UMUD UMUDSUZ DEYİL...

 

 (Əli bəy Azərinin "BİZİ UMUDSUZ QOYMA" hekayəsində cücərən ümidlər)

 

VAQİF OSMANOV

 

İngilis politoloqu ser Ernest Bekiyə görə, siyasət - mürəkkəb vəziyyətlər axtarmaq, təbiətdə mövcud olub-olmamasına baxmayaraq belə vəziyyətlər yaratmaq, qeyri-düzgün diaqnoz qoymaq və lazımsız dərmanlarla müalicə etmək sənətidir.

Azərbaycanın son otuz ildə başına gətirilən cürbəcür siyasi oyunlar ingilis politoloqunun tərif verdiyi siyasətin acı nəticələri deyilmi? Dünyanın böyük siyasi güclərinin havadarlığı ilə xain, hiyləgər və qorxaq qonşularımızın Vətənimizin ərazisinin beşdən birini zəbt etməsi ilə nəticələnən "Qarabağ müharibəsi" adlı kabus barədə qərəzsiz, düzü düz, əyrini əyri salnamə xarakterli əsərlərin yazılması bu gün yaşadığımız zamanın, bəlkə də ən ümdə vəzifəsidir. Vətən torpağı, milli mənsubiyyətimiz uğrunda müqəddəs savaşda döyüşçülərin şücaəti, tamahkar düşmənlərimizin Azərbaycan torpağının sayıq keşikçilərinə, həmçinin analara, bacılara, ahıl yaşlı insanlara, südəmər körpələrə insanlıq adına ləkə gətirən vəhşilikləri barədə hələ çox yazılacaq və yazılmalıdır. Qoy, qəhrəman Vətən övladlarının rəşadəti, xain düşmənlərin rəzilliyi gələcək nəsillərin yaddaşına olduğu kimi həkk olunsun. Bu, istedadlı qələm sahiblərinin ən müqəddəs borcu, təxirəsalınmaz işi olmasa tariximizin qaranlıq labirintlərində itib batarıq. Keçmişimizi unutsaq, onu hədəfə alan xain əlləri kəsib atmasaq, bizə atılan gülləni havadaca sərrast atəşlə geri qaytarmasaq gələcəyimiz bizi topa tutar. Salnamə xarakterli uğurlu ədəbi əsərlər yaratmaq bu günümüzün tələbidir.

Bu günlərdə Qarabağ müharibəsini döyüşçülərlə birgə səngərlərdə keçirən, qanlı-qadalı savaş anlarının canlı şahidi olan, müharibənin sərt üzünü, amansız qanunlarını görə-görə obyektiv Qarabağ salnaməsi yaradanlardan biri - keçmiş hərbçi, istedadlı yazıçı Əli bəy Azərinin "Bizi Umudsuz qoyma" hekayəsini oxudum, sanki nəmli səngərdə oldum, tankla, avtomatla düşmən üstünə yeridim, müharibənin gerçəklikləri ilə üz-üzə qaldım.

Çoxşaxəli, rəngarəng yaradıcılığa məxsus Əli bəy Azərinin əsərlərinin çox hissəsini müharibə mövzusu təşkil edir. "Bizi Umudsuz qoyma" hekayəsi də "Müharibə və insan" müsabiqəsinə təqdim olunan əsərlər sırasındadır. Hekayə yazıçı Rəşid Bərgüşadlının və müstəqil jurnalist Faiq Qismətoğlunun da diqqətini cəlb edib.

F.Qismətoğlu 28 iyun 2018-ci ildə "Ədalət" qəzetində çap etdirdiyi "... və bir hekayə" adlı məqaləsində əsərə böyük qiymət vermişdir. O, hekayənin ana süjet xətti ilə "Fəryad" və "Dolu" filmləri arasında paralellər aparmış, hətta böyük rus yazıçısı Mixail Şoloxovun "İnsanın taleyi" əsəri ilə müqayisə etmişdir. O yazır: "Umudun mübarizliyi, vətənpərvərliyi və həyat eşqi Şoloxovun qəhrəmanı Sokolovu xatırladır. Bəlkə, Umud Sokolovdan da iradəli, dözümlü əsgərdi..."

