O, əsl ziyalı idi
İdris Əsgərov haqqında xatirələr
Ələmdar Məmmədov,
Təqaüddə
olan
baş ədliyyə müşaviri
İdris müəllimlə ilk tanışlığım 1983-cü ilə təsadüf edir. Masallıda rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyirdim. İdris müəllim prokurorluğa praktiki köməyə gəlmişdi. Özünəməxsus bəy yerişi, aristokrat görkəmi, alim danışığı və davranışı ilə hamını valeh edirdi. Prokuror nəzarətinin demək olar ki, bütün sahələri üzrə icraçı mən olduğuma görə, gündə bir neçə dəfə bu və ya digər məsələlər barədə söhbət edirdik. Həmin dövrdə ümumi nəzarət qaydasında aparılan yoxlamalara daha çox fikir verilir və müvafiq qərarlar qəbul edilirdi. Təqdimat, protest, iddialar kənd rayonlarında yox dərəcəsində olsa da, İdris müəllimin deməsinə görə, bu sahədə bizdə vəziyyət qənaətbəxş idi.
Bir hüquqi aktın yazılış forma və qaydası barədə elmi-təcrübi mübahisəmiz oldu. Mən öz fikrimdə təkid etdim. İdris müəllim prokurorluqda olan bütün əmrləri gətizdirdi və az qala yarım gün vaxt sərf etdikdən sonra, SSRİ Baş prokurorunun müavininin göstəriş məktubunu tapıb mənə göstərdi.
Qonşu rayon prokurorları demək olar ki, hər gün Masallıya gəlir, İdris müəllimlə görüşüb məsləhətləşirdilər. Raykomun birinci katibi Ələddin Həsənovun da İdris müəllimə xüsusi rəğbəti var idi. Uzun illər dostluq etdiyim yazıçı Fərman Kərimzadə də həmin dövrdə rayona gəlmişdi. O, bir dəfə İdris müəllimlə eyni məclisdə iştirak etdi. F.Kərimzadənin əsl ixtisası rəssamlıq idi. Ə.Əzimzadə adına Rəssamlıq Texnikomunda təhsil almışdı. Söhbət rəsm əsərlərindən düşərkən, İdris müəllim elə rəsm əsərlərinin adını çəkdi ki, Fərman müəllim heyranlığını gizlədə bilmədi.
1985-ci ildə Cəlilabad rayon prokuroru vəzifəsinə təyin edildikdən sonra bu və ya digər məsələlərlə əlaqədar İdris müəllimlə tez-tez telefonla danışırdıq. Bakıya gedərkən həmişə görüşürdük. O, məni doğma adamı kimi qarşılayırdı.
1990-cı ildə Cəlilabad rayonunun prokuroru vəzifəsində 5 illik Konstitusiya müddətim başa çatdığı üçün rayon prokurorluğunun fəaliyyəti yoxlanılmalı idi. Məlum Cəlilabad hadisələri baş vermişdi. Rayonda hakimiyyətsizlik hökm sürürdü. İdris müəllimin təşəbbüsü ilə (Əlbəttə, İlyas müəllimin razılığı ilə) komissiya üzvləri rayona gəlmədilər. Təqdim olunan sənəd və materiallar üzrə arayış
yazıldı.
Müzakirə 1990-cı ilin fevral ayında aparıldı. Kollegiya iclasını
Respublika prokurorunun I müavini Murad Babayev aparırdı. Kollegiyanın işində
SSRİ Baş prokurorunun
müavini Abramov iştirak edirdi. Yekunda Abramov dedi ki, yoldaş
Məmmədovu müzakirə
etmək yox, fərəhləndirmək lazımdır.
İyun ayında Respublika Prokuroru İlyas İsmayılovun əmri ilə ikinci müddətə Cəlilabad
rayon prokuroru vəzifəsinə
təyin edildim.
1990-cı
ilin avqust ayında yeni təyin edilmiş Baş prokuror İsmət Qayıbov I yarımilliyin yekunu ilə əlaqədar keçirilən kollegiya iclasındakı məruzəsində
13 rayon, o cümlədən Cəlilabad rayon prokurorluğunda
kompleks yoxlama aparılması barədə
göstəriş verdi. Cəmisi altı ay əvvəl
SSRİ Baş prokurorunun
müavininin mənim fəaliyyətimi yüksək
qiymətləndirməsinə baxmayaraq, kollegiyanın qərarı ilə Cəlilabad rayon prokurorunun
fəaliyyətinin kompleks
təftiş edilməsi
nəzərdə tutulurdu.
