "xəyal, qorxu, vahimə, kabus, kölgə, müqəvva" mənalarında işlənmiş "iyuq/uyuq" sözü ilə bağlıdır.

 

Qacar ocağı

 

Soltanlı kəndinin yaxınlığında yer adıdır. Qacar sözü yerli ləhcədə Qəcər, qəjər kimi tələffüz edilir. 1795-ci ildə Ağaməhəmməd xan Qacar Şuşaya hücum edərkən qoşunu ilə burda məskən salır, ordusunu sonuncu dəfə təlimatlandırır və ikinci dəfə Şuşaya hücum edir. O vaxtdan da Qacarın buradakı son düşərgəsi Qacar ocağı adlanır.

Belə də deyirlər ki, 1795-ci ildə Qacar Şuşaya hücum edərkən Soltanlıdan keçməli olur. Onun qoşunu burada güclü yağışa düşür. Əsgərlərin paltarlarının qurudulması üçün burada böyük tonqal-ocaq qalanır. Əsgərlər islanmış paltarlarını qurutduqdan sonra yollarına davam edirlər. Kəndin ərazisində olan həmin yer o zamandan Qacar (Qəjər) ocağı adlanmışdır.

 

Divanə Maqsud ziyarətgahı

 

Ziyarətgah Şükürbəyli kəndinin yaxınlığındakı kiçik təpədə qərarlaşır. Ocağın ətrafı o qədər də hündür olmayan hasara alınıb. Hasarın içərisində eni 40 sm, uzunluğu 60 sm, hündürlüyü isə 75-80 sm olan divək daşı vardı. Kənd camaatının müqəddəs yer kimi səcdə etdikləri osaqlardan biri idi. Ocaq Maqsud adlı ürfan sahibinin məqam yeri sayılır.

Xalq arasında Divanə Maqsud haqqında müxtəlif rəvayətlər dolaşmaqdadır. Maqsud öz eşqi yolunda divanəyə dönüb, əfsanəyə çevrilib, əsatir tülünə, xatirə örtüyünə bürünüb.

Əsasən cin toxunmuşlar, sədəməyə ürcah olanlar, övlad əhdində olanlar buraya ziyarətə gəlirlər. Ziyarətçilər hasarın qarşısındakı yastı daş üstündə şam yandırır, arzu-diləklərini dilə gətirir, daşın üstünə nəzir-niyaz qoyurlar. Uluuca tanrıdan şəfa istəyirlər.

 

Şıx çinar

 

Əski çağlarda insanlar daşa, ağaca, bəzi heyvanlara inanır, onlara sitayiş edirdilər. Şükürbəyli kənd qəbiristanlığının günbatanında "Şıx çinar" dərəsinin ayağında eyni adlı ağaca da böyük inam var idi. . "Şıx, şeyx" çinarın koğuşunun çevirməsi 6 metrə çatırdı. Hələ körpə ikən bu çinara adı deyilməyən imamlarımızdan birinin at bağladığı söylənilir.

Dini bayramlarda insanlar dünyadan cəmi köçənlərin ruhu şad olsun-deyə burada süfrə açar, ac qarınları doyurardılar. Buraya qonşu kəndlərin camaatı da inam gətirərdilər. Ziyarətçilər çinarın koğuşuna girərək diləklərini bəyan edir, Allahdan kömək istəyirdilər.

 

Şırşır bulaq

 

Şükürbəyli kəndində dağların sinəsindən çağlayıb gələn, şırıltıyla axan bu bulağın suyu insanlara rahatlıq, dinclik gətirərdi. Bircə qurtum suyu isti havada yorulub əldən düşən və susuzluqdan lələbüryan olan adamlara sanki ikinci həyat verirdi. Səsli-küylü, çırıltı ilə axdığına görə belə adlandırılmışdır. Şirinliyinə görə borular vasitəsi ilə kəndə gətirilmişdi. Suyu sərin və xıltsız idi.

 

Bu da bir ağız qoşqu:

Şırşır bulaq, xoş bulaq,

Bulaqlardan baş bulaq.

Səndən bir qurtum içən

Olardı dilxoş, bulaq.

Əmiraslan tapı

 

Qarabağda tap "su çıxmayan düz yer", "düzən yerdə təpə", "dağ döşündə düzənlik", "dağ düzənliyi" mənalarında işlədilir. Şükürbəyli kəndinin tanınmış yerlərindən biri idi Əmiraslamn tapı. Əmiraslan bu kəndin varlı-karlı kişilərindən biri olmuşdur.