Hekayənin süjet xətti igid Qarabağ qazisi tankçı Umudun döyüş yolu üzərində qurulub. Umud Haramı düzündəki hərbi hissələrin birində silsilə dağlar kimi çiyin-çiyinə dayanan əsgərlərdən biridir. Vətən və torpaq sevgili, ipə-sapa yatmayan, dəliqanlı, düşməndən intiqam almaq hissiylə alışıb-yanan Umud, sanki qoç Koroğlunun pəhləvan cüssəli bığıburma dəlilərindən biridir.

Əlbəttə ki, müharibə itkidir, qan-qadadır. Məşhur Çin filosofu, eramızdan əvvəl 551-479-cu illərdə yaşamış Konfutsi demişdir ki, kədərsiz vətənpərvərlik olmur. Həyatını, sağlamlığını itirməkdən, kədərdən qorxmayan, ölümün gözünün içinə dik baxan Umud ön cəbhədə düşmənə qan udduran Vətən oğullarından biridir.

Hekayənin düyün nöqtəsi - yaranan ziddiyyət və münaqişənin başlanğıcı "Bəytəpə" əməliyyatına hazırlıq zamanı Umudun xəstələnməsi, qızdırmalı olması, od içində yanmasına görə komandirin onun daxil olduğu tankçı ekipajını ehtiyata keçirməsi, sağ cinahdakı tankı mərkəzə gətirməsidir. Döyüşdə iştirak edə bilmədiyindən məyus olan, yazıçının dediyi kimi, "burnunu sallayan" Umudun döyüşdən qalmaq istəməməsi hadisələrin sonrakı inkişafını sürətləndirir.

Mayor Orduxanovun söhbətlərindən: "...Ermənilər "Bəytəpə" yüksəkliyində və oradan sağa-sola uzanan təpələrdə möhkəmlənmişdilər. Üç gün idi ki, piyada qoşunlarımız hücum edirdi, təpələri ala bilmirdi. Əmr olundu ki, tanklarla hücuma keçək... Biz üç tank və mənim sərəncamımda olan PDM-2-nin dəstəyi ilə səhərin alatoranında hücuma keçdik. Elə birinci həmlədə itkisiz "Bəytəpə"ni götürdük".

"Bəytəpə" götürüldükdən sonra döyüşçülər arxayın idilər ki, artıq düşmən onlara hücum etmək iqtidarında deyil. Bir anda ermənilər hücuma keçib mövqelərimizdən birini ələ keçirəndə, komandir yenidən hücüm təşkil edib, tankçılara tapşırıq verib PDM-2 ilə geriyə, Umudun tankı duran yerə gələndə "Umud vurnuxur, özünə yer tapa bilmirdi, döyüşdən kənarda qaldığını özünə bağışlamırdı".

Yenidən hücuma keçən iki tank və əllidən çox atıcı əsgərlə mövqelərimiz geri alınanda içində qisas vulkanı püskürən Umud komandirin "dur!" əmrini belə eşitməyib əlindəki avtomatla səngərə atılır, ermənilərin basdırdığı yeganə minanın partlaması nəticəsində yaralanır. Mayor Orduxanov hər iki ayağı dağılmış Umuda təcrübəli hərbçi, əsl həkim kimi ilk təcili tibbi yardım göstərir:

-Tez gödəkçəmin kəndirini dartıb çıxardım və onun ayağının birini topuqdan yuxarı bağladım ki, qanaxma dayansın. Əsgərlər də o biri ayağını bağladılar...

Umudun ayağının birinin qanqrenaya məruz qalaraq itirəcəyindən ehtiyatlanan həkimlərimiz onu İrana müalicəyə göndərmək qərarına gəlirlər. Umudun İranda sağalıb qayıtması, sərhəd-keçid məntəqəsində qarşılanması həssas və diqqətli oxucunu duyğulandırmaya bilməz. Umudun Vətənində bir ayağının kəsilməsinə etiraz edən, onun tam sağaldacaqlarına söz verən iranlı həkimlər Umudun iki ayağını dizdən yuxarı kəsərək Azərbaycana göndərirlər.

Uzun tumanlı, saqqallı iranlı əlil arabasında Umudu gətirəndə mayor Orduxanov fikirləşir ki, halal olsun qardaş ölkənin həkimlərinə, Umuda əlil arabası da bağışlayıblar.