Bu qərar ona
əsaslanırdı ki,
Cəlilabad rayonunda
1990-cı ilin I yarısında
cinayətkarlıq 180% artmışdı.
Bunun obyektiv səbəbləri
var idi. 1989-cu ilin sentyabr
ayından Cəlilabadda
qarşıdurma yaranmış,
1990-cı ilin yanvarında
sərhədlər açılmış,
faktiki olaraq 6-7 ay hakimiyyətsizlik hökm sürmüşdü. Həmin
dövrdə üç
birinci katib, RİK-nin sədri, milis rəisi və digər rəhbər partiya, sovet işçiləri rayondan getmiş və yaxud iş
yeri dəyişdirilmişdi.
Axıra
qədər "postunda"
qalan mən olmuşdum. Təkcə bunu demək
kifayətdir ki, sərhədlərin pozulması
nəticəsində 1990-cı ilin II rübündə rəsmi 19500 sərhəd
pozuntusu qeydə alınmışdı. Bütün bunlardan
sonra Cəlilabad rayon prokurorunun fəaliyyətinin
yoxlanılmasını ədalətsizlik
hesab edərək, işdən çıxmağım
barədə raport yazıb, İsmət müəllimin qəbuluna
getdim. Qəbul otağında çoxlu adam var
idi. Təxminən yarım saatdan
sonra İdris müəllim qəbul otağına girdi və mənə yaxınlaşdı. "Niyə burda dayanmısan?"- dedi.
Mən yuxarıdakı fikirlərimi
söylədim və belə şəraitdə
işləmək istəmədiyimi,
bu gündən işə çıxmayacağımı
bildirdim. O, ərklə
qolumdan tutub məni qəbul otağından çıxartdı:
"Get, işinlə məşğul
ol, səni heç kim
yoxlamayacaq, sabah mənə rayondan zəng vurarsan", - dedi. Bir həftədən sonra Baş Prokurorun məruzəsi rayonlara göndərildi.
Məruzədə yoxlama aparılacaq
rayonların siyahısında
Cəlilabad yox idi.
1991-ci ilin dekbar ayında Baş prokuror Murad Babayev məni çağıraraq bildirdi
ki, Rayon İcra Hakimiyyətinin başçısı
sənin rayondan getməyin barədə prezidentə müraciət
edib. Prezident də mənə tapşırıb
ki, sənin iş yerini dəyişim. Murad müəllim həmin
məktubu mənə
göstərdi. Razılaşdıq ki, Murad müəllim
məni müvəqqəti
olaraq idarə rəisinin müavini təyin etsin. Bu məsələnin həlli ilə əlaqədar kollegiya üzvləri axşam Murad müəllimin otağına toplaşdılar.
İdris
müəllim və Baş prokurorun müavinləri - Mirağa
Cəfərquliyev, Vaqif
Nəzərov icra başçısının mövqeyini
pisləyərək, qəti
etirazlarını bildirdilər.
Mən təzədən rayona qayıtdım. Rayonda 2 ay, necə
deyərlər, "atəşkəs"
rejimində işlədik.
Həmin
dövrdə Rayon Sovetinin
deputatları yığışaraq,
Prezident Aparatının
və başçının
iradəsi əleyhinə
olaraq Tofiq Bağırovu böyük
səs çoxluğu
ilə Rayon Sovetinin sədri seçdilər.
1992-ci ilin fevral ayında Prezident Aparatının Ərazi İdarəetmə Şöbəsinin
müdiri Samur Novruzov bir günlük
rayona gəldi. İqtidarlı, müxalifətli bütün
tərəflərlə təkbətək
görüşdü.
Mənimlə görüşü 45 dəqiqə
çəkdi. Heç kimdən şikayət
etmədən, pisləmədən
və adını çəkmədən ümumrayon
və respublika problemlərindən danışdım.
Samur müəllim dedi ki, Ələmdar
müəllim, siz Cəlilabaddan da böyük rayonda işləməyə layiqsiniz.
Ancaq Cəlilabaddan getməlisiniz,
bu prezidentin qərarıdır. Mən
etiraz etmədim və dedim ki,
Samur müəllim, cənab Prezidentə çatdırın ki, belə idarəçiliklə
hakimiyyətinizin bir
ay müddəti qalıb.
Səhərisi günü Respublika Prokurorluğuna gəldim. İdris müəllim
və Mirağa müəllimin təşəbbüsü
ilə mənə Lənkəran rayon prokuroru
vəzifəsi təklif
olundu. Qəbul etmədim. Səbəb kimi
onu göstərdim ki, mənim Cəlilabaddan daha böyük rayona göndərilməyim Respublika
rəhbərliyinə meydan
oxumaq kimi görünə bilər.
