"SƏS GƏLİR"
Xaliq Rəhimlinin kitabı
barəsində oxucu sözü
Öncə kitabın müəllifi barəsində. Demək olar ki, həmyaşıdıq... eyni illərin övladı olmuşuq. Və bu gün də yenə demək olar ki, eyni yükün altında yol gedirik. Sadəcə, Xaliq Dövlət Radiosunda sözünü efir vasitəsilə deyir, yükünü efirdə bölüşür, mən də "Ədalət" qəzetində. Bu tale oxşarlığı bizi bir-birimizə yaxınlaşdırıb, bizi ruhən doğmalaşdırıbdı. Ona görə də mən tale oxşarlarımı həmişə bir köynəkdən çıxmış adamlar sayıram. Bu köynəyin də adı SÖZdü. Bax, elə Xaliqin 5-ci şeir kitabı olan "Səs gəlir" də elə bax o SÖZün nübarıdı, SÖZün barıdı. Xaliq sözləri fikrə, fikri də qəlbə hopdurub misralayıbdı, şeirə çeviribdi. O şeirlərdə Xaliqin öz dünyası və bir də o dünyaya hakim olan, necə deyərlər, orda at oynadan ürəyi var. Xaliq yazır ki:
Bu vaxta qədər
sənə şeir yazamamış ana,
dedim qoy mənim də
analı şeirim
olsun.
Hər zaman görüm sağlığını
saçlarının ağ işığı
düşsün gözlərimə,
şeirlərim ağ göyrəçinlər kimi
göylərə daşısınlar
sənin varlığını
içimdə bir boşluq var,
Sənə yazdığım şeir
o boşluğu dolduracaq
ən zəif misralarımı
göylərə qaldıracaq.
Yəqin
ki, bu şair
istəyinin təkcə
səmimiyyəti yox, həm də bir içdən gələn halallığı
elə hər birimiz üçün bir pıçıltıdı,
"Ana!" söyləmək pıçıltısı, ananı
xatırlamaq pıçıltısı...
Bax, Xaliq bir parçasını
sizə təqdim etdiyim şeirində oxucusu olan məni
də anamla üz-üzə gətirir.
Mən də bu misraları içimdə öz anama ünvanlayıram...
Xaliq həm də yazır ki:
Kim bilir,
neçənci payızdı
gələn
Yarpağı rəngindən
bilmək olarmı,
Ağacın tərini silmək
olarmı,
Saralıb solmağın meydanı
payız
Kövrəlib dolmağın meydanı
payız
Payız
dünyanın sarı
rəngi
Ömrün sarı simi
Ayrılığın qəmi,
Havası
- "Yanıq Kərəmi"
Dünya
nə qəribədi
Payız
təbiətin olsa da
Ünvanı bizik
Nə gedir, bizdən gedir
Gələndə ömrümüzə gəlir
Gedəndə ömrümüzdən gedir...
Bəli, bu da bir
gerçəkdi, bu ad
bir həqiqətdi. Bunu hamımız
az-çox anlayırıq,
az-çox duyuruq.
Amma hamımızda həmin hissləri, həmin gördüklərimizi, həmin
anladıqlarımız şeirə
çevirə bilmirik.
Bu fürsət, bu imkan, bu
bacarıq Xaliqə verilib. Həmişə asta, ağır
ləngərlə danışan
Xaliq elə şeirini də düşündürə-düşündürə,
özünün ağır
ləngəriylə biz oxuculara
çatdırır. Mən indicə
təqdim etdiyim şeiri oxuduqca misraların arasındakı
zamanı gördüm.
Ağır-ağır ötən,
amma bizdən ömür alıb aparan zaman... Onu Xaliq elə aramla ipə-sapa düzmüşdü ki, oxucu, yəni mən payızın özünü də, rəngini də qamarlayıb apardıqlarını
da görə bilim. Xaliq yazır ki:
İstəyirəm,
Boşalsın yaddaşım xatirələrdən,
təmizlənsin,
Kompüter yaddaşı kimi
silinsin tamam
Nə acısı, nə şirini qalmasın
Nə dayazı, nə dərini qalmasın
Boşalsın yaddaşım,
beynim açılsın
Xatirəsiz gəzim eynim açılsın
Dünyadan bixəbər adamlar
kimi
Bəlkə də bəxtəvər
adamlar kimi
Xatirələr ömrümü, günümü
yorur
Yolunu tapardım
unutqanlığın,
səni unutmağım gözümə durur...
Bu şeirdəki mənzərə
də, ovqat da məni bir
rəsmlə üz-üzə
gətirir. Elə bil qarşımda
əlimdə fırça
bir rəsm Xaliqin söylədiklərini
kətana köçürür.
Və yaxud da elə
özüm güzgüdəki
mənlə həmsöhbət
oluram. Yorğunluğumu da, xatirələrimi
də, unutmaq istədiklərimi də seçib bir tərəfə yığıram
cırıb atmaq istədiym kağız kimi. Amma əlim gəlmir.
Çünki orda Sən varsan... izlərin var... nəfəsin var. Və deməli, mənim arxasınca qaçdığım, yolunun
üstündə durduğum
Sən həm də bu xatirələrin
qoruyucususan.
Mən Xaliqin kitabını tam səmimi
deyim ki, birnəfəsə oxumadım. Çünki onun şeirləri mənim yaxşı həmsöhbətim, tərəf-müqabilim
idi. Onlardan ayrılmaq, onları
bir kənara qoymaq heç ağlımın ucundan da gəlib keçmədi.
Bir halda ki, əgər Xaliq mənə deyirsə:
Torpaqlar
işğal olunan il
doğulan oğlanlar
Əsgər yaşına çağdılar
Doğmaları elə bildilər
Mənzil başına çatdılar
Qolların, dizlərin
yarası sağalsa da,
Qəlblərin yarası qalıb hələ də
Qəlb yarası qəlpə yarasından ağır
Qan vurmaqla, yod sürtməklə
sağalan deyil
Ən güclü dərman - torpaq
Azadlıqdakı torpaq yox
İşğal altında qalan torpaq...
Dəyərli oxucu, mən Xaliqin kitabına seçdiyi adı bu şeirlərin təqdimatçısı kimi qəbul edirəm. Artıq birmənalı şəkildə hər kəsə deyə bilərəm ki, Xaliq Rəhimlinin səsi gəlir. Ona qulaq asın, onu dinləyin. Bu, mənim oxucu qənaətimdi və həmin qənaətdən çıxış edərək əminliklə hər birinizi Xaliqin kitabını oxumağa dəvət edirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 28 avqust.- S.8.