"Mayor Orduxanov sevinirdi... Umudun yaşamasına sevinirdi... Nə qədər acı olsa da əlil arabası ilə qayıtmasına sevinirdi... Umud tankdan sonra piyada qalmamışdı. O, yaxşı bilirdi ki, ölkədə əlil arabası problemi var. Belə tezliklə Umuda əlil arabası ala bilməyəcəklər. Sənədləri nazirliyə göndərələr, çək-çevirdən sonra ona əlillik qrupu təyin edələr, növbəyə yazıb əlil arabası verələr, bu uzun bir mərəkə olacaqdı. Nə yaxşı ki, qonşu qardaş ölkədə bunu başa düşüblər. Umud kimi əlilləri vətənlərinə əlil arabası ilə qaytarırlar..."

Mayor Orduxanov belə acılı-şirinli fikirlər içində sevinib-kədərlənən anda görüşün uzun çəkdiyini görüb ciddiləşən uzun tumanlı, saqqallı iranlının səsi bütün xoş xəyalları alt-üst elədi:

-Babam! - dedi. - Xəstanızı götürün, mən arabanı aparmalıyam. Vəxtim yoxdu gözləmağa...

-Belə də olur. - Mayor Orduxanov təəssüflə dilləndi.

Bu sətirləri oxuyanda fikir məni uzaqlara apardı. Fikir burulğanlarında çarpışan anda bir çox cavabsız suallara cavabı dahi fəlsəfə şairi Bəxtiyar Vahabzadənin iki misrasında tapdım:

 

Tərəflər kim idi? Hər ikisi yad!

Yadlarmı edəcək bu xalqa imdad?!

 

Həm də Umudla mayor Orduxanovun "Niva"da sərhəd- keçid məntəqəsindən hərbi hissəyə gələrkən yolboyu söhbətləri ilə yazıçı bir çox mətləbləri işıqlandırır. İrandakıların ərazi söhbətləri, farslarla ermənilərin həmrəy olduğu bəzi məqamlar, Təbrizdə ən yaxşı həkimlərin erməni olması bu günün acı reallıqları kimi təəssüf doğurmaya bilmir...

Bununla belə hekayənin iki qəhrəmanının - Umudla mayor Orduxanovun bir söhbəti nə qədər məşəqqətli olsa belə Vətənin etibarlı əllərdə olması inamını artırır. Canını itirəcəyindən qorxaraq, düşünə-düşünə yağı üzərinə gedən oğullardan qəhrəman olmaz. Vətən eşqli Umudun komandirinə sadəlövh görünə biləcək bir neçə sualında, görün nə qədər əlahəzrət həqiqətlər üzə çıxır:

-Komandir, deyirsiniz yəni tam atəşkəsdir? - Umudun fikrinə nə gəldisə birdən soruşdu.

-Elədir, Umud. - Mayor qısa cavab verdi.

-Yəni, snayperlə də erməni vurmaq olmaz? - Umid bu dəfə astadan dedi, elə bil komandirin qulağına nəsə pıçıldayırdı.

-Nədi, Umud, qisas almaq istəyirsən? - İsgəndər bunu eşitcək müdaxilə etdi.

-Umudun qisası çoxdan alınıb! - Mayor Orduxanov Umuda ağzını açmağa imkan vermədi...

İki ayağını itirmiş Umudun Vətən, torpaq sevgisinə, düşmənə nifrətinə, intiqam hissinə, qələbə əzminə heyran qalmamaq duyğusuzluq deyilmi?

Əli bəy Azəri bu hekayədə ideal Azərbaycan zabitinin obrazını yaratmağa çalışmasa da qismən belə alınmışdır. "İdeal" sözünü təsadüfən işlətmirəm. Həm Sovet imperiyası zamanında, həm də bu günümüzdə yazıçının ideal zabit axtarışına dodaq büzənlər tapılacaq. Axı bəzi insanlıq hissindən uzaq zabitlərin əsgəri mənən alçaltması, kobud, təhqiredici və bəzən də söyüşlərlə dindirməsi, tamahının əsirinə çevrilərək təmənna umması hallarına dəfələrlə rast gəlmişik. Hələ XII əsrdə dahi Nizami sözün qüdrəti ilə adil padşah yaratmağa səy göstərirdisə, belə ədalətli cəmiyyəti arzulayırdısa, niyə biz XXI əsrdə ideal ordu, mərhəmətli zabit axtarmayaq? Əsgərləri doğması, əzizi bilən zabitlərimiz olub və həmişə olacaq.