Məzuniyyət götürdüm. Məzuniyyətdən qayıtdıqda Ayaz
Mütəllibov və
icra başçısı
vəzifədən getmişdilər.
Mən isə Zaqatala rayon prokuroru vəzifəsinə
təyin edilmişdim.
İdris müəllim Nəzarət-təşkilat
idarəsinin rəisi olmaqla bərabər hüquq elminin bütün sahələrinin
gözəl bilicisi idi. Məsələn, bir çox
ağır cinayət
işlərinin məhkəmə
iclasında dövlət
ittihamını yüksək
səviyyədə müdafiə
etmişdi. Manyak Mişiyevin
CM-nin109-cu maddəsinin 3-cü hissəsi ilə (zorlama) təqsirləndirilməsinə
dair cinayət işi üzrə İdris müəllimin ittiham nitqi əsl
dərs vəsaiti idi. Kitabça şəklində çap olunmuş və yerlərə göndərilmiş həmin
sənədi bu gün də saxlayıram.
Yəqin
ki, çoxları xatırlayır -İdris müəllim uzun illər Respublika radiosunda "İnsan və qanun" və "Hüquq məsləhətxanası" verilişlərinin təşkilatçısı
və aparıcısı
olmuşdur. "İnsan və qanun" verilişində
qanunlar izah edilirdisə, "Hüquq
məsləhətxanası" verilişində vətəndaşların
sualları cavablandırılırdı.
Fəxrlə xatırlayıram
ki, 1985-ci ildə gənc prokuror olarkən tanınmış
jurnalist Qənbər Ağayevin məndən götürdüyü müsahibə
iki dəfə "İnsan və qanun" verilişində
İdris müəllimin
şərhi ilə səsləndirilmişdi.
Təsadüfi deyildir ki, hüquqi
təbliğatda fəal
iştirakına görə
İdris müəllim
Azərbaycan SSR "Bilik"
cəmiyyətinin və
Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsinin fəxri
fərmanları ilə
təltif olunmuşdur.
O, Azərbaycan Respublikasının
Əməkdar hüquqşünası,
SSRİ Prokurorluğunun fəxri
işçisi adlarına
layiq görülmüşdür.
Demək yerinə düşərdi ki, 70 ildə SSRİ Prokurorluğunun
fəxri işçisi
adına azərbaycanlılardan çox
az sayda prokurorluq işçiləri
layiq görülmüşdür.
Ziyalılıq haqqında çox danışılır. Az qala hər diplomu olan özünü ziyalı hesab edir. Halbuki Səməd Vurğun, Maksim Qorki, hətta böyük Lev Tolstoy özünü ziyalı hesab etmirdi. (Bax. "Hərb və Sülh" romanında Pyer Bezuxov ilə Andrey Volkonskinin mükaliməsinə). İdris müəllimin əsəbiləşdiyini, səsini qaldırdığını, ucadan danışdığını, danışarkən kiminsə sözünü kəsdiyini görən və eşidən olmamışdı. O, sözün əsl mənasında ziyalı idi.
P.S. İdris Əsgərovun qəribə taleyi olmuşdur. Atasını erkən itirən İdris müəllim 1943-cü ildə 16 yaşında orta məktəbi bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq, 1948-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Onun qeyri-adi istedadı erkən yaşlarında özünü göstərmişdir. 1947-ci ildə III kursda oxuyarkən onu Bakı şəhəri Çaparidze rayon prokurorunun köməkçisi, 1950-ci ildə isə 23 yaşında həmin rayonun prokuroru vəzifəsinə təyin edirlər. Mərkəzi Komitənin bürosunda M.C.Bağırov onu diqqətlə süzərək deyir: "Biz səni rəhbər işə təyin edirik, sən isə uşaq görkəmindəsən, heç olmasa bığ qoy, kişi görkəmi al". "Çox yeyənin olsun, bir deyənin olmasın", deyiblər atalar. 1952-ci ildə İdris müəllimi bioqrafiyasında atasının qolçomaq olmasını gizlətməsi ittihamı ilə prokurorluq orqanlarından xaric edirlər. Yalnız 1956-cı ildə o, yenidən prokurorluq orqanlarına bərpa olunur. İdris müəllim 47 il prokurorluq orqanlarında müxtəlif vəzıfələrdə çalışmış və 1994-cü ildə təqaudə çıxmışdır. İdris müəllim uzun ömür sürdü və 2016-cı ildə 89 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin.
Ədalət 2018.- 28 avqust.-
S.7.