Əmiraslan tapında Şükürbəyli kəndinin üzümçülükbostan sahələri var idi. Bol məhsul yetişdirən bu ərazi yaz-yay aylarında al-yaşıla bürünürdü.

 

Tap tapmaca,

Gül yapmaca

Məməli xatın,

Bu boydaca

Torağay dağı

 

Şükürbəyli kəndi bu dağın ətəyində yerləşir. Dağların lala, kəkliyin bala vədəsində bu yerlərə iki göz gərək idi ki, tamaşa eləsin, bu mənzərənin minbir gözəlliyini gözünə-könlünə yığsın. Dağda torağay adlı quş çox olduğuna görə oronim belə adlandırılmışdır. Çəmən-çiçəklikdə hoppana-hoppana belədən-belə ötüb keçən torağyın nəğməsi:

 

Torağayam, tor qurram

Torumu gendə qurram.

Əsilə kömək ollam,

Bədəsilin boynun vurram

 

Dalaq daşı

 

Şükürbəyli kəndinin ərazisində, Quycaq dağı deyilən yamacda, hündürlüyü bir metr, uzunluğu 1,4 metr prizma şəkilli qalın daşdır. Daşın bir üzündə yaraqlı atlı vəhşi heyvan şəklinin cizgiləri var. Dalağı, qara ciyəri ağrıyan ya şişən xəstələr niyyət edib daşın dibinə duz basdırırlar. Sonra isə qarın boşluğunda ağrıyan nahiyələrini həmin daşa sürtürlər.

 

Göbək daşı

 

Minbaşılı (Sədi) kəndinin ərazisində, Hovusluya gedən yolun sol qənşərindədir. İnanc yeridir. Qarnında ağrı olan xəstələr qarınlarını bu daşa sürtsələr, ağrısı kəsərmiş.

 

Gav dağı

 

Qaracallı kəndi ərazisindədki oronimlərdən biri Gav dağıdır.

Gav-fars dilinə "gövdən" sözünün təhrif olunmuş forması olub, "yabı, arıq düşmüş atlar saxlanılan yer" yaxud "yabılar üçün ayrılmış otlaq, örüş sahəsi" mənasında işlənir. "Gav"ın bir mənası da fars dilində "dağ keçidi, aşırım" mənasındadır.

Gav-"öküz, mal-qara saxlanılan yer, maldarların yeri" mənasında da işlənir.

Gavdan kotanın əl ilə tutulan hissəsinə deyirlər. El arasında "öküzüm öldü, gavdanım qırıldı"-ifadəsi işlənməkdədir. Burada oronim "dağ keçidi, aşırım" mənasındadır.

Yeri gəlmişkən: Mahir bir ovçunun son zamanlar əli gətirmir. O, sübh tezdən şər qarışana dağda-dərədə xeyli gəzib dolanırsa da, qarşısına hec cıxmır ki, cıxmır. O, tüfəgini ziyninə salıb kor-peşiman üz tutur evinə sarı . Hər şeydən əli üzülən ovcu tənəyə cıxarkən bir dovşanla üzbəüz gəlir. Kişi ha eləyib özünü düzəldənə qədər dovşan gözdən itir. O vaxtdanda dovşan gava sən gava məsəli işlədilir.

Bu məsəldən təsadüfü, gözlənilməz görüşlərdə istifadə olunur.

 

Quzey bağı

 

Qaracallı kəndinin qənşərində Böyük kəhrizin qabağında iri bir dağ var. Ona "Quzey bağı" deyirlər. Ora gün düşmürdü. Güntutmaz yer olduğuna görə Quzey adlandıırılmışdır. Quzeyin ətəkləri əkin yeri idi, bağ-bağat idi. Bir gördün ki, ya əkin-biçinçi, ya da çoban-çoluq bir ağız bayatı ilə dağı-dərəni başına götürdü:

 

Aşıq Qara quzeydə,

Xalın qara quzeydə.

Öküz getməz, xış batmaz,

Qaldım Qara quzeydə

 

Naxırkeçən yol

 

Bu ərazidən çoxlu sayda mal-qoyun sürüsü keçdiyinə görə oronim belə adlanır. Mal-heyvan sürüsünə naxır deyirlər. Bu da onu göstərir ki, kənd sakinlərinin bineyi-qədimdən qoyun sürüləri ilə yanaşı, həm böyük mal naxırı olmuşdur.

 

(ardı gələn sayımızda)

 

Faiq ŞÜKÜRBƏYLİ,

Tədqiqatçı-etnoqraf

 

Ədalət  2018.- 28 avqust.- S. 4.