Mayor Orduxanov da belə hərbiçilərimizin ümumiləşdirilmiş obrazıdır. Məncə, elə yazıçının xəyali prototipidir. Orduxanov zəngin mənəvi dünyalı, döyüşçüləri ilə qürur duyan, hər bir uğura stimul yaradan, hərb işinin incəliklərini dərindən anlayan qorxmaz zabitdir.

Komandirin Umudu qərargah rəisinin "Niva"sında qabaqda - özü ilə yan-yana oturtması, təhlükəsizlik xidmətinin zabitini arxaya keçirməsi oxucuda təəccüb yaratsa da belə, inandırıcıdır, müharibə dövrünün yazılmamış qanunlarına yazıçının özünəməxsus mövqeyinin göstəricisidir.

Mayor Oruxanov keçmiş döyüşçüsü ilə yanaşı oturması ilə fəxr edir, İsgəndər pərt olsa da:

-Bu şərəfi əldən buraxmaram. - Mayor Oruxanov mühərriki işə saldı.

-Hansı şərəfi? - İsgəndər pərtliyini büruzə verməmək üçün maraqlandı.

-Umud kimi qəhrəman döyüşçüyə sürücülük etmək şərəfini. Belə şans hər dəfə ələ düşməz...

...Umud komandiri haqqında ağızdolusu danışırdı:

-Bizim komandir ayrı komandirdi, hər yerdə olurdu. Neçə ildir müharibədir, ermənilərlə davadayıq, mən üç döyüş bölgəsi dəyişmişəm, hələ belə komandir görməmişəm. Harda qızğın döyüş gedir, komandir tez özünü yetirir ora. - ...Sanki Umudun dili açılmışdı. - Əsgərlər səngərlərdən baş qaldıra bilmirdilər. Biz tankçılar da nişan alıb, atəş aça bilmirdik, elə allah umuduna hərdənbir birini ermənilər tərəfə atırdıq. Bir də gördük arxadakı təpənin üstündən hacıleylək dimdiyini şaqqıldatdı.

-Nə, hacıleylək? Sənin kod adın beləydi? - İsgəndər mayordan soruşdu.

-İmkan ver, qoy danışsın.

-Ləzzət eliyir, hə, əsgərin dilindən xoş sözlər eşitmək?

-Əsgərin söylədikləri komandirin ən böyük mükafatıdır. Mənim kod adım "Zireh" idi. Əsgərlər PDM -2-yə öz aralarında "Hacıleylək" deyirdilər.

-Yaxşı, Umud, danış. Danış, görək, sənin bu komandirin daha hansı oyunlardan çıxıb ermənilərin qabağında.

-Ermənilər yaxşı bilirdilər. Komandirin hacıleyləyi şaqqıldayan kimi dığalar siçan deşiyini satın alırdılar...

Nə qədər ki, Mayor Orduxanov kimi zabitlərimiz var, Umud kimi qazilərimiz umudsuz qalmayacaq...

Əsərdə Orduxanov kimi zabitlərlə yanaşı kapitan Zakir Hüseynov kimi ürəyi daş, məsuliyyətsiz, qədirbilməz zabit obrazı ilə yazıçı ön cəbhədəki iki əks qütblü hərbçi xarakteri yaratmışdır. Belə təsadüfi, öz yerində olmayan zabitlər silahlı qüvvərimizdə varsa, onlar düşməndən də qorxuludur. Alman yazıçısı Eberxardın belə bir fikri var: "Qorxma düşmənlərdən - ən pis halda səni öldürə bilərlər. Qorxma dostlarından - ən pis halda onlar sənə xəyanət edə bilərlər. Qorx laqeyd adamlardan - onlar nə öldürür, nə də xəyanət edirlər, lakin onların lal-dinməz razılığı ilə yer üzündə xəyanət və qətl mövcuddur".

Zakir Hüseynov lal-dinməz olmayan laqeyd adamların ən qorxulusudur. Yazıçı əvvəllər vaqon bələdçisi, sonra səfərbərlik əsasında orduya çağrılaraq hərbçi olmuş Hüseynovun eybəcər iç dünyasını qabarıq, bütün çılpaqlığı ilə göstərmək üçün Umudun gördüyü yuxudan məharətlə yararlanmışdır.

Umud yuxuda bir qatarın sərnişinidir. Plaskart vaqonda yol gedən Umud vaqonun bələdçisi, əvvəllər onunla bir hərbi hissədə qulluq etmiş, kapitan rütbəsində olmuş Zakir Hüseynovu görən kimi tanıyır. Ona eyni hərbi hissədə qulluq etdiklərini xatırlatsa da, nə qədər tanışlıq versə də, ön cəbhədəki hadisələri yadına salsa da buna bələdçi Hüseynov heç bir reaksiya vermir. "Deyəndə ki, mənəm, Umud, filan vaxtı, filan yerdə yaralanmışdım, Zakir təəssüflə çiyinlərini çəkdi, onun ağzından ikicə kəlmə söz çıxdı: "ola bilər!" Bu zəhərli "ola bilər!" Umudun ürəyinə ox kimi batdı, ona səngərdəkindən ağır zərbə vurdu. Eramızdan əvvəl yaşamış hind filosofu Beydəbanın döyüş dostları barədə bir cümləsi bütün dövrlər üçün dəyərlidir: "Dostu çətinliklə əldə edib, asanlıqla əldən vermək nadanlıqdır". Əli bəy Azərinin yaratdığı kapitan Hüseynov əsl nadandır.

"Pravadnik"in iki ayağını itirmiş döyüşçüyə vaqondakı qəddar münasibəti, iki pəzəvəngin köməyi ilə onu öz yerindən gah ikinci "polka"ya, quduz tamahının gücü ilə oradan da üçüncü "polka"ya qaldırması, uşaqlı qadınla rəftarı mənə Azərbaycanda Böyük Vətən müharibəsi dövrünün gerçəkliklərini əks etdirən nəsrimizin incisi sayıla biləcək yazıçı - şair Gəray Fəzlinin "Yeddi ulduzlu səma" romanındakı "vərəmli sinələr"i, "çaxmaq daşını daşa basan yarasalar"ı - rəmziləri, gombulları xatırlatdı.

Bumbuz ürəkli, piylənmiş beyinli Hüseynova hərbi hissə komandirinin "pravadnikliyinə salma" kinayəsi kapitan Zakirin hərbi hissədəki zabit "nüfuz"undan xəbər verir.

Hekayənin sonunda doqquz ay əvvəl ordudan tərxis olunmuş Umudun kapitan Hüseynovun tərtib etdiyi siyahı ilə fərari kimi axtarılması, hərbi polislərin ananın fəryadına laqeydliyi oxucunun ürəyinə çarpaz dağlar çəkir. Hərbi hissə komandirinin dedikləri yaddaşları təzələyir:

-Hüseynov, bax ha!.. Neçə vaxtdır sənədlər yığışıb qalıb. Apar hamısını bircə-bircə kitaba işlə. Pravadnikliyinə salma.

Başqalarından fərqli olaraq Hüseynovun pravadnikliyini yuxuda görmüşdü Umud...

Doqquz ay əvvəl kitaba işlənilməli olan, yəni qeydə alınmalı sənədləri, çox güman ki, itirdiyindən bir ay əvvəl hansı səbəbdənsə tələm-tələsik ağlına gələnləri kitaba işləyib, Umudu fərarilər siyahısına yazan hüseynovların "ayı xidməti" fərarilikdən daha pis əməldir. Hekayənin əvvəlində "ehh, indi vaxtın nə fərqi var?.. Bunun mənası nə olacaq?.. Mənimki... elə bu çarpayıdı ki... uzadıblar... uzanmışam..." fikirləri içində çabalayan Umudun sonunda:

-Yox, ana, getsəm yaxşıdır. Gəl, mənim əsgər paltarımı geyindir. Deyəsən, müharibə hələ davam edəcək. Piyada deyiləm ki, tankçıyam. Təki məni qaldırıb tanka oturtsunlar. Atıcının ayağa ehtiyacı yoxdur, orda hər şey göz və əl ilədir" fikirləri Umudun umudunun yaşaması deyilmi?

Mənim oxucu düşüncəmə görə, əsərin kulminasiya nöqtəsi budur!..

Hekayədə Umudla rus qızı - tibb bacısı Yulyanın saf və gizli sevgisi çox lirik duyğularla qələmə alınmışdır. Yulya Sovet ordusunun peşəkar zabiti, təyinatla Azərbaycana göndərilmiş Gennadinin qızıdır. Gennadi həyat yoldaşı Yevdakiya ilə Volqoqradda tanış olmuş, evlənmiş, böyük qızları Nadya da orada doğulmuşdu. Ailənin kiçik qızı Yulya isə Salyanda anadan olmuşdur. Yulya tibb texnikumunda oxuyurdu. Atası Uzaq Şərqə hərbi xidmətə göndəriləndə təqaüdə çıxıb Azərbaycana qayıdacağını bildirsə də, o, geri qayıtmır, ailəsi ilə Volqoqradda yaşamağı qərara alır. Yulyanın anası və bacısı Volqoqrada köçməyə hazırlaşanda o, inadla Azərbaycanda qalacağını bildirir:

-Sizin vətəniniz Volqoqraddırsa, mənim də vətənim Azərbaycandır. Siz gedin, mən qalıb oxuyacağam.

-Bəs sonra? - Anası israrla soruşdu. - Sonra gedib müharibədə yaralananların yaralarını sarıyarsan?

-Bəli! - Bu Yulyanın ağlına da gəlməzdi, amma anasının deməyi ilə beyninə girdi.

Texnikumu bitirən kimi tale Yulyanı ön cəbhədəki hərbi hissəyə gətirdi. Tankçı Umudla aralarındakı saf duyğular ilahi sevgiyə çevrildi...

Umud hər iki ayağını itirib İrandan qayıdanda fikirləşirdi ki, Yulyanın sevgisinə cavab verməsin, onu unutsun, ona yük olmamaq üçün onunla görüşməsin. Amma sərhəd-keçid məntəqəsində onu qarşılayanlar arasında Yulyanın da olması, onun boynuna sarılaraq hönkürməsi, "hər ikisinin bahar buludu kimi dolması" Umudun qəlbini zorlayaraq unutmaq istədiyi sevgisini yenidən alovlandırdı.

Saf sevgisinə sadiq olan Yulyanın Umudun hərbi hissədən evlərinə yola salınması zamanı bir neçə dəqiqəlik söhbəti ilahi sevginin əbədiliyindən xəbər verirdi:

-Məzuniyyətə çıxsam, sizə gələ bilərəm? - Qəfil sual Umudu çaşdırdı.

-Həə... Niyə gələ bilmirsən... Ünvanımı götür...

-Ehtiyac yoxdur...

"... Bundan sonra sənin ünvanını hamı tanıyacaq, Umud!" kimsə Umudun qulağına pıçıldadı bu sözləri. "İlahi, bu kimin səsiydi?! Yulyanın? Yulya ki, bunu deməyib getdi!"

"...Getmə, Umud! Bizi Umudsuz qoyma!" Həmin səs idi, Yulyanın səsinə həm oxşayır, hən də yox. Yaralananda da həmin səsi eşitmişdi...

Bu qeybdən gələn səs idimi? Bəlkə Yulyanın ülvi məhəbbətlə sevən qəlbinin səsiydi?

Bu səs ona çox doğma idi. Umud əmin idi ki, bu səs, bu sevən qəlbin hayqırtısı heç vaxt Umudu umudsuz qoymayacaqdı...

Fikir yükü, hadisələrin çoxluğu, aktuallığı, gənc nəslin vətənpərvərlik duyğularını coşdurmaq, sabahımıza inam baxımından bu hekayə Qarabağ müharibəsi mövzusunda yazılan ən dəyərli əsərlər sırasında olmaqla həm də bir maraqlı povest çəkisindədir. Yaxşı olardı ki, yazıçı mövzunu tam olaraq işləyib sistemləşdirərdi, povest şəklinə salardı, onda yəqin ki, Umudla Yulyanın ömür yolunun sonrakı çağlarına da işıq salınardı.

Həm də Umudun gördüyü iki yuxunun hər birində iki maraqlı, geniş məzmunlu hekayənin süjet xətti var...

Təcrübəli hərbçi, vətənin başının üstünü qara buludlar bürüyəndə qələmini süngüylə əvəzləməyi bacaran vətənpərvər insan, istedadlı yazıçı Əli bəy Azərinin "Bizi Umudsuz qoyma" hekayəsi Qarabağ müharibəsinin reallıqlarını əks etdirən, son illərdə yazılan maraqlı, uğurlu, şərəfli tariximizin yaddaşına həkk olunacaq əsərdir, Vətən tarixidir...

 

Ədalət  2018.- 30 avqust.- S. 10;13.